ERMƏNİLƏRİN AZƏRBAYCAN XALQINA QARŞI ƏRAZİ İDDİALARI, SOYQIRIMLARI VƏ DEPORTASİYALAR

 

Dünyanın fövqəlgüc dövlətlərinin himayəsi altında olan “Şərq məsələsi” və onun əsas tərkib hissəsi kimi “erməni məsələsi”nin yaranmasından iki əsrdən artıq zaman keçsə də, siyasi–hərbi təzyiq vasitəsi olaraq beynəlxalq münasibətlər sistemində öz təsir gücünü saxlamaqda, həm Türkiyə, həm də Azərbaycana yeni–yeni problemlər doğurmaqdadır.

Hazırda neoimperialist mövzuda yazılan qərəzli yazılar və söylənilən riyakar fikirlər tarixi həqiqətlərə, arxiv sənədlərinə deyil, müəyyən dairələrin maraqlarına və zərərli ideologiyaların təbliğatına əsaslanmışdır. Buna görə də “Şərq məsələsi”nin, o cümlədən də “erməni məsələsi”nin əsl mahiyyətini tarixi həqiqətlərə, arxiv sənədlərinə əsasən şərh etmək və beynəlxalq ictimaiyyətə çatdırmaq Azərbaycan tarixşünaslığının əsas vəzifələrindəndir.

Tarix elmləri doktoru Ataxan Paşayevin “Ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımları və deportasiyalar (XIX–XX əsrlər)” adlı tədqiqatı bu baxımdan çox əhəmiyyətlidir. Kitab 20 ildən artıqdır ki, beynəlxalq münasibətlər sisteminin gündəliyində olan, lakin ikili standartlar və qərəzli yanaşmalarla “tənzimləndirilməyə” çalışılan Qarabağ probleminin, 20 Yanvar faciəsinin, Xocalı soyqırımının, Azərbaycan ərazisinin 20 faizinin işğalının, bir milyondan artıq qaçqın–köçkün probleminin əsl səbəblərini, bu hadisələr zamanı törədilən vəhşilikləri, cinayətləri ortaya qoymaqla yanaşı, son Qarabağ hadisələrinə qədər də Azərbaycana və azərbaycanlılara qarşı törədilmiş soyqırım və deportasiyaların real mənzərəsini göstərmişdir.

Bu kitab “erməni məsələsi”lə bağlı Azərbaycan həqiqətlərini yaymaq, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edənlərə elmi ədəbiyyat və arxiv sənədlərindən istifadə etməklə tutarlı cavab vermək baxımandan təqdirəlayiqdir.

Mövzunun aktuallığını nəzərə alaraq əsəri oxuculara təqdim edirik.

Bu gün xalqımız qarşısında duran başlıca taleyüklü məsələlərdən biri Ermənistan–Azərbaycan Dağlıq Qarabağ məsələsinin ədalətli həlli problemidir. Bu münaqişənin meydana gəlməsi tarixi, səbəb və nəticələrin öyrənilməsi Azərbaycan cəmiyyəti, siyasətçiləri və tarixçiləri qarşısında duran başlıca məsələdir.

Ermənilərin Güney Qafqaza kütləvi surətdə köçürülməsi XIX əsrin əvvəllərində Rusiya–İran müharibələrində Rusiyanın qələbələri ilə reallaşdı. O vaxta qədər Şimali Azərbaycan xanlıqlarının ərazilərində yaşayan ermənilər oranın əhalisinin çox cüzi bir hissəsini təşkil edirdi. 1828–1831–ci illərdə çar Rusiyası tərəfindən Güney Qafqaza köçürülən ermənilər türk–müsəlman əhalisinin yaşadığı torpaqlarda yerləşdirilirdi. Həmin dövrdən İrandan və Osmanlı imperiyasından bu ərazilərə erməni axını başlanır. XIX əsrin axırlarında, xüsusilə 1877–1878–ci illərdəki Rusiya–Osmanlı müharibəsi nəticəsində bağlanmış San–Stefano sazişi ilə razılaşmayan Qərb dövlətləri ilə Rusiya arasında kəskinləşən münasibətlər 1878–ci ildə çağırılan beynəlxalq Berlin konqresində imzalanmış müqavilənin 61–ci maddəsindəki uydurma “erməni məsələsi”ni gündəmə gətirdi. “Böyük Ermənistan” yaratmaq xülyasında olan ermənilər bu ideyadan məharətlə istifadə etdilər. “Erməni məsələsi” əslində ermənilərin öz arzularının nəticəsi kimi deyil, böyük dövlətlərin bu ərazilər üzərində ağalıqlarını gerçəkləşdirmək niyyətlərindən meydana gəlmişdi.

