ERMƏNİLƏRİN AZƏRBAYCAN XALQINA QARŞI ƏRAZİ İDDİALARI, SOYQIRIMLARI VƏ DEPORTASİYALAR

 

Dünyanın fövqəlgüc dövlətlərinin himayəsi altında olan “Şərq məsələsi” və onun əsas tərkib hissəsi kimi “erməni məsələsi”nin yaranmasından iki əsrdən artıq zaman keçsə də, siyasi–hərbi təzyiq vasitəsi olaraq beynəlxalq münasibətlər sistemində öz təsir gücünü saxlamaqda, həm Türkiyə, həm də Azərbaycana yeniyeni problemlər doğurmaqdadır.

Hazırda neoimperialist mövzuda yazılan qərəzli yazılar və söylənilən riyakar fikirlər tarixi həqiqətlərə, arxiv sənədlərinə deyil, müəyyən dairələrin maraqlarına və zərərli ideologiyaların təbliğatına əsaslanmışdır. Buna görə də “Şərq məsələsi”nin, o cümlədən də “erməni məsələsi”nin əsl mahiyyətini tarixi həqiqətlərə, arxiv sənədlərinə əsasən şərh etmək və beynəlxalq ictimaiyyətə çatdırmaq Azərbaycan tarixşünaslığının əsas vəzifələrindəndir.

Tarix elmləri doktoru Ataxan Paşayevin “Ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımları və deportasiyalar (XIX–XX əsrlər)” adlı tədqiqatı bu baxımdan çox əhəmiyyətlidir. Kitab 20 ildən artıqdır ki, beynəlxalq münasibətlər sisteminin gündəliyində olan, lakin ikili standartlar və qərəzli yanaşmalarla “tənzimləndirilməyə” çalışılan Qarabağ probleminin, 20 Yanvar faciəsinin, Xocalı soyqırımının, Azərbaycan ərazisinin 20 faizinin işğalının, bir milyondan artıq qaçqın–köçkün probleminin əsl səbəblərini, bu hadisələr zamanı törədilən vəhşilikləri, cinayətləri ortaya qoymaqla yanaşı, son Qarabağ hadisələrinə qədər də Azərbaycana və azərbaycanlılara qarşı törədilmiş soyqırım və deportasiyaların real mənzərəsini göstərmişdir.

Bu kitab “erməni məsələsi”lə bağlı Azərbaycan həqiqətlərini yaymaq, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edənlərə elmi ədəbiyyat və arxiv sənədlərindən istifadə etməklə tutarlı cavab vermək baxımından təqdirəlayiqdir.

Mövzunun aktuallığını nəzərə alaraq əsəri oxuculara təqdim edirik.

 

Allahşükür QURBANOV,

“Respublika”.

 

(əvvəli 12, 13, 15, 16 və 17 fevral tarixli saylarımızda)

 

Qubada baş vermiş hadisələr, bu hadisələrin törədilməsində Sovet hakimiyyəti adından ilk olaraq iştirak etmiş gürcü David Qolovaninin, Quba şəhərinin nüfuzlu şəxslərindən Hacı İsmayıl Orucovun və şəhər rəisi Ə.Əlibəyovun Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Novatskiyə verdiyi məlumatlardan aydın olur ki, ilk dəfə D.Qolovaninin rəhbərliyi ilə Qubaya gəlmiş əksəriyyəti daşnaklardan ibarət Bakı kommunasının silahlı dəstələri Qubada Sovet hakimiyyəti quracaqlarını elan edirlər. Vəziyyətin gərgin olduğunu hiss edən Quba şəhər əhalisi buna razılıq verir.

Lakin tezliklə dəstənin üzərinə ləzgilər və ətraf kəndlərdən azərbaycanlılar hücum edirlər. Vəziyyətin ağır olduğunu görən poruçik Ağacanyanın dəstəsi Qubada bir yerə topladığı erməniləri bəlkə də bilərəkdən taleyin ümidinə buraxıb qaçırlar. D.Qolovani yazırdı ki, Ağacanyanın toplayaraq taleyin ümidinə buraxdığı ermənilərin bir hissəsini mənim dəstəm çıxara bildi, bir hissəsi isə ləzgilər tərəfindən məhv edildi.

