Məhkəmə hakimiyyətinin müstəqilliyinin yüksək səviyyədə təminatı dövlətimizin ali məqsədidir

 

Xalqların zəngin mənəvi–intellektual potensialının, milli məfkurə, özünüdərk hissinin konkret zaman və məkanda parlaq şəkildə üzə çıxması, qərinələr boyu zənginləşən dövlətçilik ənənələrinin vahid sistem halına gəlməsi uzunmüddətli təkamül prosesinin məntiqi nəticəsində gerçəkləşir. Yaranmış əlverişli ictimai–siyasi situasiyada tarixi məsuliyyəti üzərinə götürən xarizmatik şəxsiyyətlər xalqın daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi müqəddəs idealların gerçəkləşməsində həlledici rol oynayır, bununla da əbədiyaşarlıq hüququ qazanırlar.

 

Bəşəriyyətin təkamül və inkişaf mərhələləri böyük dühaların, siyasət ustadlarının öz xalqlarının taleyində oynadıqları müstəsna rolu bütün qabarıqlığı ilə üzə çıxarır. XX əsr Azərbaycan tarixinin ən böyük, fenomen şəxsiyyəti kimi şərəfli ömür yolunun 40 ilə yaxın bir dövrünü xalqının nicatına həsr etmiş ulu öndər Heydər Əliyev də məhz belə liderlərdən olmaqla, müasir dövlətçiliyimizin ideoloji–siyasi əsaslarını yaratmış, xalqı həqiqi müstəqilliyə qovuşduraraq onun qəlbində özünə möhtəşəm abidə ucaltmışdır. Bu da təsadüfi deyildir ki, ulu öndərin 90 illik yubileyi hazırda respublikamızda və onun hüdudlarından kənarda ehtiramla qeyd olunur, böyük strateqin tarixi xidmətlərinə nəzər salınır.

Hər bir xalqın müstəqilliyi üçün obyektiv zəminin formalaşması müəyyən mənada tarixi şansla bağlıdır. İndi siyasi baxışlarından asılı olmayaraq mütləq əksəriyyət etiraf edir ki, zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı üçün belə real tarixi şans ötən əsrin ikinci yarısında – ulu öndər Heydər Əliyevin 1969–cu ilin 14 iyulunda respublika rəhbəri seçilməsindən sonrakı mərhələdə yaranmışdır. Ulu öndərin respublikaya birinci rəhbərlik dövrü çağdaş tariximizə iqtisadi və mədəni yüksəliş dövrü kimi daxil olmuş, xalqın milli mənlik şüurunun, özünüdərk hissinin güclənməsinə təkan vermişdir. Xalqına, onun keçmişinə, tarixinə, adət–ənənələrinə, milli dəyərlərinə qəlbən bağlı olan bir şəxsiyyətin ali kürsüyə yüksəlməsi o ağır imperiya dövründə Azərbaycanda bütün sahələr üzrə intibaha və milli özünüdərkə əsaslı zəmin yaratmışdır.

Tarixi faktlar təsdiqləyir ki, ötən əsrin 60–cı illərinin sonlarında Azərbaycan iqtisadi göstəricilərinə görə keçmiş SSRİ–də sonuncu yerlərdən birini tutmuş, respublikada iqtisadi–siyasi böhran dərinləşmişdi. Yaranmış vəziyyətdə keçmiş SSRİ rəhbərliyi çıxış yolunu kadr dəyişikliyində görərək, ciddi və hərtərəfli araşdırmalardan sonra müxtəlif namizədlər arasından təşkilatçılığı, yüksək idarəçiliyi, savadı ilə fərqlənən, xalqın səciyyəvi milli xüsusiyyətlərinə dərindən bələd olan Heydər Əliyevin üzərində dayanmışdı.

