Nəsimi rayonu: dinamik inkişaf, uğurlu nəticələr

 

Azərbaycanın inkişaf tarixinə yeni nailiyyətlər, yeni qələbələr və uğurlarla yazılan daha bir il arxada qaldı. Əvvəlki illərdə olduğu kimi, 2012–ci ildə də geniş əraziyə malik olan və füsunkar guşəyə çevrilən Bakının Nəsimi rayonunda əlamətdar hadisələr baş vermiş, quruculuq və abadlıq işləri vüsət almış, sosial–iqtisadi vəzifələrin həyata keçirilməsi istiqamətində uğurlu nəticələrə imza atılmış, aparılan genişmiqyaslı islahatlar dayanıqlı inkişaf üçün möhkəm zəmin yaratmışdır.

Vurğulamaq lazımdır ki, ötən il Nəsimi rayonunda nəzərəçarpacaq müsbət dəyişikliklər baş vermiş, ümumi daxili məhsulun orta artım tempinə görə Bakı rayonlarının reytinq cəlvəlində liderlər sırasında qərarlaşmışdır.

Nəsimi Rayon İcra Hakimiyyəti 2012–ci ildə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, yerli icra hakimiyyətləri haqqında Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, proqram xarakterli çıxışlarındakı müddəaları əsas götürərək, bir sıra uğurlar əldə etmişdir.

Ötən il rayonda “Azərbaycan Respublikası regionlarının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, 3366 yeni iş yeri açılmışdır ki, bunlardan 1234–ü yeni yaradılan, 413–ü mövcud müəssisə və təşkilatlar, 1719–u isə fiziki şəxslər üzrə olmuşdur.

2012–ci ildə ümumi məhsul buraxılışının həcmi 1 milyard 219 milyon 766 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 7,7 faiz artım deməkdir.

Bütün maliyyə mənbələri hesabına hesabat ilində əsas kapitala investisiya qoyuluşu keçən ilin müvafiq dövrünə nisbətən 2,3 dəfə artaraq 540 milyon 604 min manat olmuşdur.

Hesabat ilində istehsal olunan sənaye məhsulunun həcmi 3,6 faiz artaraq, 354 miyon 38 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 319 milyon 105 min manat olmuşdur.

Nəqliyyat müəssisələri tərəfindən görülmüş iş və xidmətlərin həcmi keçən ilin müvafiq dövrünə nisbətən 31,1 faiz artaraq, 419 miyon 64 min manat, rabitə müəssisələri tərəfindən görülmüş iş və xidmətlərin həcmi isə 11,7 faiz artaraq, 27 milyon 881 min manat olmuşdur.

Hesabat ilində rayon üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 685 milyon 954 min manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 401 milyon 161 min manat olmuşdur.

Hesabat dövründə rayon üzrə bir nəfərə düşən əmtəə dövriyyəsinin həcmi 3127 manat olmuşdur.

2012–ci ildə rayonda orta aylıq əməkhaqqı ötən illə müqayisədə 8,3 faiz artaraq, 423,1 manat olmuşdur.

Ötən il Nəsimi Rayon Məşğulluq Mərkəzinə iş axtaran vətəndaş kimi müraciət etmiş 3991 nəfərdən 906 nəfərinin daimi işlə təmin olunmasına köməklik göstərilmiş, 76 nəfər iş axtaran vətəndaşa işsizlik statusu verilərək, onlardan 54 nəfərə orta aylıq əməkhaqqı, 22 nəfərə isə minimum əməkhaqqı məbləğində müavinət təyin edilmişdir.

“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün müəssisə və təşkilatlarda kvota üzrə müəyyən olunmuş xüsusi iş yerlərinə 2012–ci il ərzində 124 nəfər işlə təmin olunmuşdur ki, onlardan 3 nəfər əlil, 46 nəfər məcburi köçkün, 41 nəfər çoxuşaqlı qadın, 14 nəfər əlil uşaqları tərbiyə edən qadınlar, 20 nəfər isə 20 yaşadək gənclər olmuşdur.