XIX əsrin 70–ci illərindən başlayaraq Avropada yaranan inqilabi–demokratik hərəkatların, cəmiyyət və təşkilatların təsiri ilə Güney Qafqazda və Osmanlı imperiyasında “milləti–sadiq” sayılan ermənilər arasında da “Armenakan”, “Hnçak”, “Daşnak–sütyun” və b. bu kimi şovinist millətçi və terrorçu təşkilatlar meydana gəldi. Qərbi Avropa ölkələri, ilk növbədə isə İngiltərə və Rusiya Osmanlı imperiyasının Şərq əyalətlərində və Güney Qafqazda yaşayan ermənilər arasında geniş təbliğat və təşkilati işlər apararaq, onlarda “milli özünüdərkin oyanmasına və döyüşkən millətçilik təbliğatına xüsusi rəvac verirdilər”.

Bu illərdə ermənilərin bütün hərəkətləri göstərirdi ki, onlar Osmanlı imperiyasının Şərq vilayətlərində, Güney Qafqazda isə, əsasən Azərbaycan türklərinin torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq ideyalarını reallaşdırmağa çalışırdılar.

Birinci Dünya müharibəsi, çarizmin süqutu və yetmiş illik Sovet hakimiyyəti erməniləri əsrlərlə arzusunda olduqları məqsədlərinə çatdırdı. Sovet hakimiyyətinin 70 ili ərzində ermənilər bir tərəfdən Azərbaycan torpaqları hesabına öz ərazilərini genişləndirir, digər tərəfdən isə Ermənistan SSR ərazisində yaşayan etnik azərbaycanlıları müxtəlif yollar və bəhanələrlə həmin ərazilərdən sıxışdırıb çıxarırdılar. 1948–1953–cü illərdə isə Ermənistan SSR–də yaşayan azərbaycanlılar Sovet hökuməti tərəfindən rəsmən deportasiya olundular.

1988–ci ilin fevralında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı Vilayət Xalq Deputatları Sovetinin qanunsuz qərarı qəbul olundu. Ermənilərin bu həyasız hərəkətlərinin tarixi kökləri və səbəblərinin araşdırılması günün ən vacib probleminə çevrildi. Ermənilər bu aksiyaya çox–çox əvvəldən hazırlaşırdılar. Sovet hakimiyyətinin 70 ili ərzində sovet təbliğat maşını azərbaycanlılara ermənilərlə dostluq və qardaşlıq ideyalarını “sırıdığı” bir vaxtda ermənilər həm indiki Ermənistan ərazisində, həm də ittifaq və dünya miqyasında Türkiyəyə və Azərbaycana qarşı ərazi iddiaları irəli sürür, təbliğat aparır, zaman–zaman ittifaq rəhbərlərinin köməyi ilə öz ideyalarını reallaşdıra bilirdilər. SSRİ Nazirlər Sovetinin İ.Stalin tərəfindən imzalanmış 1947–ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948–ci il 10 mart tarixli 754 nömrəli “Ermənistan SSR–dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR–in Kür–Araz ovalığına köçürülməsi haqqında” qərarı Sovet hökumətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi növbəti cinayət aksiyası oldu. Lakin 1991–ci ildə dövlət müstəqilliyi əldə etdikdən sonra da ermənilərin xalqımıza qarşı ərazi iddiaları ilə apardığı açıq müharibə, kütləvi terror əməliyyatları həyata keçirdiyi bir vaxtda belə, respublikamızda ermənilərə qarşı mübarizə ümumxalq, ümumdövlət siyasəti səviyyəsinə qaldırılmamışdı.

Yalnız 1997–ci il mayın 27–də Respublika Günü münasibəti ilə keçirilən təntənəli yığıncaqda çıxış edən ümummilli lider Heydər Əliyev bu problemə çox kəskin və doğru–düzgün qiymət verdikdən sonra həmin məsələyə ümumxalq siyasəti səviyyəsində diqqət verilməyə başlandı. O, öz nitqində demişdi: “Azərbaycan xalqına bu dövrdə vurulan ən böyük zərbələrdən biri də 1947–1948–ci illərdə Azərbaycan xalqına qarşı Sovet hakimiyyəti tərəfindən edilmiş ən böyük ədalətsizlikdir. Təəssüflər olsun ki, tarixçilərimiz və hamımız nədənsə bu hadisəyə o vaxtlar da və indi də, xüsusilə dövlət müstəqilliyimizi əldə etdikdən sonra da doğru–düzgün qiymət verə bilməmişik”.

Ümummilli liderin bu haqlı iradından sonra göstərilən problemə diqqət köklü surətdə dəyişdi və o, 1997–ci il dekabrın 18–də “1948–1953–cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi–etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman imzaladı. Fərmanda deyilirdi: “Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdı. Mərhələ–mərhələ gerçəkləşdirilən belə qeyri–insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadığı öz doğma tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir”.

