İL UĞURLA BAŞA VURULUB

 

Bu gün ölkəmizdə yeni neft strategiyası uğurla həyata keçirilir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu strategiya artıq neçə illərdir ki, xalqımızın güzəranının yaxşılaşmasına, ölkəmizin iqtisadi qüdrətinin artmasına xidmət edir. Ölkə prezidenti, möhtərəm İlham Əliyev bu gün bu siyasəti uğurla davam etdirir. Azərbaycanımızın uğurları artır. Bu mənada bu gün H.Z.Tağıyev adına NQÇİ–də qazanılan yüksək nailiyyətlərin də əsasında bu strategiya dayanır. İdarənin rəisi Şahmar Hüseynov qeyd edir ki, qazanılan nailiyyətlərin əsasında bu gün “Azneft” İB sistemində səmərəli fəaliyyət üçün qurulmuş mükəmməl idarəetmə mexanizmi dayanır. “Azneft” İB–nin baş direktoru Daşqın İsgəndərovun dəfələrlə idarədə olub göstəriş və tövsiyələr verməsi istehsalatda uğurları daha da artırıb.

 

Bu gün idarədə təcrübəli neftçi–mühəndislərdən ibarət bir komanda formalaşmışdır. İdarənin rəisi Şahmar Hüseynov əmək fəaliyyətinə “Balaxanı neft” NQÇİ–də başlayıb. Sıravi operatorluqdan sex rəisi, MMTX rəisi, “Siyəzənneft”in baş mühəndisi vəzifələrinə yüksəlib. Qazandığı uğurlara görə “Tərəqqi” medalına layiq görülüb.

Məhz qazanılan uğurlar da bu gün “Azneft” İB–də həyata keçirilən düzgün kadr siyasətinin bəhrəsidir. Ötən il qazanılan uğurlar da bunu sübut edir. H.Z.Tağıyev adına NQÇİ–nin rəisi Şahmar Hüseynov bu uğurlardan danışarkən dedi:

—2012–ci ildə H.Z.Tağıyev adına NQÇİ neft hasilatı üzrə dövlət tapşırığını 100,1 faiz yerinə yetirərək plandan əlavə 48 ton neft hasil etmişdir. Bu da 2011–ci il ilə müqayisədə ümumi neft hasilatının səviyyəsinin 2,4 faiz və ya 1404 ton artması deməkdir.

Keçən il ilə müqayisədə isə ŞDN üsulu ilə neft hasilatı artmış, 1070 ton əlavə neft hasil olunmuşdur. Elektrik Dalma Nasosları ilə neft hasilatı planı 100,6 faiz yerinə yetirilmiş, plandan əlavə 55 ton neft hasil edilmişdir.

Kompressor üsulu ilə neft hasilatı planı 116,6 faiz yerinə yetirilmiş, plandan əlavə 2561 ton neft hasil edilmişdir. Keçən il ilə müqayisədə kompressor üsulu ilə neft hasilatı 1254 ton artmışdır. Fontan üsulu ilə isə 135 ton neft hasil edilmişdir.

İllik hesabata görə kateqoriyalar üzrə neft hasilatı aşağıdakı kimi olmuşdur: hasil edilən neftin 86,2 faizi keçən ildən qalan quyuların, 9,4 faizi yeni quyuların, 4,4 faizi fəaliyyətsiz fonddan daxil olan quyuların hesabına olmuşdur. Keçici quyu fondundan neft hasilatı planı 105,5 faiz yerinə yetirilmiş, plandan əlavə 2643 ton neft hasil olunmuşdur.

Yeni quyular üzrə 3 quyu planlaşdırıldığı halda istismara 5 quyu daxil olmuşdur. Bunlardan Buzovna yatağında 1370, 1375, 1376 saylı quyular qazmadan alınan, 1364 və 1366 saylı quyular isə keçən ildən mənimsəmədə olan quyulardır. Bu quyulardan 5566 ton neft hasil edilmişdir.

Fəaliyyətsiz fonddan 15 əvəzinə 17 quyu istismara daxil olmuşdur. Bu quyular üzrə neft hasilatı planı 104,9 faiz yerinə yetirilmişdir. Keçən il ilə müqayisədə fəaliyyətsiz fonddan daxil olan quyular üzrə neft hasilatı 777 ton artmışdır.

Neftin təhvili üzrə dövlət tapşırığı 100,2 faiz yerinə yetirilmiş, plandan əlavə 94,094 ton neft təhvil verilmişdir. 2011–ci il ilə müqayisədə neft təhvilinin səviyyəsi 2,6 faiz, yəni 1490,116 ton artmışdır. Əmtəəlik neft planı 100,1 faiz yerinə yetirilmişdir.

