Nərimanov rayonu: inkişaf tempi davam edir

 

Geniş əraziyə malik olan Bakının Nərimanov rayonunda son illər abadlıq və quruculuq sahəsində müsbət dəyişikliklər baş vermiş, sosial proqramların icra edilməsi diqqət mərkəzində olmuş, insanların həyat tərzi maksimum səviyyəyə çatdırılmışdır. Bir sözlə, sənaye müəssisələrində, yeni zamanda kiçik və orta sahibkarlığın inkişafı sahəsində böyük işlər görülmüşdür.

Bu günlərdə rayon icra hakimiyyətində 2012–ci ilin yekunları və 2013–cü ildə qarşıda duran vəzifələrlə bağlı toplantı keçirilmişdir.

 

Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev vurğuladı ki, yanvar ayının 15–də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012–ci ilin sosial–iqtisadi inkişafının yekunlarına və 2013–cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Dövlətimizin başçısı iclasda geniş nitq söyləyərək sosial–iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərə yekun vurdu və 2013–cü ildə qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdi.

Ötən dövr ərzində sənaye kompleksində işləyənlərin sayı 1659 nəfər artaraq 9440 nəfər təşkil etmiş, onların orta nominal əmək haqqı 5,9 faiz artaraq 435,2 manata çatmışdır.

Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 2012–ci ildə 5477 daimi iş yeri yaradılmışdır.

İl ərzində bütün mənbələr hesabına əsas kapitala 430,1 milyon manatlıq investisiya qoyulmuşdur ki, bu da 2011–ci ilə nisbətən 110,4 faiz təşkil etmişdir.

Tikinti təşkilatları tərəfindən öz gücləri ilə yerinə yetirilmiş işlərin həcmi 928,7 milyon manat təşkil edərək əvvəlki ilə nisbətən 65,0 faiz artım əldə edilmişdir. İl ərzində rayon əhalisinə 304,5 milyon manatlıq pullu xidmətlər göstərilərək ötən dövrə nisbətən 14,6 faiz artım əldə edilmişdir.

Əhaliyə göstərilən nəqliyyat və rabitə xidmətinin həcmi də artmışdır. Belə ki, 2012–ci ildə 60,1 milyon manatlıq nəqliyyat, 16,2 milyon manatlıq rabitə xidmətləri göstərilmişdir. Bu da əvvəlki dövrə nisbətən müvafiq olaraq 85,9 faiz, 106 faiz təşkil etmişdir.

Nərimanov rayonunun qısa zaman kəsiyində geniş quruculuq məkanına çevrilməsinin ən ümdə səbəblərindən biri ölkəmizin bütün bölgələri kimi bu rayona ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilməsidir. Fərəhləndirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2012–ci ildə 19 dəfə Nərimanov rayonunda olmuş, obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə, habelə inşası davam edən obyektlərdə işlərin gedişatı ilə tanış olmuş, keçirilən beynəlxalq və respublika səviyyəli tədbirlərdə iştirak etmişdir.

“Azərbaycan Respublikası regionlarının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nda Nərimanov rayonu üzrə ayrıca tədbirlər nəzərdə tutulmasa da Bakı şəhəri üzrə nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq Nərimanov rayonunun əhalisinin elektrik enerjisi, qaz, istilik, içməli su təminatı ilə bağlı tədbirlər həyata keçirilmiş və bu işlər uğurla davam etdirilir. “2011–2013–cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial–iqtisadi inkişafina dair Dövlət Proqramı” çərçivəsində Nərimanov rayonu üzrə 2012–ci il üçün 31 tədbir nəzərdə tutulmuş və əksəriyyəti həyata keçirilmişdir.

Gənclik meydanında yeraltı yol ötürücülərinin və yeraltı avtomobil dayanacağının inşa edilməsi, “Gənclik” metrostansiyasının ətrafında yerləşən binaların fasadlarının milli memarlıq üslubunda yenidən qurulması, Vaqif prospektinin genişləndirilməsi, Z.Bünyadov prospektinin yenidən qurulması, şəhərin baş planına uyğun digər layihələrin həyata keçirilməsi işləri davam etdirilmişdir.