Respublikaya rəhbərliyinin ilkin dövrlərindən başlayaraq ulu öndər cəmiyyətdə qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində prinsipial addımlar atmış, milis, prokurorluq və məhkəmə orqanlarında sağlam mühitin formalaşmasına çalışmış, xüsusən də iqtisadi zəmində saxtakarlıqlara – dövlət əmlakının mənimsənilməsi hallarına qarşı səmərəli mübarizə mexanizmləri tətbiq etmişdir. 70–ci illərin əvvəllərindən başlayaraq rüşvətxorluğa, oğurluğa və mənəviyyata zidd digər təzahürlərə qarşı amansız mübarizə aparmış, belə hallara yol verənlərin cəzalandırılmasında israrlı olmuşdur.

Ümummilli lider Heydər Əliyevin hələ o dövrdən idarəçilikdə təməlini qoyduğu mütərəqqi ənənələrdən biri də məhz xalq arasına çıxmaqla, sadə vətəndaşlarla canlı ünsiyyət yaratmaqla mövcud problemləri, eləcə də dövlət məmurlarının işə münasibətini öyrənmək olmuşdur. Heydər Əliyev hələ o dövrdən insanlarla ünsiyyətdə olmağı, onların üzləşdiyi çətinlikləri yerindəcə öyrənib təxirəsalınmaz tədbirlər həyata keçirməyi idarəçilikdə müsbət ənənə kimi yaratmış, hakimiyyət məmurlarının sadə xalq kütlələri ilə münasibətlərdə hər cür baryerə, bürokratik əngəllərə qarşı çıxmışdır.

Böyük strateq Heydər Əliyevin yaratdığı spesifik idarəçilik modelinin üstün cəhətlərindən biri də kadr seçimində sosial ədalətsizliyin aradan qaldırılması – daha çox yüksək mənəvi–əxlaqi keyfiyyətləri, intellekti və yüksək bilik səviyyəsi ilə fərqlənən gənclərə üstünlük verilməsi olmuşdur.

Ümummilli lider Heydər Əliyevin həmin illərdə minlərlə gənci respublikamızın hüdudlarından kənarda yüksək hüquq təhsili almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür kömək göstərməsi onun xeyirxahlığının bariz ifadəsidir. 70–80–ci illərdə 10 mindən artıq gənci keçmiş SSRİ respublikalarının ali məktəblərinə təhsil almağa göndərən Heydər Əliyev hüquq–mühafizə sisteminin sağlamlaşdırılması məsələsinə də ciddiliklə yanaşmışdır. Eyni zamanda Heydər Əliyev Azərbaycanda bir sıra yeni ixtisaslar üzrə – informasiya texnologiyaları, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, aviasiya və s. – mütəxəssis hazırlayan ali məktəblərin olmadığını nəzərə almaqla, minlərlə azərbaycanlı gəncin Moskva, Kiyev, Minsk və başqa şəhərlərdəki nüfuzlu ali məktəblərə göndərilməsini təmin etmişdir. Böyük strateq sonralar qeyd edirdi ki, 70–80–ci illərdə ideologiyadan, ictimai–siyasi, iqtisadi sistemdən asılı olmayaraq Azərbaycan xalqının böyük bir nəsli təhsil almış, böyümüş, yüksək səviyyəyə çatmış, böyük elm və mədəniyyətə sahib olmuşdur.

