Dəmiryolçular ötən ili uğurla başa vurublar

 

Respublikamız ildən–ilə ictimai–siyasi, sosial–iqtisadi və mədəni quruculuq sahəsində əldə etdiyi nailiyyətlərlə bərabər, müəyyən çətinliklərlə, problemlərlə qarşılaşsa da, ümummilli lider Heydər Əliyevin iqtisadi–siyasi kursunu uğurla davam etdirir, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləyir. Çünki Azərbaycan Dünya Birliyinin ayrılmaz tərkib hissəsində öz yerini, öz çəkisini müəyyən etdikcə, dinamik iqtisadi inkişaf gücü artdıqca nüfuz dairəsi də genişlənir.

Təsadüfi deyil ki, respublika Prezidenti cənab İlham Əliyev yanvarın 15–də Nazirlər Kabinetinin 2012–ci ilin sosial–iqtisadi inkişafının yekunlarına və 2013–cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində 2003–cü ildə müəyyən edilmiş 10 illik inkişaf planının hər bir ilini əldə olunan nailiyyətlərə görə uğurlu illər adlandırmış, 2013–cü il də daxil olmaqla proqramda müəyyən edilmiş bütün vəzifələrin vaxtında təmin ediləcəyini bildirmişdir.

Bu baxımdan respublikada nəqliyyat sisteminin əsas aparıcı qollarından biri olan dəmir yolunun ilbəil sürətli inkişafı ölkə Prezidentinin 6 iyul 2010–cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010–2014–cü illərdə inkişafına dair Dövlət Proqramı”nda qarşıya qoyduğu müddəalara əsaslanır.

Bu inkişaf proqramına əsasən 2012–ci ildə də nəqliyyat və tranzit potensialının genişləndirilməsi məqsədilə Bakı–Tbilisi–Qars dəmir yolunun tikintisi davam etdirilmişdir.

Bu gün dünyada baş verən hadisələrin müəyyən iqtisadi–siyasi tənəzüllə bağlı olduğunu nəzərə alsaq qətiyyətlə deyə bilərik ki, həmin hadisələr respublikamızın son illərdə sürətli iqtisadi, mədəni inkişafına heç bir təsir göstərməmişdir.

Çoxtəyinatlı sahələrə yönəldilmiş dövlət proqramları ilə birlikdə dəmir yolunun inkişafı üçün təsdiq edilmiş 2010–2014–cü illər Dövlət Proqramı da təyinatı üzrə icra edilir.

Ümumiyyətlə, 2012–ci il dəmiryolçular üçün hansı əlamətdar hadisələrlə yadda qalıb. Kollektiv qarşıya qoyulan tapşırıqları və planları əməli surətdə yerinə yetirə bilibmi?

Əməkdaşımız bu və digər suallara aydınlıq gətirmək üçün “Azərbaycan Dəmir Yolları” QSC–nin sədri Arif Əsgərovla görüşüb söhbət etmişdir.

Arif Əsgərov 2012–ci ilin istehsalat və maliyyə–təsərrüfat fəaliyyəti barədə demişdir:

—Əvvəla onu deyim ki, dəmiryolçular ötən ili, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010–2014–cü illərdə inkişafına dair Dövlət Proqramı”nda qarşıya qoyulan müddəalara əsaslanaraq yüksək göstəricilərlə başa vurublar.

Belə ki, dəmiryolçular 2012–ci il ərzində QSC–nin stansiyalarından 13,9 milyon ton yük göndərmişlər. Bunlardan 9,1 milyon ton yük neft və neft məhsulları olmuşdur. Tranzit nefti isə 5,0 milyon ton təşkil etmişdir. Ötən il ərzində ümumi yük daşımalarının həcmi 23,1 milyon tona çatmışdır.

Eyni zamanda daxili daşımalar 5,0 milyon ton, ixrac 4,0 milyon ton, idxal 6,7 milyon ton tranzit 7,6 milyon ton olmuş, ümumi yük dövriyyəsi isə 8,2 milyard ton kilometr təşkil etmişdir.

Bu rəqəm daxili daşımalar üzrə 1,5 milyard ton–kilometr, ixrac 1,6 milyard ton–kilometr, idxal 1,8 milyard ton–kilometr, tranzit daşımalar isə 3,6 milyard ton–kilometr olmuşdur. Bütün bunların müqabilində ötən il yolun stansiyalarından 2,6 milyon nəfər sərnişin göndərilmişdir. Yol üzrə sərnişin daşımaları isə 2,7 milyon nəfər təşkil etmiş, birbaşa əlaqə 305,1 min nəfər, yerli əlaqə 1,3 milyon nəfər olmuşdur.

Ümumi sərnişin dövriyyəsinə gəldikdə bu rəqəm 591,3 milyon sərnişin–kilometr təşkil etmiş, vaqonun sərnişin sıxlığı 18,5 nəfər olmuşdur. Yük vaqonun dövriyyəsi 2011–ci ilin müvafiq dövrü ilə müqayisədə 4,6 gün təşkil etmişdir.

