“Daş yuxular”ın genetik kodu

 

Yazıya Əkrəm Əylisli nə üçün romanının adını “Daş yuxular” qoyub, daş yuxular nədir sualına cavab axtarmaqla başlamaq istəyirik. Fikrimizcə, əsərin bütün ruhundan və məzmunundan belə görünür ki, Əkrəm Əylisli daş yuxular deyərkən, Əylisin keçmiş tarixində daşlaşmış, əslində isə olmayan erməniliyi, erməni ruhunu nəzərdə tutmuşdur. Bununla da Əkrəm Əylisli Əylisin ermənilərin tarixən dədə–baba yurdu olduğunu sübut etməyə çalışmışdır.

Əylisin erməni məhəlləsindən olan Əkrəm Əylisli, çoxdan bəri onun beynini qurdalayan iblisanə düşüncələrin qanadlarında daş yuxular aləminə dalır və bu şöhrət düşkünü yuxusunda görür ki, Azərbaycan çərçivəsində məşhurluq artıq onun balaca vücuduna darlıq edir. Bu çərçivəni genişləndirmək ehtiyacı hiss edir. Necə genişləndirsin? Köməyə onun daş yuxularında—yaddaşında, ruhunda, qanında yarısərsəm halda mürgüləyən erməni sevgisi gəlir. Yuxudan oyanan Əkrəm “Evrika” deyib işə girişir.

İllərdən bəri qəlbinin dərinliklərində, şüurunun üst qatlarında gizlətdiyi erməni sevgisi bayrağını qaldırmağa qərar verir. Bu bayrağı “Daş yuxular” rekviyem–romanı vasitəsilə Rusiyada “Xalqlar dostluğu” jurnalının binası üzərinə sancır. Çünki bu bayraq o binanın üzərində dünyanın hər yerindən görünəcək. Bu bayraqdan başda ermənilər olmaqla, dünyanın bütün ermənipərəst gücləri yeni–yeni bayraqlar düzəldib çox ölkələrin türk düşmənçiliyi, şər–böhtan meydanlarına sancacaqlar. Beləliklə, Əkrəm Əylislinin adı, şöhrəti aləmə yayılacaqdır.

“Daş yuxular” nə üçün məhz indi ortaya çıxıb? Əylislinin arzusu sadəcə geniş coğrafi ərazidə populyarlıqdan ibarət deyil. O, eyni zamanda bu populyarlıqdan nifrət etdiyi Azərbaycan xalqına daha güclü zərbə vasitəsi kimi istifadə etmək niyyətindədir. Əylisli yaxşı görür ki, artıq Ermənistan və erməni diasporlarının və onların havadarlarının yalanlarına inanmayanların sayı get–gedə artır. Azərbaycanın haqq səsini hətta bəzi kar qulaqlar da eşitməyə başlayıb. Erməni faşizminin Türkiyədə, Şimali və Cənubi Azərbaycanda törətdikləri soyqırım cinayətlərinin, insanlıqdan kənar vəhşiliklərinin üstündən qara pərdə yavaş–yavaş qalxmaqda, erməniliyin əsl üzü olduğu kimi görünməyə başlamışdır. Məsələn, əgər indi ABŞ nümayəndələr palatasının üzvü cənab Bill Şisterin deyirsə ki: “Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir. Və azərbaycanlılar bu faciənin ildönümünü qeyd edərkən həmkarlarımı mənimlə birlikdə onlarla yanaşı durmağa çağıraram”—bu çağırış artıq erməni yalanlarının rədd, Azərbaycan həqiqətlərinin qəbul edilməsidir. Belə vəziyyətdə erməni dostu Əylisli neyləməlidir? O, erməni yalanını Azərbaycanın daxilindən, həm də “İstiqlal” və “Şöhrət” ordenli Azərbaycan xalq yazıçısı adından yeni boyalarla gündəliyə gətirmək, alacağı mükafat qarşılığında Ermənistana, erməni kilsəsinə, xristianlığa uzun illərdən bəri bəslədiyi məhəbbəti uca səslə dünyaya bəyan etmək yolunu seçir. “Daş yuxular” onun bu bəyanatıdır.

