ERMƏNİLƏRİN AZƏRBAYCAN XALQINA QARŞI ƏRAZİ İDDİALARI, SOYQIRIMLARI VƏ DEPORTASİYALAR

 

Dünyanın fövqəlgüc dövlətlərinin himayəsi altında olan “Şərq məsələsi” və onun əsas tərkib hissəsi kimi “erməni məsələsi”nin yaranmasından iki əsrdən artıq zaman keçsə də, siyasi–hərbi təzyiq vasitəsi olaraq beynəlxalq münasibətlər sistemində öz təsir gücünü saxlamaqda, həm Türkiyə, həm də Azərbaycana yeniyeni problemlər doğurmaqdadır.

Hazırda neoimperialist mövzuda yazılan qərəzli yazılar və söylənilən riyakar fikirlər tarixi həqiqətlərə, arxiv sənədlərinə deyil, müəyyən dairələrin maraqlarına və zərərli ideologiyaların təbliğatına əsaslanmışdır. Buna görə də “Şərq məsələsi”nin, o cümlədən də “erməni məsələsi”nin əsl mahiyyətini tarixi həqiqətlərə, arxiv sənədlərinə əsasən şərh etmək və beynəlxalq ictimaiyyətə çatdırmaq Azərbaycan tarixşünaslığının əsas vəzifələrindəndir.

Tarix elmləri doktoru Ataxan Paşayevin “Ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımları və deportasiyalar (XIX–XX əsrlər)” adlı tədqiqatı bu baxımdan çox əhəmiyyətlidir. Kitab 20 ildən artıqdır ki, beynəlxalq münasibətlər sisteminin gündəliyində olan, lakin ikili standartlar və qərəzli yanaşmalarla “tənzimləndirilməyə” çalışılan Qarabağ probleminin, 20 Yanvar faciəsinin, Xocalı soyqırımının, Azərbaycan ərazisinin 20 faizinin işğalının, bir milyondan artıq qaçqın–köçkün probleminin əsl səbəblərini, bu hadisələr zamanı törədilən vəhşilikləri, cinayətləri ortaya qoymaqla yanaşı, son Qarabağ hadisələrinə qədər də Azərbaycana və azərbaycanlılara qarşı törədilmiş soyqırım və deportasiyaların real mənzərəsini göstərmişdir.

Bu kitab “erməni məsələsi”lə bağlı Azərbaycan həqiqətlərini yaymaq, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edənlərə elmi ədəbiyyat və arxiv sənədlərindən istifadə etməklə tutarlı cavab vermək baxımandan təqdirəlayiqdir.

Mövzunun aktuallığını nəzərə alaraq əsəri oxuculara təqdim edirik.

 

(əvvəli ötən sayımızda)

 

Kuzminskinin hesabatında göstərilirdi ki, Bakıya axışan ermənilər tez bir zamanda burada neft sənayesi, ticarət və bank işi sahəsində üstünlüyü ələ keçirirlər. Qısa müddətdə iri kapita–listlərə çevrilmiş ermənilər neft işi sahəsində hətta hakim mövqe tuturlar.

XIX əsrin əvvəllərində Bakıda neft sənayesinin sürətlə inkişafı və proletar sinfinin sürətlə artması ilə əlaqədar olaraq burada rus sosial–demokrat və sosial inqilabçılarla yanaşı, ermənilərin də bu yönlü hnçaq və daşnaksütyunçulardan ibarət sosial–demokrat və sosial–inqilabçı fəhlə partiyaları yaranır. Ermənilərin yaratdıqları bu partiyalar digərlərindən təkcə proqramları ilə deyil, habelə özlərinin yaranma tarixləri, hərəkət istiqamətləri ilə də fərqlənirdilər. Kuzminskinin hesabatında göstərilirdi ki, daşnaksütyun xadimləri ermənilər arasında fəal təbliğat işi aparır, imkan daxilində onları silahlandıraraq döyüş drujinaları yaradıb “Türkiyəyə göndərərək dəfələrlə orada döyüş əməliyyatları həyata keçirmişlər”. O, qeyd edirdi ki, 1903–cü ilin iyununda erməni kilsəsinə məxsus əmlakın müsadirəsinə dair çar fərmanından sonra “Daşnaksütyun” əvvəllər Türkiyəyə qarşı yönəltdiyi fəaliyyətini artıq Rusiyaya və rus hakimiyyətinə qarşı çevirir.

