Tarixi yaddaşımızın Səfəvilər səhifəsi

 

Yazıya Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevə minnətdarlıqla başlamaq istəyirəm. O, tariximizin ən şərəfli dövrlərindən biri Səfəvilər dövrü və onun ilk gənc şahı olmuş Şah İsmayıl Xətai şəxsiyyəti, onun fəaliyyəti və Azərbaycanı dünyada tanıtması mövzusuna müraciət etmişdir. Akademikin qeyd etdiyi kimi, Şah İsmayıl Səfəvi, doğrudan da, Azərbaycanın, onun dövlətçiliyinin ali məramlı, tarixi bir şəxsiyyətidir. Ramiz Mehdiyevin qaldırdığı bu məsələ istər Azərbaycan dövləti çərçivəsində və istərsə də onun hüdudlarından kənarda əlinə qələm alıb Şah İsmayıl Xətai, yaxud Səfəvilər dövləti haqqında qərəzli fikirlər yaymaq istəyənlərə və hətta bəzi “siyasətçilərə” ciddi bir mesajdır. Digər tərəfdən isə akademik Ramiz Mehdiyevin “Respublika” qəzetində çap edilən bu dəyərli fikirləri dövlətçiliyimizin müdafiəsi naminə, bilavasitə Azərbaycan dövlətinin Səfəvilər dövrünü araşdıran və doğru–düzgün bir qənaətə gələ bilməyənlərə işıqlı, qətiyyətli bir yoldur, bir istiqamətdir.

 

Səfəvilər dövrü Azərbaycan tarixini dəyərləndirərkən məsələnin siyasi tərəfini nəzərə almaq vacibdir. Bu baxımdan da akademik Ramiz Mehdiyev tamamilə haqlıdır.

Onun sözlərilə desək, həqiqətən də, “tarixin dərk olunmasında siyasət müəyyənedici rol oynayır” və “nəticədə biz tarixin anlaşılmasında siyasətin mahiyyətini təşkil edən məqamlardan çıxış etməyə məcburuq.

Əlbəttə ki, xalqımız öz tarixini, keçmiş mənəvi dəyərlərini tərəddüdsüz dərk etdikdə, insanlarımızda özünə və tarixinə inam özünü çox güclü büruzə verir ki, bu da öz növbəsində dövlətçiliyin möhkəmlənməsinin dayaqlarından biridir. Daha sonra o deyir:

—Öz keçmişindən məhrum olan insan mənəvi boşluq dilində danışmağa başlayır. O, nəsillərin varisliyindən kənarda qalır, bununla da nəinki tarixin vəhdətini, həm də tarixin özünü alt–üst edir. Öz keçmişi ilə həmrəyliyin yoxluğu inkişaf etmiş mənlik şüurunun olmamasına və deməli, milli mənafe və dəyərlərin başa düşülməməsinə bərabərdir.

Qədim dövrə və Orta əsrlərə aid ilk mənbələri öyrənməklə asanlıqla yəqin etmək olar ki, Azərbaycan tarixində həm siyasi, həm də mədəni və elmi sahələrdə parlaq şəxsiyyətlər çox olmuşdur. Lakin indi böyük təəssüf hissi ilə deməliyik ki, Azərbaycanın bir sıra laiyqli oğulları, onların fəaliyyəti ilə irsi insafsızcasına unudulmuşdur və heç kəs etiraz edə bilməz ki, bunun səbəbi bizim tarixçilərin və mənbəşünasların passivliyidir.”?

Haqlı sözə, düz irada nə deyəsən?!

Akademik Ramiz Mehdiyev nümunə olaraq keçmiş tarixi şəxsiyyətlərimiz, alimlərimiz, araşdırıcılarımız haqqında dəyərli məlumatlar verir. İstər–istəməz bu şəxslər haqqında olan məlumatları əxz edərkən öz millətinlə qürur duyur, fəxarət hissi keçirirsən.

Akademik yazır: – “Bu siyahını davam etdirmək və genişləndirmək olar. Lakin əsas məqsədimiz bu deyildir. Əsas məsələ odur ki, zəngin tarixi irsimiz bu irsi bizə yenidən qaytara biləcək və bununla da Azərbaycan xalqının mənəvi zənginliyini dünyaya açıb göstərəcək peşəkar tədqiqatçılarını gözləyir.