2012–ci ildə istehlakçıları fasiləsiz və etibarlı enerji ilə təmin etmək məqsədilə “BAKIELEKTRİKŞƏBƏKƏ” ASC Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən 18 ədəd transformator məntəqəsi əsaslı təmir edilmiş, 7210 metr 6/10 kv–luq, 111 min 317 metr müxtəlif markalı 0,4 kv–luq kabel xətləri dəyişdirilmiş, 537 ədəd elektrik dayağının quraşdırılması zamanı 40190 metr müxtəlif markalı kabel istifadə olunmuşdur.

Sərf olunan enerji haqlarının yığımı 2012–ci ildə 31,2 milyon manata çatdırılaraq, 103 faiz olmuşdur ki, bu da 2011–ci illə müqayisədə 3 faiz artım deməkdir.

“BAKIŞƏHƏRİŞIĞI” Elektrik şəbəkə müəssisəsinin Nəsimi texniki istismarı sahəsi tərəfindən 2012–ci ildə bütövlükdə 83 elektrik dirəkləri dəyişdirilmiş, 304 ədəd çıraqlar yenisi ilə əvəz edilmiş, 33 məhəllədaxili elektrik xətləri təmir olunmuş, ümumilikdə rayon ərazisində müxtəlif markalı 13226 metr kabel dəyişdirilmişdir.

Hesabat ilində təbii qazın qəbulu, paylanması və istehlakı zamanı yaranan itkilərin azaldılması, uçotun dəqiq aparılması, qaz təchizatının yaxşılaşdırılması üçün “Azəriqaz” İstehsalat Birliyi tərəfindən mexaniki qaz sayğaclarının “Smart–kart” tipli sayğaclar ilə əvəz olunması işləri davam etdirilmiş, il ərzində 12952 ədəd mexaniki qaz sayğacı “Smart–kart” tipli sayğac ilə əvəz olunaraq, istismara verilmiş və müxtəlif diametrli 13523 metr qaz kəməri çəkilmişdir. Qaz İstismar Sahəsi 2012–ci il ərzində istehlakçılara ümumi olaraq 9 milyon 856 min 882 manat dəyərində təbii qaz satmış, ümumi satışın 98,4 faizi ödənilmişdir.

2012–ci ildə Nəsimi rayon Su Kanal Departamenti tərəfindən əhali sektoru üzrə 4351, qeyri–əhali sektoru üzrə isə 1580 ədəd yeni su sayğacı quraşdırılmışdır.

Abonentlərin su sayğacı ilə təmin edilməsi ümumilikdə 70,5 faiz, əhali üzrə 71,6 faiz, qeyri–əhali üzrə 59,2 faiz təşkil edir. Bu isə 2011–ci ilin müvafiq dövrünə nisbətən 2351 ədəd və ya 74,3 faiz artıqdır.

İl ərzində rayon ərazisində istismar müddəti başa çatmış 15700 poqonmetr magistral su kəmərləri, müxtəlif diametrə malik 550 poqonmetr kanalizasiya şəbəkəsi, istismara yararsız 36 ədəd quyu təmir edilmiş, 22 ədəd yeni yağış barmaqlıq quraşdırılmışdır.

Hesabat ilində “Azəristiliktəchizat” ASC 1 saylı İstilik Sistemlərinin İstismarı Sahəsi tərəfindən 323 yaşayış binasından 198–i, 18 ümumtəhsil tam orta məktəb, 11 körpələr evi–uşaq bağçası, 6 səhiyyə obyekti və 22 digər təyinatlı obyektlər istilik enerjisi ilə təmin olunmuşdur.

