Xocalı soyqırımı bəşəriyyətə və insanlığa qarşı cinayətdir

 

Keçmişini unudanların onu yenidən yaşamaq məcburiyyətində qalması tarixin ibrət dərsidir. Azərbaycanın çağdaş tarixində də unudulması mümkün olmayan, bütövlükdə xalqın şüuruna dərin iz salaraq onu daim mübarizə və qisas ruhunda kökləyən elə faciəli hadisələr var ki, heç zaman xalqın qan yaddaşından silinməyəcəkdir. Erməni faşizminin xislətini, gerçək mahiyyətini çılpaqlığı ilə açan Xocalı soyqırımı da məhz unudulması mümkün olmayan belə dəhşətli hadisələrdəndir. 21 il öncə — 1992–ci il fevralın 25–dən 26–na keçən gecə belə amansız cinayətə rəvac vermiş ermənilər dünyanın ən əzazil, qəddar və qaniçən milləti olduqlarını, terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiq etmişlər.

 

Bu kütləvi və amansız soyqırımı aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlıq əleyhinə törədilmiş qəddar cinayətdir. Beynəlxalq hüquq norma və prinsiplərinə məhəl qoymayan azğınlaşmış erməni silahlı birləşmələri Xocalıda bu soyqırımı əməlini törədərkən doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqını qorxutmaq, onun mübarizə əzmini qırmaq və məhv etmək niyyətini güdmüşlər. Həmin gün Xocalıda miqyasına və qəddarlığına görə bəşər tarixində misli görünməmiş bir soyqırımı aktı yaşanmışdır. Ermənistan silahlı birləşmələri, Dağlıq Qarabağdakı erməni yaraqlıları, habelə uzun illər beynəlxalq ictimaiyyətə sülhsevər ordu kimi təqdim edilmiş keçmiş sovet ordusunun 366–cı motoatıcı alayı Xocalı şəhərini sakinləri ilə birlikdə gülləbaran edərək, insanlığa silinməz ləkə olan soyqırımı aktını törətmişlər. Cəmi bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca, milli mənşəyinə görə qəddarcasına, dözülməz işgəncələr verilməklə öldürülmüş, 487 nəfərə ağır xəsarət yetirilmiş, 1275 sakin — köməksiz qocalar, uşaqlar, qadınlar girov götürülərək zülm, təhqir və həqarətə məruz qoyulmuşlar. Erməni qəsbkarları azərbaycanlıları qətlə yetirmək üçün hətta faşistlərin belə istifadə etmədikləri ən qəddar, tükürpədici üsullardan istifadə etmişlər.

Xocalıda mülki əhalinin planlı şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri də məhz budur ki, həmin gün zorakılıqdan qaçıb qurtarmaq istəyən insanlar ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələnmişlər. Xocalıdan çıxan əhalinin Naxçıvanik kəndi ərazisində pulemyot, avtomat və başqa silahlardan gülləbaran edilməsi faktı bunu bir daha təsdiqləyir. Bütün bunlar ermənilərin 21 il öncə Xocalı şəhərində törətdikləri qeyri–insani hərəkətlərin kökündə məhz genosid (soyqırımı) niyyətinin dayandığını aşkar surətdə üzə çıxarır. Genosid cinayəti üçün xüsusi niyyətin olması zəruri şərt sayılır və bu dəhşətli akt hökmən milli, etnik, irqi, dini qruplara qarşı yönəlməlidir. Bu hüquqi müstəvidən yanaşdıqda aydın görünür ki, erməni silahlı birləşmələrinin çirkin niyyəti Xocalı şəhərindəki azərbaycanlıları məhz milli–dini zəmində son nəfərədək qətlə yetirmək olmuşdur. Ermənilər beynəlxalq humanitar hüquqda yolverilməz sayılan soyqırımı cinayətinə şüurlu, məqsədli şəkildə, bilərəkdən əl atmış, misli görünməmiş qətliam törətmişlər.