Mən bu məqaləni qəlbimin hökmü ilə yazmağa başladım. Ən əsası da ona görə ki, Azərbaycan türklərinin birləşməsində və Azərbaycan dövlətçiliyinin yaradılmasında ulu əcdadlarımızın tarixi rolu hələ də sona qədər öyrənilməmişdir. Bizim tarixçilər, digər sosial elm istiqamətlərini araşdıranlar, tarixi romanlar yazmağı tərgitmiş yazıçılarımız xalqımıza çox borcludurlar. Tariximizin dünya elmi ictimaiyyəti tərəfindən çoxdan qəbul edilmiş bir sıra aspektlərini dərindən və sistemli şəkildə ümumiləşdirən araşdırmalarımız, təəssüf ki, hələ yoxdur. Azərbaycan xalqının görkəmli siyasi, elm və mədəniyyət xadimlərinin dünya sivilizasiyası xəzinəsinə töhfələri haqqında elmi araşdırmaların olmaması yalnız təəssüf doğurur.

Dövlət müstəqilliyi əldə etmiş millət, vətəndaşlarımız öz tarixi keçmişi haqqında mötəbər məlumatlara malik olmağa sadəcə borcludurlar, bu, yeni nəsilləri tərbiyə etmək üçün nümunə sayılan əsl milli obrazlara müraciət etmək üçün əsas verərdi.”

Bütün bunlardan sonra akademik Ramiz Mehdiyev XIX–XX əsrlərdə yaşayıb–yaratmış, dövlətimizə və dövlətçiliyimizə nümunəvi xidmət göstərmiş tarixi şəxsiyyətlərimizin adını çəkmiş, onların fəaliyyətini şərh etmiş və nəticə olaraq göstərmişdir ki, “bütün bu şəxsiyyətlər XX əsrin axırları – XXI əsrin əvvəlində, biz milli müstəqillik qazanandan və Azərbaycan dövlətçiliyi güclənməyə başlayandan sonra özünün tam təcəssümünü tapmış azərbaycançılıq ideyasının daşıyıcısıdır. Lakin bu şəxsiyyətlər sırasında daha bir tarixi sima var ki, onunla bağlı polemika və diskussiyalar artıq beş əsrdir səngimir. Söhbət Səfəvilər dövlətinin banisi, böyük siyasi xadim, istedadlı sərkərdə, gözəl şair və vətənpərvər, Azərbaycan xalqının həqiqi oğlu Şah İsmayıl Səfəvi haqqındadır. Səfəvilər dövlətinin yaranması tarixinə dair məsələlər heç də həmişə düzgün qoyulmur və ciddi elmi meyarlara uyğun gəlmir. Bu problem barədə yazmaq məsuliyyətini öz üzərinə götürmüş bəzi müəlliflərin baxışları bir sıra hallarda birtərəfli və subyektiv xarakter daşıyır. Onların əsərlərində vaxtilə taktiki əhəmiyyət kəsb etmiş müəyyən məlumatların mütləqləşdirilməsi müşahidə olunur.”

Bu fikirləri oxuyarkən Azərbaycan öz müstəqilliyinin ilk illərini yaşayan dövrlərdə Şah İsmayıl Səfəvi haqqında film çəkilməsinin gündəmə gəlməsi məsələsini xatırladım.

Şah İsmayıl haqqında mən də bir məqalə yazmışdım və orada əsasən ermənilərin Azərbaycan Səfəvilər dövlətinə qarşı törətdikləri təxribatdan söhbət gedirdi. İkinci bir məqam isə Azərbaycan Səfəvilər dövlətinin tarixi mənbələr əsasında hazırladığım xəritəsinin mətbuata çıxarılması idi. Filmdə mənim yazımdan və çəkdiyim xəritədən (sona çatdırılmayan) istifadə etmək istəyirdilər. Mən də məmnunluqla razılıq verdim. Lakin nə səbəbdənsə bu filmin çəkilişi unuduldu və digər bir ölkənin, digər bir millətin bu filmin çəkilişinə qısqanclıqla yanaşdıqlarını söyləyənlər də oldu. Onlar haqlı idilər. Vaxt ötdükcə həm Azərbaycanın özündə və həm də onun xaricində bu qısqanclığın olduğuna mən tam əmin oldum. Amma, artıq vaxt o vaxt deyil, Azərbaycan güclü bir dövlətə çevrilmiş, öz dövlətçiliyi yolunda nə edəcəyini özü həll etməyə qadirdir.

