Qədim diyarın yeni nəfəsi

 

Bahar bu yerlərə alça, ərik ağaclarının çiçəklərinin ləçəklərində, bənövşənin, novruzgülünün, meşə çiçəyinin ətrində, rahiyyəsində qədəm basıb. Qarabağ torpağının baharı, yazı özgə bir aləmdir. Qaranquşların, torağayların səsi insanın ruhuna yeni bir ovqat bəxş edir. Torpaq oyanır, təbiət canlanır, havalar isinir, təbiət öz al–əlvan rəngi ilə hər tərəfi bəzəyir. Qədim Bərdənin baharı daha gözəl və füsunkar olur.

İndi bu qədim diyarda bahar öz rəngləri ilə necə seçilirsə, insanların əhval–ruhiyyəsi, qurub yaratmaq əzmi, işgüzarlığı və yeni nəfəsi, həvəsi bir o qədər də diqqəti cəlb edir. Təbiətin şah əsəri olan baharla birgə bu rayona yeni arzular, ümidlər, sabaha dərin inam, xeyirxahlıq və doğma yurda ürəkdən bağlılıq birgə qədəm basıb.

Yerli icra hakimiyyəti az bir müddət ərzində rayonun daxili imkanlarını və bütün qüvvələri nəcib bir məqsəd uğrunda səfərbər edib. Bərdə yeni bir libasa bürünür, şəhərin bütün ərazilərində, demək olar ki, hər bir məhəllədə bərpa və yenidənqurma işlərinə başlanılıb. Təbii ki, bu yeni nəfəs, dirçəliş, tərəqqi və inkişaf hər bir bərdəlinin dərin razılığına səbəb olub.

Rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev qədim diyarda fəaliyyətə başladığı ilk gündən öz məram və məqsədini ictimaiyyətin nümayəndələrinə, ziyalılara, ağsaqqallara, sahibkarlara açıqlayaraq bildirmişdir ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr, tövsiyə və tapşırıqlar bərdəlilər tərəfindən yüksək əzmkarlıqla yerinə yetiriləcək və Bərdənin ötən əsrin 70–80–ci illərdəki keçmiş şöhrəti bərpa olunacaqdır. Doğru deyiblər ki sözlə əməlin vəhdəti bir olanda insanların inam və ümidi də daha bütöv olur.

2013–cü ilin birinci rübünün sosial–iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda cari ilin birinci rübündə rayonda görülmüş işlərə dair rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevin hesabat məruzəsi dinlənilmişdir. Bildirilmişdir ki, 2013–cü ilin birinci rübü rayonun iqtisadiyyatı üçün uğurlu olmuş, sosial–iqtisadi inkişafda yüksəlişə nail olunmuşdur. Birinci rübdə rayonda 42,2 milyon manat dəyərində ümumi məhsul, o cümlədən 2,8 milyon manatlıq sənaye, 11,4 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmiş, 13 milyon manatlıq tikinti–quraşdırma işləri görülmüşdür. 2012–ci ilin birinci rübünə nisbətən ümumi məhsul buraxılışı 41,7 faiz, sənaye məhsulu istehsalı 15,6 faiz, kənd təsərrüfatı məhsulu istehsalı 5,3 faiz, tikinti–quraşdırma işləri 4,5 dəfə artmışdır. Bu dövrdə əsas fondlara ötən ilin eyni dövrü ilə müqaisədə 4,2 dəfə çox olmaqla 13 milyon manat investisiya yönəldilmişdir.

İlin birinci rübündə rayonda tikinti–quruculuq və abadlıq işləri davam etdirilmiş, Bərdə şəhərində 8 ədəd kommunal binanın dam örtüyü və fasadları əsaslı təmir edilmiş, M.Ə.Sabir küçəsi yenidən qurulmuşdur. Hazırda İsmət Qayıbov küçəsində yenidənqurma işləri aparılır, Heydər Əliyev adına park salınır, təhsil şöbəsinin inzibati binasının, 1 nömrəli uşaq musiqi məktəbinin, Mirzalıbəyli kəndində 220 şagird yerlik, Qullar kəndində 180 şagird yerlik məktəblərin, Həsənqaya kəndinin ərazisində məcburi köçkünlər üçün 866 ailəlik qəsəbənin tikintisi, Bərdə türbəsinin bərpası davam etdirilir.

Qeyd olunmuşdur ki, birinci rübdə əhalinin mavi yanacaqla təminatı sahəsində də mühüm işlər görülmüş, müxtəlif diametrlı 123,7 kilometr qaz kəmərləri çəkilərək bir çox kəndlər qazlaşdırılmışdır. Hazırda Qaradəmirçi kəndində Qazpaylayıcı Stansiya tikilir, 7 kənddə daxili qazlaşma işləri aparılır.