Payız–qış mövsümünə hazırlıqla əlaqədar bütün istilik məntəqələrində və məhəllədaxili qazanxanalarda avadanlıqların təftiş və təmir işləri aparılmış, 5–ci mikrorayonda A.Məhərrəmov 15, 22, 24, 28, 30 və 1–ci mikrorayon Cavadxan küçəsi 11, A.Məhərrəmov 21, 23 saylı yaşayış binalarının məhəllədaxili istilik xətləri, Kazımovski 31, Cavadxan 70 və Mir Qasımov 2 ünvanında istilik xətləri və aşağı paylayıcı istilik xətləri əsaslı təmir olunmuşdur.

2012–ci ildə Nəsimi rayonunda genişmiqyaslı abadlıq, yenidənqurma və yaşıllaşdırma işləri aparılmışdır.

Belə ki, H.Seyidzadə, 20 Yanvar, Cavadxan, S.Vurğun küçələri, Vaqif, Azadlıq, Tbilisi prospektlərində, rayonun mikrorayon ərazisindəki məhəllələrdə, mövcud park və bağlarda ümumilikdə 10.000–ə yaxın ağac və gül kolları əkilmiş, rayon ərazisində yeni–yeni yaşıllıq zolaqları salınmışdır. Rayon icra hakimiyyəti tərəfindən 10 həyət müəyyənləşdirilərək həmin həyətlərdə təmir–abadlıq və yenidənqurma işləri aparılmış, S.Vurğun, R.Behbudov, Bakıxanov, H.Ələsgərov, Mərdanov Qardaşları küçələrində, Vaqif , Azadlıq və Tbilisi prospektlərində səkilərə tamet plitələr döşənməsi işləri davam etdirilmiş, ayrı–ayrı ünvanlarda bordürlər dəyişdirilmiş, yol kənarlarında ağaclar və dekorativ kollar əkilmişdir.

Azadlıq prospekti ilə S.Rəhimov küçələrinin kəsişməsində sahəsi 5115 kvadratmetr olan yeni park salınmış, R.Behbudov və Bakıxanov küçələrinin kəsişməsində yerləşən Təcili Yardım Mərkəzinin qarşısında sahəsi 1800 kvadratmetr olan parkda yenidənqurma və abadlıq işləri aparılaraq istifadəyə verilmişdir.

3 dekabr 2009–cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalq qəhrəmanı Koroğluya abidə ucaldılması ilə bağlı sərəncam imzalamışdır. Görülən işlərin miqyasını və əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev 2010–cu il dekabrın 24–də Koroğlunun abidəsinin ucaldılması ilə əlaqədar bəzi tədbirlər haqqında daha bir Sərəncam imzalamışdır. Ötən il abidənin açılış mərasimi olmuş, mərasimdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər.

Hündürlüyü 23 metr olan abidənin yerləşdiyi parkda geniş abadlıq və yaşıllaşdırma işləri aparılmış, ümumi sahəsi 1,3 hektar olan parkın 4620 kvadratmetrlik ərazisinə qranit plitələr döşənmiş, əhalinin istirahəti üçün hər cür şərait yaradılmışdır.