Azərbaycan alimlərinin əsas işi isə bu yolda həqiqətləri, Azərbaycan dövlətinin siyasi maraqlarını, onun milli mənafelərini nəzərə almaqla orta əsrlər Səfəvi dövlətinin möhtəşəm tarixini, Səfəvi dövlətinin ilk möhtəşəm şahının əsl simasını yenidən dünya ictimaiyyətinə çatdırmaqdır.

İstər orta əsrlərdə və istərsə də ən yeni tarixdə bəzi müəlliflər Şah İsmayılın həqiqi məqsədlərini təhrif etmiş, Azərbaycanın bu böyük oğluna qərəzli münasibət bildirmişlər. Əsl tarix isə başqadır. Akademik Ramiz Mehdiyevin dili ilə desək “bu müəlliflərin subyektivliyi ondan ibarətdir ki, onlar çoxsaylı mənbələrdəki məlumatların tənqidi şəkildə seçilməsi və sistemləşdirilməsinə etinasızlıq göstərir, nəticədə XV əsrin ikinci yarısının və XVI əsrin ilk rübünün tarixinin öyrənilməsinə obyektiv yanaşmırlar”.

Bu gün akademik Ramiz Mehdiyevin fikirlərini dəstəkləyərək bu fikirlərə çox böyük hörmətlə yanaşaraq bir məqamı xatırlatmaq istərdim. Bu da Səfəvilər dövlətinin banisi, yaradıcısı, Azərbaycanın böyük dövlət, siyasət, elm xadimi olan Şah İsmayıl Səfəvinin anadan olmasının 525–ci ildönümü olmasıdır. Odur ki, deyilən fikirlər də nəzərə alınmaqla Şah İsmayıl Xətainin həm siyasi görüşləri, həm dövlətçilik qabiliyyəti, həm elmi dünyagörüşləri və həm də şairlik qabiliyyəti Azərbaycan ziyalıları və alimləri tərəfindən geniş olaraq işıqlandırılması bir çox “boşluqları” doldurar, qoyulan problemə bir töhfə olardı.

Kəsərli fikirləri, iti qılıncı ilə dünya tarixində ən qüdrətli dövlətlərdən birini qurmuş Şah Xətai bizlərə böyük bir örnək olmaqla çox dəyərli miras qoymuşdur. Etiraf etmək lazımdır ki, biz hələ də bu tarixi mirasa sahib çıxa bilməmişik.

Başa düşməliyik ki, Şah babamızın müqəddəs ruhu bizləri Böyük Azərbaycan naminə birləşməyə və bu yolda hamımızı dönməzlik, əzmkarlıq göstərməyə səsləyir.

Günümüzün azərbaycanlısı bilməlidir ki, qüdrətli şah, dahi siyasi xadim, sərkərdə kimi dünya şöhrəti qazanmış Şah İsmayıl Xətai həm də dahi söz ustadı, böyük alim olubdur.

Şah İsmayıl azərbaycanlı, türk oğlu türkdür, heç yerdən “gəlmə” deyil, vətəni Azərbaycan, dili türk, dini İslamdır.

Digər tərəfdən, Azərbaycanın bədxahları bilməlidirlər ki, Şah İsmayıl Xətainin çoxtərəfli fəaliyyətlərindən xoş məramla yazanlar, say etibarilə heç də onlardan az deyildirlər.

Öz müəlliflərimizdən başlamış olsaq, deyə bilərik ki, Orta əsr tarixçisi Həsən bəy Rumlu (1530–1577), səfəvilərin araşdırıcısı İsgəndər Münşi (1560–1634), türk alimi Katib Çələbi (1608–1657), dünya şöhrətli alim, mütəfəkkir, maarifçi, yazıçı A.A.Bakıxanov (1794–1846), Cənubi Azərbaycan alimi, şairi və dövlət xadimi Hidayət Rzaquluxan (1800–1871), böyük şairimiz Seyid Əzim Şirvani (1835–1888), türk araşdırıcısı Sami Şəmsəddin (1850–1904), Cənubi Azərbaycan araşdırıcısı Məhəmmədəli Tərbiyət (1875–1940), Avstriya şərqşünası Hammer Purqştam (1774–1856), ingilis şərqşünasları Gibbi (1858–1904) və E.Braun (1862–1926), türkiyəli araşdırıcı Fuad Köprülü (1890–1966) və başqa tarixi şəxsiyyətlər Şah İsmayıl Xətai haqqında çox dəyərli fikirlər söyləmişlər və bu məlumatlar dünyanın bir çox dillərinə tərcümə olunaraq yayılmışdır.