Beynəlxalq hüquq normaları Xocalı faciəsinin soyqırım cinayəti kimi tövsifi üçün kifayət qədər ciddi əsaslar verir. Ümumiyyətlə, ilk dəfə olaraq Nürnberq Hərbi Tribunalının nizamnaməsində beynəlxalq cinayətlərin nədən ibarət olduğu göstərilmişdir. Orada soyqırım cinayəti insanlıq əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmişdir. BMT–nin “Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında 1948–ci il tarixli Konvensiyasında isə soyqırımı cinayətinin mahiyyəti tam olaraq əksini tapmışdır. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməl olmaqla ən ağır beynəlxalq cinayət sayılır. Soyqırımı hər hansı milli, irqi, etnik və dini əlamətlərinə görə fərqlənən xüsusi bir qrupun tamamilə və ya qismən məhv edilməsinə yönəlmiş bu cinayət hərəkətlərinə deyilir: birincisi, həmin qrupun üzvlərinin öldürülməsi; ikincisi, onların şikəst edilməsi, bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi; üçüncüsü, hər hansı qrupa onun qəsdən tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraitinin yaradılması; dördüncüsü, həmin qrupda doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi; beşincisi, azyaşlı uşaqların bir insan qrupundan alınıb başqasına verilməsi. Bunlardan hansısa biri hadisənin soyqırım kimi qiymətləndirilməsi üçün kifayət edir. Bu kriteriyalar baxımından, Xocalı faciəsi soyqırımı cinayəti kimi qiymətləndirilməlidir.

Soyqırımı — beynəlxalq hüququn qəbul edilmiş ümumi pirinsip və normalarının, habelə insan hüquq və azadlıqlarının kobud sürətdə pozulmasıdır. Soyqırımının əsas ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu cinayətin törədilməsi nəticəsində ayrıca mədəniyyəti, adətləri, ənənələri, bir sözlə, yaşam tərzi olan milli, etnik, irqi, və ya dini qrup tamamilə və ya qismən öz mövcudluğunu itirə bilər. Bu isə insanlar birliyinin müxtəlifliyinin itirilməsinə, beynəlxalq nizamlama qanunauyğunluqlarının əsaslarının sarsılmasına gətirib çıxara bilər. BMT Baş Məclisinin 10 dekabr 1948–ci ildə qəbul etdiyi “Ümumdünya insan hüquqları” Bəyannaməsində qeyd olunur: “Hər bir insanın yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır, heç kəs insan ləyaqətini alçaldan qeyri–insani cəza və işgəncələrə məruz qala bilməz. Hər bir insan onun harada olmasından asılı olmayaraq hüquq sübyekti hesab olunur və bütün insanlar qanun qarşısında bərabərdir və qanunlarla eyni dərəcədə müdafiə olunurlar”.

XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımının məhz azərbaycanlı milli qrupuna qarşı yönəldiyi inkarolunmaz faktdır və bu da ermənilərin qeyri–insani davranışlarının genosid (soyqırımı) kimi töfsifi üçün ciddi hüquqi əsaslar verir. BMT Baş Məclisinin 9 dekabr 1948–ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş və 1961–ci ildə qüvvəyə minmiş “Genosid cinayətinin qarşısının alınması və təqsirkarların cəzalandırılması haqqında” Konvensiyada insanlığa qarşı yönəlmiş bu qeyri–humanist aktın hüquqi əsasları təsbit olunmuşdur.

