Muğam ifaçılığı sənətinin görkəmli nümayəndəsi

 

Qarabağ torpağı başdanayağa musiqi ilə, könül rübabımızı dilə gətirən şeir ilə, nəğmə ilə yoğrulmuşdur. Adi otundan, çiçəyindən, daşından musiqi süzülür. Ulu Tanrı bu cənnət diyarı muğam üzərində yaradıb. Muğam sənətinin gözəl ənənələri ta keçmişdən bu günümüzə qədər uğurla davam edir. Azərbaycanın muğam ifaçılığı sənətinə görkəmli xanəndələr bəxş etmiş Qarabağ torpağının ecazkar səs və avaz sahiblərindən biri də məşhur xanəndə Arif Babayevdir.

Ağdam rayonunun Quzanlı qəsəbəsində xalq artisti, Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri, Prezidentin fərdi təqaüdçüsü, “Şöhrət” və “İstiqlalordenli professor Arif Babayevin anadan olmasının 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak etmişdir. Quzanlı mədəniyyət evinin səhnəsində yubilyar sürəkli alqışlarla qarşılanmışdır.

Yubiley tədbirində A. Babayevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilmişdir. Tədbirin aparıcısı, əməkdar artist Azad Şükürov milli musiqimizin, muğam, xalq mahnıları və təsniflərin mahir ifaçısı Arif Babayevin şərəfli ömür yolu, bənzərsiz yaradıcılıq fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

Tədbirdə Arif Babayevin pedaqoji fəaliyyətindən də bəhs olunmuşdur. Məlumat verilmişdir ki, xanəndə Azərbaycan Dövlət Konservatoriyasının muğam sinfinin ilk müəllimlərindən biri olmuş, Azərbaycan muğam ifaçıları arasında ilk dəfə professor elmi dərəcəyə layiq görülmüşdür. Hazırda A. Babayev Azərbaycan Milli Konservatoriyasında muğam kafedrasının müdiridir. Onun yetirmələrinin əksəriyyəti respublikamızın tanınmış, adlı–sanlı xanəndələridir.

Sənətkarın OperaBalet Teatrının solistimuğam ifaçısı kimi səmərəli xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. O, 1978–ci ildə əməkdar artist, 1989–cu ildə xalq artisti fəxri adlarına layiq görülmüş, ümummilli lider Heydər Əliyevin fərmanı ilə 1998–ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. 2002–ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan Arif Babayev dövlətimizin başçısı İlham Əliyevin 2008–ci il 15 fevral tarixli sərəncamı ilə Azərbaycan muğam sənətinin inkişafındakı böyük xidmətlərinə görə “İstiqlalordeni ilə təltif edilmişdir. Muğam ustasının 70 illik yubileyi ilə əlaqədar Heydər Əliyev Fondunun təqdimatı ilə xanəndənin xalq mahnıları, təsnif və muğamlardan ibarət 4 ədəd kompakt disk buraxılmış, “Arif Babayev–70″ kitabı Azərbaycan və ingilis dillərində nəşr edilmişdir. 2010–cu ildə Heydər Əliyev Fondu tərəfindən xanəndəyə “Qızıl çinar” mükafatı verilmişdir.

A.Babayev çıxış edərək mədəniyyət və incəsənətimizin inkişfında Prezident İlham Əliyevin xidmətlərini yüksək qiymətləndirmiş, muğam sənətinə göstərdiyi qayğıya görə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO–nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmiş, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıq etmişdir.

Yubiley tədbiri Arif Babayevin və “Şur” ansamblının birgə ifasında “Qarabağ şikəstəsi” ilə başa çatmışdır.

 

 

Salman Alıoğlu

 

Respublika.- 2013.- 20 fevral.- S. 11.