“Daş yuxular” rekviyem–roman adlandırılıb. Diqqət edilsə, əslində rekviyem sözü bu romanın kodudur, yəni Əylislinin erməni dostluğunun, Azərbaycana düşmənçiliyinin göstəricisidir. Rekviyem çox ağır bir itki üçün deyilən ağıdır. Rekviyem Vətənin, millətin tarixində, taleyində böyük xidmətləri olan şəxsiyyətlərin itkisilə bağlı ağrıların, acıların ifadəsidir. Rekviyem üçün ağrı–acı ilə yanaşı, fəlsəfi ümumiləşdirmələr də səciyyəvidir. Bu yaxınlarda xalq yazıçısı Anarın zəmanəmizin və gələcəyin böyük bəstəkarı Qara Qarayev haqqında yazdığı rekviyem kimi. Vətənimizin azadlığı yolunda canlarından keçən şəhidlərimiz üçün rekviyem yazıla bilər və s. Görəsən bu daş yuxular rekviyemində Əylisli kimə ağı deyir, kimə yas saxlayır, hansı əzizini itirib? Bu sualın cavabını hamıdan əvvəl üstüörtülü olsa da özü vermişdir. Onun romanının titul səhifəsinə qoyduğu “Özlərindən sonra yasları, saxlanılmayan həmyerlilərimin xatirəsinə ithaf edirəm” sözləri Əkrəmin kimlərə yas saxladığının ilk işarəsidir. Sonradan görəcəyik ki, bu həmyerlilər heç də Əkrəmin Əylisdəki azərbaycanlı soydaşları deyil, erməni bacı–qardaşlarıdır.

Romanı oxuduqca hər şey aydınlaşır. Sən demə, Əkrəm Əylisli Türkiyənin ermənilərə qucaq açmasının, onların bütün milli və dini dəyərlərini himayə etməsinin, yüksək dövlət vəzifələrini, hətta vaxtilə xarici işlər naziri vəzifəsini onlara etibar etməsinin qarşılığında Birinci Dünya müharibəsi zamanı düşmən tərəfə keçib Osmanlı Türkiyəsinə xəyanət edən, Türkiyə ərazisində, xüsusilə Şərqi Anadoluda qanlı cinayətlər törədən, toplu məzarlar yaradan ermənilərin halına ağlayır. Sən demə o, Azərbaycanın demək olar ki, bütün bölgələrində soyqırım törətmələrinin cavabı olaraq, Osmanlı əsgərləri tərəfindən qətlə yetirilən Əylis ermənilərinə yas saxlayır. Azərbaycanda isə son iki əsr ərzində erminilərin törətdikləri vəhşiliklərə, Qarabağ hadisələri zamanı Xatından daha dəhşətli olan Xocalı soyqırımına cavab olaraq təzyiqə məruz qalan və Azərbaycanı tərk edən ermənilərə və nəhayət azərbaycanlı tərəfindən öldürülmüş tülkü balasına ağı deyir. Ancaq, tülkü balasına yas tutan bu “humanist” yazıçı ermənilər tərəfindən süngüyə taxılmış azərbaycanlı körpələri, gözləri çıxarılmış, sinələri parçalanmış, burnu, qulağı kəsilmiş insanlarımızı, atalarının, ərlərinin gözləri qarşısında təcavüzə uğramış qız və gəlinlərimizi, əsirlikdə olan azərbaycanlı qadınlara “bayram hədiyyəsi” olaraq, qətlə yetirilmiş azərbaycanlıların müxtəlif bədən üzvlərindən hazırlanmış “yeməyin” təklif olunmasını bircə sözlə də olsun yadına salmır.