Böyük strateq ötən əsrin 70–80–ci illərində böyük təzyiqlərlə, təqiblərlə üzləşsə də, heç bir riskdən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, milli adət–ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bilmişdir. O dövrdə repressiya qurbanlarına bəraətin verilməsi istiqamətində gördüyü işlər də məhz azərbaycançılıq məfkurəsinin güclənməsinə xidmət etmişdir. Bundan başqa, rus dilinin az qala rəsmən dövlət dili səviyyəsində qəbul edilmək üzrə olduğu bir zamanda respublikaya rəhbər təyin olunan Heydər Əliyev keçmiş Azərbaycan SSR Ali Sovetinin plenumlarında azərbaycanca çıxış etməklə cəmiyyətə milliləşmənin zəruriliyi mesajını vermiş, milli dilə, dinə, dəyərlərə bağlı olmağı, tarixi irsi yaşatmağı ictimai fikrə böyük müdrikliklə əxz etmişdir. Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin varlığını təsdiqləyən rəmzlərə və atributlara münasibəti də hər zaman həssas olmuşdur. Hələ 1978–ci ildə Azərbaycan SSR–in Konstitusiya layihəsi qəbul edilərkən ulu öndərin Azərbaycan dilinin bu ali sənəddə ana dili kimi təsbitlənməsi sahəsində nümayiş etdirdiyi rəşadəti xüsusi xatırlatmaq lazımdır. Eyni zamanda ümummilli liderin təşəbbüsü və köməyi ilə 70–ci illərdə nəşr olunmuş 4 cildlik “Müasir Azərbaycan dili” dərsliklərinə dövlət mükafatı verməsi də xalqın milli şüurunun formalaşmasına mühüm töhfə olmuşdur.

Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanın korifey şəxsiyyətlərinin adlarını əbədiləşdirməklə, əsərlərinin təkrar nəşrini təşkil etməklə, heykəllərini ucaltmaqla, muzeylərini yaratmaqla xalqın tarixini, mədəniyyətini, ədəbiyyatını yaşatmaq, bütövlükdə isə milli yaddaşın qorunub gələcək nəsillərə çatdırmaq məqsədini güdmüşdür. Dahi öndərin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşmış, Azərbaycan tarixçiləri şanlı keçmişimizin mümkün qədər obyektiv tədqiqi və qələmə alınması istiqamətində ilk addımlarını atmağa başlamışlar.

Ulu öndər Heydər Əliyevin həmin illərdə milli ruhun qorunması, milli özünüdərk prosesinin güclənməsi istiqamətində gördüyü işlər çoxşaxəli olduğu qədər də saysız–hesabsızdır. İndi bu həqiqəti əksəriyyət etiraf edir ki, əgər 70–80–ci illərdə Heydər Əliyevin əzmkarlığı və qətiyyəti ilə xalqın sosial–iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində görülən işlər olmasaydı, bu gün müstəqil Azərbaycanın mövcudluğundan danışmaq olmazdı.

Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyət olimpinə yüksəlməsi də respublikanın üzləşdiyi ağır sosial–iqtisadi, mənəvi mühitlə şərtlənmişdir. Ümummilli lider 1993–cü ilin iyununda – kifayət qədər böhranlı bir dövrdə xalqın çağırışına cavab verərək, Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başlamışdır.

Ümummilli lider Heydər Əliyevin 1993–cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi–iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Böyük strateq, ilk növbədə ölkədə ictimai–siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri–qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən, xaos və anarxiyadan xilas edilmişdir.

Heydər Əliyev bir ictimai–iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun tətbiqinə nail olmuşdur. Yeni minilliyin başlanğıcında formalaşan mürəkkəb və ziddiyyətli dünya nizamı böyük siyasət ustadının məharətlə əsaslandırdığı bu inkişaf modelinin respublikamız üçün müstəsna əhəmiyyətini bir daha sübuta yetirir. Respublikamızın son 20 ildə iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər məhz ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır.

Heydər Əliyevin yüksək dövlətçilik təfəkkürü ilə 1993–cü ildən sistemli şəkildə gerçəkləşdirilən məhkəmə–hüquq islahatları da hər bir vətəndaşın maraqlarını da özündə ehtiva etməklə, cəmiyyətdə xalqın milli birlik və həmrəylik ideyalarının möhkəmlənməsində vacib rol oynamışdır. Zamanın ruhu ilə səsləşən bu islahatlar hər bir fərdin ictimai dəyərlər dərəcəsinə yüksəlmiş istək və arzularının reallaşmasına imkan vermişdirr. Yəni Azərbaycanda reallaşdırılan hüquqi, demokratik dövlət quruculuğu prosesi cəmiyyətə transformasiya edərək insanların şüurunda mütərəqqi dəyişikliklərə səbəb olmuşdur. Nəticədə mütləq əksəriyyət məhz qanunun aliliyinin yüksək səviyyədə təmin olunduğu bir cəmiyyətdə davamlı inkişafın mümkünlüyünə qəti əmin olmuş, həyata keçirilən islahatların mahiyyətini düzgün qavraya bilmişdir.

