Unudulmaz elm fədaisi

 

Bu dünyanın ən xeyirxah, ən nəcib, ən duyğulu insanı idi Yafəs müəllim. Məğrurluğu, əyilməzliyi, qərib, qəmgin əzəmətiylə Zəngəzur dağlarına bənzəyirdi.

Dərs dediyi minlərlə tələbələri, müəllim dostları, doğmaları, tanışları üçün o tərbiyə, əxlaq, mədəniyyət, mərdlik məktəbi idi. Nəsildən–nəcabətdən gələn bu əxlaq kodeksini Yafəs müəllim illər uzunu ən əziz əmanət kimi qoruyub saxlamışdı.

1940–cı ilin fevralın 5–də Qafanın Keypəşin kəndində doğulmuşdu, Yafəs Rəsul oğlu. Həmin gün Baxşəliyevlər ailəsinin bir gözü gülsə də, bir gözü qan ağlayırdı. Ailənin böyük oğlu Muxtar sovetfin cəbhəsinə döyüşlərə yola düşürdü. Müharibə bu balaca dağ kəndinə göz yaşı, intizar, həyəcan gətirmişdi. Muxtar o qanlı döyüşlərin, odunalovun, ölümdirim savaşının qoynunda dünyadan hələ xəbərsiz olan bapbalaca qardaşını düşünmüş, onun adını əzizləyə–əzizləyə üçkünc əsgər məktubunda kəndə yollamışdı. Sonralar yaralanıb cəbhədən qayıdan, dünyasını erkən dəyişmiş atasını əvəz eləyən Muxtar müəllim Zəngəzurun ilk maarif fədailərindən idi.

Gecə–gündüz çalışan, ailənin bütün yükünü, ağırlığını çiyninə götürən Muxtar müəllim ədəbiyyat vurğunu idi, bir–birindən gözəl şeirlər yazır, Azərbaycan və düyna ədəbiyyatını mütaliə edirdi. Elə yeddi yaşlı Yafəsi də əllərindən tutaraq ilk dəfə məktəbə gətirən Muxtar müəllim olmuşdu. 1954– ildə öz kəndlərində 7 illik məktəbi bitirən Yafəs, 3 il də Kığı kəndindəki orta məktəbdə təhsil aldı.

Orta məktəbi gümüş medalla bitirən bu istedadlı oğlan geoloq olmaq arzusuyla yaşayırdı. Lakin ona veriləsi gümüş medal İrəvandan gec gəldiyi üçün sənədlərini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizikariyaziyyat fakültəsinə verməli oldu. Müsabiqədən uğurla keçən Yafəs instituta qəbul edildi.

Tələbəlik illərində institutun ictimai işlərində fəal iştirak edən, yay aylarında səsi–sorağı tələbə–inşaat dəstələrindən, pambıq tarlalarından gələn ürəyi həyat eşqi ilə dopdolu bu qeyriadi gənc qurubyaratmaq həvəsilə gecə–gündüz çalışırdı. 1962–ci ildə institutu bitirib təyinatla Laçın rayonuna göndərilən Yafəs Baxşəliyev düz 2 il Pircahan və Kürdhacı kənd məktəblərində fizikariyaziyyatdan dərs dedi. Sonralar Bakı şəhərindəki 54 saylı məktəbdə, Sumqayıt Neft kimyaavtomatlaşdırma Elmi–Tədqiqat Layihə İnstitutunda çalışsa da Yafəs müəllimin ürəyi qoynundan pərvazlandığı doğma institutla döyünürdü. 1965–ci ildə Aspiranturaya qəbul edildikdən bir il sonra onu Azərbaycan Dövlət Pedaqoji İnstitutuna Ali cəbr və həndəsə kafedrasına baş laborant kimi işə götürdülər.

1968–ci ildə müsabiqə yolu ilə həmin kafedraya assistent qəbul olunan Yafəs müəllim 1976–ci ildə dissertasiya işini uğurla müdafiə edərək fizikariyaziyyat elmləri namizədi alimlik dərəcəsi aldı. Onda Yafəs müəllimin 36 yaşı var idi. Gənc olmasına baxmayaraq, tələbələrin, müəllim dostlarının, doğmaların ən yaxın məsləhətçisi, yol göstərəni idi. Çətinliyə düşən tələbələr özlərinə dost, qardaş bildikləri Yafəs müəllimə bütün dərdlərini açıb deyirdilər.

Onun dərsdemə metodu, tələbəyə fərdi yanaşma prinsipi polemik söhbətləri hər kəsdə bu azad, demokratik düşüncəli insana qarşı dərin rəğbət hissi oyatmışdı. Dərs dediyi, çalışdığı ali məktəbin şərəfi, uğuru, müvəffəqiyyəti onun üçün hər şey demək idi. Məhz işinə olan bu fanatik sevgisi onu zirvələrə doğru aparırdı.