Bu rekviyem–romanı Azərbaycan ictimaiyyəti çox diqqətlə oxumalıdır. Çünki bu əsər indi göründüyündən daha təhlükəlidir. Təhlükəlidir, ona görə ki, əsərdə Azərbaycana və Türkiyəyə qarşı yalnız Əkrəm Əylislinin deyil, onun sövdələşmiş olduğu başqa düşmən beyinlərin, diqqətlə düşünüb planlaşdırdıqları bir ideoloji siyasi zərbə planı var. Bu plan bütöv bir sistem təşkil edir. Bu sistemin tərkib hissələrinə ilk növbədə Əylisin qədim erməni yurdu olması, azərbaycanlıların o torpaqlara gəlmə olduqları barədə cəfəngiyat, Türkiyə–Ermənistan, Türkiyə–Azərbaycan, Ermənistan–Azərbaycan münasibətləri çərçivəsində Ermənistanın və ermənipərəst qüvvələrin xeyrinə olaraq Türkiyə və Azərbaycan tarixini təhrif etmək, bütövlükdə türkün, o cümlədən də Azərbaycan türkünün qəddar, barbar, vəhşi, mədəniyyətsiz, məişət pozğunu olduqları barədə böhtanı dünyaya car çəkmək, Türkiyə–Ermənistan münasibətlərində, eləcə də Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsində yalnız Türkiyə və Azərbaycan tərəfinin günahkar olması fikrinə dünyanı inandırmaq, bü gün beynəlxalq ideoloji mübarizənin gündəliyində olan xristian–müsəlman qarşıdurması fonunda xristianlığı müqəddəsləşdirib, islamı gözdən salmaq, xristianların öz dinlərinə və Allahlarına sonsuz sədaqəti fonunda müsəlmanların Allahsız, dinsiz–imansız olduqlarını, onların öz Allahları ilə heç vaxt razılığa gələ bilmədikləri barədə uydurmanı həqiqət kimi göstərməklə, dinlər arasındakı təfriqəni daha da dərinləşdirmək, “qəddar, barbar, zırrama, avam” azərbaycanlılardan fərqli olaraq, ermənilərin “dünyanın ən mədəni, ən humanist, ən vicdanlı adamları” olmaları haqqındakı iblisanə niyyətləri beyinlərə yeritmək və s. kimi şeytani məqsədlər daxildir.

Bütün bunlara görə, bu “Daş yuxular”ın içərisində gizlənən məkrli niyyətləri bütün çılpaqlığı və təfərrüatı ilə üzə çıxarmaq Azərbaycan ictimaiyyətinin vəzifəsidir, borcudur. Bu mənada cəmiyyətin bütün təbəqələrinin bu iblisanə “əsər” haqqında öz fikirlərini bildirmələrinin tələb edilməsi, hesab edirəm ki, doğru tələbdir. Azərbaycan cəmiyyəti bu məsələdə parçalanmamalıdır və hər kəs son dərəcə səmimi şəkildə haqqın tərəfində dayanaraq fikrini deməlidir.

Bunu hər kəsin vətəndaş olaraq cavabdehlik məsuliyəti, milli təəssübkeşlik hissi tələb edir. Bu milli iradənin hökmüdür.

Bu başdan deyək ki, Əkrəm Əylisliyə və onun ailəsinə qarşı hər hansı fiziki təzyiq yol verilməzdir və zərərlidir. Lakin, Əkrəm Əylisli ciddi ictimai qınağa məruz qalmalıdır, çünki bu qınağı o özü istəmişdir və belə bir qınağla qarşılacağını əvvəldən bildiyini etiraf da etmişdir. Belə bir qınağla üzləşmək onun ehtiyacı olmuşdur. Çünki bu ictimai qınaq onun öz havadarlarından kömək istəmək ehtiyacını asanlaşdıracaq və əsasalandıracaq. Neçə ki, o artıq Azərbaycandakı xarici ölkələrin diplomatik missiyalarına və Avropa Birliyinə onu “qorumaq” üçün müraciət etmişdir. Əkrəm Əylisli bir o qədər sadəlövh deyildir. O, sövdələşdiyi dostları ilə bərabər hər şeyi çox diqqətlə düşünmüş, planlaşdırmışdır. Yeri gəlmişkən qeyd etmək istərdik ki, Əylislinin bu xain planının qarşısını almaq üçün heç bir qabaqlayıcı tədbir alınmamışdır. Bu işdə Azərbaycanın Rusiyadakı səfirliyinin məsuliyyəti daha artıqdır. Çünki səfirliyin vəzifələrindən biri də öz ölkəsinə qarşı hazırlanmaqla olan təhlükələrə qarşı qabaqlayıcı tədbirlərin görülməsidir. Çox düşündürücü haldır ki, Azərbaycana qarşı təxribat xarakterli kitab hazırlanır, nəşr olunur, yayılır və bundan heç kimin xəbəri olmur.