2012–ci ildə Nəsimi Rayon İcra Hakimiyyətinin yeddi mərtəbədən ibarət müasir tələblər səviyyəsində inşa edilmiş yeni inzibati binası istifadəyə verilmişdir. Ümumi sahəsi 5000 kvdratmetr olan bina bütün lazımi avadanlıqlar və sistemlərlə təchiz edilmişdir. Müasir memarlıq üslubunda yüksək zövqlə inşa olunmuş binanın interyeri Azərbaycanın zəngin təbiətini əks etdirən fotolarla bəzədilmişdir. Binadakı otaqların hamısı müasir səviyyədə qurulmuş, müasir standartlar səviyyəsində 300 yerlik akt zalı, 100 yerlik müşavirə zalı, operativ idarəetmə mərkəzi, arxiv, rabitə otaqları, yeməkxana və 25 avtomobillik yeraltı qaraj yaradılmışdır. Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulmuş, Azərbaycanın dövlət rəmzlərinin əks olunduğu stendlər, elektron idarəetmə və məlumat bazası yaradılmışdır. Binanın yerləşdiyi ərazidə və yaxınlıqdakı parkda yenidənqurma işləri həyata keçirilmiş, ümumi sahəsi 6760 kvadratmetr olan parkın 4560 kvadratmetr ərazisi tamamilə yenidən qurulmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2012–ci ilin “İdman ili” elan edilməsi ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da bir sıra tədbirlər həyata keçirilmişdir. “İdman ili” nin yekunu kimi Nəsimi rayonu 4–cü mikrorayon ərazisində inşasına ilin əvvəlində başlanılmış, idman meydançası və park istifadəyə verilmişdir. Ən müasir standartlara cavab verən idman meydançasında idmanın futbol, voleybol, basketbol, qaçış və s. növləri ilə məşğul olmaq üçün hər cür şərait yaradılmışdır. Burada müasir işıqlandırma sistemi və 500–dən çox tamaşaçı tutumu olan tribunalar qurulmuşdur. İdman meydançasının yaxınlığında bir hektara yaxın ərazidə yeni istirahət parkı inşa edilmiş, parkda geniş yaşıllıq zolaqları yaradılmış, 1500–dən çox ağac, gül kolları və dekorativ kollar, 3000 kvadratmetrdən artıq sahəyə qazon əkilmişdir. Parkda 2500 kvadratmetr sahəyə milli ornamentlərə uyğun daş plitə döşənmiş, müasir işiqlandırma sistemi quraşdırılmış, rahat oturacaqlar, müxtəlif uşaq oyun elementləri yerləşdirilmişdir. Bununla yanaşı, idman meydançası və parkın yaxınlığında yerləşən yaşayış binasının həyətində abadlıq işləri görülmüş, ağaclar əkilmiş, yeni işıqlandırma sistemi yaradılmışdır.

Ötən il Bülbül prospektində görkəmli opera müğənnisi, Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışı olmuş, abidənin ətrafında geniş abadlıq və quruculuq işləri aparılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev abidənin açılışında iştirak etmişdir.

2012–ci ildə aparılan təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmaq, başa çatdırılmış tikintilərin açılış mərasimlərində iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 5 dəfə rayonda olmuşdur.

Hazırda 2–ci mikrorayonda yerləşən “Heydər Parkı”nda, Cavadxan küçəsindəki (“Moskva” ticarət mərkəzinin qarşısındakı ərazidə) parkda abadlıq və yenidənqurma işləri davam etdirilir.

Rayon mənzil kommunal təsərrüfatı birliyi tərəfindən ümumilikdə, 6032 metr dam örtüyü təmir edilmiş, 1354 poqonmetr ventilyasiya kanalları və tüstü bacaları təmizlənmiş, 265 ədəd giriş qapılarının təmiri həyata keçirilmiş, 617 metr ümumi istifadə yerləri şüşələnmiş, 853 poqonmetr su axıdıcı və 1954 poqonmetr su borularının təmiri aparılmış, yaşayış binalarının keyfiyyətli istiliklə təmin olunması üçün 1667 poqonmetr istilik boruları yeniləri ilə əvəzlənmişdir.

Hesabat ilində rayonda 29 tam orta məktəb, 2 xüsusi məktəb, H.Əliyev adına müasir Təhsil Kompleksi, Bakı Slavyan Universitetinin nəzdində məktəb–lisey kompleksi, Atatürk liseyi və 7 məktəbdənkənar tərbiyə müəssisəsi, 47 körpələr evi–uşaq bağçası fəaliyyət göstərmişdir.

