ERMƏNİLƏRİN AZƏRBAYCAN XALQINA QARŞI ƏRAZİ İDDİALARI, SOYQIRIMLARI VƏ DEPORTASİYALAR

 

Dünyanın fövqəlgüc dövlətlərinin himayəsi altında olan “Şərq məsələsi” və onun əsas tərkib hissəsi kimi “erməni məsələsi”nin yaranmasından iki əsrdən artıq zaman keçsə də, siyasi–hərbi təzyiq vasitəsi olaraq beynəlxalq münasibətlər sistemində öz təsir gücünü saxlamaqda, həm Türkiyə, həm də Azərbaycana yeniyeni problemlər doğurmaqdadır.

Hazırda neoimperialist mövzuda yazılan qərəzli yazılar və söylənilən riyakar fikirlər tarixi həqiqətlərə, arxiv sənədlərinə deyil, müəyyən dairələrin maraqlarına və zərərli ideologiyaların təbliğatına əsaslanmışdır. Buna görə də “Şərq məsələsi”nin, o cümlədən də “erməni məsələsi”nin əsl mahiyyətini tarixi həqiqətlərə, arxiv sənədlərinə əsasən şərh etmək və beynəlxalq ictimaiyyətə çatdırmaq Azərbaycan tarixşünaslığının əsas vəzifələrindəndir.

Tarix elmləri doktoru Ataxan Paşayevin “Ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımları və deportasiyalar (XIX–XX əsrlər)” adlı tədqiqatı bu baxımdan çox əhəmiyyətlidir. Kitab 20 ildən artıqdır ki, beynəlxalq münasibətlər sisteminin gündəliyində olan, lakin ikili standartlar və qərəzli yanaşmalarla “tənzimləndirilməyə” çalışılan Qarabağ probleminin, 20 Yanvar faciəsinin, Xocalı soyqırımının, Azərbaycan ərazisinin 20 faizinin işğalının, bir milyondan artıq qaçqın–köçkün probleminin əsl səbəblərini, bu hadisələr zamanı törədilən vəhşilikləri, cinayətləri ortaya qoymaqla yanaşı, son Qarabağ hadisələrinə qədər də Azərbaycana və azərbaycanlılara qarşı törədilmiş soyqırım və deportasiyaların real mənzərəsini göstərmişdir.

Bu kitab “erməni məsələsi”lə bağlı Azərbaycan həqiqətlərini yaymaq, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edənlərə elmi ədəbiyyat və arxiv sənədlərindən istifadə etməklə tutarlı cavab vermək baxımından təqdirəlayiqdir.

Mövzunun aktuallığını nəzərə alaraq əsəri oxuculara təqdim edirik.

 

 

Allahşükür QURBANOV,

Respublika.

 

(əvvəli 12, 13 və 15 fevral tarixli saylarımızda)

 

1918–ci ilin mayında Zaqafqaziya Seymi və hökuməti süqut edərək üç müstəqil Güney Qafqaz Respublikaları yarandığı zaman Ermənistan Respublikasının ərazisi faktiki olaraq 400 min əhalisi olan iki qəzadan–İrəvan və Eçmiədzin qəzalarından ibarət idi ki, onların da yarıdan çoxu müsəlmanlar idi.

1918–ci il iyunun ortalarına qədər, yəni türk ordusu Azərbaycana gələnə qədər əhalinin silahsız olmasından istifadə edən ermənilər Güney Qafqazda türk–müsəlman kəndlərini tutaraq dağıdır, əhalisini isə qırır və qovurdular. Türk ordusunun bu ərazilərə gəlməsi və azərbaycanlılarla birlikdə Qafqaz İslam ordusunun yaradılması və onun əməliyyatları, demək olar ki, 1918–ci ilin iyunundan oktyabrına, yəni Böyük Britaniya ilə Osmanlı hökuməti arasında Mudros sazişi bağlanana qədər türk–müsəlman əhalisi Güney Qafqazda ermənilərin ciddi hücumları ilə üzləşmir. 1918–ci ilin oktyabrında türk ordusunun Güney Qafqazdan çıxarılması ermənilərin əl–qolunu açdı və yenidən onların təcavüzünə səbəb oldu.

