Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlətin qurucusu

 

Azərbaycanın dünəni, bugünü, sabahı, işıqlı gələcəyi ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. “Mənim həyatım xalqa məxsusdur və bundan sonra qalan hissəsini də xalq üçün əsirgəməyəcəm”—deyən ümummilli liderimiz Heydər Əliyevin siyasi fəaliyyətinin bütün dövrlərində gördüyü işlərin əsasında demokratiyaya sadiqlik, müasirlik və yenilik kimi ülvi prinsiplər dayanır. Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə yeni Azərbaycan qurmuş, onun iqtisadi və siyasi inkişafını təmin etmiş, müstəqil dövlətimizi uğurlu gələcəyə aparan yolları müəyyənləşdirmişdir. Həmin yol bu gün Azərbaycanı dünyada sabitlik diyarı, iqtisadiyyatı sürətlə inkişaf edən, sivil, hüquqi, dünyəvi dövlət kimi tanıdır və qəbul etdirir.

Heydər Əliyev sözün əsl mənasında Vətənin böyük oğlu, liderlər lideri, bənzərsiz dövlət xadimi idi. Sağlığında millət atası olmağı bacardı, bu zirvəyə ucaldı və xalqın sevgisini qazandı. Ulu öndər müasir Azərbaycanın yaradıcısı və dövlətçiliyimizin qarantı oldu.

Heydər Əliyev 34 illik rəhbərliyi dövründə respublikamızı hərtərəfli inkişafa, tərəqiyyə çatdırdı. Vətənimizin ən ağır vaxtlarında, ən çətin məqamlarında belə onu təklənməyə, dağılmağa qoymadı. İndi bütün dünyada səsi eşidilən, ən super dövlətlərin belə hesablaşdığı Azərbaycan bu fenomenal şəxsiyyətin ən parlaq əsəridir.

Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin siyasi kursu nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamış və ölkəmizi dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirmişdir.

Öz xalqının böyük oğlunun layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 yanvar 2013–cü ildə ulu öndərimiz Heydər Əliyevin 90 illik yubileyi haqqında imzaladığı sərəncamda göstərilir ki, Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli–mənəvi dəyərlərə qayıdış Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin Əsas Qanunu—Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsiplərinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müasir dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir.

Dahi şəxsiyyət Heydər Əliyev hələ hakimiyyətinin birinci mərhələsində milli təfəkkürümüzü repressiya xofundan, təzyiq və təhdidlərdən xilas etmiş, milli şüurun yüksəlişinə xidmət edən ardıcıl tədbirlər həyata keçirmişdir. Ümummilli liderin Azərbaycanda rəhbərliyə gəlişi cəmiyyətdə hüquqi münasibətlər sisteminin xarakterində pozitiv dəyişikliklərə səbəb olmuş və cəmiyyətdə hüquqi təfəkkürün, hüquqi düşüncə tərzinin, hüquqi mədəniyyətin, ümumilikdə hüquq elminin inkişafının keyfiyyətcə yeni mərhələsinə təkan vermişdir. Həmin illərdə respublika rəhbərliyi səviyyəsində keçirilən müxtəlif tədbirlər də məhz bu məqsədlərin real həyatda tətbiqi məqsədini daşımışdır.

Azərbaycan KP MK–nın 1970–ci il dekabrın 4–də qəbul etdiyi “Zəhmətkeşlərin hüquqi tərbiyəsini yaxşılaşdırmaq tədbirləri haqqında” qərarı da məhz Heydər Əliyevin təşəbbüsü, ideya müəllifliyi və səyləri ilə hazırlanaraq qəbul olunmuşdur. Bu qərarda orta və ali ixtisas məktəblərində hüquqi əsasların tədrisi və öyrənilməsi işini yaxşılaşdırmaq, tədris müəssisələri vasitəsilə hüquqi biliklərin təbliğini gücləndirmək qanunvericiliyin ən aktual məsələlərinin gənc nəslə öyrədilməsinə və izah olunmasına, hüquq qaydalarının möhkəmləndirilməsinə və dövlət mülkiyyətinin qorunmasına yönəldilən kütləvi–siyasi tədbirlərin keçirilməsi sahəsində tədbirlər planını işləyib hazırlamaq tələbi irəli sürülürdü. Məzmunundan da göründüyü kimi, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş bu qərar o dövrün sosial eybəcərliklərinə, acı ictimai–mənəvi gerçəkliklərinə, partiya–sovet təsərrüfat elitasının valyuntarizminə və özbaşınalığına, hüquqi nihilizm və inzibati amirlik sisteminin digər tipik təzahür formalarına qarşı kəskin etiraz və ağıllı müqavimət demək idi. O zaman bu qərarın SSRİ miqyasında böyük əks–sədası olmuş, onun müddəalarının həyata keçirilməsi məqsədilə kompleks tədbirlər hazırlanaraq həyata keçirilmişdir.