H.Əliyev prospekti, Koroğlu Rəhimov, Ə.Əbdürrəhimov, akademik H.Əliyev küçələrində istismar müddətini keçmiş, yararsız hala düşmüş yaşayış binalarının, qeyri–yaşayış obyektlərinin sökülərək başqa ərazilərə köçürülməsi istiqamətində müvafiq tədbirlər görülmüş və bu işlər hazırda da davam etdirilir.

“Gənclik” metrostansiyası ətrafında nəqliyyat infrastrukturunun yenidən qurulması ilə əlaqədar Səxavət Quliyev küçəsi –7 ünvanında yaşayan 49 ailənin də mənzil–məişət şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər həyata keçirilmişdir.

Nərimanov rayonu tərəfindən xarici ölkələrlə əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi sahəsində də xeyli işlər görülmüşdür. Azərbaycan Respublikası və Rusiya Federasiyası, xüsusilə Rusiyanın Həştərxan və Volqoqrad vilayətləri arasında son illər ərzində iqtisadi–siyasi və mədəni sahələrdə sıx dostluq və əməkdaşlıq əlaqələri mövcuddur və bu əlaqələr gündən–günə inkişaf edir və möhkəmlənir. 2010–cu ildən başlayaraq bu günə qədər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırığı ilə bir sıra mühüm layihələr həyata keçirilmişdir.

Bu dostluq əlaqələrinin bariz nümunəsi kimi, Həştərxan şəhərinin mərkəzində yerləşən 3,5 hektar ərazisi olan parkda nümunəvi abadlıq işləri aparılaraq, ümummilli lider Heydər Əliyevin əzəmətli abidəsi ucaldılmışdır.

Dostluq əlaqələrinin növbəti addımı kimi, Həştərxan şəhərinin Bakı küçəsində yerləşən 11 nömrəli orta məktəbə ulu öndər Heydər Əliyevin adı verilmişdir. Azərbaycan dövləti tərəfindən Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həmin məktəbin əsas korpusunda genişmiqyaslı yenidənqurma işləri aparılmış, müasir standartlara uyğun əlavə iki yeni korpus inşa edilmiş və şagirdlərin təhsilinin lazımi səviyyədə təşkil edilməsi üçün bütün şərait yaradılmış, mebel və texniki avadanlıqlarla təchiz edilmişdir. Hazırda həmin məktəb Həştərxan vilayətinin nümunəvi məktəbinə çevrilmişdir.

Bundan başqa, sentyabrın 12–də Həştərxan şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş Azərbaycan və Rusiya Dostluq körpüsünün və Heydər Əliyev parkında yaradılmış “Arzu” uşaq əyləncə şəhərciyinin açılışı, həmçinin Heydər Əliyev Fondunun növbəti layihələrindən biri olan Müqəddəs Knyaz Vladimirin məbədi önündə knyaz Vladimirin abidəsinin təməlqoyma mərasimləri keçirilmişdir.

Mərasimlərdə Heydər Əliyev Fondunun vitse–prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyeva iştirak etmişdir. Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin körpünün açılmasını Həştərxan üçün mühüm tarixi hadisə kimi dəyərləndirərək bu humanitar layihənin reallaşdırılmasına görə Heydər Əliyev Fonduna və onun vitse–prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirmişdir.

Mərasimdə çıxış edən Heydər Əliyev Fondunun vitse–prezidenti Leyla Əliyeva fondun fəaliyyətindən söz açmış və Rusiya Federasiyasında həyata keçirilən layihələri yüksək qiymətləndirmişdir. Azərbaycanla Rusiya arasında əlaqələrin qarşılıqlı hörmətə, etimad və aşkarlığa əsaslandığını deyən Leyla Əliyeva münasibətlərin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə etmişdir.