Bu yazıda Əkrəm Əylislinin yuxarıda qeyd etdiyimiz sövdələşmə planının tərkib hissələri haqqında ümumi sözlərlə deyil, bilavasitə “Daş yuxuları”ın mətnindən çıxış edərək öz mülahizələrimizi bildirmək istəyirik.

“Daş yuxular” başdan–başa bütün qayəsi, ruhu ilə antimillidir. Bu mövqe — azərbaycanlılara və ermənilərə, tarixi hadisələrə eləcə də Qarabağ hadisələrinə münasibətdə özünü göstərir. Bütün əsər boyu azərbaycanlılar vəhşidir, qəddardır, ermənilər alicənabdır, mədənidir. Həm də Əylisli bu fikri elə bir qətiyyətlə deyir ki, onun Azərbaycana nifrətini, erməniyə məhəbbətini müəllifin heç bir özünə riyakarcasına haqq qazandırma cəhdilə ört–basdır etmək mümkün deyil. Əkrəm Əylislinin özünün də etiraf etdiyi kimi, onun prototipi olan Saday Sadıxlı müəllifin təqdimatında “dünya alt–üst olsa da ağa qara deməyən adamdır. Ancaq bu ağa qara deməyən adam əsər boyu bircə kəlmə də ermənilərin azərbaycanlılara qarşı zülmü haqda söz demir. Ancaq o, qətiyyətlə bəyan edir ki, “pis olan ermənilər deyil, biz özümüzük”. Müəllifin humanist adlandırdığı bu adam azərbaycanlı Abdulla tərəfindən qətlə yetirilən Minası və uşaqlarını və yenə də azərbaycanlı tərəfindən öldürülən tülkü balasını daima xəyalında yaşadır, yuxularında görür. Lakin ermənilər tərəfindən süngüyə taxılan azərbaycanlı körpələr yadına düşmür. Əkrəm Əylisli erməniləri professor Abasəliyevin dili ilə aşağıdakı sözlərlə təqdim edir: “belə mədəni, vicdanlı, əməksevər insanlar dünyanın heç bir yerində yoxdur”.

Xocalıda qətlə yetirilmiş insanların cəsədlərində körpü düzəldən, ayaqlar altında qalıb əzabdan, ağrıdan bağıran qız uşağının səsini kəsmək üçün onun ağacdan açılmış atasının ətindən kəsib, bağırmasın deyə qızın boğazına tıxayan erməni vəhşiliyindən şübhəsiz ki, Əkrəm Əyisli xəbərdardır. Belə cinayətləri zövq ala–ala törədən erməniləri humanist, mədəni adlandıran yazıçı özü də ermənilər qədər amansızdır.