Ötən il Dəmir Yolu QSC–nin ümumi gəliri 222,7 milyon manat olmuşdur ki, bunun 207,7 milyon manatı yük daşımalarından, 15,0 milyon manatı sərnişin daşımalarından əldə edilmişdir. Ümumiyyətlə ötən il dəmir yolunda görülmüş iş və xidmətə çəkilmiş xərclər 198,0 milyon manat təşkil etmişdir. Mənfəət isə 24,7 milyon manat olmuşdur. Bunun, yəni ümumi gəlirin 68,7 milyon manatı işçilərin əmək haqlarının ödənilməsinə, 14,2 milyon manatı sosial müdafiə fonduna, 7,5 milyon manatı dövlət büdcəsinə hesablanmış müxtəlif növ vergilərin ödənilməsinə, 36,2 milyon manatı, istifadə olunan elektrik enerjisinə, yanacaq və su haqlarının ödənilməsinə, 43,1 milyon manatı isə müxtəlif tapşırıqlara sərf edilmişdir.

Ötən il yol təsərrüfatında 132,4 kilometr yol əsaslı təmirdən keçmiş, 38 dəst yoldəyişən qurğuların metal hissələri, 25 dəst yoldəyişən qurğuların tirləri, 92,0 kilometr yolda isə calaqsız relslər qoşulmuşdur. 3,3 kilometr yolda qoyulan yarım–yararlı relslər, 46 ədəd çarpaz, 1242 dəst izolyasiya detalları və yoldakı 63500 ədəd yararsız şpallar müxtəlif istiqamətlərdə yenisi ilə əvəz edilmişdir. Nəticədə qısa vaxt ərzində 154,0 kilometr yolda qatarların sürəti artırılmış, nasazlığa görə bağlı olan 5 stansiyanın qəbul göndərmə yolları qatarların hərəkəti üçün tam bərpa olunmuşdur.

Keçidlərdə hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə 36 keçiddə döşəmələr, 5 keçiddə növbətçi binası əsaslı təmir edilmiş və yol nişanları dəyişdirilmişdir.

Eyni zamanda RM–80 ballast təmizləyən maşınla 127,9 kilometr yolda ballast təmizlənmiş, CSM yoldüzəldən maşınla 401,0 kilometr və USP ballast təmizləyən yol maşını ilə 232,3 kilometr yol düzəldilmişdir.

İşarəvermə və rabitə təsərrüfatı üzrə Sumqayıt, Hacıqabul, Malay və Səngəçal stansiyalarındakı KTSM qurğularının normal işini təmin etmək məqsədilə 16 ədəd balometr, 10 ədəd PMB–56 tipli maqnit pedalı 18 ədəd elektron pedal, 28 ədəd modul, 5 ədəd kamera və 2 ədəd HARD diskləri yenisi ilə əvəz edilmişdir.

Qatarların təhlükəsiz hərəkətinə nəzarət edən KTSM qurğularının normal işini təmin etmək üçün Hacıqabul və Sumqayıt stansiyalarının tək və cüt istiqamətlərində 460 metr ZLM–4×1 tipli kabel, Biləcəri stansiyasında isə təpə sahəsində vaqon yavaşıdıcılarının 17 ədəd şini dəyişdirilmişdir. Bunlardan başqa, qatarların təhlükəsizliyini təmin etmək məqsədilə buksların qızmasını aşkar edən 4 dəst KTSM–0,2 tipli PONAB cihazları alınmışdır. Bunlardan 2 dəsti Puta stansiyasının tək və cüt istiqamətində quraşdırılaraq istismara verilmiş, əlavə 2 dəst isə Ələt stansiyasının cüt və tək istiqamətində quraşdırılması üçün məntəqələrin tikintisi davam etdirilir. Qatarların təhlükəsiz hərəkətini təmin etmək üçün 82 ədəd yoldəyişənlərin elektrik intiqalları təmir edilib dəyişdirilmiş 5 ədədi isə yenisi ilə əvəz edilmişdir.

Şirvan, Tağıyev, Gəncə, Hacıqabul, Yevlax, Biləcəri və başqa stansiyalarda 7788 metr SPBU tipli İMB kabeli, 9180 metr rabitə məftili və yeri rabitə şəbəkəsində Qala, Binə, Əhmədli, NBNZ və başqa stansiyalarda 6812 metr TPP–10X2, TPP–50×2 və TPP–20×2 tipli kabel dəyişdirilmişdir. Ümumiyyətlə 2012–ci il ərzində 4987 metr magistral analoq rabitə kabelləri yeniləşdirilmişdir.

Keçidlərdə hərəkətin təmin edilməsi məqsədilə Biləcəri stansiyasında 2 keçiddə avtoşlaqbaun, Heybət stansiyasında isə 1 keçiddə siqnalizasiya quraşdırılaraq istismara verilmişdir.