XX əsr Azərbaycan alim və araşdırıcılarından Anar, S.Mümtaz, H.Araslı, Ə.Məmmədov, O.Əfəndiyev, M.Ə.Rəsulzadə, Ə.Nicat, B.Çobanzadə, Z.Nəbibəyli, S.Rüstəmxanlı, F.Kərimzadə, Ə.Dəmirçizadə, Ş.Fərzəliyev, Ə.Səfərli, R.Azadə, Ə.Cəfərzadə, Seyidağa Onullahi, Ç.Qaçar, M.Nemətova, Z.İbrahimov, İ.Həsənli, Y.Mahmudov, M.İsmayıl, K.Vəli, K.Hacıyev, Ə.Xanməmmədli, Ə.Kərimov, K.Məmmədov, K.Cəlilov, E.Arzumanlı, N.M.Hüseynov və s. Şah İsmayıl Xətai, Səfəvilər, Səfəvi orta əsr Azərbaycan şahlığı haqqında çox dəyərli fikirlər söyləmiş, tarixi araşdırmalar aparmışlar.

Bu müəlliflərin əksəriyyətinin elmi–tədqiqat işləri Səfəvilər dövlətinin böyüklüyündən, əzəmətindən, Azərbaycanın bütövlüyünü istəməynlər üzərində Şah İsmayılın qələbəsindən, onun dövlətçilik siyasətindən, vətənpərvərliyindən tarixi mənbələr əsasında yazılmışdır.

Digər bir qrup müəlliflərin tədqiqatları Azərbaycan Səfəvilər dövlətinə, onun şahı–şah İsmayıl Xətaiyə yönəlmiş qeyri–obyektiv “fikirlər”in, daha doğrusu, qarayaxmaların ifşasına, tənqidinə həsr edilmişdir.

Professor F.Qasımzadə yazır ki, “Lakin çox təəssüf ki, Şah İsmayıl Xətaidən bəhs edən müəlliflərimizdən heç biri böyük ingilis filosofu Frensis Bekonun da Şah İsmayıl haqqında qiymətli sözləri olduğunu deməmişlər.

O, 1597–ci ildə nəşr olunmuş “Mənəvi və siyasi təcrübələr və ya öyüdlər” adlı əsərinin “Gözəllik haqqında” adlanan paraqrafinda yazır ki, “İran şahı İsmayıl ülvi və müəzzəm ruha malik idi və öz zəmanəsinin ən gözəl adamlarından olmuşdur”.

Elə oradaca əsərin “Şərəf–şöhrət haqqında” hissəsində isə yazır ki, mən yüksək hakimiyyətə malik olan adamları şöhrət pilləsində belə düzərdim: birinci yerdə dövlətlərin və birliklərin Romul, Kir, Sezar, Osman, İsmyıl kimi banilərinin adlarını çəkərdim. Böyük tarixi şəxsiyyətlərimizdən olan maarifçi, yazıçı, alim A.Bakıxanov özünün “Gülüstani–İrəm” əsərində qeyd edir ki, Şərq yazıçıları Şah İsmayılı dostlarını nurlandıran, düşmənlərini isə yaxıb–yandıran günəşə bənzədirlər. Şah İsmayıl özünün yaratdığı böyük dövlətin işlərilə məşğul olmaqdan başqa digər elmlərlə də məşğul olur, üləmalarla görüşür və Xətai təxəllüsü ilə xalq arasında günümüzdə də yaşayan əsərlər yazır. Şah İsmayıl Xətai haqqında XX əsrin ortalarında yaşayıb–yaratmış Ə.Məmmədov da onun haqqında xeyli tarixi məlumatlar vermişdir, baxmayaraq ki o, əsasən Azərbaycan ədəbiyyatı tarixi ilə məşğul olmuş alimdir.

Ə.Məmmədovun yaradıcılığı, xüsusən də Şah İsmayıla aid olan fikirləri haqqında bu yazının müəllifi də “Hüquq” qəzetində böyük tutumlu bir yazı vermişdir.