D.Qolovaninin dəstəsi Qubadan getdikdən bir neçə gün sonra S.Şaumyanın göstərişi ilə G.Korqanov daşnak Amazapsın komandanlığı altında 2 min nəfərdən ibarət cəza dəstəsini Qubaya göndərir.

Quba şəhər rəisi Ə.Əlibəyovun məlumatına görə, 1918–ci il mayın 1–də üç istiqamətdə şəhərə daxil olan Amazapsın dəstəsinin 4 top və 8 pulemyotu var idi. Mayın 10–na qədər şəhərdə azğınlıqlar edən Amazapsın dəstələri tərəfindən təkcə birinci gün şəhərin aşağı hissəsində 713 nəfər, ikinci gün isə 1.012 nəfər azərbaycanlı öldürülmüşdü.

Amazapsın hərəkətləri haqqında məlumat verən Ə.Əlibəyov bildirmişdi ki, Amazaps şəhər məscidinin yanındakı meydana gələrək bildirdi ki, “Mən əslən Ərzurumdanam. Uzun müddət türklərlə vuruşmuşam. Mən ermənilərin mənafelərinin müdafiəçisiyəm. Mən Sovet hökuməti tərəfindən cəza dəstəsi ilə göndərilmişəm ki, iki həftə əvvəl burada öldürülmüş ermənilərin qisasını alım. Sizin müsibətiniz o vaxt başlayacaq ki, (o, əlini üzərində toplar dayanmış dağa tutaraq) mən sabah o dağa qalxım. Sabah mən o dağa qalxaraq şəhəri topa tutduracaq və yerlə yeksan edəcəyəm”.

Beləliklə, 10 gün ərzində Amazapsın rəhbərliyi ilə Sovet hökuməti adından S.Şaumyan və G.Korqanovun göndərdiyi erməni cəza dəstələri böyük vəhşiliklər törədir. Şəhər rəisi Ə.Əlibəyovun məlumatına görə, 2 min nəfər öldürülmüş, ölüləri dəfn edən mollanın məlumatına görə isə o, 2.800 nəfərin cənazəsini torpağa tapşırmışdı.

Təxmini hesablamalara görə, Amazapsın quldur dəstəsi tərəfindən təkcə Quba şəhərində oğurlanmış əmlak 4 milyon rubl nağd pul, 4,5 milyon rublluq brilyant, qızıl, gümüş və digər qiymətli daş–qaş, 25 milyon rublluq xalça və digər ev əşyaları olmuşdur. Bundan əlavə, təkcə Quba şəhərində 105 ev və digər tikililərin tamamilə yandırılaraq dağıdılması nəticəsində şəhər əhalisinə vurulmuş maddi zərər 100 milyon rubldan çox olmuşdur.

Amazapsın Qubaya doğru hərəkət edən erməni hərbi hissələri yol boyu Quba qəzası ərazisində 122 kəndi dağıtmış və yandırmış, imkan tapıb qaça bilməyən 60 nəfər kişi, qadın və uşağı qətlə yetirmiş, 53 kişi yaralanmışdı.

Quba şəhər rəisi Ə.Əlibəyovun izahatında bu qırğınlardan sonra Bakıya gedərək bolşeviklərin rəhbərləri S.Şaumyan və A.Caparidze ilə görüşərək onlarla danışıqları barədə verdiyi məlumat da çox maraqlıdır. O, yazırdı ki, Amazapsın dəstələrinin Qubada törətdikləri vəhşiliklər barədə məlumat verdikdə A.Caparidze bərk həyacanlandı, S.Şaumyan isə üzündəki sevinc hissini gizlətməyərək məni dinlədi və sərt şəkildə dedi: “Müsəlmanlar (azərbaycanlılar – A.P.) və türklər yüz minlərlə ermənini öldürüblər, indi nə olub ki, ermənilər Qubada iki müsəlman öldürən kimi müsəlmanlar şikayət edir və göz yaşı tökürlər”.

Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Novatskinin məruzəsində “cəza dəstəsinin” rəhbəri Amazaps, müavini Nikolay və komissarı Venutsla yanaşı, vaxtı ilə Quba şəhəri sakinləri olmuş və bu qırğında fəal iştirak etmiş ermənilər barədə cinayət işi qaldırmaq, habelə bu işə xeyir–dua vermiş S.Şaumyan və G.Korqanov haqqında isə cinayət işinin öldükləri üçün xətm olunması təklif olunur.

Təəssüflər olsun ki, 1920–ci ilin aprel çevrilişi S.Lalayev kimi cəllad Amazaps və onun cinayətkar daşnak məsləkdaşlarının da törətdikləri cinayətlər cəzasız və minlərlə azərbaycanlının qanı isə yerdə qaldı.

e) Qarabağ bölgəsində erməni vəhşilikləri.

1918–1920–ci illərdə ermənilərin ən çox vəhşiliklər törətdiyi Azərbaycan bölgələrindən biri də Qarabağ bölgəsi olmuşdu. Hələ XIX əsrin əvvəllərində ruslar tərəfindən bu ərazilərə köçürülən ermənilər burada türk–müsəlmanlara qarşı daimi hiylə və məkr yuvası olan erməni məlikləri ilə birləşərək xalqımıza qarşı əsl təhlükəyə çevrilməkdə idilər. Ermənilərin “Kiçik Ermənistan” adlandırdıqları Qarabağ torpaqlarına açıq iddiaları və silahlı təcavüzü Rusiyada fevral inqilabı və bolşeviklərin Oktyabr çevrilişindən sonra xüsusilə qüvvətlənir.

Daşnak partiyasının rəhbərliyi ilə ermənilərin Qarabağın Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında türk–müsəlmanlara qarşı törətdikləri vəhşiliklər Azərbaycan Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyası tərəfindən geniş təhqiq edilmişdir. Komissiya tərəfindən zərərçəkmişlərin və şahidlərin ifadələri, dağıdılmış yerlərə baxış protokolları, məruzələr, həmin qəzaların polis idarələrində tərtib olunmuş rəsmi sənədlər və s. kimi çoxlu məlumatlar toplanmışdır.

N.Mixaylov topladığı faktlar əsasında tərtib etdiyi məruzədə göstərirdi ki, ermənilər bütün vasitələrdən istifadə edərək silahlanırdılar. Cavanşir qəzasının müsəlman əhalisi isə özlərinin tarixi qonşuları olan ermənilərə çox sadəlövhlüklə inanır və hər ehtimala qarşı onların hərəkətlərinin başqa istiqamətə yönəldiləcəyini təsəvvürlərinə belə gətirə bilmirdilər. Belə ki, Yevlax stansiyası və Bərdə şose yolu üzərində azərbaycanlılar tərəfindən ermənilərin bu cür silah gətirmə halları dəfələrlə aşkar edilmiş, lakin onlar buna “elə bir prinsipial əhəmiyyət verməmişdilər”.

Rusiyada bolşeviklərin 1917–ci ilin oktyabrında etdiyi dövlət çevrilişindən sonra isə Yuxarı Qarabağda, erməni kəndlərinə silah və sursat gətirilməsi açıq şəkildə həyata keçirilirdi. 1917–ci ilin dekabrından başlayaraq ermənilər müsəlmanlara qarşı özlərinin düşmənçilik niyyətlərini gizlətmir, onlara qarşı zor tətbiq etməyə başlayırlar. Cavanşir qəzasının Kolanlı icmasına daxil olan azərbaycanlı kəndlərinə hücum edən ermənilər hələ dünyada mövcud olmayan Ermənistan Respublikasına tabe olmağı tələb edir və öz dövlətləri üçün onlardan zorla vergi yığırdılar.