Elektrik təchizatı təsərrüfatında qatarların təhlükəsiz hərəkətini təmin etmək üçün şöbənin təsərrüfatlarında elektrik qurğularının və müəssisələrin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi istiqamətində də müəyyən işlər görülmüşdür. Belə ki, ötən il ərzində nəzərdə tutulmuş elektrik avadanlıqlarının əsaslı təmiri və elektrik qurğularının etibarlılığını gücləndirmək üçün nəzərdə tutulmuş tədbirlər planı tam yerinə yetirilmişdir. Elektrik təchizatı qurğularında istismarın gedişi daimi nəzarətdə saxlanılmışdır. Kontakt şəbəkəsində 65 ədəd zərərli dayaq, 2,9 kilometr yeyilmiş kontakt naqili, 3,9 kilometr aparıcı tros, 4759 ədəd zədəli izolyator yenisi ilə əvəz edilmişdir. Avtobloklama xəttində 73 ədəd zədəli dayaq, 28,0 kilometr korroziyaya uğramış məftil, 52 ədəd RLND–10 tipli ayrıcı 1479 ədəd zədəli izolyator, 64 ədəd “OM” tipli transformator, 208 ədəd travers 44,3 kilometr yüksək və 4,1 kilometr alçaq gərginlikli xətdə olan naqillər dəyişdirilmişdir.

Bakı–Biləcəri sahəsinin elektrikləşdirilməsini gücləndirmək üçün Keşlə dartı yarımstansiyasından 33/10 kilovoltluq paylayıcı qurğu, güc transformatoru, 2 ədəd yağ açarı və ikinci komputasiya, Güzdək dartı yarımstansiyasında isə 1 ədəd NTİM–10 tipli gərginlik transformatoru quraşdırılmışdır. Eyni zamanda Biləcəri dartı yarımstansiyasında 2 saylı düzləndirici aqreqatı təmir edilərək istismara verilmiş, dartı yarımstansiyasından çıxan 10 kilovoltluq yan xəttin traversləri, izolyatorları və 1500 metr AS–50 tipli 20 kilometr uzunluğunda məftil dəyişdirilmişdir.

Goran dartı stansiyasında 1 ədəd TDN–10–110/10 tipli 10 MVA gücündə olan transformator təmir edilərək istismara verilmiş, 1 ədəd 3,3 kilovoltluq tez təsirlənən VAB–43 avtomatı təmir edilmiş və paylayıcı qurğunun nəzarət kabelləri dəyişdirilmişdir.

Ləki dartı stansiyasında 2 saylı 10 kilovotluq paylayıcı qurğu təmir edilib istismara verilmişdir. Bundan əlavə 5 ədəd RLMD–10 tipli ayrıcı, 12 ədəd ST–190 tipli akkumilyator batareyası quraşdırılmış və 80 metr nəzarət kabeli dəyişdirilmişdir.

Nəvahi dartı yarımstansiyasında 10 kilovoltluq xəttin 65 metr yüksək gərginlikli kabeli, Hacıqabul dartı yarımstansiyasında xüsusi sərfiyyat transformatorunun 85 metr yüksək gərginlikli kabeli və 60 metr nəzarət kabeli dəyişdirilmişdir.

Ucar dartı yarımstansiyasında 1 ədəd TDN–20–110/10 tipli MVA gücündə olan transformator və Müsüslü dartıyarımstansiyasında 1 ədəd TDN–10–110/1 tipli transformatorlar quraşdırılmışdır.

Qaradağ–Puta və Səngəçal–Qaradağ mənzilinin yan xətlərində təmir işləri aparılmış, 20 kilometr AS–50 tipli məftil dəyişdirilmişdir. Böyük–Şor–Bakıxanov mənzilinin tək yolunda 26 ədəd qəzalı kontank şəbəkə dayağı və 10 ədəd 10 kilovoltluq traveslər yeni dayaqlara köçürülmüş, qəzalı dayaqlar çıxarılmışdır.

Sumqayıt stansiyasında yeni tikilən körpü ilə əlaqədar 1 ədəd rigel dəyişdirilmiş 3 ədəd kontakt şəbəkə dayağı qoyulub montaj edilmişdir.

Salyan stansiyasında Rels Qaynaq Qatarı müəssisəsini fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün yeni 3,5 kilometr uzunluğunda 10 kilovoltluq elektrik xətti çəkilmişdir.

Qaragünə və Şirvan çeşidləmə stansiyalarında yeni KTM–160 tipli komplekt transformator məntəqəsi quraşdırılıb istismara verilmişdir. Ötən il ərzində yol üzrə elektrik enerjisinin sərfiyyatı 389,3 milyon kilovat–saat olmuşdur.

Ötən il dəmir yolu ilə yük daşımaların həcminin artırılması və idarəetmənin təkmiləşdirilməsi istiqamətində bir sıra məqsədyönlü işlər görülmüşdür.