Ə. Məmmədov təkcə Cənubi Qafqaz alimlərinin fikrini cəmləşdirməmiş, XIX əsrin Qərbi Avropa şərqşünaslarından olan Cibb, Hammer, Şarl Rayon, E.Braun, F.Babingerdən də maraqlı məlumatlar vermişdir.

Şah Xətai haqqında özünəməxsus fikirlər sahibi olan ziyalılarımızdan biri də Salman Mümtazdır. Salman Mümtaz Azərbaycan ədəbiyyatı, tarixi, mədəniyyəti, incəsənəti haqqında olan bir çox dəyərli əsərlərin toplanması, çap edilməsi, onların haqqında təhlili sahəsində dəyərli xidmətləri olan tarixi şəxsiyyətimizdir. Salman Mümtaz Şah İsmayıl Xətai yolunda da xeyli zəhmət çəkmiş və onun keçdiyi yola “Şah Xətai” adlı elmi–ədəbi–tarixi bir yazı həsr etmişdir.

O yazır: “Şah İsmayıl Xətai 892—tarixi hicridə rəcəb ayının 25–də dan atarkən Azərbaycanın Ərdəbil şəhərində Şeyx Heydər Səfəvi səlbindən dünyaya gəlmişdir. Atası Şeyx Heydər, anası Ağqoyunlu hökmdarı Əbunəsir Həsən bəyin qızı Həlimbəyim Ağadır.

Şah İsmayıl İranda uzun bir müddət səltənət sürən dövləti–Səfəviyyənin müəssisi və birinci hökmdarıdır. Bu silsilə ilk əvvəl Şeyx Səfiyyəddin Ərdəbili ilə şöhrət tapdığı üçün “Səfəvi” “Səfəviyyə” adları ilə məruf və məşhur olmuşdur. Şeyx Səfi yalnız Azərbaycan deyil, bütün islam aləmində zöhdü təqvası ilə məşhur və Əazimi–sufiyundan məhdul bir zatdır. Öz vaxtında seyti–şöhrəti İran və Turanı qaplamış xanagahı yüz minlərlə müridlərin Kəbeyi–amalı idi. Şeyx Səfiyə iradət yetirənlər yalnız xalq olmayıb. Hətta dünyanın ən böyük alimləri, hökmdarları belə ərzi–ixlas edərdilər.

Hələ xəyasəti, dühası, xüsusən “Tuzkat”ı ilə məşhuri–afaq olan Əmir Teymur Şeyx Səfiyə ayrıca bir ehtiram bəslərdi. Bütün müvərrixlərin təsdiqi ilə Əmir Teymur Anqaradakı fəthlərindən sonra xanigaha gələrək Şeyx Səfinin hər bir xahişini yerinə yetirəcəyini ərz etmişdi. Şeyx Səfi isə “Rumdan götürdüyü əsirləri azad et” əmrini verdiyindən Əmir Teymur da filfövr bütün əsirləri əfv və azad etmişdi. Əsirlər dəxi tamamilə Şeyx Səfinin müridləri sırasına keçmişdilər.”

Bu söylənilənlər Şah İsmayıl Xətainin kimləri və neçə təmsil etməsi barədə çox dəyərli fikirlərdir.

Bununla paralel Əlibəy Sara Xatun izdivacından olan digər övlad Uzun Həsəndir ki, o da Xədicə bəyimin qardaşıdır. Uzun Həsənin qızı Aləmşah bəyim–yaxüd Marta Şah İsmayıl Xətainin anasıdır.

Bizans Komnen sülaləsi ilə qohumluq münasibəti isə bu sülalədən Kalo İonun gürcü qadınından olan Dəspinə xatun — yaxud Katerinə xanım Şah İsmayıl Xətainin anası Aləmşah bəyim–yaxud Martadır.

