Gənclərə inam böyükdür

 

Ümummilli liderimiz Heydər Əliyev daim cəmiyyətdə böyük qüvvə hesab edilən gənclərə diqqət və qayğı göstərilməsini dövlət siyasətinin əsas prioritetlərindən sayırdı. Ulu öndər onların fədakar əməyini dəyərləndirib gənclərlə görüşlərdə onları düşündürən, narahat edən problemlərlə maraqlanıb, dəyərli təkliflərini, tövsiyələrini heç vaxt onlardan əsirgəməyib. Məhz ulu öndərin sərəncamı ilə 1994– ilin iyulunda Gənclər və İdman Nazirliyi yaradıldı. Artıq 16 ildir ki, respublikamızda “Gənclər günü” yüksək səviyyədə qeyd olunur. Gənclərimizin təhsildə, elmdə, idmanda, sosialiqtisadi mədəniyyət, təsviri incəsənət və digər sahələrdə qazandıqları uğurları ürəkaçandır. Gənclərimiz beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edir, üçrəngli bayrağımızı yüksəklərə qaldırırlar. Dünya gəncləri arasında Azərbaycan gənclərinin öz yeri, öz imzası var. 1996–cı il fevralın 2–də ümummilli liderin təşəbbüsü ilə ölkəmizdə Azərbaycan gəncləri forumu keçirildi. Bu, Azərbaycan gənclərinin həyatında tarixi bir hadisə idi. Üzünü gənclərə tutan Heydər Əliyev demişdir: “Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun”. Dövlətin böyük diqqət və qayğısı gənclərə cəmiyyətdə gedən proseslərə fəal qoşulmağa, onlarda özünə və gələcəyə inam hissini daha da artırdı. Azərbaycan gəncliyinin inkişafına təkanın və dəstəyin təməli yeni mərhələnin başlanğıcı ilə qoyuldu. Bu siyasət gənclərin cəmiyyətin bütün sahələrində fəal iştirakını əhatə edirdi.

Dövlət başçısı İlham Əliyev ulu öndər Heydər Əliyevin yaratdığı gənclər siyasətini uğurla davam etdirir. Gənclərin potensialından respublikanın inkişafı naminə düzgün istifadə olunması, onların asudə vaxtının səmərəli təşkil edilməsi, idarəetmə sistemində iştirakının təmin olunması məqsədilə 2005–ci il avqustun 30–da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın (2005–2009–ci illər) təsdiq edilməsi haqqında sərəncamı, gənclərə dövlət qayğısının artırılmasına xidmət edirdi. Sərəncamda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri açıqlandı. Bu istiqamətlər tamamilə xalqımızın milli mənafelərinin inkişafına yönəldilmişdir. 1997–ci ildə dövlət gənclər siyasəti ilə bağlı ilk qanun qəbul olundu. 2007–ci ili Prezident İlham Əliyevin “Gənclər ilielan etməsi də gənclərin ictimai, siyasi, əmək fəllağını, sabaha, xoşbəxt gələcəyə ümidlərini artırdı. 2011–ci ildə Dövlət Proqramının təsdiqlənməsi, Gənclər Fondunun yaradılması, gənclərlə bağlı dövlət səviyyəsində reallaşdırılan müxtəlif tədbirlər gənclər tərəfindən rəğbətlə qarşılanmışdır.

Aydındır ki, gənclik hər bir xalqın, millətin təməl daşıdır. Bütün zamanlarda xalqın tərəqqisində, dövlətçiliyinin qorunmasında, azadlıq mübarizəsində, milli–mənəvi dəyərlərin qorunmasında, təbliğində gəncliyin də öz rolu, öz xidməti var. Azərbaycan xalqının tarixində gəncliyimizin qoyduğu iz qürurvericidir, ilham mənbəyimizdir. Ölkəmizdə hər bir sahədə qazanılan nailiyyətlərdə gəncliyin də öz payı, xüsusi rolu var. Sevindirici haldır ki, gənclər cəmiyyətin bütün sahələrində təmsil olunur, onların potensial gücündən səmərəli istifadə edilir, onlar artıq aparıcı qüvvəyə çevriliblər.

