Kitab mənim idealımdır

 

“Azərbaycan kitabının qayğıları, problemləri” başlığında açdığınız rubrika bir oxucu kimi məni də çox sevindirdi. Sizin Azərbaycan kitabına verdiyiniz bu cür qiymət mənim də təəssüratlarımı yazıb sizə göndərməyi vadar etdi.

Hörmətli redaksiya!

Mən A.Upitin kitablara verdiyi qiymətlə yazımı başlamaq istərdim: “Kitab həyatın ən uzaq və qaranlıq yollarında işıq bəxş edən əfsanəvi çıraqdır”.

Kitabı sevməyən insan deyil. Mən çalışdım ki, yazdığım kitablarımla böyük bir sevgi yaradım, cavanlara məsləhətkeş olum.

Mənə belə gəlir ki, hər bir insan kitaba çörək kimi ehtiyac duymalıdır, onun müqəddəsliyini dərk etməlidir. Əks halda nadanlıqdan xilas ola bilməz.

Mən cavan yaşlarımdan o qədər kitablar aləminə aludəyəm ki, boş vaxtlarımı bir saat da olsun heç vaxt hədər keçirməmişəm. Demək olar ki, 1958–ci ildən bəri 55 ildir ki, kitabları sevirona dərin hörmətimi bildirmişəm. Tələbəlik dövründə kitablara o qədər aludə idim ki, vaxtımın çoxu kitabxanalarda keçirdi. Buna görə də 1957–ci ildən etibarən M.F.Axundzadə, M.Ə.Sabir, V.İ.Lenin adına kitabxanaların üzvü seçilmişəm. Hazırda da M.F.Axundzadə adına Azərbaycan Milli kitabxana ilə sıx əlaqələrim vardır. Hətta şəxsi fondumun bir hissəsini kitabxanaya təhvil vermişəm.

Qədim yunan filosofu Sokrat insanın kitabla ünsiyyətinin möcüzəsini, onun bəşəri əhəmiyyətini yüksək qiymətləndirirdi: “Mütailə bu cəmiyyətin gündəlik vərdişinə çevrilsə, cəmiyyət xoşbəxt olar”.

Çox təəssüf edirəm ki, hazırkı gənclərimiz kitablar aləmi ilə maraqlanmırlar. Onların marağı ancaq maqnitofonqulağa taxılan kiçik cihazlardır. Onlar heçbaşa düşmürlər ki, həmin cihazlar insan orqanizminə nə qədər mənfi təsir edir.

Yaradıcılıq sahəsi elədir ki, insanın vərdişi və istedadı olmadan bu sahəyə girişə bilməz. İndi bəziləri mənasız–məzmunsuz kitablar yazır. Yazdığı kitaba da belə bir ad verir: “Yazdım ki, izim qalsın”. Ancaq kitabla tanış olduqda iz qalası maraqlı bir məsələ ilə qarşılaşmırıq.

Orta məktəblərdə kitaba sevgi və məhəbbət aşağı səviyyədədir. Mən məktəb tanıyıram ki, şagirdlər təhsil aldıqları məktəbin adını daşıdığı pedaqoqun kimliyini belə bilmirlər. Bunun əsas təqsirkarı məktəbin direktoru və müəllimləridir. Ona görə də şagird yaradıcılığına fikir verilmir. Şagirdlər məktəb həyatına çox biganə yanaşırlar.

Bu gün orta məktəb şagirdləri dərslərlə həddindən artıq yüklənib. Bu isə onların gələcək sağlamlığını təhlükə qarşısına qoyur. Ona görə də şagirdləri milli dəyərlərimizə arxalanan maraqlı kitablarla tanış etmək vacibdir.

Hazırda kitabı oxuculara sevdirən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasıdır. Demək olar ki, kitabxanada bütün ədəbiyyatlar kompyuterləşdirilmişdir. Əlbəttə, bu da kitabxananın imicini artırmış, oxucuların kütləvi surətdə kitabxanaya cəlb olunmasına səbəb olmuşdur.

Qeyd etmək olar ki, bugünkü məktəblilərin mütaliəyə fikir verməsi çox zəruridir. Mütaliə siyasətin, mədəniyyətin tərkib hissəsidir. Bu baxımdan kitabların təbliğ olunmasında müəllimlərin rolu böyükdür. Bu gün çox sayda kitab çap olunur. Yeni nəslin təlim–tərbiyəsinə müəllimlər qayğı göstərməlidirlər. Kitablar insanların maariflənməsinə, onun formalaşmasına, düzgün yol seçməsinə kömək edir.

Məktəblilərin mütaliəyə, kitab oxumağa cəlb olunması üçün onların maraqları nəzərə alınmalıdır. Belə ki, müasir dövrdə internet şagirdləri kitaba maraqdan uzaq salır. Buna görə də müəllimlərin üzərinə böyük vəzifə düşür.

Mənim şəxsi kitabxanamda 1000–ə qədər müxtəlif kitabım vardır. Bunların qorunub saxlanmasında və gələcək nəslə çatdırılmasında vaxtında öz fikirlərimi M.F.Axundzadə adına Respublika Milli Kitabxanasının direktoru Kərim Tahirova 27.12.2005–ci il tarixli açıq məktubum vasitəsilə bildirmişəm.

Məktubun məzmunu aşağıdakı kimidir:

Hörmətli Kərim müəllim!

—Sizə məlum edirəm ki, mən 1958–ci ildən etibarən Milli Kitabxananın sabiq üzvüyəm. 1988–ci ildən başlayaraq hazıra kimi şəxsi kitabxanamdan sizin kitabxananın əsaslı fonduna yüzlərlə elmi sənədlər və kitablar bağışlamışam. Lakin indiyə kimi kitabxananızda mənim ayrıca olaraq şəxsi fondum təşkil olunmamışdır.

Yaxşı olardı ki, Milli Kitabxanamızda respublikanın tanınmış alimlərinin şəxsi arxiv materialları əsasında onların “Xüsusi fondunun təşkil edilməsinə rəsmi göstəriş verəydiniz.

Zənnimizcə, bu təşəbbüsün yerinə yetirilməsi gənc və gələcək nəsillər üçün böyük örnək ola bilər. Bu işin başlanğıcı naminə xeyirxah əməllərimi mən də sizin kitabxanaya göstərmək istərdim. Belə ki, şəxsi mənzilimdə olan arxiv materiallarımı və kitablarımı kitabxanada təşkil edəcəyiniz “Xüsusi fondunuza bağışlamağı qərara almışam.

Yəqin ki mənim bu xeyirxah təşəbbüsümə qoşulan digər alimlər də olacaqdır.

Güman edirəm ki, belə bir təşəbbüs ənənəyə çevrilsə, kitabxana fondu daha da zənginləşər. Redaksiyanız vasitəsilə bundan sonra səsimə səs verərlər.

 

 

Pərviz AXUNDBƏYLİ,

Azərbaycan Dövlət İqtisad

Universiteti muzeyinin direktoru.

 

Respublika.- 2013.- 14 fevral.- S. 5.