Özünün sonrakı nitqləri və imzaladığı digər fərmanlarla da ümummilli liderimiz elmi ictimaiyyətin, ilk növbədə isə tarixçilərimizin diqqətini bir daha bu məsələlərə cəlb etməklə xalqımıza qarşı yönəldilmiş ədalətsizlikləri heç vaxt yaddan çıxarmamağa, ona dözməməyə, təkrar–təkrar bu məsələlərin üzərinə yenidən qayıtmağa, erməni vandalizmini, xalqımıza başa salmağa, bu ədalətsizlikləri dünya xalqlarına çatdırmağa çağıraraq yazırdı: “Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır. Tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da olmaz”.

 

***

 

“ÇAR RUSİYASININ QAFQAZ SİYASƏTİNDƏ ERMƏNİ AMİLİ”

 

a) Güney Qafqazın istilasından sonra buraya köçürülmüş ermənilərin türk–müsəlmanlara məxsus ərazilərdə yerləşdirilməsi

Hələ XVII əsrdən başlayaraq ermənilər xristian dini etiqadlarından istifadə edərək Avropa dövlətlərinin üzünü Şərqə çevirməyə müyəssər olmuş, onların köməyindən istifadə edərək “Böyük Ermənistan” yaratmaq xülyalarını reallaşdırmaq fikrinə düşmüşlər.

Xristian ermənilərin bu niyyətləri xristianlığı Şərqə doğru yaymağa çalışan Roma papası Avropa dövlətlərinə, habelə cənub dənizlərini ələ keçirmək istəyən Rusiyanın işğalçılıq planlarını reallaşdırmaq üçün göydəndüşmə oldu.

XVIII–XIX əsrlərdə Yaxın Şərq, ilk növbədə isə İran və Osmanlı imperiyalarının əraziləri onlara göz tikən İngiltərə və Çar Rusiyası kimi dövlətlərin başlıca mübarizə meydanına çevrilir. Bu yerlərə müdaxilə üçün “din qardaşları” olan ermənilərə kömək onların əlində başlıca bəhanələrdən biri idi.

I Pyotrun vəsiyyətlərini həyata keçirən rus çarizmi cənuba doğru istilaçılıq siyasətində erməni faktorundan məharətlə istifadə edir. Rusiya–İran müharibələri nəticəsində bağlanmış Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri nəticəsində Güney Qafqazın Rusiyaya birləşdirilməsindən və 1828–1829–cu illərdəki Rusiya–Osmanlı müharibəsi nəticəsində bağlanmış Ədirnə sülh müqaviləsindən sonra ermənilər kütləvi surətdə Güney Qafqaza köçürülərək türk–müsəlman əhalisinə məxsus torpaqlarda yerləşdirilmişlər. Qafqaz Arxeoqrafiya Komissiyasının aktlarında verilmiş rəsmi sənədlərdən də məlum olur ki, rus çarizmi tərəfindən Güney Qafqaz istila olunana qədər Azərbaycan xanlıqlarının ərazilərində yaşayan xaçpərəst əhali, əsasən isə ermənilər bu ərazilərdə yaşayan sakinlərin çox cüzi bir hissəsini təşkil etmişdir. Belə ki, Qarabağ xanlığında yaşayan 12 min ailədən 2,5 mini, Şamaxı xanlığında yaşayan 24 min ailədən 1,5 mini, Şəki xanlığı ərazisində yaşayan 15 min ailədən isə yalnız üçdə biri xaçpərəst idi.

Rusiya–İran müharibələri nəticəsində Güney Qafqazdakı Azərbaycan xanlıqlarının Rusiyaya birləşdirilməsi nəticəsində həmin ərazilərdə yaşayan türk–müsəlman əhalisinin bir hissəsinin İran və Osmanlı imperiyasına mühacirəti, İran və Osmanlı imperiyasında olan ermənilərin isə Çar Rusiyası tərəfindən Güney Qafqaza köçürülərək türk–müsəlman əhalisinə məxsus ərazilərdə yerləşdirilməsi məsələləri barədə əlimizdə küllü miqdarda faktiki materiallar var. Rusiya tərəfindən köçürmələr nəticəsində İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində erməni mənşəli əhalinin demoqrafik vəziyyətində baş vermiş dəyisikliklər bunu bir daha təsdiq edir. Bu işdə rus ordularının Qafqaza və İrana hücumu zamanı ona rəhbərlik etmiş qatı şovinist rus hakimləri A.Yermolov və İ.Paskeviçin etimadını qazanmış erməni general və zabitlərindən V.Madatov, Q.Lazarev, G.Korqanov, V.Behbudov, A.Arqutinski və başqalarının ermənilərin Güney Qafqaza köçürülərək müsəlmanlara məxsus torpaqlarda yerləşdirilməsindəki rolları barədə ətraflı məlumatlar var. İ.Paskeviç tərəfindən Sankt–Peterburqdan dəvət edilərək Təbrizə komendant təyin edilmiş Q.Lazarevin bu işdəki rolu xüsusi qeyd olunmuşdur. Belə ki, Q.Lazarevin Təbrizə komendant təyin olunması haqqında xəbər yayılan kimi Azərbaycan bölgəsindəki bütün xanlıqlarda yaşayan ermənilər onun yanına gələrək xahiş edirlər ki, o, əlahəzrət Rusiya imperatoruna çatdırsın ki, ermənilər “O əlahəzrətin səltənətində yaşamağa və ölməyə şad olardılar” və ya “Biz İranın çörəyini yeməkdənsə, Rusiyanın ot–ələfini yeməyə üstünlük veririk!” və s.

