Dahi Nizamiyə həsr olunmuş tədbir

 

190 saylı məktəbdə bəşəriyyətin ən uca poeziya nəhənglərindən olan dahi Nizamiyə həsr edilmiş tədbir keçirilmişdir.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, poeziya aşiqi Səidə Novruzovanın təşkil etdiyi tədbir müəllim və şagird heyətinin böyük marağına səbəb olmuşdur. Natəvan Abbasovanın aparıcılığı ilə keçən məclisdə əruzun bütün gözəlliyi, incəliyi, möhtəşəmliyi üzə çıxdı. Nizami qələminin məhsulu olan Xəmsədən parçalar hamını sehrli bir aləmə apardı.

Məktəblilərin səhnə mədəniyyəti, gözəl diksiyası tamaşaçıları heyran etmiş, onları sanki qədim dövrün ağuşuna atmışdı. Səhnə dekoru, milli geyimlər bu abhavanı tamamlayırdı.

Xəmsəyə daxil olan beş poemadan parçalar canlandırıldı. Nizami obrazında səhnəyə çıxan Yusif Rəhimli və Afaq obrazının ifaçısı Kəbirə Abdullayeva bu rolların öhdəsindən məharətlə gəldilər. Sultan Səncər və qarı əsərindəki qarı obrazını canlandıran Aysel Novruzova üçün səslənən alqışlar susmaq bilmirdi. Onun yaratdığı Şirin obrazı da könüllərə yol tapdı. Leyli və Məcnun poemasından parçanın ifaçıları Ülviyyə Rəsulova və Vasif Əliyev istedadlarını bacarıqla nümayiş etdirdilər.

Məharətlə rəqs edən körpə fidanlar səhnəyə xüsusi rəng qatdılar. İskəndərnamədən bir hissəni Günay Həşimli və İsa Dadaşov ustalıqla səsləndirdilər.

Tədbirin sonunda Tofiq Əliheydərovun ifasında dahi Nizaminin sözlərinə Üzeyir Hacıbəyovun ölməz Sənsiz romansı könülləri fəth etdi. Hamı bu möhtəşəm tədbirdən xoş təəssüratla ayrıldı.

 

 

Təranə YUSUBOVA,

190 saylı məktəbin Azərbaycan dili və

ədəbiyyat müəllimi,

filologiya elmləri üzrə fəlsəfə doktoru.

 

Respublika.- 2013.- 7 fevral.- S. 7.