1999–cu ildə Yafəs Baxşəliyev çalışdığı Ali cəbr və həndəsə kafedrasının müdiri seçildi. Və ömrünün son gününə 2012–ci ilin aprelin 18–nə qədər bu kafedraya rəhbərlik etdi. Kafedraya rəhbərlik etdiyi müddətdə onun istedadı, arzuları bütün parlaqlığı ilə üzə çıxdı. Yafəs müəllim ən istedadlı müəllimlərə, xüsusən cavanlara kafedrada hər cür şərait yaratdı, onlara diqqət və qayğı göstərdi.

Kafedra müdiri dosent Zahirəli Sadıxov: “Yafəs müəllimin ən böyük arzusu Azərbaycanda təhsil sistemini Avropa təhsil sisteminə yaxınlaşdırmaq idi. O, xüsusən dərs dediyi pedaqoji universitetdəki təhsil proqramlarında ciddi dəyişikliklər etmək arzusunda idi. O, bizim təhsili məhz riyazi strukturların, cəbri strukturların köməyi ilə aparılmasını istəyirdi və deyirdi ki, təhsil sistemi məhz bu qayda ilə sürət götürə bilər.

Yafəs müəllim bir alim kimi vaxtı, zamanı qabaqlamış nadir insanlardan idi. Bir çoxları onun elmdə nə etdiyini hələ dərk edə bilmirdi. Doktorluq işiaktual bir məsələylə bağlı idi: “Universitetlərin riyaziyyat fakültələrində riyaziyyatın nəzəri məsələlərinin cəbri strukturlar əsasında təlimi”.

Yafəs müəllim ölkəmizdə ən qabaqcıl təhsil fədaisi idi. O, bütün həyatını, sağlamlığını bu yolda qurban verdi. Düşünürəm ki, cəbr, riyaziyyat elmi hələ uzun illər onun gördüyü böyük elmi işləri minnətdarlıq hissiylə xatırlayacaqdır”.

Tibb elmləri doktoru, professor Baxşəli Baxşəliyev: “Yafəs müəllim gözəl alim idi, nümunəvi ailə başçısı idi, tələbələrinin sevimlisi idi, ən əsası, Azərbaycan sevdalısı idi. O, doğulduğu yerlərin, dədə–baba torpaqlarımızın həsrəti ilə qovrulurdu. Tələbələrini böyük Azərbaycan uğrunda döyüşlərə hazırlayırdı. Yafəs sevgisində də, nifrətində də bütöv idi, böyük idi. Ömürgün dostu İcabikə xanımla bir yerdə balaları Rəsulu, Elnuru, Nərgizi əsl vətəndaş kimi böyütmüşdü.

Yafəs Azərbaycan elmi, təhsili üçün nə qədər işlər görə bilərdi. Heyf, ömür vəfa etmədi. Ondan yaxşı əməllər, xoş xatirələr yadigar qaldı”.

5 dərsliyin, bir çox qiymətli metodiki vəsaitlərin, 80–dən artıq elmi məqalənin müəllifi olan fizikariyaziyyat elmləri doktoru Yafəs Baxşəliyev cəbr, riyaziyyat elmi sahəsində çalışan bütün alimlər tərəfindən qəbul olunurdu. O, 2008–ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində “İlin alimi” müsabiqəsinin qalibi olmuşdu.

2012–ci il aprelin 18–də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə fizikariyaziyyat elmləri doktoru Yafəs Rəsul oğlu Baxşəliyev Azərbaycan Respublikasının Əməkdar Müəllimi fəxri adına layiq görülmüşdür.

Təəssüf, min təəssüf ki, aprelin 18–i bu gözəl insan, görkəmli elm xadimi üçün həm də bu dünyaya vida günü oldu. 72 yaşında dünyasını dəyişən Yafəs müəllim özündən sonra zəngin irs qoyub getdi. Onun yetirdiyi minlərlə gənc indi respublikamızın ayrı–ayrı guşələrində, vətənimizin hüdudlarından kənarlarda çalışır, ölkəmizi ləyaqətlə təmsil edirlər. Onların hər birinin taleyində Yafəs müəllimin işıqlı, parlaq ömründən bir zərrə var. Fizikariyaziyyat elmləri doktoru, respublikanın əməkdar müəllimi Yafəs Rəsul oğlu Baxşəliyev kimi böyük elm fədailəri unudulmur, xatirələrdə zamanzaman yaşayır.

 

 

Zülfüqar ŞAHSEVƏNLİ

 

Respublika.- 2013.- 5 fevral.- S. 4.