Tarixdə adı şərə–böhtana, riyarkarlığa, xəyanətə qarışmış bir millət haqqında bu dərəcədə heyranlıqla danışmaq heç ermənilərin özlərinin də ağıllarına gəlməyib. Utanmadan guya bu romanla Azərbaycana xidmət etdiyini söyləyən Əkrəm Əylisli Azərbaycana və azərbaycanlılara qarşı milli qeyrətsizliyin ən hiyləgər üsullarından istifadə etməyə çalışır: millətə qarşı hücum mövqeyini azərbaycanlıya verir. Saday Sadıxlı və professor Abasəliyevə verdiyi kimi. Bununla kifayətlənməyib, Saday Sadıxlını müalicə edən Cənubi Azərbaycanlı həkim Fərzanini də Şimali Azərbaycana nifrətlə silahlandırır. O, deyir ki, “mənim atam böyük səhv edib, məni buraya gətirib. Mən özüm isə daha böyük axmaqlıq etdim ki, Moskvadan Bakıya gəldim. Arzu edirəm ki, bizim allahsız dostumuz Saday Sadıxlı bir daha bu vəhşi yerazların əlinə düşməsin”. Siyasi diversiyanın belə formasını kəşf edən Əkrəm Əylislinin Azərbaycan düşmənçiliyinin kökləri daha dərinlərə gedir və daha ciddidir. Əkrəm Əylisli romandakı azərbaycanlı personajların adlarının əvvəlinə təhqiramiz sözlər artırmaqla da onları alçaldır, zırrama Qulu, çaqqal Abdulla, mırıq müzəffər, qaban Qulam, ilantutan Abldulla, çingöz Şaban və s. Həm də o tək–tək azərbaycanlını təhqir etmək, alçaltmaqla kifayətlənmir, təhqir, milli müstəviyə keçirir, milliləşdirir, ictimailəşdirir. Diqqət edək. O, xalqın milli azadlıq hərəkatını, bu hərəkatın iştirakçılarını nifrətlə ələ salır. Küçələrə çıxıb mitinqlərdə iştirak edən insanları kütlə, sürü, Azadlıq! Azadlıq! deyə səslənənləri “varlıqlar”, Azadlıq, İstefa, Qarabağ şüarlarını isə ibtidai insanların ov zamanı çıxardıqları bağırtılara bənzədir.

Əkrəmin təqdimatında psix Qulunun babası “avara və zırrama” çaqqal Abdulla birdən–birə cəsarətlənib baltanı götürüb erməniyə hücum etmiş, onun başını kəsmiş, arvad–uşağına da rəhmi gəlməmişdir. Sanki ermənilərin Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Naxçıvanda və nəhayət Xocalıda törətdikləri qəddarlıqdan Ə.Əylislinin xəbəri yoxdur, guya heç bir səbəb olmadan azərbaycanlı Abdulla birdən–birə qızışıb ermənini baltalamışdır. Axı, düşmənçiliyin də bir etikası olmalıdır, axı Əylisli Balayandan, Kaputikyandan nə iləsə də fərqlənməlidir. Çünki o bu torpaqda doğulub, böyüyüb, şöhrətlənib, millət və dövlət tərəfindən hörmət, qayğı görüb. Amma əksinə, Əkrəm Balayandan və Kaputikyandan erməni sevgisiylə, Eçmiədzin vurğunluğu ilə, azərbaycanlıya daha çox nifrətilə fərqlənmir. Romanda Ə.Əylislinin növbəti xəyanəti qədim Azərbaycan torpaqlarını qədim erməni yurdu kimi qələmə verməsilə bağlıdır. Bu məsələdə də Əkrəmin heç bir haqq–ədalət ölçüsü, heç bir tərəddüdü yoxdur. Əylisli həm də Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Naxçıvan torpaqlarını, Nehrəmi, Əylisi qədim erməni yurdu kimi təqdim edir. Əylislinin xəstə təxəyyülünə görə, “cinlərdən də dəhşətli” Əylis müsəlmanları Əylisə sonradan köçürülən müsəlmanlardır. Əylisin əsl sahibi onu yaşayış məskəni, yurd edən ermənilərdir. Əkrəmin ermənilərə bu mesajına Ermənistandan dərhal cavab gəldi. Daşnak ideoloqu Melik–Şahnazaryan car çəkdi ki, “Əkrəm Əylisli dövrün ən talantlı, istedadlı və humanist yazıçılarından biridir. Ən əsası da odur ki, Əylisli Azərbaycanın Ermənistana qarşı ərazi iddialarından əl çəkməsinin vacibliyini başa düşən bir şəxsdir”. Ə.Əylislinin bu xaincə bəyanatına hələ uzun müddət, tez–tez müraciət olunacaq. Əylisin əsl sahiblərinin sakinlərinin erməni olduğunu romanda özünün Sadıxlıdan sonra ikinci dublyoru olan professor Abasəliyevin adından söyləyir. Şəfqət bacısının Abasəliyevə müraciətlə dediyi: “doktor, axı hər yerdə yazırlar ki, bu kilsə (Əylis kilsələri) erməni kilsəsi yox, alban kilsələridir. Deyirlər, sonralar ermənilər onları mənimsəyiblər. Bəlkə sizin bu Zəkəriyyə erməni deyil, albandır” sözlərinə Abasəliyev belə cavab verir: “Mənasız sözlər söyləyirsən, əgər kimsə özü–özünü erməni adlandırırsa, mən necə deyə bilərəm ki, yox sən erməni deyilsən. Mən bilmirəm o albanlar kim olub, onlar harada yaşayıblar. Ancaq bunu bilirəm ki, əylislilər erməni olublar, həm də ən əla növ erməni”. Ə.Əylisli o qədər də savadsız deyildir ki, albanların kim olduğunu və harada yaşadıqlarını bilməsin!

