Mütərəqqi üsulların tətbiqi kadr hazırlığının keyfiyyətini daha da yaxşılaşdırır

 

ATU–da İKT–dən geniş istifadə tələbələrin biliyinin qiymətləndirilməsi prosesindəki neqativ halları aradan qaldırır

 

Müasir dövrdə elmitexniki tərəqqi, yeni informasiya texnologiyalarının inkişafı təhsilin qarşısında mühüm vəzifələr qoyur. Bu gün təhsilin və kadr hazırlığının bütün sferalarında tədrisin keyfiyyətinin yüksəldilməsinin əsas hərəkətverici qüvvəsi məhz yeni informasiya texnologiyaları sayılır. Başqa sözlə desək, keyfiyyətli təhsil üçün hər bir tədris müəssisəsi müasir avadanlıqlarla təchiz olunmalı, informasiya texnologiyaları geniş tətbiq edilməlidir.

XXI əsr kompyuter əsri adlanır. Hər şeydən əvvəl ona görə ki, artıq o, həyatın bütün sahələrinə, o cümlədən təhsil sferasına da sirayət etmişdir. İndi informasiyakommunikasiya vasitələri təhsildə insan faktorunun aradan götürülməsinə geniş imkanlar yaradır. Ali məktəblərdə semestr imtahanlarının kompyuter vasitəsilə aparılması təhsil sistemindəki islahat işinin tərkib hissəsi olmaqla, həm də tələbə–müəllim münasibətlərində subyektiv halların aradan götürülməsinə xidmət edir.

 

Semestr imtahanlarının informasiya–kommunikasiya texnologiyaları vasitəsilə aparılması işinə ilk addım atan ali təhsil müəssisələrindən biri də Azərbaycan Tibb Universitetidir.

Bu sahədə nə kimi yeniliklər var? Uğurlar və nöqsanlar nədən ibarətdir, mövcud problemlərin həlli üçün nə kimi işlər görülür?

Bizi maraqlandıran və düşündürən bu və ya digər suallara aydınlıq gətirmək məqsədilə bu günlərdə universitetdə olduq, tədris şöbəsinin müdiri Nəsimi Qasımovla görüşüb söhbət etdik. O, dedi:

—Bu gün Azərbaycan Tibb Universitetində müalicə işi, pediatriya, ginekologiya, tibbi profilaktika, tibbi biologiya, stomatologiya, əczaçılıq, hərbi həkim işi və hərbi–feldşer işi ixtisasları üzrə ilkin mütəxəssislər hazırlanır. Bununla yanaşı, universitet keçən ildən başlayaraq 2009–cu ildə parlament tərəfindən qəbul edilmiş təhsil qanununa müvafiq olaraq 40 ixtisas üzrə rezidentura təhsili istiqamətində də fəaliyyətini davam etdirir. Yəni, bu gün univresitet tibb təhsilinin həm birinci, həm də ikinci mərhələsində aktiv şəkildə tibb kadrlarının hazırlığı ilə məşğuldur.

2000–ci ildə ulu öndərimiz Heydər Əliyevin fərmanına əsasən açılmış hərbi–tibb fakültəsində isə hərbi tibb kadrları hazırlanır. Artıq 3–cü ildir ki, pediatriya ixtisası müalicə–işi ixtisası, tibbi–biologiya ixtisası tibbi–profilaktika ixtisası ilə birləşdirilib və bu ixtisaslara qəbul dayandırılıb. Bu, nədən irəli gəlirdi?

Azərbaycanın tibbi təhsili də, səhiyyəsi də bu gün Avropa ölkələrinin təhsil və səhiyyə sisteminə inteqrasiya etməkdədir. Köhnə sovetlər məkanının və ona yaxın ölkələrin tibb təhsili istisna olunmaqla, dünyanın heç yerində I kursdan pediatr hazırlığı aparılmır. Qaydalara görə böyüklərin və kiçiklərin ümumi həkimləri hazırlanır və sonra rezidentura yolu ilə 40 ixtisas üzrə bölgülər olur. Onu da deyim ki, bu ixtisaslara qəbulun dayandırılması universitetə ümumi tələbə qəbulunun sayına təsir etməyib. Magistratura pilləsində təhsil də müvafiq qaydada davam etdirilir. Akademik kadrların, yəni yüksək ixtisaslı pedaqoji və elmi kadrların hazırlığı diqqət mərkəzindədir. Fəlsəfə üzrə doktorların və elmi doktorların hazırlanması fəaliyyətimizin bir hissəsini təşkil edir.