Kimin nə yazmasından, kimin nə deməyəindən asılı olmayaraq bütün Azərbaycan xalqı Şah İsmayılı sevir və özünü ona borclu sanır. Şah İsmayıl ilə Sultan Səlim arasında baş vermiş anlaşılmazıq XVI əsrdən günümüzə qədər məzhəb davası kimi dəyərləndirilir. Ancaq əslində pərdəarxası məqamlar çoxdur. XXI əsrdə də “görünməz” əllər bu siyasəti davam etdirir, islam dünyasına dinclik, rahatlıq vermir. Çox şükürlər ki, günümüzün Azərbaycanı bu məsələdə çox dəqiq və düzgün yol seçmişdir. Azərbaycan təkcə islama deyil, bütün dinlərə hörmətlə yanaşır və heç bir dində heç bir məzhəbə üstünlük vermir. İslamın təməli belə qoyulmuşdur. Bu məqsədlə Rəsuli Əkrəmin fikirlərinə müraciət edək: “Əgər günbatanda bir müsəlmanın başı ağrıyarsa, gün çıxanda bir müsəlman bu ağrını duymalı, bu dərdə şərik olmalıdır. Bədənin hər hansı bir əzası ağrısa, bütün bədən o əzanın ağrısını duyur”.

Azərbaycanda bir çox dövlət başçıları bu vəhdət üçün möhkəm təməl qoymuşlar. Şah İsmayılın ana babası Uzun Həsənin din sahəsində siyasəti ölkəni möhkəmləndirməyə yönəlmişdi. Onun dövründə Ağqoyunlu dövlətində sünnilik üstünlük təşki edirdi, siələr sıxışdırılmışdı. Açaq o, hər iki məzhəbə qulluq edənləri birləşdirməyə çalışırdı. O, öz qızı Martanı şiəliyi təbliğ edən Səfəvilərin başçısı Şeyx Heydərə ərə vermişdi. Bütün Şərqdə, Avropada Aləmşah bəyim kimi tanınan bu qadın XVI əsrdə qüdrətli Azərbaycan dövləti yaratmış Şah İsmayılın anası idi.

Uzun Həsən müsəlman olmayanlara da yaxşı münasibət bəsləyirdi. Venesiya elçisi Katerino Zeno yazır: “…bu ölkədə (Ağqoyunlu dövlətində) xeyli erməni var. Onlar xristiandırlar. Hökmdar onlara ibadətgah tikməyə icazə verib. Amma ermənilərdən, digər xristianlardan bunun müqabilini heç bir islam dövləti görməyib.

Vəli Həbiboğlu yazır: “Oğuz türklərinin —azərbaycanlıların qədim yaşayış məskənlərindən biri olan İrəvan ərazisi tarixin çox burulğanlarından çıxaraq öz varlığını qoruyub saxlamışdır. Bəzi mənbələrdə şəhərin adını orta əsrlərdə yaşamış Rəvanqulu xanın adı ilə əlaqələndirirlər. Deyilənə görə 1509–1510–cü illərdə Şah İsmayıl öz vəziri Rəvanqulu xana həmin yerdə qala tikməyi tapşırır. Rəvanqulu xan burada 7 il ərzində bir qala tikdirir və qalaya Rəvan adı verir…

Yalnız 1936–cı ildə Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin qərarı ilə İrəvanın adı dəyişdirilərək Yerevan adı ilə əvəz olunmuşdur”.

Onu da deyək ki, Rəvanqulu xan əslən Qarabağın Qacar türk tayfalarındandır. Deyilənlərlə yanaşı, İrəvan xanlığı ilə bağlı Şah İsmayıl Xətai haqda başqa məlumatlara da rast gəlmək olur.

Zəngəzur sultanlığının hazırkı Laçın bölgəsində Cicimli kəndi yaxınlığında Məlik Əjdər türbəsi vardır. Şah İsmayıl Gəcavə yolu ilə İrəvan çökəkliyinə gedərkən türbədə olmuş və oranı ziyarət etmişdir.

İrəvan ərazisində ən əzəmətli məscid Şah İsmayıl məscidi olub və bu məscid 1510–cu ildə Xətainin göstərişi ilə tikilib.

1918–ci ildə insanlıqdan uzaq olan ermənilər azərbaycanlı əhalini həmin məscidə dolduraraq, qapı pəncərələrini bağlayaraq məscidi insanlarla birlikdə yandırmışlar.

Şah İsmayıl məscidindən əlavə, İrəvan ərazisində Səfəvilər dövründə daha iki məscid — Məhəmməd şah Xudabəndə və Şah Abbas tərəfindən inşa olunmuş və onların adlarını daşımışdır.

Şah İsmayılın əsas məqsədi öz əqli və iradəsi ilə həm Azərbaycanı birləşdirib vahid bir dövlət qurmaq və həm də islam dünyasını birlikdə fəaliyyət göstərmək yoluna cəlb etmək olmuşdur.