Dostluq körpüsü Heydər Əliyev parkını I Pyotr meydanı ilə birləşdirir. Körpünün sürahisinin ornamentlərində Bakının və Həştərxanın rəmzləri — Qız qalası və Həştərxan Kremli əks olunmuşdur. Knyaz Vladimirin abidəsi isə Azərbaycan və Rusiya xalqları arasında dostluğun növbəti rəmzinə çevriləcək. Abidənin inşası Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçiriləcək. Heydər Əliyev parkında “Arzu” uşaq əyləncə şəhərciyi də Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmişdir. Burada 7 böyük və bir neçə kiçik attraksion quraşdırılmış, uşaqların istirahəti və təhlükəsizliyi üçün hər cür şərait yaradılmışdır.

Həştərxanda Heydər Əliyev Fondunun vitse–prezidenti Leyla xanım Əliyevaya “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni medalının təqdim edilməsi mərasimi də olmuşdur. Bu mükafat Heydər Əliyev Fondunun Həştərxanda həyata keçirdiyi layihələrə verilən böyük dəyərin göstəricisidir.

Xatırlatmaq istərdik ki, Heydər Əliyev Fondunun vitse–prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla xanım Əliyevanın Həştərxan vilayətindəki digər təşəbbüsü ilə hazırda Həştərxan məktəbliləri arasında “Təbiəti mühafizə” mövzusunda inşa müsabiqəsi keçirilir. Müsabiqəyə 2013–cü ilin fevral ayında yekun vurulacaqdır.

Fərəhləndirici haldır ki, Rusiya Federasiyasının Həştərxan vilayətində görülən böyük işlərdə göstərdiyi səy və fəallığa görə bu günlərdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı 34 nömrəli Sərəncamla “Dostluq” ordeni ilə təltif olunmuşdur.

Qeyd olunan bu nailiyyət dövlət başçısı İlham Əliyevin xüsusi diqqət və qayğısının — “əsl siyasət real iş və konkret fəaliyyətdən ibarətdir” məramının məntiqi nəticəsidir. Nərimanov rayonu ictimaiyyəti çox yaxşı bilir ki, rayonun əldə etdiyi hər bir uğurun əsl müəllifi məhz möhtərəm Prezidentimiz cənab İlham Əliyevdir.

2012–2013–cü il payız–qış mövsümünə hazırlıqla əlaqədar 5061 kvadratmetr sahədə dam örtüyü təmir edilmiş, 466 kvadratmetr sahədə ümumi istifadə yerlərində şüşələnmə işləri aparılmış, 209 ədəd qapı, 149 ədəd pəncərə cari təmir edilmiş və s. işlər görülmüşdür.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Su ilə dolu zirzəmilərin qurudulması” haqqında müvafiq sərəncamının icrası ilə bağlı rayon ərazisində yerləşən bütün yaşayış binalarının zirzəmiləri təftiş edilmiş və su aşkar edilmiş binaların zirzəmisindən suyun kənarlaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir.

Rayon icra hakimiyyətinin nəzdində daimi fəaliyyət göstərən “Qanunsuz tikililərə qarşı mübarizə komissiyası”nın gördüyü tədbirlər nəticəsində 3 ədəd əlavə tikinti, 2 ədəd talvar, 145 poqonmetr uzunluğunda metal tor və 90 poqonmetr dəmir çəpər sökülmüşdür.

5 saylı İstilik Sistemləri İstismar Sahəsi tərəfindən müxtəlif diametrli 1115 poqonmetr boru dəyişdirilmiş və korroziyaya qarşı izolyasiya qatı çəkilmiş, 42 kilometr istilik kəmərləri yuyulmuş və hidravliki təzyiqə yoxlanılmışdır. 44 yaşayış binasının həm aşağı paylayıcı istilik sistemi, binadaxili istilik sistemi, həm də qazanxanadan binalara gedən mərkəzi istilik xətləri əsaslı təmir olunmuşdur.

“Bakı Şəhər İşığı” Şəhəri İşıqlandırma Şəbəkə Müəssisəsinin Nərimanov Texniki İstismar rayonu tərəfindən 7310 metr kabel, 2500 metr naqil, 9 ədəd avtomat, 4500 ədəd müxtəlif lampa, 88 ədəd çil–çiraq və s. dəyişdirilmişdir.