Ulu öndərin siyasi iradəsi ilə 1993–2003–cü illlərdə gerçəkləşdirilən islahatlar cəmiyyətin inkişaf ahənginə adekvat olmuş, ən başlıcası, insan və vətəndaş hüquq və azadlıqlarının təmini məsələlərini özündə maksimum səviyyədə ehtiva etmişdir. Cəmiyyətin hüquq sisteminin demokratikliyi, hamılıqla qəbul edilmiş ümumbəşəri prinsiplərə cavab verməsi adekvat olaraq ictimai münasibətləri tənzimləyən Konstitusiya və qanunların liberallığında real ifadəsini tapmışdır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında hazırlanaraq 1995–ci ilin 12 noyabrında ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ötən illərdə insan və vətəndaş hüquq və azadlıqlarını, cəmiyyətin ictimai–siyasi institutlarının fəaliyyətini, dövlətin özünüidarə sistemini tənzimləməklə, vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi təminatçısı qismində çıxış etmişdir. Konstitusiyamız dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd–şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur.

Ulu öndər Heydər Əliyev çıxışlarında xüsusi qeyd etmişdir ki, “Hüquqi dövlətin ən prinsipial şərti məhkəmə sistemində islahatların keçirilməsidir”. Ümummilli liderin rəhbərliyi ilə aparılan ardıcıl islahatlar nəticəsində ölkənin hüquq sistemində köklü dəyişikliklər baş vermiş, qısa müddət ərzində yeni mütərəqqi qanunlar qəbul edilmiş, 3 pilləli yeni məhkəmə sistemi yaradılmışdır. Yeni məhkəmə sisteminin fəaliyyətə başlaması üçün hakimlərin şəffaf prosedur əsasında, beynəlxalq tələblərə uyğun test üsulu və müsahibə ilə seçilməsi qərara alınmış, ölkə Prezidentinin yanında Məhkəmə–Hüquq Şurası yaradılmışdır.

İnsan və vətəndaş hüquqlarının yüksək səviyyədə təminatına xidmət edən bu siyasət son 10 ildə yeni dövrün tələbləri səviyyəsində davam etdirilir. İslahatların keyfiyyətcə yeni mərhələsində məhkəmə və ədliyyə orqanlarının inkişafının əsas məqsədləri əhalinin hüquqi təsisatlara və hüquqi yardıma tələbatının ödənilməsi, yeni nəsil hakim və hüquqşünasların formalaşdırılması, məhkəmələrin müstəqilliyinin və məhkəmələrə inamın artırılması, məhkəmələrə və ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılmasıdır.

Azərbaycan Respublikası Prezidentinin 2006–cı il 19 yanvar və 17 avqust tarixli fərmanları məhkəmə və ədliyyə orqanlarının inkişafına, məhkəmə–hüquq sisteminin müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsinə, regionlarda hüquq infrastrukturunun genişləndirilməsinə imkan yaratmışdır. Son illər əhalinin məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması məqsədi ilə yeni məhkəmələr, o cümlədən regionlarda yeni apelyasiya, inzibati–iqtisadi, ağır cinayətlər məhkəmələri yaradılmışdır. Ötən illərdə hakimlərin sayı 2 dəfə, o cümlədən 2010–cu ildə daha 25 faiz artırılaraq 600–ə çatdırılmışdır.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlər çərçivəsində Avropa Şurası ilə səmərəli əməkdaşlıq şəraitində hazırlanaraq qəbul edilmiş “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə–Hüquq Şurası haqqında” qanunlar xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq norma və prinsiplərə uyğun olan həmin qanunlara əsasən məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə–Hüquq Şurası yaradılmışdır. Yeni qanunvericiliklə hakimlərin immunitetinə və səlahiyyət müddətlərinə yenidən baxılmış, hakim vəzifəsinə müddətsiz təyinat müəyyən olunmuş, onların intizam məsuliyyəti məsələləri şuranın səlahiyyətinə aid edilmiş, hakim vəzifələrinə namizədlərin seçilməsi üçün yeni qurum – Hakimlərin Seçki Komitəsi yaradılmışdır. Bununla yanaşı, Məhkəmə–Hüquq Şurası yanında hakimlərin və dövlət ittihamçılarının, o cümlədən hakimliyə namizədlərin tədrisi ilə məşğul olan ayrıca sektor yaradılmışdır.