Bu baxımdan Sumqayıt stansiyasının müasir standartlara cavab verən yeni inzibati binası inşa edilmiş, istilik və su sistemləri çəkilmiş bütün iş otaqları yeni mebel və avadanlıqla təchiz edilmişdir.

2012–ci ilin mart ayında Vətəqə stansiyasının yeni inzibati binasının tikintisinə başlanmış və qısa zaman ərzində tikinti işləri başa çatmışdır.

Yeni inşa edilən binada sərnişinlər üçün gözləmə zalı, 8 iş otağı, mətbəx, bufet istifadəyə verilmiş, iş otaqlarına, mebel və zəruri avadanlıqlar qoyulmuş, müasir istilik sistemi quraşdırılmışdır. Eyni zamanda Dəllər stansiyasının inzibati binası əsaslı təmir edilmişdir. Horadiz stansiyasında isə vağzal binası müasir memarlıq üslübünda tamamilə yenidən qurularaq istifadəyə verilmişdir.

Bunlardan başqa Qazax, Ağstafa, Tovuz, Ucar, İmişli, Horadiz, Salyan, Saatlı, Cəlilabad, Daşburun və Astara stansiyalarının inzibati binaları da əsaslı təmir edilmiş, sərnişin platformasında bərpa işləri aparılmışdır. Ötən dövr ərzində qatarların hərəkətinin avtomat nəzarət sistemi vasitəsilə izlənməsi üçün 60 elektrovoza GPS avadanlığı quraşdırılmış və qurğuların dispetçer mərkəzində quraşdırılması elektron vektor xəritədə izlənməsi üçün müstəqil GTTS mərkəzinin təsisi və proqram təminatı həyata keçirilmişdir.

Onu da qeyd edim ki, Lokomotiv təsərrüfatında da daxili imkanlar hesabına bir sıra işlər görülmüşdür. Belə ki, ötən il 19 ədəd elektrovoz və 5 ədəd manev teplovozu 3–çü həcmli cari təmirindən keçirilərək istismara verilmişdir. Dövlət büdcəsindən ayrılmış vəsait hesabına isə 9 ədəd VL–10 seriyalı elektrovoz Litva respublikasından alınmış, 4 ədəd VL–11 və 9 ədəd VL–10 seriyalı elektrovozlar Rusiya Federasiyasında əsaslı bərpa təmir edildikdən sonra respublikaya gətirilmiş, istismara verilmişdir. Eyni zamanda Dövlət büdcəsindən ayrılmış vəsait hesabına 4 ədəd ÇME–3 seriyalı teplovozlar Slovakiyanın “BEST QAS” şirkətinə, 3 ədəd 2TE10M seriyalı magistral teplovozları isə Ukrayna Respublikasının Poltava teplovoz təmiri zavoduna əsaslı bərpa təmirinə göndərilmişdir. Teplovoz əsaslı bərpa–təmir olunduqdan sonra respublikaya gətirilmiş və istismara verilmişdir.

Ümumiyyətlə, 2012–ci il ərzində Bakı lokomotiv deposunda elektrovozlar üçün 72 ədəd TL–2K1, 113 ədəd NB–406, 13 ədəd URT–110 tipli dartı mühərrikləri, 152 ədəd NB–431, 88 ədəd NB–430 və 3 ədəd TB–430 tipli köməkçi elektrik maşınları, 21 ədəd TL–2K1, 40 ədəd NB–406 tipli dartı mühərriki lövbərləri, 2 ədəd NB–430 tipli və 3 ədəd TL–110 tipli köməkçi maşınları lövbərləri əsaslı və cari təmir edilərək lokomotivlərə quraşdırılmışdır. Bunlardan başqa, 48 ədəd 2TE–10 M seriyalı teplovozlara 141 ədəd VL–8 və 80 ədəd VL–11 seriyalı teplovozlara aid təkər çütlərinin bandajları və oxları dəyişdirilib defektoskopiyadan keçirilərək istismara verilmişdir.

Vaqon təsərrüfatı üzrə 2893 ədəd yük vaqonu depo təmirindən, 600 ədəd isə əsaslı təmirdən keçmiş, vaqonların istismar müddətinin artırılması şərti ilə 57 ədəd vaqon əsaslı təmir edilmişdir. Sənaye müəssisələrinə məxsus xüsusi vaqonların depo təmiri 1873 vaqon, əsaslı təmir isə 75 vaqon olmuşdur. Bunlardan 1568 ədədi çən, 380 ədədi isə qeyri–tip vaqonlardır. Ümumiyyətlə ötən dövr ərzində sənaye müəssisələrinə məxsus 22207 müxtəlif növ vaqon cari təmir edilərək istismara verilmişdir. Çən vaqonlarının təmirə və yük altına yuyulub hazırlanması 19072 ədəd təşkil etmiş, konteynerlərin cari təmiri 464, əsaslı təmiri isə 167 konteyner olmuşdur.