Hesabat dövründə aqrar sektorun inkişafında yüksək nəticələrə nail olunmuşdur. Mehdili kəndində 2000 başlıq ətlik və 1000 başlıq südlük istiqamətli cins heyvandarlıq komplekslərinin, Əmirli kəndində sahə baytarlıq mərkəzinin tikintisi başa çatdırılaraq istifadəyə verilmiş, Lək kəndində 2 min tonluq soyuducu anbarın inşası davam etdirilmişdir. 2012–ci ilin məhsulu üçün 15 min 054 hektar taxıl, 6457 hektarda yazlıq bitkilər, o cümlədən 4888 hektarda yonca, 155 hektarda kartof, 1097 hektarda tərəvəz, 191 hektarda şəkər çuğunduru, 101 hektarda bostan bitkiləri, 20 hektarda günəbaxan, 2 hektarda qarğıdalı əkilmişdir.

Rübün sonuna rayonda 84,9 min baş qaramal, o cümlədən 39,7 min baş inək və camış, 135,8 min baş qoyun və keçi olmuşdur. 2012–ci ilin müvafiq dövrü ilə müqayisədə qaramalın baş sayı 1,2 faiz, o cümlədən inək və camışların sayı 3,2 faiz, qoyun və keçilərin sayı 1,5 faiz artmışdır. Rüb ərzində 685 baş inək, camış və düyə etil törədicilərinin toxumları ilə süni mayalandırılmış, 442 baş bala alınmışdır. “Aqrolizinq” yolu ilə rayona 297 baş cins mal–qara gətirilmişdir.

Yığıncaqda rayonun təhsil, səhiyyə, mədəniyyət məsələləri də ətraflı müzakirə edilmiş, sahibkarlığın inkişafından, əhalinin qaz, elektrik enerjisi, su ilə təminatı sahəsində əldə olunan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışılmışdır.

İnsanlara daha çox rahatlıq və ümid gətirən odur ki, şəhər və kəndlərdə elektrik enerjisinin fasiləsiz təminatı və eyni zamanda fasiləsiz mavi yanacağın verilməsi təmin olunub. Əvvəllər əhalinin su ilə təchizatında baş vermiş nöqsan və çatışmazlıqlar qısa müddət ərzində aradan qaldırılıb. Əhali indi 6–8 saat ərzində içməli su ilə təmin olunub. Ən başlıcası isə sosial ədalət prinsipi bərpa olunub. Əvvəllər rayon icra hakimiyyətinə yüzlərlə insan müraciət edirdi. Onların şikayətləri obyektiv şəkildə araşdırılır və yerindəcə həll olunurdu. İndi həmin müraciətlərin sayı yarıbayarı azalmışdır.

Şəhərin ümumi görkəminə xələl gətirən, şəhərsalma mədəniyyətinə ciddi zərbə vuran pərakəndə və yöndəmsiz tikililər sökülür və dərhal da həmin sahibkarlara torpaq ayrılır və tikinti aparmaq üçün icazə verilir. Son günlər yüzlərlə belə tikililər sökülüb. Tək bircə nəfər də bu işlərdən narazı qalmayıb. Kiçik və orta sahibkarlıqla məşğul olan insanlar şəhərin daha gözəl və yaraşıqlı olması üçün yerli icra hakimiyyətinin ətrafında sıx birləşiblər. Onlar heç kəsə güzəşt olunmadığını, şəffaflığın və aşkarlığın aynasında həyata keçirilən tədbirləri dərin razılıqla qarşılayırlar. Bərdəlilər sözün əsl mənasinda qədim Bərdəni yenidən tikirlər. Bir məsəldə deyildiyi kimi, el gücü daha möhkəm və monolitdir.

Vətəndaşların qəbul, ərizə və şikayətlərə baxılması işi də yenidən qurulur. İnsanlara sarı atılan addımlar, onların üzləşdikləri problemlərin həll edilməsi istiqamətində həyata keçirilən tədbirlər, ədalətli idarəetmə indi qədim Bərdənin döyünən nəbzinə çevrilib. Atalar yaxşı deyib: niyyətin hara, mənzilin ora. Yaxşı niyyət, gözəl arzu, nəcib əməl, xeyirxah işlər ümid verir ki, Bərdə ölkəmizin ən gözəl, ən yaraşıqlı və ən füsunkar bir güşəsinə çevrilir.

 

 

Salman ALIOĞLU

 

Respublika.- 2013.- 28 aprel.- S. 11.