Hakim seçkilərinə dair yeni qaydalara əsasən hakim olmaq üçün ilk dəfə olaraq 2005–ci ildən çoxmərhələli prosedurlarla, test üsulu ilə, habelə yazılı və şifahi imtahanlar keçirilmişdir. Hakimliyə namizədlər üçün uzunmüddətli tədris kursları təşkil olunmuş, bu kurslara yüksək məhkəmə hakimləri, görkəmli alimlər, zəngin biliyə və təcrübəyə malik şəxslər, habelə nüfuzlu xarici ölkələrin, o cümlədən Türkiyənin mütəxəssisləri, Avropa Şurasının insan hüquqları üzrə ekspertləri cəlb olunmuşlar. Ümumiyyətlə, 2007–2011–ci illəri əhatə edən seçimlər prosesində 311 nəfər müvəffəqiyyət qazanaraq hakim vəzifəsinə təyin olunmuşdur.

Prezidentin 2011–ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan Hüquqları sahəsində Milli Fəaliyyət Proqramı” da sosial–iqtisadi inkişaf prosesinin keyfiyyətcə yeni mərhələsində hüquqi–siyasi islahatların uğurla davam etdirilməsi məqsədini ön pana çəkir. Milli Fəaliyyət Proqramının həyata keçirilməsi ilə əlaqədar məhkəmə hakimiyyəti qarşısında da müəyyən vəzifələr dayanır. İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi bilavasitə, normativ–hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi isə müəyyən cəhətləri ilə məhkəmə hakimiyyətilə əlaqədardır. Milli Fəaliyyət Proqramının öyrənilməsi, onun ayrı–ayrı müddəalarının yerinə yetirilməsi ilə bağlı tədbirlərin müəyyənləşdirilməsi, gündəlik fəaliyyətdə insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə nail olunması, pozulmuş hüquqların bərpası, qanuna əsaslanan, obyektiv, qərəzsiz, ədalətli qərarlar qəbul edilməsi və hüquqi təbliğatda fəal iştirakla cəmiyyətdə hüquq mədəniyyətinin inkişafına yardım göstərmək məhkəmə orqanları qarşısında duran vəzifələr kimi qiymətləndirilməlidir.

Sonda xüsusi vurğulamaq istərdim ki, ulu öndər Heydər Əliyevin nurlu xatirəsi Mingəçevir şəhərində də böyük ehtiramla anılır, ulu öndərin dövlətimizin inkişafındakı tarixi xidmətlərinə nəzər salınır. Prezident İlham Əliyevin bir müddət əvvəl Mingəçevirdə səfərdə olması, ulu öndərin adını daşıyan parkın və mərkəzin açılışında şəxsən iştirak etməsi, şəhərin inkişafı ilə bağlı tapşırıq və tövsiyələrini verməsi mingəçevirlilərdə böyük ruh yüksəkliyi doğurmuşdur. Ulu öndərin siyasətini bütün sahələrdə uğurla inkişaf etdirən dövlətimizin başçısı Azərbaycanı daha müasir və qüdrətli, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu ölkəyə çevirib.

 

 

Rasim KAZIMOV,

Mingəçevir Şəhər Məhkəməsinin sədri

 

Respublika.- 2013.- 30 aprel.- S. 6.