Ötən əsrin 70–80–ci illərindən respublikamızda milli müstəqilliyə etibarlı zəmin yaradan, sosial–iqtisadi, hüquqi və mənəvi–intellektual mühit formalaşdıran ulu öndər Heydər Əliyev xalqımızın məhz bu möhkəm bünövrə üzərində azadlıq və müstəqillik ideyalarına qovuşmasını təmin etmişdir.

Bugünün zirvəsindən baxdıqca o illərdə Heydər Əliyevin xalqının hüquqlarını müdafiə edən, haqqı nahaqqa verməyən, milliləşdirmə siyasəti aparmaqla həm də ziyalı elitasını sərt təqiblərdən qoruyan fenomenal lider keyfiyyətləri daha qabarıq sezilir. Azərbaycan xalqı dahi liderinin rəhbərliyi altında yüksək iradə sərgiləməklə milli yaddaşını, mənəvi, əxlaqi dəyərlərini, tarixi dövlətçilik ənənələrini qorumaq əzmini toplaya bilmiş, dövlət müstəqilliyi üçün zəruri potensial formalaşdırmışdır.

Keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyini daha dərindən müşahidə etmək imkanına malik olan Heydər Əliyev Azərbaycanın nə vaxtsa müstəqillik əldə edəcəyini öncədən görmüş, bu prosesi sürətləndirən mühüm addımlar atmışdır.

Ulu öndər 1982–ci ildən sonra SSRİ–ni idarə edən aparıcı simalardan biri kimi Kremldə çalışdığı dövrdə də Azərbaycanın gələcək müstəqilliyinə xidmət edən bir sıra addımlar atmış, respublikamıza qarşı ayrı–seçkilik siyasətinə qarşı çıxmış, ermənilərin məkrli torpaq ilhaqı siyasətinə qarşı barışmaz mövqe tutmuş, Qorbaçov rejimini kəskin tənqid etmişdir. Məhz bu qətiyyətli və prinsipial mövqelərinə görə 1987–ci ildə Sov.İKP MK–nın Siyasi Bürosunun üzvlüyündən uzaqlaşdırılan ulu öndər Heydər Əliyev sonrakı mərhələdə də Azərbaycanla bağlı siyasi proseslərə biganə qalmamış, 90–cı illərin əvvəllərində Naxçıvana qayıdaraq zamanın diktəsi ilə siyasi proseslərdə fəal iştirak etmiş, Azərbaycanın dövlət müstəqilliyinə real zəmin formalaşdırmışdır. 1991–ci ilin 18 oktyabrında qüdrətli dövlət xadimi Heydər Əliyevin də əsas təşəbbüskarlarından biri kimi imza atdığı “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı” ilə ölkəmizin istiqlaliyyəti bütün dünyaya bəyan edilmişdir.