1905–1906–cı il erməni–azərbaycanlı qırğını ilk olaraq Bakı şəhərində başlayır. 1905–ci il fevralın 6–da Bakının mərkəzindəki erməni kilsəsində ibadət qurtardıqdan sonra kilsə ətrafında toplaşmış ermənilər oradan keçən Bakı sakini Ağa Rza Babayevi qətlə yetirirlər. Bu hadisə təkcə Bakını deyil, bütün Güney Qafqazı bürüyərək minlərlə insanın həyatına son qoyan, insanları təxminən iki ilə yaxın bir müddət böyük məşəqqət və məhrumiyyətlərə düçar edən geniş miqyaslı erməni–azərbaycanlı qırğını üçün bəhanə olur.

1905–ci il fevralın 6–9–da Bakıda baş vermiş erməni–azərbaycanlı qırğını barədə Bakı qubernatoru knyaz M.Nakaşidze geniş məruzə hazırlayaraq həmin il fevralın 28–də Qafqaz canişininə və Rusiya daxili işlər nazirliyinə göndərir. Məruzədə fevralın 7–9–da Bakı hadisələri zamanı ölənlər barədə tam olmayan məlumat verilərək göstərilirdi ki, itki göstərilənlərdən daha çoxdur. Ölülərin çoxu gizlədilir. Özü də gizlədilmiş ölülərin əksəriyyəti müsəlmanlara aid idi. Çünki onlar ölülərini və yaralılarını gizlədirdilər ki, meyitləri yarmasınlar.

Bu hadisələr zamanı şəhərdə həyat, demək olar ki, dayanmış, dükanlar, klublar, tədris müəssisələri bağlanmış, fayton və konkalar işləmirdi. Yalnız fevralın 9–da Bakı qubernatoru M.Nakaşidzenin iştirakı ilə hər iki xalqın nümayəndələrinin şəhəri dolaşaraq sülhə çağırışından sonra qırğın dayandırılır. M.Nakaşidze öz məruzəsində yazırdı: “Ermənilər bu hadisələri özləri başladıqları halda şayiələr yayırlar ki, guya bu hadisələr zamanı yazıq ermənilər inzibati idarələrin və başqalarının bəd əməllərinin günahsız qurbanlarına çevrilmişlər”.

Məruzədə “Daşnaksütyun” partiyası və erməni mətbuatının erməni–müsəlman qırğınına münasibətini bildirən qubernator həmin “şərəfsiz insanların öz məqsədlərinə çatdıqlarını” qeyd edərək yazırdı: “Öz rəzil şayiələrini şifahi və mətbuat vasitəsi ilə bütün dünyaya yayaraq və erməni əhalisini o dərəcədə dövlət qulluqçuları və inzibati idarə işçilərinə qarşı qoymuşlar ki, onların hər biri özünü daim təhlükədə hiss edir”.

Ermənilər həmin il mayın 11–də Bakı qubernatoru M.Nakaşidzeni qətlə yetirirlər. 1905–ci ildə Bakıda ikinci dəfə avqustun 20–dən sentyabrın ortalarına qədər erməni–azərbaycanlı qırğını yenidən davam edir.

Bakı şəhəri polismeysterinin Bakı şəhər müvəqqəti general–qubernatoruna göndərdiyi raportlarda həmin ilin avqust–sentyabr aylarında Bakıda baş vermiş erməni–azərbaycanlı qırğını barədə ətraflı məlumat verilir.

1905–ci il sentyabrın 10–da ermənilər və azərbaycanlılar arasında barışıq yaratmaq məqsədilə Qafqaz canişini İ.Vorontsov–Daşkov Bakıya gəlir. Həmin il sentyabrın 14–də saat 12–də min nəfərdən yuxarı ermənilərin və azərbaycanlıların qabaqcıl ziyalılarının və din xadimlərinin rəhbərliyi Bakının Duma meydanına toplaşırlar. Burada quberniya qazisi M.M.Mircəfərzadə, erməni keşişi və müvəqqəti general–qubernator xalqa müraciətlə onları sülhə çağırırlar.