Rayon Enerji Təchizatı və Satış İdarəsi tərəfındən 1285 metr 0,4 kv–luq və 46590 metr 6 kv–luq kabellər çəkilmiş, 1050 poqonmetr yeni kabel qoyulmuş və 1740 metr uzunluqda kabellər yenisi ilə əvəz olunmuşdur. Ə.Qayıbov küçəsində məskunlaşmış qaçqın ailələri üçün 630 kV gücündə yeni KTM və 1 ədəd 400 kV gücündə transformator quraşdırılmışdır. M.Nağıyev küçəsində 1 ədəd yeni KTM quraşdırılmış, 4 ədəd 630 kVa gücündə transformator yenisi ilə əvəz olunmuş, 3 ədəd TM tikilmiş, 8 ədəd transformator quraşdırılmışdır.

Rayon Sukanal Departamentinin Su Şəbəkələri və Qurğularının istismarı Xidməti tərəfindən il ərzində 165 ədəd nasos, 163 ədəd mühərrik və 426 ədəd siyirtmə təmir olunmuş, 12780 poqonmetr boru dəyişdirilmiş, 19 ədəd su anbarı yuyulmuşdur.

Bundan əlavə, 34 ədəd yağış barmaqlığı, 47 ədəd kanalizasiya lyuku, 124 ədəd siyirtmə və 224 poqonmetr çirkab sular borusu dəyişdirilmiş, 24615 poqonmetr kanalizasiya şəbəkərəri və 4985 poqonmetr yağış–leysan şəbəkələri, həmçinin 42 poqonmetr baxıcı quyu və 289 ədəd barmaqlıq təmizlənmişdir.

Rayon Qaz İstismar Sahəsi tərəfindən ötən dövr ərzində Nərimanov rayonu ərazisində qaz təchizatı sistemində qazdan istifadə qaydalarının pozulması, onları doğuran səbəblərin və istehlakçılar tərəfındən və digər obyektlərdə təbii qazdan düzgün istifadə edilməsi qaydalarının gücləndirilməsi haqqında tədbirlər planına uyğun olaraq müvafiq tədbirlər görülmüşdür.

Ümumilikdə il ərzində 152 milyon 357 min metr təbii qaz alınmışdır ki, onun da dəyəri tam ödənilmişdir.

Bakı Şəhər 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi, rayon ərazisində yerləşən, şirkət və nazirliklərin nəzdində fəaliyyət göstərən digər Mənzil Kommunal İstismar Sahələri tərəfindən ayrı–ayrı ünvanlarda yerləşən binaların dam örtükləri, daxili kommunikasiya xətləri, yağış suları axıdılan navalçalar, ümumi girişlərdəki pəncərə və qapılar dəyişdirilmiş, zirzəmilərdə yığılan suların çəkilməsi və kəskin qəzalı vəziyyətdə olan evlərin təmiri üçün zəruri tədbirlər həyata keçirilmişdir.

2012–ci il ərzində rayon ərazisində yataqxanalar, inzibati binalar və sairə yerlərdə 18000–nə yaxin məcburi köçkün məksunlaşmışdır.

Ötən dövr ərzində məcburi köçkün ailələrinin sosial durumunun yaxşılaşdırılması, mənzil–məişət problemlərinin aradan qaldırılması istiqamətində bir sıra işlər görülmüşdür.

Son illər möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən məcburi köçkün ailələrinin məşğulluğunun artırılması, həmin təbəqədən olan ailələrdəki uşaqların ali və orta ixtisas təhsil müəssisələrində imtiyazlı formada təhsil almaları məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunmaları ilə əlaqədar bir sıra proqramlar hazırlanmış, fərman və sərəncamlar imzalanmışdır.

Bu proqramların həyata keçirilməsi nəticəsində keçən il ərzində Nərimanov rayonu ərazisində müvəqqəti məskunlaşan 698 ailə, 2793 nəfər yeni, müasir tipli, tam təmir olunmuş mənzillərlə təmin olunmuşdur.