1991–ci ilin oktyabrından 1993–cü ilin iyununadək ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, eyni zamanda Azərbaycanın müstəqilliyi üçün real təhdidlərin meydana çıxması, vətəndaş qarşıdurması meyillərinin güclənməsi, hüquqi nihilizmin, xaos və anarxiya mühitinin dərinləşməsi göstərdi ki, ölkəni yaranmış acınacaqlı vəziyyətdən yalnız Heydər Əliyev kimi müdrik və uzaqgörən şəxsiyyət xilas edə bilər. Ümummilli lider 1993–cü ildə xalqın təkidli çağırışına cavab verərək hakimiyyətə qayıtdı, peşəkar siyasətçiyə xas müdrik addımları ilə Azərbaycanı vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas etdi, respublikamızın ərazi bütövlüyünə, suverenliyinə, dövlətçiliyinə qarşı çıxan qanunsuz silahlı qüvvələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alındı, bir sözlə, ölkədə qanunçuluğun tam bərpası istiqamətində bütün addımlar atıldı. Sonrakı mərhələdə demokratik və hüquqi dövlət quruculuğu prosesinin uğurlu həyata keçirilməsi, yeni iqtisadi münasibətlər sisteminin formalaşdırılması, ən əsası, ictimai–siyasi sabitliyin qorunub saxlanılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

1995–ci ildə bilavasitə ulu öndər Heydər Əliyevin müəllifliyi və demokratik dəyərlər və prinsiplərə uyğun hazırlanmış və ümumxalq səsverməsi ilə qəbul edilmiş ilk milli Konstitusiyamızın müddəalarının dörddə biri insan və vətəndaş hüquq və azadlıqlarına həsr edilmiş, hakimiyyət bölgüsü prinsipi təsbit olunmuşdur.

Konstitusiyamızın 24–cü maddəsində əsas insan hüquq və azadlıqlarının toxunulmaz, pozulmaz və ayrılmaz olması qeyd edilməklə yanaşı, təbii hüquqların əsas xüsusiyyətləri öz əksini tapmışdır. Konkret sosial şəraitdən və dövlətdən asılı olmayaraq təbii hüquqlara insanlar doğulduğu andan yiyələnirlər. Yaşamaq hüququ, bərabərlik hüququ, azadlıq hüququ, mülkiyyət hüququ və təhlükəsiz yaşamaq hüququ təbii hüquqlardandır. Konstitusiyada əsas insan və vətəndaş hüquqlarının və azadlıqlarının təsbit edilməsi hər bir şəxsin başqaları, o cümlədən dövlət qarşısında məsuliyyət və vəzifələrin müəyyən edilməsi ilə uzlaşır. Bu hüquqlar Azərbaycanın 1995–ci il Konstitusiyasında əsas müddəalar şəklində öz əksini tapmışdır.

Konstitusiyanın qəbulundan sonra dahi öndərin rəhbərliyi ilə aparılmış məhkəmə–hüquq islahatı nəticəsində bütün hüquq təchizatlarının fəaliyyətini tənzimləyən yeni mütərəqqi qanunlar, o cümlədən “Konstitusiya məhkəməsi” haqqında, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat–axtarış fəaliyyəti haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və digər qanunlar, əvvəlkilərdən prinsipcə köklü surətdə fərqlənən Mülki və Mülki–Prosessual, Cinayət, Cinayət–Prosessual, Cəzaların icrası və s. məcəllələr qəbul edilmişdir. Bütün bu qanunlar demokratik prinsiplər və beynəlxalq hüquq normalarının tələblərinə uyğun hazırlanmış və beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilmişdir.

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində həyata keçirilən hüquqi islahatların və milli qanunvericiliyin beynəlxalq Avropa standartlarına uyğunlaşdırılması prosesinin məntiqi davamı kimi 24 dekabr 2002–ci il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasının insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu da tənzim etdiyi məsələlərin dairəsinə görə çox mühüm əhəmiyyət kəsb edir. Bu qanun Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsi vəziyyətinin “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına uyğunlaşdırılması məqsədi daşımışdır.

Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinin və insan hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici və maddi–sosial bazanın yaradılması ölkəmizdə həyata keçirilən mühüm islahatların, o cümlədən məhkəmə–hüquq islahatlarının memarı ümummilli lider Heydər Əliyevin böyük qayğı və dəstəyi sayəsində mümkün olmuşdur. Prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların ilkin əsasını və qanunvericilik bazasını 12 noyabr 1995–ci il tarixdə ümumrespublika səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası təşkil edilmişdir. Ali Qanunumuzda ilk dəfə olaraq respublikamızın dövlət quruculuğu sistemində prokurorluğun layiqli yeri müəyyənləşdirilmiş, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericilik qaydalarında təsbit edilmişdir.