Biləcəri vaqon deposu üçün rəqəmsal idarəetmə pultu ilə təchiz edilmiş təkər çütünün diyirlənmə səthinin yonulması üçün Rusiya Federasiyasının “Texnovaqon kompaniyasından 1 ədəd KZTS tipli torna dəzgahı alınmış və quraşdırılıb istismara verilmişdir. Eyni zamanda yük vaqonlarının saz vəziyyətdə saxlanılması və səmərəli istifadə edilməsi üçün Şirvan vaqon deposunda yarımvaqonların alt qapaqlarının təmiri sexinin tikintisi başa çatdırılmışdır. Sexdə 2 ədəd qaynaq makinası və 1 ədə hidravlik sıxıcı dəzgah quraşdırılaraq isismara verilmişdir.

Sərnişin daşıma təsərrüfatında 23 sərnişin vaqonu əsaslı, 206 sərnişin vaqonu depo, 503 sərnişin vaqonu isə cari təmirdən keçmişdir. Sərnişinlərin daşımalara olan tələbatını ödəmək və onlara yüksək səviyyəli xidmət göstərmək üçün Bakı Sərnişin stansiyasında Beynəlxalq Bankın Nəqliyyat filialı tərəfindən quraşdırılmış post terminal vasitəsilə gediş haqqının nağdsız şəkildə plastik kartlarla ödənilməsi üçün yeni proqram təminatı işlənmişdir. Hazırda kassalarda 15 ədəd Postteriminal qurğusu qoyulmuş və gediş haqqı (qatara bilet) sərnişində olan plstik kart vasitəsilə nağdsız aparılır. Bundan əlavə vağzal ərazisində 2 informasiya mərkəzi yaradılaraq lazımi avadanlıqlarla təchiz edilmişdir. Eyni zamanda şəhərimizə gələn qonaqları istiqamətləndirmək məqsədilə ərazidə marşurut göstəriciləri yerləşdirilmiş, vizual informasiya tabloları Azərbaycan və ingilis dilində olmaqla yenidən işlənib hazırlanmışdır.

“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010–2014–cü illərdə inkişafına dair Dövlət Proqramı”nın tədbirlər planı çərçivəsində istismarda olan vaqon parkının sağlamlaşdırılması üçün 50 ədəd istismara yararsız sərnişin vaqonun əsaslı bərpa–təmir edilməsi üçün “Dneprovaqontəmirquraşdırma” ASC–yə göndərilmiş və hazırda əsaslı bərpa təmiri başa çatmış 15 ədəd sərnişin vaqonu respublikamıza gətirilmişdir. Eyni zamanda deponun Texniki Xidmət Məntəqəsində xüsusi mühəndis qurğusu istismara verilmişdir.

2012–ci ildə məlumat—hesablama mərkəzi tərəfindən cəmiyyətin departament, şöbə və idarələrinin kompyuterləşdirilməsində, yerlərdə avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılmasında, operativ kompyüter məlumat mübadiləsinin təşkili və istismar proseslərinin avtomatlaşdırılması istiqamətində bir sıra işlər görülmüşdür.

Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC–nin internet saytı yenidən qurulmuş və dəmir yolu üzrə gündəlik yeniliklərin internet səhifəsi vasitəsiiə izləmək imkanı yaradılmaqla yanaşı bütün istiqamətlərə internetlə onlayn rejimdə sərnişin biletlərinin satış proqramı geniş şəkildə ictimaiyyətə təqdim olunmuş, bütün sərnişin stansiyalarında biletlərin mənzil başına və geriyə satışını təmin edən proqram təminatı tətbiq edilmişdir.

Həmçinin yük vaqonlarının və universal konteynerlərin siyahıya alınması təmin edilmiş, vaqon təmiri müəssisələrinin istismar işlərinin avtomatlaşdırılması üçün müasir texnologiya əsasında yenidən hazırlanmışdır. Ümumiyyətlə, ötən il müasir tipli serverlər və müvafiq şəbəkə proqramları alınaraq sərhəd stansiyaların avtomatlaşdırılmış idarəetmə sistemləri təkmilləşdirilmişdir.

Bu baxımdan Moskva BHM ilə məlumat mübadiləsinin daha operativ və keyfiyyətli aparılması üçün NİOKR proqramına uyğun olaraq yenidən hazırlanmış, infoset 21 sisteminin yeni variantı Mərkəzdə quraşdırılmış və bunun əsasında Moskva və digər qonşu dövlətlərlə operativ məlumat mübadiləsi üçün geniş imkan yaradılmışdır.

Ötən dövr ərzində “Dəmiryolservis” MMC–nin müəssisələri tərəfindən 130,0 kilometr yol əsaslı təmir edilmiş və 92,0 kilometr yolda isə uzunölçülü relslər dəyişdirilmişdir.

Qatarların iş keyfiyyətini yüksəltmək məqsədilə calaqsız uzunölçülü relslərin hazırlanması üçün müəssisədə texnoloji xətt yenidən qurulmuş və modernizasiya edilmişdir. Bunun üçün “Pskovelektrosvar” QSC–dən lazımi avadanlıqlar, dəzgahlar və materiallar alınmışdır.