Professor, yazıçı Əzizə Cəfərzadə özünün “Bakı 1501″ romanında söylədiyimiz fikirləri Şah İsmayıl Xətainin dilindən də demişdir.

Şah İsmayıl Xətai bunlarla yanaşı, dilini dövlət dili səviyyəsinə qaldırmış və dili özünün mənəvi dayağı hesab etmişdir.

XI əsrdə yaşamış böyük türkoloq Mahmud Kaşqari özünün “Divan”ında yazırdı: “Dərdini dinlədə bilmək və türklərin könlünü almaq üçün onların dillərilə danışmaqdan başqa yol yoxdur”.

Şah İsmayıl da türkün bu xüsusiyyətini yaxşı bildiyindən Azərbaycan türkcəsini yaratdığı Səfəvilər dövlətində dövlət dili olaraq qəbul etdi. Həmin vaxtdan da Şah bütün qərarlarını, məktublarını bu dildə yazdırdı. Səfəvilər dövrü, xüsusən Şah İsmayıl dövrü Azərbaycanın, Azərbaycan dövlətinin çox şərəfli bir dövrüdür. Azərbaycanı, onun dövlətini, dilini, mədəniyyətini dünya xalqlarına, dünya dövlətlərinə Səfəvilər dövrü qədər tanıdan ikinci bir tarix olmamışdır. Nəzərə alsaq ki, XV–XVI əsrlərdə heç bir kommunikasiya xidmətləri, televizor, telefon, internet və hər hansı bir hərəkət üçün təyyarə, raket, hətta avtomobil, qatarlar yox idi, o zaman Şah İsmayıl Xətainin yaratdığı dövlətin sədalarının dünyanın hər yerinə yayılmasının dəyərinin müasir insanın fikirləşdiyindən qat–qat yüksəkdə olduğunu görərik.

Azərbaycanı qüdrətli bir dövlət səviyyəsində görmək istəməyən Səfəvilər dövləti dövrünü tam araşdırmayan və mətbuat, televiziya, internet vasitəsilə qeyri–elmi mühakimələr yürüdənləri öz yerində oturtmalıyıq.

Belə şəxslər akademik Ramiz Mehdiyevin mətbuatda Şah İsmayılla bağlı çıxışından bir ibrət dərsi almalıdır, başa düşməlidir ki, doğru olmayan fikirləri təkcə Şah İsmayıla, Səfəvi dövlətinə deyil, bütövlükdə Azərbaycan dövlətçilik tarixinə, dünya Azərbaycan türklərinə və həm də bütün türk dünyasına xələl gətirəcək bir mövqedir.

Çoxumuzun yaşadığı sovet dönəmindəki Azərbaycana qarşı olan basqılar, tariximizə, dilimizə qarşı olan mənfi münasibət, bizim torpaqlarda erməni dövləti yaratması cəhdləri sonra zaman–zaman bu torpaqlardan ermənilərə “pay” verilməsi, öz tariximizi olduğu kimi yazmağa imkan verilməməsi, dünya dövlətlərinin tanıdığı sərhədlərimizin zəbt edilməsi, bizə qarşı olan ikili münasibət artıq hər kəsə bəllidir. Belə bir tarixi dönəmdə Şah İsmayıla iradlar axtarılması ancaq və ancaq bizləri istəməyənlərin yanında olmaq, onların dəyirmanına su tökməkdən başqa bir şey deyildir.

Belə məqamlarda həqiqi mənada Azərbaycanı, onun dövlətçiliyini sevən insanlar akademik Ramiz Mehdiyevlə həmrəy olmalı dövlətimizin keşiyində dayanmalıdırlar.

Onu da xatırlatmaq istərdim ki, Şah İsmayıl Xətai, Səfəvilər dövləti, onun tarixi haqqında yazanlar heç də az deyildir.

Dəyərli alimimiz Həmid Araslının Şah İsmayıl və onun yaradıcılığı haqqında söylədiyi fikirlər öz dövrü üçün çox cəsarətli bir addım idi.

O yazır: “Şah İsmayıl Xətai, Azərbaycan xalqının tarixində böyük sərkərdə, dövlət xadimi, mədəniyyət hamisi olaraq şöhrət qazandığı kimi, görkəmli bir şair kimi də məşhurdur. Öz siyasəti, şücaəti və mədəni tədbirləri ilə xalqına xidmət etmiş olan bu böyük vətənpərvər həm də qələmilə şeirimizin inkişafında görkəmli bir şair kimi parlamışdır”.

