Dövlət gənclər siyasəti uğurla aparılır

 

Dövlətin və xalqın gələcəyi gəncliyin əlindədir. Bu günü ilə yanaşı, sabahını, gələcəyini düşünən millət ilk öncə gəncini düşünməli, öz gələcəyini qurmaq üçün onun gücünə, zəkasına, iradəsinə əmin olmalıdır. Bunun üçün dövlətin və cəmiyyətin birgə fəaliyyəti, məqsədyönlü, gələcəyə istiqamətlənmiş siyasəti və strategiyası olmalıdır. Azərbaycanda bununla bağlı həmişə məqsədyönlü fəaliyyət proqramı olub, bu günvar. Xüsusi qeyd etmək lazımdır ki, müstəqillik illərində ölkəmizdə böyük, vətənpərvər gənclər ordusu yaranmışdır. Bu gün respublikamızda gənclər siyasəti dövlət siyasətinin tərkib hissəsidir.

Müasir Azərbaycanda həyata keçirilən islahatlarda, qəbul olunmuş dövlət proqramlarının icrasında gənclər fəal iştirak edir. Ümumiyyətlə, gənclərlə , gənclər hərəkatının düzgün formalaşdırılması bu gün dövlət siyasətində mühüm yer tutmaqla, ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Heç kəsə sirr deyil ki, ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra məhz Heydər Əliyevin sayəsində nəinki gənclərə diqqət və qayğı göstərildi, həm də ölkədə dövlət səviyyəsində məqsədyönlü gənclər siyasətinin əsası qoyuldu. Azərbaycanı qurucu gənclər ölkəsi, gəncləri isə birmənalı olaraq, Azərbaycanın gələcəyi adlandıran ümummilli liderimiz bu siyasəti müstəqil dövlət quruculuğu prosesinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Həmin prosesin əməli nəticəsi olaraq 1994– il iyulun 26–da Gənclər və İdman Nazirliyi yaradılmış, 1996–cı il fevralın 2–də müstəqil Azərbaycan gənclərinin 1–ci forumu keçirilmişdir. Ulu öndərin 1997–ci ildə imzaladığı sərəncamla forumun keçirildiyi gün 2 fevral “Azərbaycan Gəncləri günüelan edilmişdir. Nəhayət, 29 iyun 1999–cu il tarixli “Dövlət Gənclər Siyasəti haqqında” fərmanın icrası ilə ölkəmizdə gənclər hərəkatı yeni mərhələyə qədəm qoymuşdur. 1996–cı ildən etibarən üç ildən bir keçirilən respublika gənclərinin forumları bu sahədə görülmüş işlərin hesabatını təmin edərək, qarşıdakı dövr üçün fəaliyyət planlarını müəyyənləşdirmişdir. İndiyədək gənclərin 6 forumu keçirilmişdir.

1997–ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi idmançılarımızın beynəlxalq miqyaslı yarışlarda öz sözlərini demələri, bir çox idman növləri üzrə turnirlərə ölkəmizin ev sahibliyi etməsi gənclərimizin imicini daha da möhkəmləndirmişdir. Ötən il London Yay Olimpiya Oyunlarında qazanılmış nəticələr idman sahəsində ən böyük uğur kimi dəyərləndirilir.

2015–ci ildə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi isə Azərbaycanın idman dövləti kimi tanınmasının bir daha təsdiqidir.

Hər kəsə məlumdur ki, ulu öndərimizin yaratdığı təməl əsasında dövlət gənclər siyasəti 2003– ildən xalqın böyük etimadı ilə Prezident seçilmiş cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən müddət ərzində bu istiqamətdə atılmış addımlar, görülmüş işlər bunun əyani sübutudur. Məsələn, Azərbaycan Gəncləri gününün 10 illiyi münasibətilə 2007–ci il ölkəmizdə “Gənclər ilikimi qeyd edilmişdir. Dövlət başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı” (2005–2009–cu illər) və “Azərbaycan Gəncliyi (2011–2015–ci illərdə) Dövlət Proqramı” gənclərin potensialından ölkəmizin mənafeyi naminə düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi istiqamətində böyük əhəmiyyətə malikdir. Həmçinin 5 min nəfər azərbaycanlı gəncin dövlət büdcəsi hesabına xarici ölkələrin nüfuzlu ali təhsil ocaqlarında oxuması da bu sahədə atılan addımlardan biridir.

Bu gün Azərbaycan gəncliyinin beynəlxalq fəaliyyəti də diqqəti cəlb edir. Bu sırada Heydər Əliyev Fondunun vitseprezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiyanın azərbaycanlı Gənclər Təşkilatının (RAGT) gördüyü işlər təqdirəlayiqdir. Rusiyada azərbaycanlı gənclərin birləşdiyi təşkilat funksiyasını yerinə yetirən RAGT–ın əsas fəaliyyət istiqamətlərindən biri də azərbaycanlı gənclərin Rusiyanın ictimai həyatındakı rolunu artırmaqdır. Bununla bağlı bir çox layihələrə imza atan RAGT–ın indi Rusiyanın müxtəlif bölgələrində yerli təşkilatları yaradılmışdır.

Ölkə rəhbəri cənab İlham Əliyev daim gənclərin problemləri ilə maraqlanır, onlarla vaxtaşırı görüşür, gənclərin dövlət işlərinə irəli çəkilməsinə xüsusi önəm verir. Prezident İlham Əliyev bu barədə deyib: “Azərbaycanın gələcək inkişafında gənclərin rolu çox böyükdür. Çünki bilirsiniz ki, ölkə əhalisinin əksəriyyəti gənclərdir və onlar bütün sahələrdə çalışırlar. Bir daha demək istəyirəm ki, ilk istəyim, ilk tələbim ondan ibarətdir ki, gənclər yaxşı oxusunlar. Bunun üçün biz lazımi şərait yaratmağa çalışırıq. Ali məktəblərdə oxuyan gənclərin təqaüdləri də qaldırılıb, digər məsələlər öz həllini tapır. Təhsili bitirdikdən sonra, əlbəttə ki, gənclər Azərbaycanda iqtisadi və digər sahələrdə olan imkanlardan səmərəli şəkildə istifadə etməlidirlər. İndi bu imkanlar var və mən çox istəyirəm ki, gənclər bütün sahələrdə fəal iştirak etsinlər, cəmiyyətin fəal üzvləri olsunlar. Bu, ölkəmiz üçün, gələcək üçün lazımdır”.

 

 

Anar HÜSEYNOV,

Anaroptik” firmasının rəhbəri,

YAP gənclər təşkilatının üzvü.

 

Respublika.- 2013.- 2 fevral.- S. 6.