Dəmir yollarının cari təmiri üçün, Azərbaycan Dəmir yollar QSC–nin daxili imkanları hesabına Rusiya Fedarasiyasından 14639 ədəd ağac şpal, 30 dəst R–651/11 və 6 dəst R–50 1/9 markalı yoldəyişən, 20 ədəd R–65 1/11, 15 ədəd R–50 1/11 və 5 ədəd R–50 1/9 çarpaz, 28 dəst R–65 markalı Çərçivə relsi tiyə ilə 60 700 ədəd D–65 tipli rezin dəmir altı və 7000 ədəd PB–65–1 tipli rezin altlığı alınaraq yol sahələrinə paylanmışdır.

Ötən il “Əsaslı Tikinti və Texniki Nəzarət” MMC “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010–2014–cü illərdə inkişafına dair Dövlət Proqramı” çərçivəsində Biləcəri stansiyası ərazisində su ötürücü qurğularının rekonstrusiyası işlərinə başlanılmış və bu gün işlər davam etdirilir. Eyni zamanda Biləcəri qəsəbəsində maşın mexanizmlərin təmiri və yol emalatxanasının ərazisində RM–80 İHR markalı ballast təmizləyən və 09–32 CSM markalı yol düzəldən maşınların texniki tələblərə uyğun saxlanmasını və onlarda profilaktiki işəlrin aparılmasını təmin etmək üçün anqarın tikintisi başa çatdırılmış və sənədlər qəbul komissiyasına təqdim edilmişdir.

Dəmir yollarının və texniki qurğularının təmir–tikinti departamenti tərəfindən 49 stansiya və müəssisələrin inzibati binaları, dam örtükləri əsaslı təmir edilmiş həyətyanı sahələr abadlaşdırılmış və yaşıllıqların salınması ilə yanaşı sərnişinlər üçün də lazımi şərait yaradılmışdır. Eyni zamanda Böyük–Kəsik briqada evi, Yevlax və Gəncə Xüsusi əhəmiyyətli qonaq evləri əsaslı təmir edilmişdir.

Onu da qeyd edim ki, respublika Prezidenti cənab İlham Əliyevin 2004–cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına əsasən Azərbaycan dəmir yolları Qapalı Səhmdar Cəmiyyətinə təhkim olunmuş qaçqın və məcburi köçkün ailələrinə 2012–ci il ərzində 178 min manat dəyərində 460 ton un, dəmiryolu şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 96000 manat məbləğində maddi yardım edilmişdir.

Eyni zamanda dəmiryolçulardan əmək fəaliyyətində yüksək nailiyyətlər əldə etdiyinə görə respublika Prezidentinin sərəncamı ilə 1 nəfər “Şöhrət” ordeni, 15 nəfər “Tərəqqi” medalı, 2 nəfər “Əməkdar mühəndis” fəxri adı ilə təltif edilmiş, 38 nəfər “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin əmri ilə fəxri dəmiryolçu döş nişanı ilə təltif edilmişdir.

Dövlət büdcəsindən ayrılmış vəsait hesabına ümumi smeta dəyəri 16.251,2 min manat təşkil edən Saloğlu–Poylu mənzilinin 73 kilometrliyində yerləşən Kür çayı üzərində ikinci yeni dəmir yolu korpusunun tikintisinə 2008–ci ildə başlanmış, 2012–ci il il ərzində 3,717,8 min manat həcmində tikinti–quraşdırma işləri aparılmışdır. Ümumilikdə tikinti–quraşdırma işlərinə 15 milyon manat vəsait sərf edilmiş və bu işlər bu gün də davam etdirilir.

Eyni zamanda ötən il Dövlət büdcəsindən ayrılmış vəsait hesabına ümumi smeta dəyəri 5.703,11 min manat təşkil edən Sarvan çarxı mənzilinin 2508 kilometr tək yolunda Vəlvələçayı üzərində yerləşən dəmir–beton körpünün əsaslı təmir işlərinə başlanmışdır. Ümumilikdə tikinti quraşdırma işlərinə 5.702,9 min manat vəsait sərf edilmiş və körpü noyabr ayında tam istifadəyə verilmişdir.

“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010–2014–cü illərdə inkişafına dair Dövlət Proqramı” və Dünya Bankının təqdim etdiyi “Dəmir Yolu Ticarətinin və Nəqliyyatın Dəstəklənməsi” layihəsi çərçivəsində dəyişən cərəyanla işləyən lokomotivlərin alınması, Bakı–Böyük–Kəsik sahəsində 25,0 kilovoltluq dəyişən cərəyanlı dartı keçmənin təmin edilməsi, 317 kilometr uzunluğunda baş yolların əsaslı təmiri” layihəsinin icrası ilə bağlı bir sıra işlər görülmüşdür.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiyanın “DT–Vyhybkarna a strocirna” zavoduna verilmiş sifarişə əsasən 92 dəst çevirici tir alınmışdır.