Gənclərlə bağlı həyata keçirilən əhəmiyyətli tədbirlər, qəbul edilən sənədlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsinə şərait yaradır. Gənclərimizin bütün bilik, bacarıq və qabiliyyətlərinin üzə çıxarılması üçün onlara geniş meydan açılmışdır. Məlumdur ki, gənclik daim yenilik axtarır, yüksəkliyə qalxmağa can atır.

Onlar yeni ideyaların müəllifi olmağı arzulayırlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənclərin bu meyarlarını nəzərə alaraq, ölkəmizin daha da qüdrətli dövlətə çevrilməsi üçün gənclərə geniş imkanların verilməsinin tərəfdarıdır. Azərbaycanda gənclər siyasəti dövlətin tərkib hissəsidir. Biliyinə, intellektinə, istedadına güvənən Azərbaycan gəncliyi onun üçün yaradılan bu şərait və imkandan maksimum yararlanır.

Möhtərəm Prezidentimiz gənclərlə keçirilən görüşlərdə dəfələrlə vurğulayıb ki, gəncliyə verilən imkanlar dövlətimizin sabahı üçündür. Əvvəllər xarici dövlətlərin ən nüfuzlu ali məktəblərində təhsil almaq gənclərimiz üçün bir xəyal idi. İndi bu xəyal reallığa çevrilib. Dünyanın ən tanınmış, nüfuzlu ali məktəblərində təhsil alan azərbaycanlı gənclərin sayı ilbəil artır.

Dövlət başçısının sərəncamı ilə qəbul edilən 2007–2015–ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsil üzrə Dövlət Proqramı, habelə gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzaladığı sənədlər gəncliyə göstərilən qayğının parlaq nümunəsidir.

Ölkəmizdə çoxlu gənclər təşkilatı fəaliyyət göstərir. Onlar Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunur. Gənclərimiz beynəlxalq tədbirlərdə xalqımızın haqq, ədalət, suverenliyi uğrunda mübarizə apardığını dünya gənclərinə çatdırır, bu mübarizədə bizimlə həmrəy olmağa səsləyir. Artıq dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən dərnəklərdə, mərkəzlərdə xalqımızı təmsil edən Azərbaycan gəncliyi hər bir sahədə uğur qazanmağa çalışır.

Ölkəmizin bölgələrində yaşayan gənclərimiz də diqqətdən kənarda qalmayıb. Dövlət başçısının 2011–ci il noyabrın 15–də imzaladığı sərəncamla təsdiq etdiyi “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011–2015–ci illər üçün Dövlət Proqramı”nda bölgələrdə yaşayan gənclərimizin məşğulluq məsələsi ön plana çəkilib. Proqramda gənclər arasında sahibkarlığın inkişaf etdirilməsi, işlə təmin olunması, asudə vaxtın təşkili və digər vacib məsələlər öz əksini tapıb. Bölgələrdə aparılan quruculuq, tikinti, abadlıq işlərində gənclərimiz həvəslə iştirak edirlər.

Bu yaxınlarda mənə böyük etimad göstərilərək, fidanların təlim–tərbiyə aldığı müəssisəyə rəhbər təyin etdilər. Bu, mənim üçün gözlənilməz hadisə idi. Bir daha inandım ki, işimizlə, fəaliyyətimizlə maraqlanırlar, əməyimiz layiqincə qiymətləndirilir. Demək, gənclərə inam, etibar var. Bu inamı işimlə, fəaliyyətimlə doğrultmağa çalışacağam. Ölkəmizin gələcəyi üçün fiziki və mənəvi cəhətdən sağlam nəsil hazırlanmasında əməyimi əsirgəməyəcəyəm.

 

 

Fidan TAĞIZADƏ,

Xırdalan şəhər 2 saylı uşaq

bağçasının müdiri.

 

Respublika.- 2013.- 2 fevral.- S. 6.