Fövqəladə Təhqiqat Komissiyasının topladığı materiallarda göstərilirdi ki, Cavanşir qəzası Milli Müsəlman Şurasının üzvləri dəfələrlə ermənilərin yanına barışıq üçün nümayəndə heyəti göndərmişdi. Nümayəndə heyətinin üzvlərindən biri – Məşədi Alış İsmayılov Fövqəladə Təhqiqat Komissiyasının üzvlərinə bildirmişdi ki, hər dəfə ermənilər heyət üzvlərini hədələyir, qorxudur və təhqir edirdilər. Marağa erməni kənd icmasının kəndxudası Nerses Manukov bizi hədələyərək demişdi: “Bu hələ harasıdır, siz bir dayanın, görün, hələ sizi nələr gözləyir”.

Şahid İsgəndərov bildirirdi ki, ermənilərin həyasızlığı o yerə çatmışdı ki, onlar dəstələrlə müsəlmanlar yaşayan ərazilərə gələrək onların mal–heyvanlarını yığıb aparır, ertəsi gün isə Tərtər bazarında alver etməkdən qalmayıb, həm də azərbaycanlılardan apardıqları mal–qaranı yenidən onlara satmaqdan belə çəkinmir və utanmırdılar.

Qarabağ bölgəsində 1918 və 1919–cu ilin əvvəllərindən ermənilərin təzyiqlərinə məruz qalan ərazidən biri də Cəbrayıl qəzası idi. Bu qəza 12 azərbaycanlı və 3 erməni kənd icmasından ibarət idi. Qarabağın başqa qəzalarında olduğu kimi, Cəbrayıl qəzasında da düzənlik hissədəki kəndlər azərbaycanlı kəndləri idi. Ermənilər bilirdilər ki, hücum etsələr layiqli cəzalarını alacaqlar. Ona görə də onlar dağətəyi azərbaycanlı kəndlərinə hücum edərək onlara daha çox zərər yetirmişlər.

Maraqlıdır ki, ermənilər Qarabağ bölgəsinin digər qəzalarında vəhşiliklər törətdikləri bir zamanda Cəbrayıl qəzasının düzənlik hissəsindəki müsəlman əhalisi heç cür buna inanmaq istəmirdilər.

1918–ci il dekabrın ilk günlərindən ermənilər qəzanın müsəlman əhalisinə qarşı silahlı hücuma başlayırlar. Bununla əlaqədar Cəbrayıl qəza rəisi 1919–cu il fevralın 17–də Qarabağ general–qubernatoru X.Sultanova yazırdı: “Qəzanın müsəlman əhalisi bu cür hadisələri təəssüf hissi ilə qarşılayaraq, heç bir fəal mübarizə yoluna keçməyərək yalnız özlərini və öz əmlaklarını erməni hücumlarından qorumaq üçün müdafiə mövqeyi tutmuş və ermənilərə qarşı heç bir qeyri–qanuni hərəkətə yol verməmişlər. Buna sübutda odur ki, bu müddət ərzində erməni kəndlərindən heç biri müsəlmanlar tərəfindən zərər görməmişdir”.

1918–ci ilin dekabrı və 1919–cu ilin əvvəllərində ermənilər Cəbrayıl qəzasının azərbaycanlı kəndlərindən Düdükçü, Aşıq Məlikli, Şıxlar, Mülkədarlı, Dələnlər, Ağcakənd, Dolanlar və Axulluya hücum edərək bu kəndlərin hər birində eşidilməmiş vəhşiliklər törədir, günahsız uşaq, qadın və qocaları qətl edir, kəndləri qarət edərək yandırır, ev əşyalarını və mal–qaranı daşıyıb aparırdılar.

Qarabağ bölgəsində ermənilər tərəfindən ən böyük ziyan görən bölgələrindən biri də Şuşa şəhəri və Şuşa qəzasının müsəlmanlar yaşayan kəndləri olmuşdur.

 

(davamı növbəti saylarımızda)

 

 

Respublika.- 2013.- 19 fevral.- S. 5.