Türk mifologiyasının ortaq məxrəci

 

İstanbul Aydın Universitetinin müəllimi olaraq ədəbiyyatımızı, milli–mənəvi dəyərlərimizi yetərincə təbliğ edən filologiya üzrə fəlsəfə doktoru Rövşən Əlizadənin yaxın günlərdə Türkiyədə nəfis şəkildə işıq üzü görən “Türk mifologiyasında kultlar” kitabında totemizm məsələləri bir çox baxış bucağından araşdırılıb.

 

Üç bölümdən ibarət monoqrafiyada müəllif Azərbaycan–türk folklorundan sıx–sıx keçən canlı və cansız əşyalarla bağlı inancların eyni kökdən, milli düşüncədən qaynaqlandığını haqlı olaraq önə çəkir, ruhu bir olanların eyni düşüncəyə hesablanmasını təbii hesab edir. R.Əlizadə ortaq mədəniyyətimizin konseptual təməlləri üzərində xüsusi olaraq dayanarkən daha çox bir önəmli məsələyə diqqət yetirir ki, bəhs edilən ilkinlik, təməl əslində bütün zamanlarda təkamül üçün ilk istinad nöqtəsi, açıq sistem olmuşdur. Müəllif dağ, bitki, su, qurd və s. kultlarla bağlı inancların türk xalqları folklorunda əksər hallarda eyni anlarda ifadə olunmasını doğru olaraq eyni gendən, düşüncə tərzindən qaynaqlandığının fərqindədi və bu fikri kitaba əhatəli ön söz yazmış professor Seyfəddin Rzasoy da xüsusi olaraq diqqətə çatdırır. Müəllif totemizmin lap qədim çağlarda əslində bir inanc və din kimi qəbul edilməsi səbəblərini maraqlı arqumentlərinə ortaya qoyur, ruhla cism arası yaşanan həyat gerçəkliklərinə zaman–zaman şütır, düşüncə, idrak gözüylə yanaşmanın fərqli baxış münasibətlərinin nədənliyini incələyir. O, mədəniyyət tariximizin önəmli qaynaqlarından olan “Kitabi–Dədə Qorqud”, “Şah İsmayıl”dastanlarına, eləcə də dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasına istinadən xalq inancına görə ana maralın, ceyranın axirət dünyası ilə bu dünya arasındakı əlaqələndirici rolunun özəl xüsusiyyətlərini incələməklə yanaşı görkəmli mifoloq alim M.Seyidovun marala olan xalq inancı haqqında fikirlərini önə çəkməklə xalq təfəkküründə qulağı haça maralın ov qoruyucusu, əslində təbiətin gücünü ifadə edən kutsal varlıq olması anlayışı üzərində xüsusi olaraq dayanır.

Monoqrafiyada xalqımızın nağıl qəhrəmanlarından olan Zümrüd, Humay, Simurq quşları haqqında xalq ədəbiyyatında xüsusi əhəmiyyət kəsb edən rəvayətlər üzərində ətraflı dayanır, qaynaqlara istinadən qeyd edir ki, Kaşğarlı Mahmud Simruq adıyla verdiyi quşun ərəb mənbələrində Enka adı alması onu çox böyük güc sahibi olaraq daha əzəmətli şəkildə göz önünə gətirir. Haqlı müşahidədir ki, Şərq xalqları əfsanələrində Simurq, Zümrüd və ya səməndər quşu adlarıyla tanınan canlılar eyni zamanda günəşlə sıx əlaqəli şəkildə qəbul olunur, işıq–günəş–ay kimi xeyirxahlıq, yaxşılıq təmsilçisi hesab edilir. Monoqrafiyada Humay quşunun şahlıq quşu olaraq qəbul edilməsinin kökləri qaynaqlar əsasında araşdırılır, nəzərə çatdırılır ki, Kaşğarlı Mahmudun “Divan”ına görə kim Humay quşu əldə edə bilərsə, oğul övladı dünyaya gətirəcəyinə şübhə yoxdur.

Əsərdə dağın türk inanclar sistemində bəzən ata–baba, bəzən də ana simvolu olaraq xalq təfəkküründə dərin yer tutmasının milli–mənəvi düşüncədən gələn özəllikləri geniş şəkildə araşdırılır. Ağac kultu ilə ilgili qənaətlər isə iki aspektdən – dünya modeli baxımından və əcdad, şəcərə əlaqələri baxımından ortaya qoyulur. Müəllif suyun xalq təfəkküründə ölümsüzlük, əbədiyaşarlıq, təmizlik, paklıq anlamında daha çox yer alması gerçəkliyini də maraqlı araşdırmalar kontekstində diqqətə çatdırır. Doğru olaraq vurğulayır ki, su kulturun qədim türklərin inanclar sistemindəki yeri suyun canlı və cansız aləmi bir araya gətirə bilməsi reallığıyla bağlıdır.

Araşdırmada türk etnik və mədəniyyət gəlişmələrində fəal yer tutan Bozqurdun ulu əcdad olaraq qəbul edilməsi, ilanın insan kimi danışa bilməsi, sehrli dünyanın ifadəçisi olması, insana çevrilə bilməsi və s. özəlliklərdən ətraflı bəhs olunur.

Bütövlükdə türk mifologiyasının ortaq münasibət, düşüncə tərzinin gəlimli bir mədəniyyət hadisəsi olması qənaəti R.Əlizadənin “Türk mifologiyasında kultlar” monoqrafiyasının ana xəttini təşkil edir.

 

 

Sərvaz HÜSEYNOĞLU.

 

Respublika.- 2013.- 17 fevral.- S. 8.