ƏRZAQ TƏHLÜKƏSİZLİYİ DÖVLƏTİN AQRAR SİYASƏTİNİN PRİORİTET İSTİQAMƏTİDİR

 

Ərzaq təhlükəsizliyi ilk növbədə hər bir ölkənin milli ərzaq müstəqilliyinə əsaslanır. Hər hansı bir dövlətin siyasi suverenliyi hələ onun ərzaq suverenliyinin təmin edilməsi demək deyildir. Ölkənin milli ərzaq suverenliyi o deməkdir ki, baş verə biləcək hər hansı fövqəladə vəziyyətlər zamanı dövlət əhalini ərzaq və qida məhsulları ilə təmin etmək məqsədilə xarici ölkələrə üz tutmur. Yaranmış tələbatı xüsusi mənbələr hesabına ödəmək iqtidarında olur və ölkənin ərzaq böhranı yaşamasına imkan vermir.

Azərbaycan Respublikasında əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindəndir. Hələ ötən əsrin 90–cı illərinin ortalarında xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə MDB məkanında analoqu olmayan torpaq islahatları həyata keçirildi. Kənd təsərrüfatı məhsulları istehsalçılarına yardım mexanizmi formalaşdırıldı, beynəlxalq təşkilatlarla bu sahədə əhəmiyyətli layihələrin icrasına başlanıldı. 2001–ci ildə ölkə başçısının sərəncamı ilə “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” təsdiq olundu, bu proqram çərçivəsində görülmüş işlər nəticəsində ölkədə kənd təsərrüfatı və ərzaq məhsullarının artırılmasına nail olundu.

 

Hələ 1992–ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölkəmizdə ilk dəfə olaraq ictimai təsərrüfatlarda islahatlara başlanıldı və yeni özəl təsərrüfat qurumları yaradıldı. Bu təcrübə sonralar respublikada aqrar islahatların aparılmasına hazırlıq dövründə nümunə rolunu oynadı və müxtəlif bölgələrdə kəndlilərin birləşdiyi kəndli (fermer) təsərrüfatlarının yaradılması ilə nəticələndi.

1995–1997–ci illərdə aqrar islahatı tənzimləyən bir çox qanun, fərman, sərəncam, qərar və digər normativ–hüquqi aktlar qəbul olundu. “Aqrar islahatların əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında” və “Torpaq islahatı haqqında” qanunlar aqrar islahatların hüquqi bazasının əsasını təşkil etdi. 18 fevral 1995–ci ildə qəbul olunmuş “Aqrar islahatların əsasları haqqında” qanun aqrar islahatın məqsəd və vəzifələrini, əsas istiqamət və prinsiplərini müəyyən etdi. Bu qanunla aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşdırılması və müxtəlif növlü təsərrüfat subyektlərinin yaradılmasının, eyni zamanda sahəyə dövlət himayəsinin istiqamətləri və aqrar bazarın dövlət tənzimlənməsinin hüquqi əsasları yaradıldı.

Qeyd olunmuş bu və ya digər sənədlər torpaq islahatlarını uğurla həyata keçirməyə şərait yaratdı və islahatın birinci mərhələsinin müsbət nəticələrlə yekunlaşmasını təmin etdi.

Bu prosesdə Azərbaycan Respublikası Prezidenti tərəfindən 11 fevral 2004–cü il tarixli fərmanla təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının sosial–iqtisadi inkişafı Dövlət Proqramı (2004–2008–ci illər)”, 25 avqust 2008–ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “2008–2015–ci illərdə Azərbaycan respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, 14 aprel 2009–cu il tarixli fərmanı ilə təsdiq olunan “Azərbaycan Respublikası regionlarının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nın və digər normativ–hüquqi sənədlərin tarixi əhəmiyyətini xüsusi olaraq qeyd etmək lazımdır.

Aqrar islahatların və sahəyə fasiləsiz dövlət dəstəyinin nəticəsində 2003–cü ilə nisbətən 2012–ci ildə kənd təsərrüfatı məhsulları istehsalında xeyli üstünlüklər əldə edilmişdir. Belə ki, taxıl istehsalı 36,2 faiz, o cümlədən buğda 19,4 faiz, kartof 25,9 faiz, tərəvəz 16,1 faiz, bostan məhsulları 20,0 faiz, meyvə 41,5 faiz, üzüm 2,3 dəfə artmışdır. Heyvandarlıq məhsulları istehsalı, iri və xırda buynuzlu heyvanların baş sayı çoxalmışdır. 2003–cü ilə nisbətən 2012–ci ildə ət istehsalı (kəsilmiş çəkidə) 50,9 faiz, süd 47,3 faiz, yun 30,6 faiz, yumurta 60,7 faiz, mal–qaranın baş sayı 19,7 faiz, qoyun və keçilər 17,6 faiz, quşların 36,2 faiz artmışdır.