Ermənistanın müharibə zamanı davranış normalarını müəyyənləşdirən beynəlxalq hüquq normalarına məhəl qoymaması ilə bağlı faktlar yalnız bununla məhdudlaşmır. Beynəlxalq humanitar hüququn tələblərinə əsasən müharibə yalnız silahlı münaqişədə olan tərəflərin silahlı qüvvələri arasında aparılmalıdır. Mülki əhali döyüşlərdə iştirak etməməli və onlarla hörmətlə davranılmalıdır. “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” IV Cenevrə Konvensiyasının 3–cü maddəsinə əsasən, mülki əhalinin həyatına və təhlükəsizliyinə qəsd, o cümlədən onların hər cür öldürülməsi, şikəst edilməsi, onlarla qəddar davranış, onlara əzab və işgəncə verilməsi, insan ləyaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan edilir. Konvensiyasının 33–cü maddəsində isə qeyd olunur ki, heç bir mülki şəxs törətmədiyi hüquq pozuntusuna görə cəzalandırıla bilməz. Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin görülməsi, mülki əhalini qorxuya salmaq, onlara qarşı terror hərəkətləri, onların repressiyaya məruz qoyulması birmənalı qadağan edilir. Həmin Konvensiyasının 34–cü maddəsinə görə mülki əhalinin girov götürülməsi də qadağandır. Lakin təkcə Xocalıda 1000–dən artıq insanı girov götürən ermənilər bu prinsipə də aşkar sayğısızlıq nümayiş etdirmişlər. Ermənistan silahlı qüvvələri bu hüquq normalarına məhəl qoymamış, Xocalıda dinc əhalinin məhvi üçün ən qəddar üsullara əl atmışlar.

Bununla belə, faciənin törədilməsinə görə siyasi və mənəvi məsuliyyətin həm də o zaman ölkəyə rəhbərlik edən qətiyyətsiz hakimiyyətin üzərinə düşdüyünü açıq demək lazımdır. Reallıq budur ki, o zamankı qətiyyətsiz hakimiyyət mühasirəyə alınmış Xocalı şəhərinin mülki əhalisinin xilası naminə heç bir qətiyyətli və cəsarətli addım atmamış, əksinə, etinasızlığı və məsuliyyətsizliyi ilə düşmənin törətdiyi qanlı cinayətin hüdudlarının daha da genişlənməsinə şərait yaratmışdır. O zaman yayılmış rəsmi məlumatlarda Xocalıda guya”iki nəfərin öldüyü” iddia edilmiş, soyqırımı faktı gizlədilməklə, əslində xalqa xəyanət yolu tutulmuşdur. Faciənin beynəlxalq ictimaiyyət tərəfindən hələ də layiqli qiymətini almaması da məhz vaxtında lazımi tədbirlərin görülməməsi, eləcə də təbliğatın düzgün qurulmaması ilə bağlı olmuşdur.

Ulu öndər Heydər Əliyevin 1993–cü ilin iyununda xalqın təkidli tələbilə hakimiyyətə qayıdışından sonra bir çox milli faciələrimiz kimi Xocalı soyqırımına da siyasi–hüquqi qiymətin verilməsi mümkün olmuşdur. 1996–cı il fevralın 24–də xocalılılarla görüşən ulu öndər Heydər Əliyev Xocalı faciəsinin xalqımızın qəhrəmanlıq tarixində xüsusi yeri olduğunu vurğulamışdır. Ümummilli liderin təşəbbüsü ilə Milli Məclis 1994–cü il fevralın 24–də “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etmiş, sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanmışdır. Ümummilli liderin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997–ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26–sı saat 17:00–da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir.