Qaz hasilatı üzrə tapşırıq 126,6 faiz yerinə yetirilmişdir, plandan əlavə 986 min kubmetr qaz hasil edilmişdir. Keçən il ilə müqayisədə qaz hasilatı 188 min kubmetr artmışdır.

Qaz təhvili üzrə tapşırıq 151,0 faiz yerinə yetirilmiş, plandan əlavə 1493,400 min kubmetr qaz təhvil verilmişdir.

Keçən il ilə müqayisədə qaz təhvili 155,418 min kubmetr artmışdır.

Ötən il neft və qaz hasilatının sabitləşdirilməsi və artırılması məqsədilə nəzərdə tutulan 100 əvəzinə 170 geoloji tədbir keçirilmiş, onlardan 15083,4 ton əlavə neft hasil olunmuşdur. 600 əvəzinə 806 texniki tədbir keçirilmiş, onlardan 7514,9 ton əlavə neft hasil olunmuşdur. Lay təzyiqinin saxlanması üçün laylara 180091 kubmetr su vurulmuş, nəticədə 2669 ton əlavə neft alınmışdır.

2012–ci il ərzində 9 yeraltı təmir briqadası tərəfindən 1418 yeraltı təmir yerinə yetirilmişdir.

8 əsaslı təmir briqadasının köməyi ilə 176 təmir işi aparılmışdır. Əsaslı təmirdən istismara 138 quyu daxil olmuşdur və onlardan 18719,2 ton neft hasil edilmişdir ki, bu da keçən il ilə müqayisədə 8162,6 ton çoxdur.

Yeni texnika və texnologiyanın istehsalata tətbiqinin səmərəsi artmışdır. 2012–ci il ərzində H.Z.Tağıyev adına NQÇİ–də istehsalat proseslərinə yeni texnika və texnologiyanın tətbiqi “Azneft” İB–nin 15.12.2011–ci il tarixli 383 saylı əmri əsasında aparılmışdır. Bu istiqamətdə 27 dekabr 2011–ci il tarixli 332 saylı idarədaxili əmr verilmişdir. NQÇİ–lərdə 7 adda tədbirin 6–sı “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən, 1–i isə Neftqazavtomatika Elmi İstehsalat Mərkəzi tərəfindən yerinə yetirilməsi planlaşdırılmışdır. Aparılan tədbirlərdən 245,3 ton neft əldə edilmişdir. Tədbirlərdən alınmış neft artımı müzakirə edilmiş və 2013–cü ildə ən çox 2 əməliyyatın: qazlaşmış tamponaj məhlulu ilə quyu dibi zonanın bərkidilməsi və polimer tərkibli (Laprol) tamponaj məhlulu ilə quyu dibi zonanın bərkidilməsi əməliyyatlarının aparılması məqsədəuyğun hesab edilmişdir.

Ətraf mühitin mühafizəsi istiqamətində bir sıra işlər görülmüşdür. Belə ki, NQÇİ–nin mədən ərazilərində ekoloji vəziyyətin sağlamlaşdırılması məqsədi ilə Buzovna–Maştağa yatağında lay sularının qapalı sistemdə idarə olunması təmin edilmiş, bu məqsədlə 2012–ci il ərzində 26 ədəd 50 kubmetr, 4 ədəd 30 kubmetr həcmində yeraltı tutum inşa edilmiş, 2000 metr uzunluğunda PVC tipli boru xətti çəkilmişdir. 2012–ci ildə “Ekol” MX QSC tərəfindən Buzovna–Maştağa yatağında 24,5 hektar neftlə çirklənmiş torpaq sahəsi rekultivasiya olunmuş, bu məqsədlə əraziyə 152618 kubmetr torpaq daşınmışdır.

NQÇİ–nin daxili imkanları hesabına Buzovna–Maştağa və Qala, Köhnə Qala yataqlarında 17,1 hektar neftlə çirklənmiş torpaq sahəsi rekultivasiya olunmuş, bu məqsədlə əraziyə 47 460 kubmetr torpaq daşınaraq yayılmışdır.

5060 metr uzunluğunda neft kollektoru və 3700 metr uzunluğunda su kollektorunun təmiri və dəyişdirilməsi təmin edilmişdir ki, bu da kollektorlarda qəza hallarının minimuma endirilməsinə, nəticədə bu səbəbdən çirklənmə sahələrinin azaldılmasına nail olunmuşdur.

2 saylı mədən ərazisində payız–qış mövsümündə yağış sularının bir yerə yığılaraq göl və gölməçələr əmələ gətirməsinin qarşısının alınması üçün mədəndaxili yollarda 10 ədəd 12 metr uzunluğunda suötürücü keçid yenidən bərpa edilmiş, 200 metr uzunluğunda və 1–1,5 metr dərinliyində suötürücü kanal qazılmışdır.

