Quruculuq işlərinin miqyası genişlənir

 

2012–ci il başa çatmışdır. Müvafiq Dövlət Proqramının qarşıya qoyduğü vəzifələr baxımından əldə olunan nəticələr təhlil edilir, gələcək işlər müəyyənləşdirilir. Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağında da bu istiqamətdə geniş söhbət açılmışdır. İlin yekun göstəricilərinə dair hesabat məruzəsi ilə icra başçısının şəhər üzrə nümayəndəsi Nüsrət Vəliyev çıxış etmişdir.

 

Məruzəçi qeyd etmişdir ki, ölkəmizdə aparılan genişmiqyaslı abadlıq–quruculuq işləri, əhalinin maddi rifah halının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması və digər mühüm sahələrdə həyata keçirilən tədbirlər Daşkəsən rayonundan, onun ayrılmaz tərkib hissəsi olan şəhər ərazi nümayəndəliyində də fəal şəkildə həyata keçirilmişdir. 2012–ci ildə istər rayonda, istərsə də ərazidə tikinti–abadlıq, quraşdırma işləri böyük vüsət almışdır.

Daşkəsən rayonunun sosial–iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 2 aprel 2012–ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 3 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Zağalı–Kollu–Çıraqlı avtomobil yolunun tikintisi məqsədi ilə vəsait ayrılmışdır. Bu, ölkə başçısı cənab İlham Əliyevin rayonumuzun inkişafına diqqət və qayğısının əyani təzahürüdür.

Zağalı–Kollu–Çıraqlı avtimobil yolunun, rayon mərkəzində gənclər üçün təlim və istirahət mərkəzinin, Quşçu, Mollahəsənli, Muşavaq və Əmirvar–Əhmədli kəndlərində yeni məktəb binalarının tikintisinə, Əmirvar kəndində 360 şagird yerlik məktəb binasının əsaslı təmir işlərinə, “Alunit” istehsalat sahəsində qəza vəziyyətində olan elektrik yarımstansiyasının inşasına başlamış və bu istiqamətdə işlər davam etdirilir.

Ötən il ərzində şəhər nümayəndəliyi inzibati dairəsində yerləşən xidmət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, onlar tərəfindən əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində müəyyən tədbirlər görülmüşdür.

Görülən tədbirlərin müsbət nəticəsi ondan ibarət olmuşdur ki, nümayəndəliyin tərkibinə daxil olan yaşayış məntəqələrində əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatında xeyli dönüş yaranmışdır. 2012–2013–cü illərin payız–qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planında nəzərdə tutulmuş təmir işlərinin vaxtında həyata keçirilməsi nəticəsində əhalinin elektrik enerjisi və qazla təminatında indiyədək heç bir fasiləyə yol verilməmişdir.

Paylayıcı Elektrik Şəbəkəsi və Qaz–İstismar İdarəsi tərəfindən şəhərin və qəsəbələrin əhalisinə verilmiş elektrik enerjisi və qazın dəyərinin toplanması işində dönüş yaranmışdır. 2012–ci ildə elektrik enerjisi və qazın dəyərinin ödənilməsi ilk dəfə olaraq tam yerinə yetrilmişdir.

Daşkəsən şəhərinin içməli suya olan tələbatı yaz–payız mövsümündə Qoşqar–Daşkəsən su xəttindən istifadə etməklə, qış aylarında isə Gürbulaq kəndində yerləşən su anbarlarından elektrik nasosları vasitəsilə ötürülməsi təmin edilmişdir.

Hesabat dövrü ərzində Daşkəsən şəhərində yaşıllıq zolaqlarının salınması və müxtəlif növ yeni ağacların əkilməsi, onlara qulluğun yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüşdür. Belə ki, şəhərin girəcəyində yaradılmış meşə zolağına, məktəb və yaşayış binalarının ətrafına 1000 ədəd Sərv və Şam ağacları əkilmişdir. Salınmış yaşıllıq zolaqlarına və əkilmiş ağaclara yüksək səviyyədə qulluq göstərilmişdir. 2013–cü ildə şəhərin S.Vurğun və 20 Yanvar küçələrində yeni yaşıllıq zolaqlarının salınması və külli miqdarda yeni ağacların əkilməsi planlaşdırılmışdır.

Fəaliyyət göstərən Daşkəsən filizsaflaşdırma ATSC–nin şəhər üçün əhəmiyyəti böyükdür. Keçən il müəssisədə yeni texnologiyaların tətbiqi, fiziki və mənəvi cəhətdən köhnəlmiş dağ–mədən avadanlıqları və nəqliyyat vasitələrinin təzələnməsi sahəsində xeyli iş görülmüş, yeməkxana və digər sosial obyektlərin təmiri, fəhlələrin isti yeməklə təmin olunması istiqamətində işlər görülmüşdür.

Hesabat ilində kombinatda 207,000 min ton konsentrat istehsal olunmuşdur ki, bu da müəssisənin 22 il bundan əvvəlki istehsalının bərpası deməkdir. Bu gün kombinatda 371 nəfər işçi qüvvəsi çalışır. Onların orta aylıq əmək haqqı 376 manat təşkil edir. Mədənin geoloji xəritələri və kombinatın istehsal gücünü artırmaq üçün yeni tikiləcək Konsentrat zavodunun layihə–smeta sənədləri tam hazırlanmışdır.

Şəhər nümayəndəliyinin ərazisində 5 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Həmin məktəblərdə təhsil alan 1136 şagirdin təlim–tərbiyəsi ilə 174 müəllim məşğul olur. İl ərzində nümayəndəlik ərazisində olan 5 məktəbin müasir istilik sistemində mövcud problemlər vaxtında aradan qaldırılmışdır.

Həmişə olduğu kimi 2012–ci il ərzində də vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması məsələsi diqqət mərkəzində olmuşdur. Keçən il şəhər nümayəndəliyinə müxtəlif məzmunlu 67 ərizə və şikayət daxil olmuşdur. Onların əksəriyyəti mənzillərin təmiri, kommunal xidmətləri və digər məsələlərlə əlaqədar idi. Daxil olan ərizə və şikayətlərin hamısı müsbət həll edilmişdir.

Yığıncaqda rayon sakinlərindən Nadir Quliyev, Mehriban Rüstəmova, Üfət Abdıyeva, Rizvan Ələsgərov, Nahidə Həsənova çıxış edərək öz fikirlərini bildirmişlər. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev yekun çıxışında “Yeni Daşkəsən” layihəsinin artıq öz həllini tapmağından bəhs etmişdir. Başçı bildirmişdir ki, Nazirlər Kabinetinin Daşkəsən rayonuna ayırdığı vəsaitlə irimiqyaslı işlər həyata keçiriləcək, rayonun, kənd və qəsəbələrin sosial və mədəni görkəmi müasirləşib daha gözəgəlimli olacaqdır. Yaxın vaxtlarda rayon sakinləri bunun real şahidi olacaqlar.

 

 

Qəhrəman Qurbanov

 

Respublika.- 2013.- 1 fevral.- S. 5.