Barışıq şərtlərini hazırlamaq üçün hər iki tərəfin təklifləri barədə arxivlərimizdə kifayət qədər sənədlər mühafizə olunur. Danışıqlar aparmaq üçün tərəflərin nüfuzlu şəxslərindən ibarət komissiya yaradılır. Onların arasında intensiv danışıqlar və yazışmalar gedir. 1906–cı ilin fevralında hər iki millətin nümayəndələrinin Qafqaz canişini və onun müavinlərinin iştirakı ilə Tiflisdə keçirilmiş sülh danışıqları barədə M.S.Ordubadinin “Qanlı sənələr” və V.Mayevskinin “Qafqazda erməni–tatar (azərbaycanlı – A.P.) iğtişaşı erməni məsələsinin bir mərhələsi kimi” kitablarında öz əksini tapmışdır. Hər iki xalqın nümayəndələrinin iştirakı ilə həmin məsələlərin müzakirəsi zamanı ermənilər iç üzlərini açaraq özlərini bir daha ifşa etmişlər.

1905–1906–cı illərdə ermənilərin törətdikləri erməni–azərbaycanlı qırğınına aid rəsmi sənədlər əsasən Bakı şəhərində baş vermiş hadisələri əks etdirir. Güney Qafqazın digər bölgələrində bu hadisələr barədə rəsmi sənədlər, demək olar ki, qorunub saxlanılmamışdır. Həmin dövrdə Güney Qafqazda erməni–azərbaycanlı münasibətləri yazıçı–jurnalist M.S.Ordubadinin topladığı sənəd və materiallar əsasında qələmə aldığı və 1911–ci ildə nəşr olunan “Qanlı sənələr”, M.M.Nəvvabın “1905–1906–cı illərdə erməni–müsəlman davası” kitablarında, habelə o dövrün mətbuatında dərc olunmuş xəbərlər və məqalələrdə əks olunmuşdur.

“Qanlı sənələr” əsərinə müqəddiməsində M.S.Ordubadi öz kitabını sənədlər və sorğusuna əsasən ona “yetişmiş 245 məktub, daşnaksütyun partiyasının fəaliyyətinə dair dörd yüzdən artıq məlumatlar” əsasında yazdığını qeyd edir.

Mir Möhsün Nəvvab isə yazırdı ki, Rusiya dövləti Qafqaz məmləkətinə hakim olduqdan sonra hər yerdə sakitlik yarandı. Heç bir millət bir–birinə hücum etmirdi. “Xüsusən ermənilərlə müsəlmanlar arasında çox vaxt məhəbbət və dostluq olub, bir–biri ilə alış–veriş ediblər… Əfsuslar olsun ki, erməni tayfasının indi təbiəti dəyişib. Zahirləri ilə batinləri bir deyil. Zahirən özlə–rini dost kimi göstərsələr də, batinləri ədavətlidir. Özləri də görürlər ki, təbiətlərinin bu cür ədavətli olmasından həmişə zərər çəkirlər”.

Təəssüflər olsun ki, uzun illər ermənilərlə bir şəhərdə yaşayan M.M.Nəvvab erməni məkrini vaxtında hiss edə bilməmiş, onların bu cür dəyişməsinin səbəbini “İrəvan şəhəri erməniləri–nin çox kinli, ədavətli, təkəbbürlü, xudpəsənd və xəmirlərinin fitnə–fəsadla yoğurulmuş adamlar olmasında” görmüşdü.