2011–2012–ci tədris ilində ümumtəhsil məktəblərini 1971 şagird bitirmiş, onlardan 1227 nəfəri ali məktəblərə daxil olmuşdur. Abituriyentlərdən 34–ü 600–dən , 14–ü isə 650–dən yuxarı bal toplamış, 1 nəfəri isə Prezident təqaüdünə layiq görülmüşdür. 650–dən yuxarı bal toplayan abituriyentlər rayon icra hakimiyyətində qəbul edilmiş, qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Fərəhləndirici haldır ki, 2011–2012–ci tədris ilinin nəticələrinə görə, Azərbaycan Respublikası Prezidentinin “İlin ən yaxşı ümumtəhsil məktəbi” və “İlin ən yaxşı müəllimi” mükafatlarının təsis edilməsi haqqında Sərəncamı ilə rayonun 3 tam orta məktəbi “İlin ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülmüş, rayon müəllimlərindən 15 nəfər “İlin ən yaxşı müəllimi” nominasiyası üzrə müsabiqənin qalibi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2012–ci il noyabr ayının 8–də Nəsimi rayonu 1 saylı tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur. Məktəbin müxtəlif fənn kabinələri və laboratoriyaları tədris üçün lazım olan bütün əyani vasitələr və avadanlıqla təchiz edilmiş, informatika sinfində ən müasir kompyuter dəstləri quraşdırılmış, akt zalı və kitabxana müasir standartlar səviyyəsində təmir edilmişdir. Dövlət Proqramına əsasən məktəbdə əlavə 10 sinif otağının inşa olunması da nəzərdə tutulur.

Ötən il məktəblərin maddi–texniki bazası daha da möhkəmlənmiş, ümumtəhsil məktəblərində vahid məktəbli formasının tətbiqi ilə bağlı işlər başa çatdırılmışdır.

2012–ci ildə Nəsimi rayonunda 11 xəstəxana, o cümlədən 2 elmi–tədqiqat institutu, 9 poliklinika, 2 qadın məsləhətxanası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası və 1 körpələr evi fəaliyyət göstərmişdir.

Ə.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasının həyətində tikilən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusunda tikinti–quraşdırma işləri davam etdirilir.

Elmi–Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda əsaslı təmir işləri aparılır.

İl ərzində küçə ticarətinin ləğvi istiqamətində bir sıra tədbirlər görülmüş, rayon ərazisində qanunsuz ticarət aparılmasının və xidmət göstərilməsinin qarşısının alınması üçün gündəlik tədbirlər həyata keçirilmiş və bu halların qarşısı vaxtında alınmışdır.

2012–ci ildə Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən hərbi vətənpərvərliklə bağlı “Şahin” və “Cəsurlar” hərbi idman oyunları, gənclərin asudə vaxtlarının səmərəli təşkili, milli adət–ənənələrin qorunması və s. mövzularda bir sıra tədbirlər və idman yarışları keçirilmişdir.

2012–ci ildə Dövlət Sosial Müdafiə Fondu Nəsimi rayon şöbəsində 24933 nəfər pensiyaçı və müavinət alan vətəndaşlara xidmət göstərilmişdir ki, bunlardan 17284 nəfəri yaşa görə, 5451 nəfəri əlilliyə görə, 2198 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alan pensiyaçılardır. Ümumi pensiyaçılardan 19672 nəfəri işləməyən, 5261 nəfəri isə işləyən pensiyaçılardır.

2012–ci ildə pensiyaların ödənilməsi üçün 54 milyon 138 min manat vəsait xərclənmişdir ki, bu da ötən ilin müvafiq dövründən 7 milyon 434 min manat və yaxud 15,9 faiz çoxdur. Həmin vəsaitin 51 milyon 810 min 500 manatı Respublika Fondundan köçürülmüş, qalan hissəsi isə yerli sığorta edənlərdən toplanmışdır.