Arxiv sənədləri 1918–1920–ci illərdə erməni daşnaklarından ibarət quldur dəstələrinin təkcə Ermənistan ərazisində deyil, həm də Azərbaycan ərazilərində törətdikləri görünməmiş vəhşilikləri təkzibedilməz faktlarla sübut edir. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və hökumətinə İrəvan, Zəngəzur, Naxçıvan, Ordubad və başqa yerlərdən gələn yüzlərlə şikayət məktubları, ərizə və teleqramlar erməni quldur dəstələrinin türk–müsəlman əhaliyə qarşı törətdikləri vəhşiliklər, onların başlarına açdıqları müsibətlər barədə ətraflı məlumat verirdi. İrəvan quberniyası müsəlman əhalisi adından T.Makinski 1919–cu il 4 yanvar tarixli məktubunda yazırdı: “1917–ci ilin dekabrından 1918–ci ilin iyununa qədər İrəvan quberniyasında erməni qoşun hissələri tərəfindən 200–dən çox müsəlman kəndi dağıdılmış, yandırılmış, əhalisinin bir hissəsi məhv edilmiş, bir hissəsi isə dağlara qaçaraq orada aclıqdan və soyuqdan qırılmışdır. Hazırda erməni qoşun hissələri müsəlmanlar yaşayan Sürməli qəzasını tamamilə, İrəvan, Eçmiədzin və Şərur qəzalarının bir hissəsini tutaraq Naxçıvana doğru hərəkət edirlər. Günahsız müsəlman əhali ya qılıncdan keçirilir, ya da öz kəndlərindən qovularaq, dağlardan keçərək İrana qaçırlar ki, bu da onları labüd ölümlə hədələyir. Zorla boşaldılmış ərazilərə isə Türkiyədən qaçmış ermənilər yerləşdirilir”.

Arxivlərimizdəki sənəd və materiallardakı çoxlu faktlar erməni vandallarının türk–müsəlman əhalisinə qarşı yeritdiyi soyqırımı siyasətini ifşa edir. Ermənilərin bu hərəkətlərinə qarşı Azərbaycan Cümhuriyyəti hökumətinin verdiyi notaları erməni daşnak hökuməti təkzib edərək, guya Ermənistanda türk–müsəlmanlara qarşı heç bir ayrı–seçkiliyin, təqiblərin olmadığını, bu cür hərəkətlərə yalnız hər hansı məsuliyyətsiz şəxslərin yol verə biləcəyini sübut etməyə çalışırdı. Belə ki, 1919–cu il fevralın 12–də A.Ziyadxanov Ermənistan Respublikası Xarici İşlər Nazirliyinə nota verərək Göyçə gölü sahillərində Azərbaycan sərhədlərini keçən erməni silahlı dəstələrinin Qızıl Vəng, Subatan, Zağalı, Şahab və b. müsəlman kəndlərini dağıdaraq kişilərini qırdığını, qadınlarını isə təhqirə məruz qoyduğunu bildirir. O, bildirirdi ki, Şahab kənd sakini olan qaçqın qadının verdiyi məlumata görə, həmin kənddən olan “bütün kişilər doğranmış, uşaqlar təndirdə yandırılmışlar. Kənd qadınlarından 8 nəfəri seçilərək təhqir edilmiş və zorlandıqdan sonra buraxılmışlar”. A.Ziyadxanov öz notasında bildirirdi ki, “həmin hərəkətlər məsuliyyətsiz şəxslər tərəfindən deyil, hərbi hissələr tərəfindən törədilmişdir”.

Bütün bu notalar bir nəticə vermədiyindən 1919–cu il fevralın 24–də A.Ziyadxanov müttəfiqlər ordusunun Bakıdakı komandanı general V.Tomsona məktubunda erməni hərbi hissələrinin Yeni Bayazit qəzasında azərbaycanlı əhaliyə qarşı təhqiramiz hərəkətləri və Azərbaycan ərazisinin bir hissəsini tutması barədə məlumat verirdi. Məktubda V.Tomsondan xahiş olunurdu ki, o, tələb etsin ki, Ermənistan hökuməti güclə tutduğu Azərbaycan torpaqları olan Göyçə gölünün cənub–qərb hissəsini, habelə Yeni Bayazit və Qazax qəzalarının bir hissəsini azad etsin.

