Zərifə xanım Əliyevanın xatirəsi ürəklərdə əbədi yaşayacaqdır

 

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, ictimai xadim, bənzərsız ziyalı, mərhəmətli insan, alicənab xanım, akademik Zərifə xanım Əliyvanın 90–cı ildönümünə həsr edilmiş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Yevlax şəhər Mərkəzi Xəstəxanasının baş həkimi İlham Quliyev ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmış görkəmli alim Zərifə xanım Əliyevanın çox zəngin, mənalı həyat yolundan və elmı fəaliyyətindən danışdı. Bəli, zəngin yaradıcılıq irsi ilə Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan, yüksək intellekt sahibi, görkəmli alim, akademik Zərifə Əliyevanın fitri istedada malik novator ziyalı, pak və nəcib insan kimi yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı üçün kamillikmüdriklik məktəbidir. Zərifə xanım müasir xanımlarımız üçün alim qadın idealı, mükəmməl insan və bənzərsiz vətəndaş nümunəsidir.

Mərkəzi xəstəxananın baş həkiminin müavini Niyazi Hüseynov çıxış edərək akademik Zərifə xanım Əliyevanın tibb elminin inkişafındakı müstəsna xidmətindən, oftalmologiya elminə verdiyi töhfələrdən, həkim həmkarlarına verdiyi tövsiyələrdən geniş söhbət açdı. Zərifə xanım təbabət fəlsəfəsinin başlıca qayəsi–insanı sağaltmaqla onu öz “mən”inə qaytarmaq idi. Yüksək peşəkarlığı ilə seçilən alim xüsusilə həmişə gənclərə təlqin edərdi ki, əxlaqi–tibbi düşüncə “sənətini” dərk etmək üçün ilk növbədə sağlam mənəvi intellektual mühitə, mənəvi–əxlaqi meyarlara yiyələnmək lazımdır.

Xəstəxananın həkimləri qeyd etdilər ki, Zərifə xanımı həkim etikası və tibbi deontologiya məsələləri də düşündürmüşdür. Akademik gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxlu sayda məqalələri, çıxışları cəmiyyətdə həkimlərin bir şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir.

Zərifə xanım həmişə deyərdi ki, həkimlə xəstənin birbaşa əlaqəsi müalicənin əhəmiyyətini daha da yüksəldir, xəstəyə ümid verir, orqanizmin xəstəliyə qarşı müqavimətini artırır.

Tədbiri Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərifə Məmmədova yekunlaşdıraraq, Zərifə xanım Əliyevanın məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı olmaqla yanaşı, qayğıkeş bir ana olduğunu diqqətə çatdırdı. Onun geniş dünyagörüşü, nəcibliyi, sadəliyi və qayğıkeşliyi, ulu öndər Heydər Əliyevin isə ailə rəhbəri kimi mənəvi bütövlüyü, mütərəqqi dəyərlərə bağlılığı, müdrik ata nəsihəti bu ocaqda böyüyüb boyabaşa çatmış yeniyetmələrin də həyatında silinməz izlər buraxmışdır.

 

 

Zabit Xəlilov

 

Respublika.- 2013.- 27 aprel.- S. 7.