Rayonda məskunlaşmış məcburi köçkün ailələrinin məişət və kommunal xidmətləri, məskunlaşdığı yerlərdə rastlaşdıqları çətinliklərlə əlaqədar yazılı və şifahi müraciətləri daim rayon icra hakimiyyətinin diqqət mərkəzində olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2007–ci il tarixli, 2292 saylı Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrası məqsədilə rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda ciddi daxili nəzarət mexanizmi tətbiq edilmiş, rayon icra hakimiyyəti və struktur bölmələrinin səlahiyyətlərinin dəqiqləşdirilməsi, onların fəaliyyətində şəffaflığın artırılması, təkrarçılığın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idarəetmənin daha çevik və operativ təşkil olunması, vətəndaşların müraciətlərinə daha intensiv reaksiya verilməsi, tapşırığını rəhbər tutaraq və cənab Prezidentin 648 nömrəli, 06.06.2012–ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 5–ci maddəsinə uyğun olaraq, Nəsimi rayonu ərazisində 3 Sahə İnzibati Ərazi Dairəsinin (1, 2 və ə nömrəli) yaradılmış, onların normal fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılması işləri davam etdirilir.

Ötən il Nəsimi Bələdiyyəsinin fəaliyyətində müsbət irəliləyiş əldə edilmiş, bələdiyyənin büdcəsi əvvəlki illərlə müqayisədə artmışdır. Rayon bələdiyyəsi yerli əhəmiyyətli bir sıra məsələlərin həllində icra hakimiyyətinin əlaqələndirmə şurası ilə birgə fəaliyyət göstərmişdir. Qeyd etmək lazımdır ki, mövcud imkanlardan istifadə edərək, bələdiyyə büdcəsinin artırılması istiqamətində Nəsimi Bələdiyyəsi öz fəaliyyətini daha da gücləndirməli, bu sahədə əsaslı dönüş yaratmalıdır.

İl ərzində Nəsimi Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın 26 iclası keçirilmiş, keçirilmiş iclaslarda rayonun sosial–iqtisadi vəziyyəti müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilərək, əhalinin şikayət və təklifləri şuranın qərarlarında və rayon icra hakimiyyəti başçısının sərəncamlarında nəzərə alınmışdır.

2012–ci ildə Nəsimi Rayon İcra Hakimiyyəti başçısı aparatına 2078 ərizə və şikayət, onlardan 1101–i yuxarı və müxtəlif təşkilatlardan, 977–si vətəndaşlardan daxil olmuşdur.

Ərizə və müraciətlərin əksəriyyəti əsasən mənzillə təmin olunma, torpaq sahəsinin ayrılması, qanunsuz tikililərin sənədləşdirilməsi, Bakı şəhərinin baş planına uyğun olaraq, aparılan söküntü işləri ilə bağlı, maddi köməklik göstərilməsi, kommunal problemlərlə və digər məsələlərlə əlaqədar olmuşdur.

İl ərzində 45 səyyar qəbul keçirilmiş, qəbullarda 263 nəfər vətəndaşın problemləri ilə yerində tanış olunmuş və onların müsbət həll edilməsi üçün operativ tədbirlər görülmüş, 3 nəfərin məsələsi isə aidiyyatı orqanlara göndərilmişdir.

İl boyu respublikamızda qeyd edilən tarixi günlər və bayramlar rayonumuzda da geniş qeyd edilmiş, bayram günlərində rayonun aztəminatlı və sosial qayğıya ehtiyacı olan ailələrinə rayon icra hakimiyyəti tərəfindən maddi köməkliklər edilmişdir.

Ötən il rayon icra hakimiyyətində mütəmadi olaraq əlillər, şəhid ailələri və digər kateqoriyadan olan vətəndaşlar qəbul edilmiş, qaldırdıqları məsələlərə diqqətlə yanaşılmışdır.

Əminliklə qeyd etmək olar ki, 2013–cü ildə Nəsimi rayonunda inkişafın özünəməxsus modeli yaranacaq, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr uğurla icra olunacaq, inkişaf tempi davam etməklə, insanların həyat tərzi maksimum səviyyəyə çatdırılacaqdır.

 

 

Qədir ASLAN

 

Respublika.- 2013.- 14 fevral.- S. 3.