Ümumiyyətlə, Azərbaycan hökuməti Xocalı faciəsini soyqırımı kimi dəyərləndirərkən 9 dekabr 1948–ci ildə BMT Baş Assambleyası tərəfindən 260 A saylı qətnamə ilə qəbul edilən Soyqırımın qarşısının alınması və ona görə cəza haqqında Konvensiyanı, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının IV maddəsini, Ruanda üzrə Beynəlxalq Tribunalın Nizamnaməsinin I maddəsini, Beynəlxalq Cinayət Məhkəməsinin statusunu, həmçinin “Xocalı soyqırımı günü haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 24 fevral 1994–cü il tarixli qərarını, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998–ci il tarixli fərmanını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103–cü maddəsini əldə əsas tutur. Xocalı soyqrımı ilə bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 103–cü (soyqırım) və əhalini deportasiya etmə və ya məcburi köçürmə (107) maddələri ilə cinayət işi açılmışdır və istintaq aparılır. İstintaq zamanı ümumən 280–ə yaxın erməni və rus millətindən olan şəxsin təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərarlar çıxarılmış, barələrində həbs–qətimkan tədbiri seçilmiş və axtarışları ilə əlaqədar müvafiq sənədlər İnterpolun Azərbaycan Milli Bürosuna göndərilmişdir.

Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün hökumət səviyyəsində müəyyən tədbirlər həyata keçirilir. Eyni zamanda, Milli Məclisin dünya parlamentlərinə müraciətində soyqırımı aktının real mahiyyəti, onun soyqırımı kimi tanıdılmasını şərtləndirən amillər konkret faktlar əsasında əksini tapır. Bu baxımdan Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO–nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi qeyd etmək lazımdır. Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqrımı haqda faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. “Fondun dəstəyi və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən “Xocalı uşaqların gözü ilə” rəsm müsabiqəsinin əl işlərinin, fotoşəkillərinin dünyanın qabaqcıl ölkələrində keçirilən sərgiləri XX əsrin ən böyük faciəsi haqqında beynəlxalq ictimaiyyətdə dolğun təsəvvürlər formalaşdırmışdır. 2007–ci il fevralın 26–da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Brüssel şəhərində təşkil olunan “Təcavüzün qurbanları” adlı foto və uşaq rəsmlərinin sərgisi də bu baxımdan mühüm əhəmiyyət daşımışdır. Fondun Moskva nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın İslam Konfransı Təşkilatının Gənclər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində “Xocalıya ədalət!” kampaniyasına start verməsi də bəşər tarixində ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır.

Ayrı–ayrı ictimai qurumların bu sahədəki fəallığı da təqdirəlayiqdir. Bu baxımdan ABŞ Azərbaycanlıların Şəbəkəsinin ABŞ Prezidenti administrasiyası tərəfindən ermənilərin Xocalıda törətdiyi hərbi cinayətlərin tanınması üçün başladığı petisiyanın qısa müddətdə on minlərlə səs toplaması son dərəcə sevindiricidir. Əgər 30 gün ərzində sözügedən aksiyanı 100 min nəfər imzalayarsa, ABŞ Prezidenti Barak Obama Xocalıda baş verən faciəli hadisələrlə bağlı bəyanatla çıxış edə bilər. Bu isə adıçəkilən cinayətin törədilməsində bilavasitə iştirak edən Serj Sarkisyana və erməni diplomatiyasına misli görünməmiş zərbə deməkdir.

Erməni millətçiləri xaricdəki erməni diasporunun və böyük dövlətlərdəki erməni lobbisinin imkanlarından istifadə edərək, “əzabkeş, məzlum erməni milləti” obrazı yaratmaqda davam edir, azərbaycanlılara və türklərə qarşı törətdikləri soyqırımlar haqqında həqiqətləri gizlətməyə, dünya ictimaiyyətini Azərbaycan torpaqlarının işğalı faktı ilə barışmağa çalışırlar. Lakin unutmasınlar ki, onların dəhşətli əməlləri bəşəriyyətə qarşı cinayət kimi hüquqi–siyasi qiymətini alacaqdır. Dünya dövlətləri bu məsələdə erməni təbliğatı nəticəsində formalaşmış stereotiplərdən imtina etməli, “əzabkeş millətin” saxta göz yaşlarına uymamalıdır.

 

 

Abbas RZAYEV,

Binəqədi Rayon Məhkəməsinin

hakimi.

 

Respublika.- 2013.- 19 fevral.- S. 4.