Artıq 1829–cu ilin 24 dekabrında İ.Paskeviçə ətraflı hesabat təqdim edən Q.Lazarev üç ay yarım ərzində 8 mindən yuxarı ailədən ibarət 40 min nəfər erməninin Arazı keçərək İrəvan, Naxçıvan və Ordubadda məskunlaşdıqları barədə məlumat verir.

1828–1829–cu illərdə Rusiya Osmanlı müharibəsi zamanı rus ordusuna rəhbərlik edən İ.Paskeviç ölkənin şərq əyalətlərini tutduqca həmin ərazilərə erməni mənşəli komendantlar təyin edirdi. Həmin komendantlar isə bu ərazilərdə olan türk–müsəlman əhalisinə divan tuturdular. 1829–cu ildə Rusiya ilə Osmanlı imperiyası arasında Ədirnə müqaviləsi imzalandıqdan sonra türk–müsəlman əhaliyə qarşı törətdikləri cinayətlərdən qorxuya düşən 14 mindən yuxarı erməni ailəsi (84.600 nəfər) rus ordusunun köməyi ilə Osmanlı torpaqlarını tərk edərək Rusiya ərazisinə, əsasən isə Güney Qafqaza köçürülür.

Güney Qafqaz Rusiyanın hakimiyyəti altına keçdikdən sonra İ.Paskeviçin təşəbbüsü ilə keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində erməni vilayəti yaratmaq barədə Rusiya imperatoru I Nikolay fərman verir. 1829–cu ilin aprelindən 1832–ci ilin mayına qədər erməni vilayətinin kameral siyahıya alınması işi aparılır. İ.Paskeviçin göstərişi ilə bu iş mülki müşavir İ.Şopenə həvalə olunur. O, topladığı materiallar əsasında özünün “Erməni vilayətinin Rusiya imperiyasına birləşdirilən dövrdəki vəziyyəti” adlı iri həcmli əsərini yazaraq 1852–ci ildə Sankt–Peterburq elmlər akademiyasının mətbəəsində çap etdirir.

İ.Şopen öz kitabında ermənilər, erməni vilayəti barədə, ümumiyyətlə ermənilərin bütün dünyadakı sayı barədə geniş məlumat verir. Bu kitabda diqqəti çəkən əsas fakt odur ki, İ.Şopen ruslar tərəfindən ermənilər bura köçürülənə qədər və köçürüləndən sonra onların demoqrafik durumundakı dəyişiklikləri ayrıca təhlil etmişdir. İ.Şopen Rusiya tərəfindən ermənilərin Güney Qafqaza köçürülənə qədər və köçürüləndən sonra saylarını ayrı–ayrılıqda vermişdi. O göstərirdi ki, bütün erməni vilayətində köçürülməyə qədər cəmi 4.428 erməni ailəsi (25.151 nəfər) olmuşdur ki, onlardan da 3.498 ailə (20.073 nəfər) İrəvan əyalətində, 530 ailə (2.690 nəfər) Naxçıvan əyalətində, 400 ailə (2.388 nəfər) isə Ordubad dairəsində yaşamışdır.

1828–1829–cu illərdə İrandan 6.946 erməni ailəsi (35.560 nəfər), 1830–cu ilə qədər isə Türkiyədən 3.682 erməni ailəsi (21.666 nəfər) cəmi isə 3 il ərzində İran və Türkiyədən 10.628 erməni ailəsi (57.226 nəfər) Rusiyanın yaratdığı erməni vilayətinə köçürülmüşdür. Nəticədə artıq 1830–cu ildə bu vilayətdə erməni ailələrinin sayı 15.059–a (82.277 nəfər) çatmışdı.