Dəmir yollarının təmiri və saxlanılması üçün Avstriyadan 1 ədəd 3,5 milyon avro dəyərində CSM, 1 ədəd 4,5 milyon avro dəyərində RM və 1 ədəd 2,5 milyon avro dəyərində USP–2000 markalı yol təmiri maşınları alınaraq istismara verilmişdir. Yolların təmirində istifadə edilməsi nəzərdə tutulan Tixoreks maşınqayırma zavodunda istehsal olunmuş və 6 ədəd ADM tipli drezin və 4 ədəd 2–PMT tipli dəmir yolu kranı alınaraq istismara verilmişdir.

“Azərinşaat” MMC–nin baş ələt şpal zavodunda gündəlik orta istehsal təxminən 750–800 ədəd təşkil edir. Ötən dövr ərzində istehsal olunmuş şpalların sayı 270586 ədəd (147,0 kilometr yol) olmuşdur.

2012–ci il ərzində Bakı–Böyük–Kəsik sahəsində 130,0 kilometr yol əsaslı təmir edilərək istismara verilmişdir. Ümumilikdə Baş yolların əsaslı təmirinə başlanan gündən 170,3 kilometr yol əsaslı təmir edilərək istismara verilmişdir.

Qızılca Qırmadaş zavodunda yolların əsaslı təmirində çınqıl təminatını gücləndirmək məqsədilə ikinci istehsal xətti tikilərək istismara verilmişdir. Eyni zamanda zavod üçün 3 ədəd Kamaz və bir ədəd Kraz markalı yükü özüboşaldan avtomaşın 1 ədəd IW–935 G markalı yükləyici, 1 ədəd T–130 markalı buldozer, TDK–230 markalı ekskavator, 1 ədəd PK–15 markalı qidalandırıcı, 1 ədəd M–52 markalı ələk alınmış, əlavə olaraq 2 ədəd KAMAZ markalı yükü özüboşaldan avtomaşın alınması planlaşdırılmışdır.

Dəmir yolunun Bakı–Böyük–Kəsik sahəsinin 25 kilovoltluq dəyişən cərəyanlı dartı sisteminə keçməsinin təmin edilməsi layihəsinin icrası üçün tender keçirilərək podratçı şirkət müəyyən edilmiş və cari ilin sentyabr ayında layihələndirmə işəlrinə başlanmış, Böyük–Kəsik–Gəncə sahəsində kontakt şəbəkəsinin və kontakt şəbəkəsi dirəklərinin təhqiqatı işləri başa çatdırılmışdır.

“Neft daşımalarına qarşı cavab Tədbirlər Planı” tərəfimizdən əmrlə təsdiq edilmiş və tətbiq edilməsi üçün lazımi tədbirlər həyata keçirilmişdir. Bununla əlaqədar müvafiq qanunverici prosedurlara uyğun olaraq podratçı şirkət tərəfindən zəruri texnika və avadanlıqlar alınaraq “Fövqəladə Hallar Qatarı” MMC təchiz edilmişdir.

“Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi” çərçivəsində QSC–də Beynəlxalq Maliyyə Uçot sisteminin tətbiqi ilə əlaqədar podratçı şirkət tərəfindən QSC–də audit keçirilmişdir. Əsas vəsaitlər üzrə inventarlaşma aparılmış və qiymətləndirmə işləri davam etdirilir.

“Bakı–Tbilisi–Qars” yeni dəmir yolu bağlantısı layihəsi çərçivəsində Marabda–Türkiyə sərhədi (Kartsaxi) sahəsinin Marabda–Axalkalaki (stansiya istisna olmaqla) ərazisində tikinti, reablitasiya–rekonstruksiya, Axalkalaki stansiyasında, Axalkalaki (stansiya istisna olmaqla) Türkiyə sərhədi (Kartsaxi) ərazisində tikinti işləri aparılır. Marabda–Axalkalaki (stansiya istisna olmaqla) ərazisində tikinti reabilitasiya–rekonstruksiya işlərinin icrası üç mərhələdə həyata keçirilir:

1–ci mərhələ uzunluğu 29,2 kilometr olan Marabda–Tetritskaro sahəsi;

2–ci mərhələ uzunluğu 49,7 kilometr olan Tetritskaro–Tsalka sahəsi

3–cü mərhələ uzunluğu 74,1 kilometr olan Tsalka–Axalkalaki sahəsi;

Bakı–Tbilisi–Qars yeni dəmir yolu bağlantısı layihəsinin birinci mərhələsi üzrə 29,2 kilometr olan Marabda–Tetritskaro sahəsində (Tetritskaro) stansiyası daxil olmaqla reabilitasiya–rekonstruksiya və tikinti işəlrinin 76 faizi başa çatdırılmışdır. Yolun üst quruluşu elementəlrinin qoylumasını başa çatdırmaq üçün 3,5 kilometrlikdə 2 süni qurğuların tikintisi işləri davam etdirilmiş sahədə rabitənin bütün növləri üzrə işlər əsasən başa çatdırılmışdır. Stansiyalarda siqnalların və yoldəyişmələrin mərkəzləşmiş idarəsi üçün MPS sisteminin istismara verilməsi üçün sazlama işləri yekunlaşdırılır.