Öz dilini Abasəliyevin ağzına soxan Əylisli onu danışdırmağa davam edir: “Ərəb basqınından sonra – VIII–XIII əsrlərdə türk və tatar–monqol basqınları olmuş, eləcə də Oğuzlar, Səlcuqlar. Sonralar isə bu ərazi İran ilə Türkiyə arasında qanlı müharibə meydanına çevrilmişdir. Bunlar gəlib öldürüblər, onlar gəlib öldürüblər. Əgər zorakılıqla öldürülən hər bir erməni üçün bir ədəd şam yandırılsa, bu şamların şöləsi ayın işığından daha parlaq olardı. Ermənilər hər şeyə dözüblər. Bu xalq zorakılıqdan yorulub, əziyyət çəkib…” Öz keçmişinə, tarixinə nifrətin erməniyə rəğbət və məhəbbətin bu dərəcəsinin bircə adı var — xəyanət!

Yazıçı beynəlmiləlçi də ola bilər, başqa millətlərə, onların tarixinə rəğbət göstərə bilər. Ancaq tarix boyu torpağımıza göz dikən, mədəni irsimizin bir hissəsini oğurlayan, böyük bir hissəsini məhv edən, torpaqlarımızı zəbt edən, insanlarımızı soyqırıma məruz qoyan, bir milyondan çox soydaşımızı görünməmiş qəddarlıqla doğma yurd–yuvasından qovan bir millətə bütün bu qansız əməllərində haqq qazandıran yazıçı heç bir mənəvi–əxlaqi dəyərə iddia edə bilməz. Bunlar azmış kimi, Əylisli guya “340 il bundan qabaq Əylisdə doğulan” erməni taciri Zəkəriyyənin gündəliyini yenə də Abasəliyevə oxutdurmağa davam edir. 1668–ci ildə monastrın qübbə və saat qülləsinin inşaatı üçün Kürdistandan (?) ustalar çağırılmışdı. “O zamanlar Van, Bitlis, Diyarbakır vilayətləri Kürdistan adlanırdı”. Bir ağacda oturub min ağacı silkələyən Əylisli Azərbaycan ərazilərini ermənilərə peşkəş çəkdiyi kimi Osmanlı ərazilərində də Kürdistan yaratmışdır.

“Daş yuxular”da Ə.Əylislinin xristian və kilsə vurğunluğu barədə də bir neçə söz deməyə ehtiyac var. Əsərin baş qəhrəmanı S.Sadıxlı — Ə.Əylisli hər dəfə parapet bağındakı erməni kilsəsinin yanından keçərkən, hansısa bir sehirli qüvvə onun yadına Yerevandakı Eçmiədzin kilsəsini salır. O, yuxularında demək olar ki, hər gün Eçmiədzinə doğru yol alır. Oraya getməkdə məqsədi isə xristianlığı qəbul etmək üçün şəxsən katalikosun özündən xeyir dua alıb kilsədə monax kimi xidmət etsin və xristian Allahına yalvarsın ki, ermənilərə etdikləri zülmə görə, müsəlmanların günahından keçsin.