Universitetdə 7 mindən çox tələbə təhsil alır, 1100 nəfərdən ibarət professor–müəllim heyəti çalışır. Onların arasında akademiklər, professorlar, dosent fəlsəfə doktorları da var.

Son 20 ildə, daha dəqiq desək, müstəqillik qazandıqdan sonra Avropa təhsil məkanına inteqrasiyanı təmin etmək məqsədilə universitetin fəaliyyətində genişmiqyaslı reformalar həyata keçirilir. Bu nöqteyi–nəzərdən bu məkana daxil olan qardaş Türkiyə, Almaniya, İngiltərə, Fransa, İtaliya kimi dövlətlərin ən aparıcı universitetlərinin təhsil proqramına uyğun islahatlar davam etməkdədir.

2005–ci ildə Boloniya bəyannaməsi imzalandıqdan sonra əsas istiqamət tədrisin 100 ballıq sistemlə qiymətləndirilməsinə yönəldilmişdir. İnformasiya–kommunikasiya texnologiyaları vasitələrindən geniş istifadə olunur, geniş kanallı internet şəbəkəsinə qoşulmuşuq, bütün kabinetlərdən internetə çıxmağa imkan var. Yeni tikilmiş terapevtik korpusda hər birində 40–a qədər kompyuter olan 2 kompyuter zalı təşkil edilib. Tədris kitabxanası Avropanın aparıcı elektron kitabxanalarına birləşdirilib. Yeni çıxan dəsrliklər elektron versiyasında kitabxana fonduna daxil edilir.

Dünya Bankının xətti ilə Avropanın aparıcı universitetlərindən mütəxəssislərin dəvət olunması da ənənəvi xarakter alıb. Məsələn, bir neçə il əvvəl London Universitetinin rektorunun başçılıq etdiyi qrupun iştirakı ilə universitetin tədris proqramı təftiş edildi, bir sıra tövsiyələr verildi. Bu tövsiyələrdən biri praktik vərdişlərin daha mükəmməl öyrədilməsi üçün laboratoriyaların təşkili ilə bağlı idi. Artıq bu məsələ həllini tapıb.

Müəllimlərin pedaqoji hazırlığı məsələsi əsas şərt kimi qarşıya qoyulurdu. Bu məqsədlə gənc müəllimlər Azərbaycan Müəllimlər İnstitutunda pedaqoji hazırlıq kurslarına cəlb edildilər. Ənənəvi olaraq Universitetdə tədris Azərbaycan rus dillərində aparılırdı, bir neçə ildir ki, ingilis dilində tədrisə başlamışıq.

İngilis dilində təhsil almaq istəyənlər əcnəbi tələbələrdir. Hazırda burada 20–dən çox ölkədən 1000–dən artıq tələbə oxuyur. Xarici dildə tədrisi təmin etmək məqsədilə müvafiq kadrların hazırlığı üçün Xarici Dillər Universiteti ilə əməkdaşlıq da öz faydasını verir.

Bəllidir ki, imtahan tədrisə nəzarət formasıdır biz bu prosesdə insan faktorunun aradan götürülməsi istiqamətində işlər görürük.

Hazırda 240 kompyuterlik iki imtahan zalı qurulub, yüksək keyfiyyətli proqram təminatı var, Virtual Test Mərkəzi yaradılıb. Hər bir ixtisas üzrə test bankı hazırlanaraq kompyuterə yerləşdirilib. Tələbələr ilk illər onlara düşəcək bütün sualları qabaqcadan bilirdilər. Ötən il sualların sayı çoxaldıldı 10 faizi tələbələr üçün qapalı saxlanıldı. Bu il belə suallar 25 faizə çatdırıldı. Yəni tələbə ona düşən hər 100 sualdan 25 ilə yalnız imtahanda tanış olur. Bu üçün edilir? Bəzən tələbələr test suallarının cavablarını əzbərləyib imtahana girirlər. Gizli sualları isə onları proqramı tam mənimsəməyə, bununla da kitab üzərində daha çox işləməyə məcbur edir. Təbii ki, kitabla ünsiyyət artdıqca savadın, biliyin mükəmməlliyinə zəmin yaranır.