Məhkəmə–hüquq islahatları çərçivəsində beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunun və digər qanunvericilik aktlarının Milli Məclis tərəfindən qəbul edilməsi, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin və digər normativ sənədlərin Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənmə prosesi yeni mərhələyə qaldırılmış, eyni zamanda prokurorluqda işə qəbul prosesinin test üsulu ilə — tamamilə azad, şəffaf, demokratik şəraitdə aparılmasını təmin etmişdir. Məhz bunun nəticəsi olaraq prokurorluq orqanlarının yüksək savadlı, bacarıqlı gənclərlə komplektləşdirilməsində keyfiyyətcə yeni mərhələ yaranmışdır.

Əgər əvvəlki dövrlərdə Azərbaycanın Avropa Şurasına qəbul edilməsində əngəllər yaradılırdısa, Heydər Əliyevin bu sahədə apardığı gərgin və səmərəli iş də öz bəhrəsini verdi. 2001–ci ilin yanvarında Azərbaycan bu mötəbər təşkilata tamhüquqlu üzv olaraq Avropa dövlətləri sırasında layiqli yerini tutdu. Respublikamız “Avropa evi”nin tamhüquqlu və etibarlı üzvünə çevrildi.

Əsası ulu öndər tərəfindən qoyulmuş islahatları uğurla davam etdirən Prezident İlham Əliyev sosial–iqtisadi inkişafın yeni keyfiyyət mərhələsində hüquq–mühafizə orqanlarında liberal islahatların dərinləşdirilməsini son dərəcə vacib sayır. Dövlət başçısı vurğulamışdır ki, demokratik proseslərin davamlı şəkildə aparılmadığı hansısa dövlətin iqtisadi sahədə yüksək nəticələr əldə etməsi, beynəlxalq arenada layiqli yerini tutması, dünya təsərrüfat sisteminə inteqrasiyası mümkün deyildir. Eyni zamanda iqtisadi sahədə inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir. Məhz bu reallıqdan çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev hər iki təmayülə vəhdət şəklində yanaşılmasını vacib sayır və ölkənin uzunmüddətli inkişafını məhz demokratik və iqtisadi islahatların paralel davam etdirilməsi şərtilə real hesab edir. Dövlət başçısının demokratik inkişaf konsepsiyası kifayət qədər təkmil səciyyə daşıyır və inkişaf etmiş dünya dövlətlərinin təcrübəsindən qaynaqlanır: “Əsl açıq demokratik cəmiyyəti ancaq maddi rifah əsasında qurmaq mümkündür. İqtisadi cəhətdən geridə qalmış dövlətlərdə demokratik proseslər də geridə qalır”.

İqtisadi cəhətdən güclü ölkələrdə demokratiyanın inkişafı da çox yüksək zirvədədir. Ona görə də iqtisadi islahatların davam etdirilməsi, xalqın maddi rifahının yaxşılaşdırılması, demokratik cəmiyyətin qurulması və formalaşması üçün başlıca şərtdir. Lakin sadəcə olaraq iqtisadi məsələlərə diqqətimizi yönəltsək və siyasi islahatlarda hansısa bir yubanma olarsa, bu da Azərbaycanın qarşısında duran vəzifələrin həlli üçün bizə müvafiq imkanı yaratmayacaqdır. “Siyasi islahatlar mütləq aparılmalı və Azərbaycan müasir ölkəyə çevrilməlidir”—deyən Azərbaycan Prezidenti bu fikirdədir ki, demokratiya vətəndaşların sosial–siyasi, mədəni və iqtisadi rifahına, bu sahələrdə baş verən müsbət dəyişikliklərə adekvat reaksiya verməlidir. Demokratik dövlətin bir təsisat kimi başlıca vəzifəsi isə bütövlükdə cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın maddi rifah halının yüksəldilməsi, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunması, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanların yaradılmasıdır.

