Xatirə gecəsi keçirilmişdir

 

Azərbaycan Akademik Milli Dram Teatrında görkəmli ədəbiyyatşünas alim, professor Xeyrulla Məmmədova həsr olunmuşDünyada qala bilmək” adlı kitabın təqdimat gecəsi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan filologiya elmləri doktoru, professor Elman Quliyev 70 illik ömrünün 45 ilini Azərbaycan ədəbiyyatı problemlərinin öyrənilməsinə sərf edən görkəmli ədəbiyyatşünas alim Xeyrulla Məmmədovun yaradıcılığından, pedaqoji fəaliyyətindən danışdı. Xalq şairi Sabir Rüstəmxanlı çıxış edərək dedi ki, Xeyrulla Məmmədov vaxtının böyük bir hissəsini Bakı, Moskva, SanktPeterburq, Tiflis, Almatı, Daşkənd arxivlərində keçirmişdi. Böyük dost, xeyirxah insan olan Xeyrulla Məmmədovun doğma siması onun minlərlə tələbəsinin qəlbində əbədi yaşayacaq, adı Azərbaycanın görkəmli ədəbiyyatşünas alimləri və pedaqoqları arasında həmişə xatırlanacaqdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Buludxan Xəlilov çıxış edərək böyük alim olan Xeyrulla Məmmədovun elmi yaradıcılığından, təşkilatçılıq bacarığından, nümunəvi pedaqoq olmasından ətraflı danışdı. Bildirdi ki, Xeyrulla Məmmədov bilikli, bacarıqlı alim, nüfuzlu müəllim idi. O həm də filologiya sahəsinin arxeoloqu idi.

Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Nizami Xudiyev Xeyrulla müəllimi hələ tələbəlik illərindən tanıdığını bildirdi. “Xeyrulla müəllim çox emosional adam idi. Xüsusilə çap olunan məqalələrdə və monoqrafiyalarda buraxılan elmi təhriflərə qarşı həddən artıq barışmaz olardı, belə hallarda heç kimi bağışlamazdı”. Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, professor Himalay Qasımov, filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, filologiya elmləri doktoru, professor Vüqar Əhməd, Bakı Dövlət Universitetinin professoru Leyla Gərayzadə və digər natiqlər çıxış edərək Xeyrulla müəllimin gözəl insan, xeyirxah alim olmağından ürəkdolusu soz açdılar.

Xalq artisti Ramiz Novruz kitabın redaktoru İsrafil İsrafilova, Milli Dram Teatrının rəhbərliyinə və gecənin iştirakçılarına dərin təşəkkürünü bildirdi.

Sonda böyük ədəbiyyatşünas alim, professor Xeyrulla Məmmədova həsr olunan kinooçerk təqdim olundu.

 

 

Elşad DAĞLI

 

Respublika.- 2013.- 3 fevral.- S. 7.