Bu gün bir nəfər də olsun azərbaycanlı qalmayan keçmiş İrəvan xanlığının ərazisində yaradılmış İrəvan əyalətindəki əhalinin 1829–1932–ci illərdə kameral siyahıya alınması məlumatına əsasən yerli əhali arasında azərbaycanlı ailələrinin sayı 9.196 (49.875 nəfər), erməni ailələrinin sayı isə 3.498 (20.073 nəfər) olmuşdur. 1828–1830–cu illərdə isə bu əraziyə İrandan 4.559 ailə (23.563 nəfər), Türkiyədən isə 3.674 ailə (21.639 nəfər) köçürülmüşdür. Nəticədə üç il ərzində İran və Türkiyədən yalnız İrəvan xanlığının ərazisində yaradılmış İrəvan əyalətinə 8.233 erməni ailəsi (45.202 nəfər) köçürülmüşdü.

Ümumiyyətlə, isə köçürmədən sonra erməni vilayətində cəmi 31.201 ailə (164.450 nəfər) olmuşdur ki, onlardan da 16.078 azərbaycanlı (81.749 nəfər) və 15.059 erməni ailəsi (82.377 nəfər) idi.

Rusiyanın Güney Qafqazda müstəmləkəçilik siyasətinin əsas məqsədləri rus tədqiqatçısı N.Şavrovun “Zaqafqaziyada rus işinə yeni təhlükə” kitabında özünün geniş əksini tapmışdı. O, yazırdı: “Biz Zaqafqaziyada müstəmləkəçilik fəaliyyətimizi oraya rusları köçürməklə deyil, başqa dindən onları köçürməklə başladıq… 1826–1828–ci illərdə iki il davam etmiş müharibə qurtardıqdan sonra 1828–ci ildən 1830–cu ilə kimi Zaqafqaziyaya İrandan 40 mindən yuxarı, Türkiyədən isə 84.600 nəfər erməni köçürdük və onları Yelizavetpol və İrəvan quberniyalarının erməni əhalisinin çox cüzi olduğu ən yaxşı dövlət torpaqlarında yerləşdirdik”.

Əlbəttə, bu, ermənilərin Güney Qafqaza ilk axını idi. Bu axın sonralar bir əsrə yaxın ardıcıl olaraq davam etmişdir. N.Şavrovun yazdığı kimi XX əsrin əvvəllərində Güney Qafqazda yaşayan 1 milyon 300 min erməninin bir milyondan çoxu yerli əhali olmayıb Rusiya hakimiyyət orqanları tərəfindən buraya köçürülənlər idi.

Maraqlıdır ki, Rusiya imperiyasında buraxılmış statistik hesabat və məlumatlar, xüsusilə yarım əsrdən yuxarı müddətdə nəşr olunan “Kavkazskiy kalendarğ” məlumat kitablarında, 1897–ci ildə birinci ümumrusiya siyahıya almanın nəticələrinə dair nəşrlərdə Ermənistan Respublikasının indiki ərazisində azərbaycanlılar yenə də əhalinin əsas hissəsini təşkil etmişlər.

Bu ərazilərdəki azərbaycanlı əhalinin say tərkibinin sürətlə azalmasında köklü dəyişikliklər 1918–1920–ci illərdə bədnam “Daşnaksütyun” partiyasının yaratdığı Ararat Respublikası zama–nından başlanılmışdır.

b) XIX əsrin sonlarında yaradılmış millətçi erməni partiyaları və onların türk–müsəlmanlara qarşı ərazi iddiaları

Qərbi Avropa və Rusiyada demokratik hərəkat və inqilabi yüksəlişlərin təsiri altında Güney Qafqaza köçürülmüş ermənilər də artıq XIX əsrin 80–90–cı illərində siyasi cəhətdən təşkilatlanmağa başlayırlar. İlk olaraq 1885–ci ildə ermənilər Vyanada “Armenakan”, 1886–cı ildə Cenevrədə “Hnçaq”, 1890–cı ildə Tiflisdə yaratdıqları “Daşnaksütyun” terrorçu təşkilatlarının qarşısında qoyduqları başlıca məqsəd üç dövlətin Rusiya, Türkiyə və İranın ərazilərində yaşayan bütün erməniləri öz bayraqları altında birləşdirərək “Böyük Ermənistan” yaratmaq ideyası idi. Əlimizdə olan küllü miqdarda sənəd və materialların təhlili sayəsində belə bir ümumi nəticəyə gəlirik ki, yarandıqları ilk gündən radikal terrorçuluq mövqeyini tutan bu partiyaların XIX əsrin axırlarından başlayaraq başqa xalqlara, xüsusilə türk soyundan olan xalqlara qarşı törətdikləri qanlı cinayətlər öz dəsti–xəttinə, coğrafi əhatəsinə və qəddarlıq dərəcələrinə görə tarixdə bu qəbildən olan hadisələr sırasında xüsusilə seçilir. Erməni millətçi partiyalarının, xüsusilə “Daşnaksütyun”un terror və təxribat xarakterli əməlləri bütün Güney Qafqazı, Osmanlı imperiyasının Anadolu və Avropa hissəsini, İranın Azərbaycan türklərinin yaşadıqları əraziləri əhatə edirdi. 1909–cu il aprelin 15–də “Daşnaksütyun” partiyasının fəaliyyəti ilə əlaqədar Qafqaz canişini dəftərxanasının Bakı şəhər rəisinə göndərdiyi məlumatda deyilirdi. “Daşnaksütyun” “azad böyük Ermənistan”ı bərpa etmək məqsədi güdərək istəyinə çatmaq üçün əsas üsullardan biri kimi öz proqramında ümumi silahlı üsyan və özünün nizami ordusunu yaratmaq yolunu seçib. “Daşnaksütyun” zinvorlardan (əsgərlərdən – A.P.) ibarət öz ordusunu yaratmaq işinin əsasını hələ 16 il bundan əvvəl, 1892–ci ildə özünün birinci qurultayı zamanı qoyub. Partiyanın vəsaiti hesabına bu orduya zinvorlar cəlb etmək və onları silahlandırmaq işi bu günə qədər də müntəzəm surətdə davam edir”.