Erməni vandallarının hərəkətlərini ifşa edən Yeni Bayazit qəzası 26 azərbaycanlı kəndi sakininin 1919–cu il martın 26–da keçirdiyi ümumi yığıncağının Azərbaycan Cümhuriyyəti hökuməti və xalqına ünvanladığı müraciətini həyəcansız oxumaq mümkün deyil. Orada deyilirdi: “Ararat Respublikasının qoşunları, yerli ermənilər, onlarla bərabər erməni şovinist və daşnak quldur dəstələri tərəfindən dəfələrlə dinc müsəlman kəndlərinə hücumlar olunaraq kəndlər dağıdılır, sakinlərinin başına eşidilməmiş müsibətlər gətirilir və qeyri–insani hərəkətlərlə təhqir olunurlar. 270–dən çox müsəlman kəndi dağıdılmış, başlıca məqsəd isə İrəvan quberniyasında qalan müsəlman əhalisini oradan sıxışdırıb tamamilə qovmaqdır. Müsəlman qardaşlar! Axırıncı dəfə sizə müraciət edirik, ümidsiz vəziyyətimizi nəzərə alın, nə ilə kömək etmək mümkündürsə, bizə kömək edin ki, İrəvan quberniyası ərazisində qalan 60 minlik bədbəxt müsəlman əhalisinin tiran, şovinist və daşnaksakanlar tərəfindən məhv edilməsinə yol verməyin”.

1919–cu il aprelin 22–də Gəncə quberniyası 5–ci sahə pristavı Gəncə qəza rəisinə məlumatında yazırdı: “Nizami erməni ordusu aprelin 13–dən 21–nə qədər Göyçədə dinc müsəlman əhalisi üzərinə hücum edərək 60 minə yaxın əhalisi olan 21 kəndi dağıtmış, qadın və uşaqlara belə aman vermədən top gülləsi ilə qəddarcasına qırmışlar… Cavanşir qəzasından başlayaraq Qazax qəzasına qədər Azərbaycanla həmsərhəd olan qarlı aşırımlar boyu dəhşətli mənzərə yaranmışdır. Bu ərazi Yeni Bayazit qəzasından qaçmış və erməni orduları tərəfindən təqib olunan zavallı, alçaldılmış, təhqir olunmuş və var–yoxları talanmış adamların meyitlərilə və yaralılarla doludur…”.

Bu məsələlər haqqında Azərbaycan Cümhuriyyəti hökuməti Xarici İşlər Nazirliyinin Tiflisdəki müttəfiq qoşunlarının ali komandanlığına məlumat verməsi, Azərbaycan Cümhuriyyəti hökumətinin Ermənistandakı diplomatik nümayəndəsi M.Təkinskinin dəfələrlə Ermənistan hökumətinə notalarına baxmayaraq, Ermənistanın daşnak hökuməti öz ərazisində olan türk–müsəlman əhalisini qırmaq və qovmaq barəsindəki məlumatları tamamilə təkzib etməsinə baxmayaraq, bu işləri ardıcıl surətdə davam etdirdiyi barədə sənədlər və materiallar əsasında əlimizdə külli miqdarda məlumatlar var. Ermənistan hökuməti hətta müttəfiq qoşunlarının bu barədəki sorğularını də təkzib edir, həyasızlıqla bunları Azərbaycan Cümhuriyyəti hökumətinin uydurmaları adlandırırdı.

1919–cu il avqustun 17–31–i arasında qısa bir vaxtda Ermənistan inzibati idarə orqanları Eçmiədzin, Sürməli, İrəvan və Yeni Bayazit qəzalarının 50–yə yaxın müsəlman kəndlərini çapıb talayaraq əhalisini qırmışlar. Erməni inzibati idarə orqanlarının bu vəhşiliyi hətta ermənilərin özlərini, xüsusilə sosial–inqilabçı partiyadan olan Ermənistan parlamentinin üzvlərini də məcbur edir ki, parlamentə aşağıdakı məzmunda sorğu versinlər: “Cənab parlamentin sədri! Xahiş edirik daxili işlər nazirinə bu sualları verəsiniz. Cənab nazirə məlumdurmu ki, son üç həftə ərzində Ermənistan Respublikası ərazisində İrəvan, Eçmiədzin, Sürməli qəzalarında, bir sıra tatar (azərbaycanlı – A.P.) kəndlərində, məsələn Paşakənd, Dəllər, Purpur, Əlibəy, Arazkənd istiqamətindən, Canfida, Kərimarx, Ağcar, İydəli, Qarxun, Kolanı və bir sıra başqa kəndlər “tatar” (azərbaycanlı – A.P.) əhalisindən təmizlənib, soyulub, qırğına məruz qalmışdır”.