S.Sadıxlının qəribə bir kilsə vurğunluğu var. O, hər axşam və səhər Vanq kilsəsinin qübbəsində sarı–çəhrayı rəngdə Allahın təbəssümünü görür və onun nəzərində bu kilsə Eçmiədzinin eynisidir. Əylisdəki kilsələrin adları da yazıçının fikrincə ermənicədir. Onun fikrincə Əylisdəki kilsələrdən ən qədimi olan İstazın kilsəsinin əsl adı Astvasandır ki, bu da erməni dilində Allahın evi deməkdir. Bütün bu uydurmalar fonunda romanda belə bir aydın xətt keçir ki, Əylis erməni yurdudur, bu yurd müvəqqəti olaraq onların əlindən alınıb, zamanla o özünün əsl sahiblərinə qovuşacaq. Bu fikir Ə.Əylislinin sevimli personajı Aykanuşun dilində belə səslənir: “Mütləq elə bir gün gələcək ki, ermənilər yenidən Əylisə dönəcəklər və Əylis yenidən cənnətə çevriləcəkdir”. Milli xəyanətin bundan da tünd rəngi olmaz ki…

Hər fürsətdə Əylisli Əylisi erməni yurdu kimi təqdim etməyə cəhd göstərir. Bu məqsədlə ədəbiyyatın bütün poetik və mifik–simvolik imkanlarından istifadə etməyə çalışır. Əsərin baş qəhrəmanı Sadıxlının bütün daxili dünyası erməniliklə doludur. O, hər yerdə, hər şeydə, hətta səslərdə belə ermənilik ruhu görür. Romanda deyilir ki, “Aniko Sadayın yaddaşında yalnız gözəl insan, gözəl qadın kimi yox, həm də hansısa şən və cingiltili bir səs kimi qalıb. Bütün Əylisi, onun evlərini, kilsələrini, dağlarını, yollarını, bulaqlarını, ağaclarını, qayalarını özündə birləşdirən bu səs gələcək sabahın cingiltili səsidir. Əylisdə hələ də erməni səsi yaşayır və səslənir…” “Anikonun səsi heç şübhəsiz əsrlərin dərinliyindən gələn Əylisin əsl sahibinin səsidir. Bir sözlə bu səs Əylisin səhər səsidir”.

Bütün bu deyilənlər göstərir ki, məsələ Ə.Əylislinin genetik kodundadır. Onun erməni sevgisi, kilsə vurğunluğu, Azərbaycana, azərbaycanlılara, müsəlmanlara nifrəti bu genetik kodun diktəsidir. Əkrəm Əylislinin “Saday Sadıxlı indi artıq öz həyatını yaşamırdı… Elə bil ki, çoxdan bəri öz içində hansısa bir ermənini daşıyırdı” sözləri bu adsız erməninin əslində adı məlum əsər müəllifinin özünün genetik kodunun ifadəsidir…

Əylisi qədim erməni yurdu kimi qələmə verməsi, Azərbaycan xalqının milli heysiyyətini, dini əqidəsini təhqir etməsi, ermənilərin Əylis, oradakı kilsələr sizin kəbənizdir deməsi “Daş yuxular”la mesaj göndərməsi təxribatıdır. “Daş yuxular” romanı ilə bu yazı Azərbaycanın məruz qaldığı erməni təcavüzünə qarşı beynəlxalq miqyasda apardığı haqlı mübarizəsinə arxadan vurulan zərbədir. Xocalı soyqırımını ermənilərin Azərbaycan türklərindən aldıqları intiqam kimi alqışlaması düşmən mövqeyidir…

Ə.Əylisli “Daş yuxular”la yəqin ki, nökərçilik etdiyi ağaları udan maddi təminat alacaqdır. Lakin bunu əldə etmək üçün o, yazıçı vicdanını satdı, qələmə xəyanət etdi, insani ləyaqətini itirdi, vətəndaşlıq şərəfini ləkələdi, doğulub–böyüdüyü torpağın insanları tərəfindən lənətləndi. Ə.Əylisli bu sövdələşmədə qazandığı ilə itirdiklərini tərəziyə qoysa?…

 

 

Allahşükür QURBANOV

 

Respublika.- 2013.- 14 fevral.- S. 6.