Əsası Rusiya ərazisində və Rusiya təbəələri tərəfindən qoyulan erməni millətçi partiyaları XIX əsrin 90–cı illərindən Türkiyənin Samsun, Van, Ərzurum və digər vilayətlərində fitnəkarlıqlar törədərək qırğınlar təşkil edirlər. Rusiyanın Van və Ərzurumdakı baş konsulu V.Mayevski, erməni keşişi T.Geğemyants və başqalarının verdikləri məlumata görə bu ərazilərdəki milli qırğınların təşəbbüskarları erməni millətçiləri, xüsusilə Rusiyadan Türkiyəyə gedən erməni komitəçiləri olmuşlar.

Maraqlıdır ki, həm V.Mayevski həm də T.Geğemyants ermənilər arasında millətçilik təbliğatının yayılmasında erməni ruhanilərinin və erməni kilsəsinin rolunu da xüsusilə vurğulamışlar. V.Mayevski yazırdı: “Onların (erməni keşişlərinin – A.P.) dini fəaliyyəti olduqca cüzidir. Lakin bunun əvəzində onlar həmişə millətçilik ideyalarını himayə etmək zəminində əllərindən gələni əsirgəmədən səylə çalışırlar… Ermənilər arasında millətçilik ideyaları yüzilliklər ərzində bir–birindən uzaq, lakin saysız–hesabsız monastırların himayəsi altında olmuşdur”.

Yelizavetpol qubernatoru A.Kaçalov 1907–ci il avqustun 9–da “Daşnaksütyun” partiyasının fəaliyyəti ilə bağlı geniş məlumat hazırlamışdı. Burada daşnakların ermənilər arasında millətçilik təbliğatının əsas təşkilatçıları olmaları, sosial–demokratiya ideyalarına xəyanəti və s. məsələlərə münasibətləri ətraflı təhlil olunur.

Yelizavetpol qubernatorunun məlumatından həm Qafqaz canişinin dəftərxanasının xüsusi şöbəsində, həm də Rusiya Daxili İşlər Nazirliyi polis departamentində hazırlanmış arayış və oçerklərdə ətraflı istifadə olunmuşdur.

Öz məlumatında Yelizavetpol qubernatoru yazırdı: “Millətçilik erməni xalqının çox dərinlərdən gələn başlıca milli xüsusiyyətidir. Hər bir erməni özünü hamıdan – rusdan, gürcüdən, tatardan (azərbaycanlıdan – A.P.) yüksək, ağıllı, bic, xeyirxah və bacarıqlı hesab edir… Millətçilik, öz dininə, dilinə sədaqət, acgözlük, ehtiyatlılıq, hər şeyə qadir, pula inam, var–dövlət və kapital qarşısında səcdəni kult dərəcəsinə qaldırmaq – bax budur erməni xislətinin başlıca xüsusiyyətləri”.

1903–cü il iyunun 12–də erməni kilsələrinə məxsus əmlakın müsadirəsinə dair rus çarı tərəfindən imzalanmış fərmandan istifadə edən “Daşnaksütyun” sinfi mənsubiyyətindən asılı olmayaraq bütün erməni xalqını – kəndliləri, fəhlələri, mülkədarları, sərmayədarları, tələbələri, ruhaniləri, erməni millətindən olan dövlət qulluqçularını belə öz ətrafında birləşdirir.

Bu illər ərzində Güney Qafqazda hökumətə qarşı elə bir alçaq hərəkət olmamışdır ki, ermənilər onu alqışlamasın, onu həyata keçirmək üçün pul sərf etməsinlər. A.Kaçalov yazırdı ki, hər cür avara, quldur, başkəsən, adam öldürən əgər Rusiyanın əleyhinə idisə o erməni varlısının imarətində, yoxsulun kasıb komasında, monastırların isə küncündə ən əziz qonaq kimi qəbul edilirdilər.