Hazırkı mərhələdə neft gəlirlərindən əldə olunan vəsaitin respublikamızda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesinin daha da sürətləndirilməsinə, ümumilikdə insan amilinin yüksəlişinə yönəldilməsi demokratiya sahəsində böyük təcrübəsi olan dövlətlər və ayrı–ayrı beynəlxalq təşkilatlar tərəfindən də müsbət qarşılanır. Respublikamızın hazırkı sürətli iqtisadi inkişaf tempi demokratik proseslərin dərinləşdirilməsinə, qanunçuluğun gücləndirilməsinə və liberallaşdırılmaya xidmət edən hüquqi–siyasi və demokratik islahatlar kursunun genişləndirilməsini ciddi tələb kimi önə çıxarır.

Prezident İlham Əliyevin ölkədə insan hüquq və azadlıqlarının qorunmasına, məhkəmə müdafiəsi vasitələrinin səmərəliliyinin artırılmasına böyük əhəmiyyət verərək qanunvericilik təşəbbüsü hüquqi qaydasında Milli Məclisə təqdim etdiyi ilk qanun layihələrindən biri də məhz Konstitusiya Məhkəməsi haqqında yeni sənəd olmuşdur. Eyni zamanda məhkəmələrin işinin təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə 2004–cü ilin dekabrında “Məhkəmə–Hüquq Şurası haqqında” qanuna bir sıra mütərəqqi dəyişikliklər edilmişdir. 2005–ci il 30 dekabr tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, həmin qanunla “Məhkəmələr və hakimlər haqqında” habelə “Məhkəmə–Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına bir sıra dəyişikliklər və əlavələrin edilməsini bu sahədə islahatların davamı kimi xarakterizə etmək olar.

Ötən müddətdə prokurorluq əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, onların fəaliyyətinin stimullaşdırılması istiqamətində bir sıra mühüm sərəncamlar imzalanmış, bölgələrdə yeni yaradılmış apelyasiya və iqtisad məhkəmələrində dövlət ittihamının təşkili işinə xüsusi diqqət ayrılmışdır. Azərbaycan Prezidentinin “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 3 mart 2004–cü il tarixli, “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı”nın (2004–2006–cı illər) təsdiq edilməsi haqqında” 3 sentyabr 2004–cü il tarixli, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” 19 yanvar 2006–cı il tarixli “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında, 28 dekabr 2006–cı il tarixli “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə” 28 iyul 2007–ci il tarixli fərman və sərəncamları, eləcə də digər normativ–hüquqi sənədlərdə Baş Prokurorluğun qarşısında bir sıra mühüm vəzifələr müəyyənləşdirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 23 may 2007–ci ildə imzaladığı “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncam ölkənin milli təhlükəsizliyinin təminatı sahəsindəki siyasətin uğurlu davamıdır.

Sərəncamda vurğulandığı kimi, dünyada baş verən sürətli dəyişikliklər şəraitində ayrı–ayrı dövlətlər və bütövlükdə bəşəriyyət terrorçuluq, etnik separatizm və münaqişələr, transmilli mütəşəkkil cinayətkarlığın artması, kütləvi qırğın silahlarının yayılması, təbii ehtiyatların tükənməsi, əhalinin sayının durmadan çoxalması və kütləvi miqrasiyası, ətraf mühitin çirklənməsi və s. təhlükələrlə üzləşir. Bu amillər hər bir dövlətin prioritetlərinin, təhlükəsizliyə qarşı risklərin müəyyənləşdirilməsini, həmin risklərin qabaqlanması və aradan qaldırılması üzrə adekvat tədbirlərin həyata keçirilməsini zəruri edir.

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası da məhz ölkəmizin müstəqilliyini, ərazi bütövlüyünü, Konstitusiya quruluşunu, xalqın milli maraqlarını daxili və xarici təhdidlərdən qorumağa yönəlmiş siyasətin məqsəd, prinsip və yanaşmalarının müəyyən edilməsi niyyətindən irəli gəlmişdir.

 

 

Əli EYVAZOV,

Bakı şəhəri Nizami rayonu

prokurorunun köməkçisi,

Baş ədliyyə müşaviri,

hüquq elmləri üzrə fəlsəfə doktoru

 

Respublika.- 2013.- 28 aprel.- S. 6.