Rayonun 22 orta məktəbində 22214 şagird təhsil alır və onların təlim tərbiyəsi ilə 2292 müəllim məşğul olur. Təhsilin keyfiyyətinin artırılması, təhsil müəssisələrində şəraitin yaxşılaşdırılması üçün “2011–2013–cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial–iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində rayonumuzda böyük yenidənqurma işləri görülmüş və bu işlər uğurla davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2012–ci il tarixli sərəncamına əsasən 2011/2012–ci tədris ilində “Ən yaxşı müəllim” müsabiqəsində rayonun 13 müəllimi müvəffəqiyyət qazanaraq 5 min manat məbləğində birdəfəlik pul mükafatına layiq görülmüşdür.

İstedadlı şagirdlərin aşkara çıxarılmasında əhəmiyyətli rol oynayan 2012–ci ildə keçirilmiş Respublika fənn olimpiadalarında Nərimanov rayonunun şagirdləri də yaxından iştirak etmiş, 7 şagird yüksək nəticələr əldə etmişdir.

Qazanılan uğurlar özünü ali məktəblərə qəbulun dinamikasında da göstərmişdir. 2011/2012–ci tədris ilində Nərimanov rayonunun 1748 məzunundan 935 nəfəri qəbul imtahanlarında yüksək nəticə əldə edərək müxtəlif ali təhsil müəssisələrinə qəbul olunmuşdur. Ümumilikdə bu məzunların 60 faizini təşkil edir. Rayonun tam orta məktəblərini bitirmiş məzunlardan 3 nəfəri qızıl medala, ali məktəblərə qəbul üzrə 42 nəfəri 600–dən artıq, 9 nəfəri isə 650–dən artıq bal toplamış, 3 nəfər Prezident təqaüdünə layiq görülmüşdür.

Mədəniyyət və səhiyyə sahəsində də əsaslı təmir və yenidənqurma işləri aparılmış və bu işlər uğurla davam etdirilir. Belə ki, 35 saylı musiqi məktəbində əsaslı təmir və yenidənqurma işləri başa çatdırılaraq istifadəyə verilmiş, 23 saylı musiqi məktəbində isə əsaslı təmir işləri davam etdirilir, 7 saylı yoluxucu uşaq xəstəlikləri xəstəxanasında təmir işləri başa çatdırılmış və istifadəyə tam hazırdır.

A.Fərzəliyev sözünə davam edərək vurğuladı ki, il ərzində Rayon Gənclər və İdman İdarəsi tərəfindən gənclərin ölkənin ictimai–siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramının həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısımn artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə çalışan gənclərin xidmətlərinin qiymətləndirilməsi, gənclərin kütləvi bədən tərbiyəsinə və idmana cəlb olunması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.

Möhtərəm Prezidentimizin müvafıq sərəncamı ilə 2012–ci il “İdman ili” elan edilmişdir. Bununla əlaqəaar oıaraq Rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış geniş tədbirlər planı əsasında bir sıra idman yarışları təşkil olunmuş, idmanın kütləviliyi təmin olunmuşdur.

Çox sevindirici haldır ki, Avropa Olimpiya Komitəsi 2015–ci ildə I Avropa Olimpiya oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul etmişdir ki, Rayon Gənclər və İdman İdarəsi bu mötəbər tədbirin yüksək səviyyədə keçirilməsi ilə bağlı hazırlıq işlərində yaxından iştirak edəcək, rayon idmançılarının olimpiyada iştirakı üçün vəsiqə qazanmaları və Respublikamızı layiqincə təmsil etmələri üçün var gücü ilə çalışacaqdır.

İl ərzində rayon icra hakimiyyəti tərəfindən ictimai–siyasi əhəmiyyət kəsb edən bir sıra tədbirlər keçirilmiş, əlamətdar və bayram günləri ilə bağlı mərasimlər təşkil olunmuşdur.

20 Yanvar faciəsinin 22–ci ildönümü, Xocalı soyqırımının 20–ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilmiş, şəhid ailələri və əlil olmuş vətəndaşlarla görüş keçirilərək onlara maddi yardım göstərilmişdir.

2 fevral Gənclər Günü, Novruz Bayramı, 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar geniş tədbirlər keçirilmişdir.