Həmin il Güney Qafqazda ermənilər tərəfindən yüzlərlə cinayətlər törədilir. Bir sıra ucqar bölgələrdə onlar hakimiyyəti ələ keçirmiş, qatarları, dəmir və şose yollarını; körpüləri dağıtmış və partlatmışlar; yüksək rütbəli dövlət məmurları polis və jandarm nümayəndələri (Əlixanov, Nakaşidze, Andreyev, Bıkov, Saxarov və b.) erməni terrorunun qurbanı olmuşlar. Yelizavetpol qubernatoru yazırdı ki, özü də bu qətllər “ağlagəlməz dərəcədə həyasızlıqla, izdihamla və müxtəlif zümrələrdən olan erməni güruhunun gözləri qarşısında həyata keçirilirdi. Lakin onların arasında heç vaxt qatili ifşa edə biləcək bir nəfərdə olsun belə şahid tapılmırdı”.

Bu illər ərzində Güney Qafqazda “Daşnaksütyun” partiyasının yaratdığı zinvorlar ordusu barədə Yelizavetpol qubernatoru yazırdı: “Zaqafqaziya hüdudlarında əsasən Türkiyədən qaçmış ermənilərdən və yerli başkəsənlərdən ibarət əlindən adam öldürmək və zor işlətməkdən başqa heç bir iş gəlməyən, lakin partiya hesabına yüksək maaş alan (ən aşağı rütbəli zinvorlar ildə 300 rubl) yüz min nəfərlik (seçmə bizimdir – A.P.) zinvorlar ordusunu saxlamaq işi çətinləşir”.

Belə bir şəraitdə “Daşnaksütyun” vəziyyətdən çıxmaq, öz nüfuzunu qorumaq üçün Güney Qafqazda, xüsusilə proletar Bakısında genişlənən sosial–demokrat hərəkatına qoşulmağa, ermənilər arasında sosial–demokratiya ideyalarını yaymağa başlayır. Yelizavetpol qubernatoru “Daşnaksütyun”un bu cür ikiüzlü siyasətini sosial–demokratiya ideologiyasına qarşı ən böyük xəyanət hesab edirdi. O yazırdı: “Millətçilik – erməni üçün elə bir başlıca amildir ki, hətta qısa bir müddətə də olsa onların bundan imtina edə biləcəyini təsəvvürə belə gətirmək mümkün deyil… Sadə ermənini inandırmaq ki, tatar (azərbaycanlı – A.P.) proletarı ona ideyaca daha yaxındır, nəinki istismarçı erməni burjua nümayəndəsi, sadəcə olaraq ağılasığmazdı”.

“Daşnaksütyun” partiyasının fəaliyyəti haqqında 1909–cu il aprelin 15–də Qafqaz canişini dəftərxanası tərəfindən Bakı şəhər rəisinə göndərilmiş məlumatda isə bildirilirdi ki, Rusiyada inqilabi hərəkatın tezliklə yatırılması nəticəsində ermənilərin “böyük Ermənistan”ın bərpası niyyətləri baş tutmadı. Belə olduqda onlar Güney Qafqazda azərbaycanlılara qarşı geniş təbliğat kampaniyasına başlayırlar. Nəticədə 1905–ci ilin fevralında Bakıda ermənilər tərəfindən qızışdırılan erməni–azərbaycanlı münaqişəsi tezliklə bütün Güney Qafqazı bürüyərək erməni–azərbaycanlı qırğınına çevrildi. Özləri tərəfindən törədildiyinə baxmayaraq “Daşnaksütyun” başda olmaqla Güney Qafqazdakı erməni mətbuatı bu hadisədən azərbaycanlılara qarşı geniş təbliğat kampaniyasına başlayır və xalqımızın ünvanına hər cür böhtanlar uydururdular. Qafqaz canişini dəftərxanası xüsusi şöbəsi tərəfindən hazırlanmış məlumatda deyilirdi ki, bu qırğından ermənilər öz xeyirləri üçün məharətlə istifadə edə bildilər. Belə ki, onlar Güney Qafqazda ermənilərlə–azərbaycanlılar yaşayan ərazilər arasında müəyyən qədər sərhədlər–bufer zonalar yarada bildilər və çox zaman öz torpaqlarını azərbaycanlıların torpaqları hesabına genişləndirirdilər. Münaqişə nəticəsində azərbaycanlıların boşaltdığı torpaqlarda isə Türkiyədən və qismən də İrandan gələn erməniləri yerləşdirirdilər.