Sorğuda sonra deyilirdi: “Yerli inzibati idarə orqanları nəinki buna mane olmayıb, hətta özləri bu soyğunçuluq və dağıdıcılıq hərəkətlərində iştirak ediblər. Bu hadisələr yerli əhali arasında çox ağır təəssürat yaradıb. Onlar bu soyğunçuluq və ya–ramazlıqlara qarşı nifrətlə baxır, öz qonşuları ilə sülh şəraitində yaşamaq istəyir və cəzasız qalmış günahkarların məhkəməyə cəlb edilmələri və lazımi cəzalarına çatmalarını tələb edirlər”.

Lakin “Daşnaksütyun” partiyasının idarə etdiyi Ermənistan hökuməti öz süqutuna qədər Ararat Respublikası ərazisində Azərbaycan türklərinə qarşı axıra qədər özünün “yandırılmış torpaq” – “etnik təmizləmə” siyasətindən əl çəkməmişdir. Ermənistanda daşnak hökuməti süqut edib Sovet hakimiyyəti qurulduqdan sonrakı illərdə isə bu siyasəti gizli şəkildə kommunist cildinə girmiş erməni daşnakları yerinə yetirirdilər.

c) Bakı qırğınları

1918–1920–ci illərdə Güney Qafqazda, o cümlədən Azərbaycanın bütün ərazisində ermənilər azərbaycanlılara qarşı geniş surətdə qırğınlar, talanlar, zorakılıqlar və terror əməliyyatları həyata keçirmişlər. 1905–ci ildə olduğu kimi 1918–ci ildə də bu işə, bu əməliyyata yenə də Bakıdan başladılar.

1917–ci ilin oktyabrında Rusiyada bolşeviklərin hakimiyyəti ələ alaraq birinci dünya müharibəsində iştirakdan imtina etməsi nəticəsində Rusiyanın Qafqaz cəbhəsində Rusiya tərəfində müharibədə iştirak edən erməni əsgər və zabitləri külli miqdarda silah–sursatla Güney Qafqaza qayıdaraq proletar Bakısına doluşurlar. Bu vaxt V.Lenin tərəfindən Zaqafqaziya komissarı təyin olunmuş daşnak xislətli S.Şaumyan da Bakıya gələrək hakimiyyəti öz əlinə keçirir. Məhz S.Şaumyanın başçılığı ilə 1918–ci ilin martında Bakı kommunasının və cəbhədən qayıdaraq Bakıda toplanmış erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən qırğınlar sonralar bütün Azərbaycanı bürüyür.

Üç gün müddətində (30, 31 mart və 1 aprel) S.Şaumyan və onun bolşevik cildinə girmiş daşnak silahdaşlarının fitvası ilə Bakıda törədilmiş qırğınlar barədə həmin il aprelin 13–də onun Moskvaya Xalq Komissarları Sovetinə yazdığı məktubunda o, qırğınların səbəbinin ermənilərin azərbaycanlılara qarşı milli ədavəti nəticəsində deyil, guya ki, onların Sovet hakimiyyətinə sədaqətlərindən irəli gəldiyini sübut etməyə çalışır. O, yazırdı: “Bir tərəfdən sovet qırmızı qvardiyası, bizim təşkil etdiyimiz beynəlmiləl qırmızı ordu, qısa müddətdə yenidən qura bildiyimiz qırmızı donanma və erməni milli hissələri (A.P.), digər tərəfdən “Müsavat” partiyasının başçılıq etdiyi və daxilində çoxlu rus zabiti olan müsəlman dikaya diviziyası və silahlı müsəlman quldur dəstələri (A.P.) vuruşurdular”.

 

(davamı növbəti saylarımızda)

 

 

Respublika.- 2013.- 16 fevral.- S. 6.