Tsxradzma stansiyasındakı dartı yarımstansiyasında işlər başa çatdırılmış Tetritskaro stansiyasında sazlama işləri aparılır. Sahənin elektrik kompakt şəbəkəsinin qalan 365 kilometrliyində işlər davam etdirilir.

İkinci mərhələ üzrə ümumi uzunluğu 49,7 kilomter olan Tetritskaro–Tsalka (Tsalka stansiyası daxil olmaqla) sahəsində reabilitasiya–rekonstruksiya işləri aparılmışdır).

Sahədə 33,5 kilometr yolun üst quruluşu elementləri rels və şpallar yeniləri ilə əvəz olunmuş, 16,2 kilometr yolun üst quruluşu elementlərinin dəyişdirilməsi torpaq yatağı və 2 süni qurğunun tikintisi işləri davam etdirilir.

İşarəvermə və rabitə kabelləri üçün 46,9 kilometrlikdə Xəndək qazılaraq 64,7 kilometr uzunluğunda optik işarəvermə və rabitə kabelləri qoylumuş, ərazidə İMB qurğularının, rabitə avadanlıqlarının yerləşdirilməsi və montaj edilməsi işlərinə başlanılmışdır. Stansiyaların vağzal binalarında, mülki və yardımçı binalarda işlər davam etdirilir.

Nadarbazevi və Bedeni dartı yarımstansiyalarına yeni avadanlıqlar gətirilmiş və qurğuların montaj edilməsinə başlanmışdır. Elektrik kompakt şəbəkəsində elektrik xətlərinin reabilitasiya–rekonstruksiya və tikinti işləri davam etdirilir.

Üçüncü mərhələ üzrə ümumi uzunluğu 74,1 kilometr olan Tsalkala–Axalkalaki (Axalkalaki stansiyası istisna olmaqla) sahəsində də reabilitasiya–rekonstruksiya və tikinti işləri aparılmışdır: Belə ki, Axalkalaki stansiyasında vağzal binasının yolun torpaq yatağının, süni qurğuların, dəmir–beton boru–yol keçidinin, piyada körpüsünün və suörtücü borunun tikintisində işlər davam etdirilir.

Axalkalaki stansiyasının Axalkalaki–Türkiyə (Kartsaxi) ərazisindəki dəmir yolu ilə birləşən 6 dayaqlı 153 metrlik körpünün tikilməsində işlər başa çatdırılaraq sınaq işləri aparılmışdır.

Ümumi uzunluğu 26,3 kilometr olan (Gürcüstan ərazisində tikiləcək tunel daxil olmaqla) Türkiyə sərhəddi (Kartsaxi sahəsində tikinti işlərinə başlandığı müddətdən Kartsaxi stansiyası daxil olmaqla) sahədə dəmir yolunun torpaq yatağında işlər və 51 süni qurğunun tikintisi başa çatdırılmış, 5,9 kilomterlikdə, Kartsaxi stansiyasının 1 baş və 6 yan yolunda yolun üst quruluşu elementləri (rels, şpal) qoyulmuşdur. Sərhəd stansiyası olan Kartsaxidə vağzal, mərkəzləşdirilmiş post və yardımçı binaların tikintisində işlər davam etdirilir. Gürcüstan ərazisində tikiləcək və sahəni Türkiyə ərazisi ilə birləşdirən tunelin tikintisi üçün əraziyə maşın və mexanizm gətirilmiş və yaxın vaxtlarda tikinti işlərinə başlanması planlaşdırılır.

Qeyd edilən ərazidə tikinti aparılan zaman sahədə torpaq sürüşmələri olan ərazi aşkar edilmişdir. Bu səbəbdən tikiləcək tunelin yeri dəyişdirilmiş və nəticədə tunelin uzunluğu layihədə nəzərdə tutulan 1 kilometr 200 metrdən 2 kilometr 070 metrədək uzadılmışdır. Tunelin ümumi uzunluğu 4350 metrdir. Marabda–Türkiyə sərhəddi (Kartsaxi) sahəsində “Bakı–Tbilisi–Qars” yeni dəmir yolu xətti layihəsinin nəzərdə tutulan vaxtda başa çatdırılması üçün işlər davam etdirilir. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, 2012–ci ilin qarşıda duran vəzifələrini uğurla yerinə yetirən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətin kollektivi 2013–cü ildə də öhdələrinə düşən plan və tapşırıqları lazımi səviyyədə yerinə yetirəcəkdir.

 

 

Söhbəti yazdı: Kamal İBADOV

 

Respublika.- 2013.- 15 fevral.- S. 4.