NQÇİ–nin inzibati binasının və bütün sexlərin ərazisi mütəmadi olaraq tullantılardan təmizlənmiş, 580 kvadratmetr sahədə qazon əkilmişdir. NQÇİ–nin Ekoloji parkla üzbəüz yaşıllıq sahəsinə və inzibati binanın həyətyanı sahəsində yaşıllıqların suvarma suyuna olan tələbatının ödənilməsi məqsədilə 1300 metr uzunluğunda su xətti çəkilmişdir.

İqtisadi İnkişaf Nazirliyi ilə Dünya Bankı arasında “Abşeronun Ekoloji Bərpası Proqramı” çərçivəsində imzalanmış kredit sazişinə əsasən Buzovna–Maştağa yatağında 3 və 4 saylı əraziləri əhali tərəfindən atılmış bərk tullantıların Türkiyənin şirkəti tərəfindən daşınması həyata keçirilmiş və artıq 3 saylı mədən ərazisində noyabr ayı ərzində 6,5 hektardan artıq sahə tullantılardan təmizlənmişdir.

H.Z.Tağıyev adına NQÇİ–də 2012–ci ildə sosial sahədə görülən işlər də sevindiricidir. İdarədə işçilərin sosial–məişət və iş şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülmüş, silsilə tədbirlər planı həyata keçirilmişdir.

NQÇİ–nin inzibati binasının həyətində təmizlik–abadlıq işləri aparılmış, idarədaxili yollar təmir olunub və 3000 kvadratmetr sahəyə asfalt örtüyü salınmışdır. Mərdəkan Magistral yolunun kənarından “Azərsu” ASC–yə məxsus mərkəzləşmiş su kəmərindən müqavilə əsasında NQÇİ–yə 4000 poqonmetr içməli su xətti çəkilmiş, digər tədbirlər həyata keçirilmişdir.

Neftçilərin müalicəvi sanatoriya və istirahət zonalarına yollayışları təşkil olunmuş, onların mədəni istirahəti üçün şərait yaradılmışdır. 5 işçiyə müalicəvi sanatoriyalara göndəriş verilmiş və 50 işçinin kollektiv şəkildə müxtəlif istirahət zonalarında istirahət etmələri təşkil olunmuşdur.

Buzovna sahəsində yeni inşa olunan mərkəzi neft yığma məntəqəsinin ərazisində 3 sexin inzibati binası, 4 saylı neftqazçıxarma sexinin idarə binası, Elmi tədqiqat İstehsalat İşləri sexinin Lay təzyiqinin saxlanılması sahəsi və NKH və NS–nin idarə binaları yerləşir. Bu binaların ayrı–ayrılıqda hər birinin sanitariya qovşaqları, su sistemi xətləri, məişət, mətbəx otaqları və soyunub–geyinmə otaqları istifadəyə verilmişdir, otaqlar müasir tipli məişət avadanlıqları ilə təchiz olunmuşdur.

Bu il də idarənin qarşısında mühüm vəzifələr dayanır. 2013–cü ildə NQÇİ–də 168 geoloji–texniki tədbirin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bunlardan 137 tədbir fəaliyyətdə olan fondda, 11 tədbir fəaliyyətsiz fond quyularında, 20 tədbir isə ləğv olunmuş fond quyuları üzrə aparılacaqdır.

Hazırda NQÇİ–də 2 ikinci lülə qazma briqadası fəaliyyət göstərir. Bu briqadaların vasitəsi ilə 2013–cü il ərzində Qala və Buzovna yataqlarında ümumilikdə 11 quyuda ikinci lülə kəsilişi aparılması planlaşdırılır. Bu quyulardan alınacaq neft artımı 22 ton proqnozlaşdırılır. Bundan əlavə qazma gedişləri böyük olan daha 11 quyu vardır ki, bunların da bərpası yalnız ikinci lülə kəsilişi ilə mümkündür. 11 quyunun bərpa edilməsi və bunlardan 1800 ton neft əldə edilməsi planlaşdırılmışdır. Bu il ləğv olunmuş fonddan 20 quyunun bərpası nəzərdə tutulmuşdur.

Qazmadan 2013–cü il ərzində Buzovna–Maştağa yatağında 3 quyunun qazılması və mənimsənilməsi planlaşdırılır.

Neftçilər 2013–cü ildə qarşıda duran bu məsul və şərəfli vəzifələri ləyaqətlə yerinə yetirmək əzmilə çalışır, yeni neft strategiyasına öz töhfələrini vermək üçün qüvvələrini səfərbər edirlər.

 

 

T.ƏBDÜLƏZƏZOĞLU

 

Respublika.- 2013.- 6 fevral.- S. 9.