Rayonda yerləşən Zərifə Əliyeva adına uşaq bağçasında rayon icra hakimiyyətinin təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 89–cu ildönümünə həsr edilmiş tədbir keçirilmiş, Azərbaycan Respublikası Prezidenti Administrasıyası rəhbərinin 17 aprel 2012–ci il tarixli, 27 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü ilə bağlı” tədbirlər planına əsasən rayon icra hakimiyyətinin akt zalında rayon rəhbərliyi, ictimaiyyəti, qeyri–hökumət təşkilatları, KİV və rayonda fəaliyyət göstərən “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə “İşğala yox!” devizi altında tədbir keçirilmişdir.

Ötən il ulu öndər Heydər Əliyevin anadan olmasının 89–cu ildönümü ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş Tədbirlər Planına uyğun olaraq S.Xasıyev adına parkda ənənəvi olaraq əzəmətli “Gül bayramı” təşkil edilmişdir. Tədbir görkəmli incəsənət ustalarının ifasında bayram konserti ilə müşayiət olunmuşdur.

Əhalinin sosial–müdafiəsinin gücləndirilməsi, onların həyat səviyyəsinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması istiqamətində Respublika Prezidentinin fərman, sərəncam və tapşırıqlarını rəhbər tutaraq rayonun xidmət sahələri və idarələri tərəfindən ardıcıl tədbirlər həyata keçirilmişdir.

Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi sosial sahədə qəbul edilmiş dövlət Proqramlarının icrasını həyata keçirmişdir.

Qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərə baxılması işi davam etdirilmiş, 2012–ci il ərzində qeydiyyatda olan 25027 nəfər pensiyaçıya hər ay 4 milyon 45 min manat vəsait ödənilmişdir.

Yanvarın 15–dən Nərimanov rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 nömrəli “ASAN xidmət” mərkəzi vətəndaşlara xidmət göstərməyə başlamışdır.

Dövlət agentliyinin və onun tabeliyində “ASAN xidmət” mərkəzlərinin yaradılması Respublika Prezidenti cənab İlham Əliyevin 2012–ci il iyulun 13–də imzaladığı fərmanla əsas vəzifə kimi qarşıya qoyulmuşdur. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsidir.

“ASAN xidmət” mərkəzi Bakı şəhəri, akademik Həsən Əliyev küçəsi, 36 ünvanında yerləşir, həftənin bütün günləri vətəndaşlara xidmət göstərir. “ASAN xidmət” mərkəzində 9 dövlət orqanı – Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafıə Fondu və Milli Arxiv İdarəsi tərəfındən 23 adda hüquqi xidmət həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məruzə və nitqlərində ölkənin ictimai–siyasi həyatında baş verən hadisələrlə bağlı fikirlərinin, sosial–iqtisadi inkişaf və həyata keçirilən genişmiqyaslı layihələr haqqında dolğun məlumatların operativ qaydada əhaliyə çatdırılmasının xüsusi əhəmiyyətini nəzərə alaraq yüksək hazırlığa, biliyə və nüfuza malik ziyalılardan ibarət yaradılmış təbliğat qruplarının rayonun idarə, müəssisə və təşkilatlarında, habelə sakinlərin toplaşdıqları yerlərdə həftə görüşlərinin keçirilməsi təmin edilmişdir. 2012–ci il ərzində təbliğat qruplarının keçirdiyi 50 həftə görüşündə 5310 nəfər iştirak etmişdir.

Yığıncaqda Azərbaycan Respublikası Prezidunti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Yeni Azərbaycan Partiyasının icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, Millət vəkili Adil Əliyev, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nurulla Məmmədov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Elmi–Tədqiqat Tibb Bərpa Təbii Amillərlə Müalicə İnstitutunun direktoru Əlişir Musayev, “Azərilmə” MMC–nin direktor müavini Orxan Rzayev çıxış etdilər.

Toplantını rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev yekunlaşdıraraq əminliklə bildirdi ki, 2013–cü ildə rayonun sosial–iqtisadi yüksəlişi istiqamətində inkişaf tampi uğurla davam etdiriləcək, Nərimanov rayonu paytaxtın rayonları arasında öz liderlik mövqeyini ləyaqətlə qoruyub saxlayacaqdır.

 

 

Qədir ASLAN

 

Respublika.- 2013.- 6 fevral.- S. 5.