Əvvəllər kompyuterlə imtahan prosesinə istər müəllimlər, istərsə tələbələr arasında tərəddüdlə yanaşanlar vardı. İndi demək olar ki, bunun düzgün seçim olduğu birmənalı şəkildə qəbul edilir. Məsələn, budəfəki qış imtahan sessiyasında kompyuter sistemi ilə 26205 halda imtahan götürülüb, qeyri–kafi qiymət alanlar 0,6 faiz təşkil edir. Klassik üsulla 6072 halda imtahan gedib burada tələbələrin 5 faizi qeyri–kafi qiymət alıb. Göründüyü kimi, fərq böyükdür. Deməli imtahanların kredit sistemi ilə aparılması subyektiv halların aradan götürülməsinə kömək edir. Tələbə burada kənar təsirə məruz qalmır, lakin kredit sisteminin tələbələri narahat edən başqa bir cəhəti var. Burada fənlər üç böyük qrupa bölünür: Məcburi ardıcıl fənlər (bunlar çoxluq təşkil edir), məcburi, lakin ardıcıl olmayan (tələbə bu fənni vaxt istəsə oxuya bilər) fənlər bir seçim fənləri (tələbə burada da sərbəstdir.)

Məcburi ardıcıl fənlərin biri ya ikisindən qalan tələbə digər fənlərə buraxılmır burada yaranan akademik borcların ödənilməsi böyük çətinliklər yaradır. Məcburi ardıcıl olmayan fənlərdən yaranmış akademk borcları 6 həftəlik yay semestrində həll etmək mümkündür. Universitet rəhbərliyi mövcud çətinliklərin aradan götürülməsi istiqamətində Təhsil Nazirliyi ilə danışıqlar aparır.

Fevralın 4–də rektorluq şurasında qış imtahan sessiyasının nəticələri geniş müzakirə olundu. Belə bir qənaətə gəlindi ki, Boloniya prosesinə keçid, yeni əməli vərdiş bacarıqların aşılanması, imtahanların kompyuterlə aparılması tələbələrin hazırlıq səviyyəsinin ilbəil yaxşılaşmasını təmin edir. Builki qış imtahan sessiyasının nəticələri bunu deməyə əsas verir. Doğrudur, nəticə bizi tam qane etmir, görüləsi işlər hələ çoxdur.

Mən bir daha qeyd etmək istəyirəm ki, kompyuterlə imtahan şəffaflığın təmin olunması, baş verə biləcək neqativ halların aradan qaldırılmasına kömək edir. Bəlkə elə buna görədir ki, tələbələrin şikayəti azalıb. Belə ki, keçən il apelyasiya komissiyasına 500–dən artıq müraciət daxil olmuşdusa, bu il bu müraciətlərin sayı 60–a enmişdir.

İmtahanların obyektiv aparılması, tələbələrin biliyinin ədalətlə qiymətləndirilməsi, müəllim–tələbə münasibətlərində xoşagəlməz hallara yol verilməməsi hörmətli rektorumuz, akademik Əhliman Əmiraslanovun böyük önəm verdiyi, daim diqqətdə saxladığı məsələlərdəndir. O, tez–tez müəllim tələbələrlə görüşür, onların fikirlərini öyrənir, problemlərin həllinə dair göstərişlər verir.

Sözsüz ki, işimizdə bəzən nöqsanlar da olur. Bu, ən çox özünü tələbələrin semestr ərzində topladığı ballarda büruzə verir. Qış imtahan sessiyası başa çatsa da hazırda onun nəticələri ciddi təhlil olunur, keçid balı ilə imtahanlarda toplanan ballar arasında yaranmış fərqlər araşdırılır. Onu da deyim ki, işində nöqsana yol vermiş müəllimlər cəzadan kənarda qalmırlar.

Azərbaycan Tibb Universiteti ölkəmizdə ali təhsilli kadrlar hazırlayan yeganə təhsil müəssisəsidir. Bu gün hər sahədə olduğu kimi, mükəmməl biliyə malik olan həkimlərə böyük ehtiyac var. Bu məsuliyyəti müəllimlər , tələbələr çox yaxşı dərk edirlər. Biz işimizi bu istiqamətdə qurur, universitetin nüfuzunu qoruyub saxlamağa çalışırıq.

 

 

Zümrüd ABDULLAYEVA

 

Respublika.- 2013.- 14 fevral.- S. 5.