M.S.Ordubadi, M.M.Nəvvab və dövri mətbuat materialları əsasında ermənilərin 1905–1906–cı illərdə Bakı ilə yanaşı Gəncə, Naxçıvan, Şuşa, Cəbrayıl, Zəngəzur, İrəvan, Eçmiədzin (Üçkilsə), Tiflis, Qazax, Ordubad, Oxçu–Şəbədək və başqa yerlərdə törətdikləri qırğınlar barədə ətraflı məlumatlar verilir. Materialların təhlili əsasında belə bir nəticəyə gəlirik ki, o yerdə ki, ermənilərə açıq müqavimət göstərilirdi, həmin yerlərdə həm silah–sursat, həm də say və taktiki hazırlıq cəhətdən türk–müsəlmanlardan üstün olmalarına baxmayaraq, ermənilər çoxlu itki verməklə yanaşı, həm də ağır məğlubiyyətə uğrayırdılar. Ermənilərin Naxçıvan qəzasındakı məğlubiyyəti, yaxud İrəvan qəzasının Mənkus kəndinin əhalisi erməni hücumunu görüb qaçarkən 50 yaşlı Novruz Kazım oğlunun qaçanlara müraciətlə: “Oğlanlar! Hara qaçırsınız? İstəyirsiniz bu qaçmaqla bizi, Qafqaz müsəlmanlarını, başqa millətlərin yanında başı aşağı edəsiniz?! Məgər bu qaçmaqla ermənilər sizi bağışlayacaqlar?! Xeyr! Xeyr! Bunların qabağından qaçdıqca daha da cürətli olub bizə və bizim ailəmizə heç bir əsrdə insanlara rəva görülməmiş hörmətsizliklər yetirəcəklər. Məgər bunlar haman ermənilər deyil ki, bir il əvvəl mən barmağımla hərəkət edəndə az qalırdılar Qırxbulaq mahalından çıxıb qaçsınlar. İndi sizə nə olub ki, aciz arvadlara qoşulub qoyun sürüsü kimi bunların qabağından qaçırsınız. Siz qaçırsınız qaçın! Mən tənha bu erməni alaylarının qarşısında müdafiə mövqeyində durub can verəcəyəm”.

Qoşalülə tüfənglə ermənilərə qarşı vuruşan Novruz kişi gülləsi qurtarana kimi ermənilərə müqavimət göstərir. Gülləsi qurtardıqdan sonra tüfənginə saçma qırma doldurarkən ermənilər hücum edib onu əsir alaraq zülm və işgəncələrlə qətl edib başını kəsərək “min beş yüz müsəlmanın sərkərdəsinin başıdır” deyə əvvəlcə Aleksandropola, sonra isə Bakı şəhərinə göndərmişlər”.

M.S.Ordubadinin topladığı materialların əksəriyyəti erməni məkrini və erməni xəyanətkarlığını bir daha sübut edir. 1905–ci il dekabrın 26–da ermənilərin Cavanşir qəzasının Ümidli kənd camaatının başına açdığı müsibət bu məlumatlardan biridir. Tərtər qəzasında qalan yeganə azərbaycanlı kəndinin camaatı qiymətli əşyalarını arabalara yükləyərək, heyvan sürülərini də götürüb kəndi tərk ediblər. Heyvalı adlı erməni kəndi yanından keçərkən Abram bəy Hasan Calalov onlara rast gələrək Heyvalıda gecələyərək sabah sübhdən getməyi təklif edir. Erməni məkrinə inanan sadəlövh ümidlililər razılaşırlar. Abram bəyin fitvası ilə Ümidli kəndindən olan köçkünləri erməni daşnakları dörd tərəfdən mühasirəyə alaraq kişiləri ayırıb başlarını kəsir. Sonra arvad–uşağın bir hissəsini qətlə yetirir, bir hissəsini isə təhqir edirlər. M.S.Ordubadi ona bu məlumatı göndərən adamın həmin hadisələri yazarkən davam gətirə bilməyərək ağladığını və göz yaşlarının məktubun üzərinə töküldüyünüqeyd edir.

Bu hadisəyə öz münasibətini bildirən M.S.Ordubadi yazırdı: “Bəşər tarixinə nəzər salsaq, görərik ki, indiyə qədər heç bir xalq qadın tayfasına bu qədər cəfa verməmişdir ki, ermənilər Ümidli camaatına etdilər. Bir ananın qabağında üçdörd balasını qurban edib, balalar əl–ayaq çaldıqda ananı gözləri yaşla dolu bir halda bihörmət etmək insafmıdır?!

Budurmu erməni mədəniyyəti!! Bu xəbis rəftarla istiqlaliyyət həvəsində olan bir millətin axırı nə olacaqdır xəyalındayam. 150–yə qədər övrət və kişini doğrayıb birbirinin üstündə atəş ilə yaxmaq mədəniyyətli bir millətə yaraşandırmı?”

 

(davamı növbəti saylarımızda)

 

 

Allahşükür Qurbanov

 

Respublika.- 2013.- 13 fevral.- S. 5.