1948–ci ildə isə bu əsər daha mükəmməl şəkildə Azərbaycanın İranla mədəni əlaqə cəmiyyəti tərəfindən ərəb əlifbası ilə çap edilmiş və mənim kitabxanamda da vardır.

Tarix və Xətai araşdırıcıları xatirinə deyək ki, bu əsər Azərbaycan Elmlər Akademiyasının Əylazmalar İnstitutunda da saxlanmaqdadır.

Biz bilməliyik ki, Səfəvilər dövlətinin yaradılması uğrunda aparılan ardıcıl mübarizənin nəticəsində böyük, vahid, qüdrətli Səfəvilər dövlətinin formalaşması Azərbaycan üçün tarixi bir hadisədir. Qeyd etdiyimiz kimi, Şah İsmayılın başçılıq etdiyi Səfəvilər dövləti güc toplayaraq, təkcə Azərbaycan ərazisini birləşdirən bir dövlət kimi deyil, İranın böyük bir hissəsini, Bağdadı, Diyarbəkri və kiçik Asiyanın bir sıra ərazisini də Səfəvilər dövləti ərazisinə daxil etməklə, şərq sərhədi Özbəkistan, qərb sərhədi Türkiyə olan geniş bir ərazini əhatə edən böyük bir dövlət kimi şöhrətləndi ki, günümüzdə onunla qürur hissi keçirməliyik.

Vahid Azərbaycan dövlətinin yaradılması kənd təsərrüfatının, sənayenin inkişafına müsbət təsir göstərdiyi kimi Azərbaycan xalqının mədəni inkişafına da, məişət tərzinə də müsbət təsir göstərmişdir. Bu baxımdan Azərbaycanda şəhərlərin inkişafı xüsusən qeyd edilməlidir. Səfəvilər dövründə Azərbaycana gəlmiş bir çox əcnəbi səyyahların qeydlərindən belə məlum olur ki, Səfəvi dövlətinin paytaxtı olan Təbriz şəhərində həmin dövrdə 200–dən çox karvansara, 7 min dükan və 47 mədrəsə olmuş, Təbriz şəhəri o dövrdə ən məşhur ticarət mərkəzlərindən birinə çevrilmiş, Azərbaycanın Gəncə, Şəki, Bakı, Şamaxı, Bərdə, Culfa, Naxçıvan kimi şəhərləri də ticarət mərkəzlərindən sayılmışdır. Ticarət əlaqələri genişlənən Azərbaycanın qonşu və digər xarici ölkələrlə də ticarət əlaqələri çoxalmış, Volqa–Xəzər ticarət yolu açılmış və Avropa ölkələri ilə əlaqələr xüsusən ipək ticarəti əlaqələri vüsət almışdır.

Şah İsmayıl Xətaini dəyərləndirmək üçün kifayət qədər elmi və publisistik yazılar mövcuddur. Lakin akademik Ramiz Mehdiyev qədər obyektiv, doğru–düzgün, ədalətli, dövlət siyasəti ilə elmi əlaqələndirərək Şah İsmayıla, onun yaratmış olduğu Səfəvilər dövlətinə qiymət verən ikinci bir şəxsin yazısı ilə tanış deyiləm.

Odur ki, yazımın sonunu da hörmətli alimimizin fikirləri ilə yekunlaşdırmaq istəyirəm.

O yazır: “Şah İsmayılın hakimiyyətində mənfi cəhətlər axtarmaq ona yalnız və yalnız qara yaxmaqla məşğul olanların dəyirmanına su tökməyə oxşayır.

Yüzilliklər boyu müxtəlif siyasi və dini cərəyanların nümayəndələri, o cümlədən İranda və Türkiyədə, elə Qərbdə də XVI əsrdə Yaxın və Orta Şərqdə Şah İsmayılın tarixi rolunu azaltmaq üçün çox səy göstərmişlər”.

Zəngin tarixi obyektiv olaraq dəyərləndirə biləcək və bununla da Azərbaycan xalqının tarixi keçmişini dünyaya göstərəcək peşəkar tədqiqatçılara ehtiyac vardır.

 

 

Ziyadxan Nəbibəyli,

professor,

Qarabağ müharibəsi veteranı.

 

Respublika.- 2013.- 5 fevral.- S. 5.