Böyük sənətkar

 

XX əsrin II yarısında ustad sənətkarlarımız Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov, Mütəllim Mütəllimov dünyalarını dəyişdikdən sonra iki təkrarolunmaz səs sahibi, iki xanəndəmiz olmasaydı, cağdaş Azərbaycan muğam ifaçılığında hardasa bir boşluq yaranardı. Onlardan biri rəhmətlik Yaqub Məmmədov, digəri isə anadan olmasının 75 illiyini bu gün böyük təntənə ilə qeyd etdiyimiz Arif Babayevdir.

 

Arifin səsində elə bir ecazkarlıq, gözəllik və şirinlik var ki, insan ona qulaq asmaqdan doymur, dərin sevdalara dalıb daim bu səsi eşitmək, onun sehrində qalmaq, sanki başqa bir aləmdən qopub gələn bu avazı bütün varlığına hopdurmaq istəyir. Bu səsdə Vətən sevgisi, xalqın sevinci və kədəri, hicran qəmi, vüsal nəşəsi bir–birinə qovuşaraq əsrarəngiz bir ahəng yaradır. Elə bir ahəng ki, insan qəlbinin ən dərin qatlarına varıb onun ən gizli, ən məhrəm hisslərini dilə gətirir.

Arifin istər pəsdə, istər vəsətdə, istərsə də zildə oxmağı dinləyiciyə çox xoş gəlir. Onun Qarabağ ifaçılıq məktəbinə xas olan çoxqatlı, sürəkli, şaqraq zəngulələri, gözəl boğazları, xalları və nəfəsləri qədim muğam sənətimizin, milli vokal ifaçılığımızın ən gözəl ənənələrinə söykənir.

Arifin oxuduğu Zabul Segah, Mirzə Hüseyn Segahı, Xaric Segah, Şur, Rast, Humayun, Bayatı Şiraz, Mahur Hindi, Cahargah, Qarabağ Şikəstəsi, Heyratı, Arazbarı, çoxlu sayda xalq mahnıları, təsniflər və bəstəkar mahnıları haqlı olaraq milli musiqimizin qızıl fonduna daxil olmuşdur.

Onun həyatdan tez getmiş istedadlı bəstəkarımız Bəhram Nəsibovun “Qarabağ” mahnısında oxuduğu bir ağız Segah dinləyiciyə bütöv bir muğam təsiri bağışlayır.

Arif həm də səhnəmizin ən gözəl məcnunların biridir. Dahi Üzeyir bəyin yaratdığı Məcnun obrazı elə bil onun boyuna biçilmişdir.

Arif Babayev bu gün muğam sənətimizin sirlərini yorulmaq bilmədən gənclərə öyrədir, onların püxtələşməsi üçün əlindən gələni edir. İndi onun yetirmələri arasında neçə–neçə tanınmış, xalq tərəfindən sevilən xanəndələrimiz var.

Bu yaxınlarda, daha doğrusu 2012–ci il noyabr ayının 15–də yaşadığım Kürdəxanı kəndində anadan olmağımın 70 illiyi münasibətilə keçirilən görüşdə yaşı çoxdan yetmişi ötmüş böyük sənətkarımız elə bir Xaric Segah oxudu ki, mən qarışıq bütün məclis əhli, o cümlədən tanınmış musiqiçilər və xanəndələr onun bu ifasına özlərinin heyranlıqlarını bildirdilər. Arifin səsi, özü demişkən, 75 yaşından sonra yenidən açılıb.

Mən Arif Babayev barəsində çox danışmışam, bir az da yazmışam. Amma belə hesab edirəm ki, onun haqqında nə qədər yazılsa da nə qədər danışılsa da azdır, Arifin xarici görünüşü, boybuxunu, səhnə mədəniyyəti, cəmiyyətdə, insanlar içərisində, məclisdə özünü aparmağı da bir ayrı aləmdir. Arifin gözəl ailəsi, gözəl övladları var.

Bu günlər Arif Babayevin 75 yaşı musiqi ictimaiyyətimiz və muğamsevərlər tərəfindən geniş surətdə qeyd olunur. Respublikamızın hər yerindən onun ünvanına təbriklər gəlir. Mən də öz növbəmdə böyük sənətkarımız — respublikanın xalq artisti, muğam ifaçılığı sahəsində ilk professorumuz Arif Babayevi anadan olmasının 75 illiyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, cansağlığı, ailə səadəti və yeniyeni uğurlar arzulayıram.

 

 

Vasim MƏMMƏDƏLİYEV,

akademik.

 

Respublika.- 2013.- 20 fevral.- S. 11.