Rusiya Xarici İşlər Nazirliyi polis departamentinin məlumatında isə göstərilirdi ki, Yelizavetpol, İrəvan quberniyaları və Qars vilayətində müsəlmanların canlarını qurtarmaq üçün məcburən boşaltdıqları torpaqlarda 5–6 il ərzində Türkiyədən və qismən də İrandan gəlmiş yarım milyona yaxın erməni yerləşdirilmişdir ki, onlardan da 200 min nəfərdən çoxu artıq Rusiya təbəəliyini qəbul etmişdir.

Yaranmış şəraitdən istifadə edən “Daşnaksütyun” partiyası 1907–ci ildə keçirilmiş IV qurultayında qəbul edilmiş qərara əsasən Rusiyada, xüsusilə Güney Qafqazda qismən gizli mübarizə formasına keçir. Onlar öz hərəkatlarının istiqamətini dəyişərək daşnak silahlı dəstələrini yenidən qurur, xüsusilə, onun şərq əyalətlərində iğtişaşlar törətməyə yönəldir. Hətta 1913–cü il oktyabrın 15–də Cenevrədə keçirilmiş “Daşnaksütyun” partiyasının qəbul etdiyi qərarlardan biri erməni məkri və ikiüzlülüyünə əyani sübutdur. Bu qərara görə “Daşnaksütyun” partiyasının “Panislamist emissarları adı altında Qafqaza göndərdiyi öz adamları” müsəlmanlar arasında “Rusiyaya qarşı narazılıqlar yaratmalı və onları üsyana təhrik etməli idi”.

Bu halda “Rusiya hökuməti müsəlmanlara qarşı repressiya tətbiq edər və müsəlman kütlələri zəifləyər. Belə olarsa bir tərəfdən ermənilər” müsəlmanların müqaviməti ilə rastlaşmayacaqlar, digər tərəfdən isə ermənilərə qarşı Qafqaz müsəlmanları ilə Anadolu türklərinin birgə fəaliyyət göstərməsi təhlükəsi aradan qalxacaq”.

Yuxarıda gətirilən çoxlu faktlardan da məlum olur ki, Rusiya xəfiyyə orqanlarının “Daşnaksütyun” və digər erməni partiyalarının proqramları barədə kifayət qədər məlumatları var idi. Bu proqramlarda ermənilərin təkcə Türkiyəyə, Güney Qafqazdakı türk–müsəlman əhalisinə qarşı deyil, həm də çar hakimiyyət orqanının özünə qarşı yönəldilmişdi. Onda sual yaranır Rusiya özünə qarşı bu cür düşmənçilik siyasətinə niyə belə loyal münasibət bəsləyir və bütün erməni şıltaqlıqlarına niyə dözürdü? Buna əsas səbəb cənuba doğru xüsusilə, Osmanlı imperiyası və İrana qarşı işğalçılıq siyasəti yeridən Çar Rusiyası erməniləri daim ehtiyatda saxlayırdı. Birinci dünya müharibəsi zamanı Osmanlı imperiyası ilə Rusiya orduları arasında Qafqaz cəbhəsindəki hərbi əməliyyatlar zamanı rus ordusu sıralarında xidmət edən ermənilərin türk müsəlman xalqlarına qarşı törətdikləri vəhşiliklər bunu bir daha sübut etdi. Onu da qeyd etmək lazımdır ki, 1917–ci il oktyabr çevrilişinə qədər həm İngiltərə, həm də Rusiya ermənilərdən istifadə edərkən onların bu “xidmətlərinə” görə “böyük Ermənistan” yaratmaq ideyasını reallaşdırmaqda onlara kömək edəcəklərinə söz vermələrinə baxmayaraq öz istədiklərinə nail olduqdan sonra verdikləri vədi yaddan çıxarmışlar.

c) 1905–1906–cı illərdə ermənilərin Güney Qafqazda türk–müsəlman əhalisinə qarşı silahlı təcavüzü

1810–cu ildə Bakı qalası və onun ətrafında yaşayan 2.235 nəfər sakindən yalnız 55 nəfəri, 1860–cı ildə isə 11.570 nəfər sakindən 655 nəfəri ermənilər idi. Bakıda neft sənayesinin sürətlə inkişafı ilə əlaqədar olaraq XIX əsrin 70–ci illərindən onların Bakıya axını sürətlənir. 1905–ci il Bakı şəhəri və quberniyasında baş vermiş erməni–azərbaycanlı qırğınlarını təhqiq edən senator Kuzminskinin qeyd etdiyi kimi ermənilərin Bakıya kütləvi axını XIX əsrin son 10–15 ili ərzində xüsusilə artmış, hazırda (yəni 1905–ci ildə – A.P.) onlar şəhər əhalisinin 18%–ni təşkil etmişlər”.

 

(davamı növbəti saylarımızda)

 

Allahşükür QURBANOV

 

Respublika.- 2013.- 12 fevral.- S. 5.