Ölkə başçısı tərəfindən 2004–cü ildə yaradılmış və onun fəaliyyət dairəsinin ildən–ilə genişləndirilməsi nəticəsində “Aqrolizinq” ASC tərəfindən dövlət büdcəsindən və digər mənbələrdən, o cümlədən təkrar istifadədən yaranmış 119,49 milyon manat vəsait də nəzərə alınmaqla cəmi 493,32 milyon manat vəsaitdən 190,72 milyon manatlıq kənd təsərrüfatı texnikaları, 113,79 milyon manatlıq texnoloji avadanlıq, 114,55 milyon manatlıq mineral gübrələr, 22,86 milyon manatlıq damazlıq heyvanlar alınmış və 50,5 milyon manatlıq tikinti işləri aparılmışdır.

“Aqrolizinq” ASC tərəfindən aparılmış gündəlik məqsədyönlü tədbirlərin nəticəsi olaraq təkrar istifadədən yaranmış 119,49 milyon manat vəsait yenidən kənd təsərrüfatı texnikalarının və müxtəlif təyinatlı maşın və texnoloji avadanlıqların alınmasına yönəldilmişdir.

İstehsal olunmuş meyvə və digər məhsullarla əhalinin ilboyu təminatı məqsədilə sahibkarların sifarişi əsasında ümumi tutumu 54,8 min ton olan 39 ədəd soyuducu kamera quraşdırılmış və istifadəyə verilmişdir. Tərəvəz istehsalında xüsusi əhəmiyyətə malik ümumi sahəsi 27,2 hektar olan 14 ədəd istixana gətirilib quraşdırılmışdır. Xüsusi qeyd olunmalıdır ki, istixanalar əsasən əkin üçün istifadəyə yararsız torpaqlarda qurulur, məhsuldardır, 1 kvadratmetr sahədən 300–350 kq (hektardan 300–350 ton) məhsul alınır, məhsul heç bir xəstəliyə yoluxmur, hava şəraitindən asılı olmur. İldə bir neçə dəfə məhsul əldə olunur ki, bu da tərəvəz məhsulları ilə əhalinin ilboyu təmin olunmasında və daxili bazarda qiymətlərin tənzimlənməsində böyük rol oynayır.

Bununla yanaşı heyvandarlıq məhsullarının artırılmasında, heyvanların cins tərkibinin yaxşılaşdırılmasında “Aqrolizinq” ASC tərəfindən gətirilən, lizinq yolu ilə, güzəştlə məhsul istehsalçılarına satılan damazlıq düyələrin mühüm əhəmiyyəti olmuşdur. 2009–2012–ci illər ərzində respublikaya 6290 düyə gətirilmişdir.

Bu heyvanların hərəsindən ildə 4500–5000 kq süd sağılır və yerli heyvanlara nisbətən 3,0–3,5 dəfə artıq süd verir.

Kənd təsərrüfatının mexanikləşdirilməsi səviyyəsinin artırılmasında, texniki xidmətlərin göstərilməsində, məhsulun vaxtında və itkisiz yığılmasında “Aqrolizinq” ASC–nin rayon aqroservis filiallarının xüsusi rolu olmuşdur. Hazırda respublikada 54 aqroservis filialı fəaliyyət göstərir ki, onlardan da 34–nün müasir maddi–texniki bazası yaradılmış və tutumu 68 min ton olan 6 ədəd loqistik gübrə bazası tikilib istifadəyə verilmişdir.

2003–2012–ci illərdə dövlət əsaslı vəsait qoyuluşu hesabına Kənd Təsərrüfatı Nazirliynə 40,03 milyon manat büdcə vəsaiti ayrılmışdır. Ayrılmış vəsait hesabına 41 rayonda baytarlıq idarələrinin və diaqnostik kabinetlərin inzibati binaları, 57 sahə baytarlıq məntəqəsinin inzibati binaları, Bakı şəhərində Dövlət Baytarlıq Xidmətinin 3 mərtəbəli inzibati binası, Bioloji Kombinatın inzibati və laboratoriya binaları yenidən qurulub istifadəyə verilmişdir. Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, Aqrar Elm Mərkəzinin tabeliyində olan institut və digər təşkilatların inzibati və laboratoriya binalarında, Azərbaycan Dövlət Aqrar Universitetinin tədris korpuslarında təmir və yenidənqurma işləri görülmüşdür.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına 2007–2012–ci illər ərzində bir neçə istiqamətdə dövlət büdcəsinin vəsaiti hesabına 572,7 milyon manat, o cümlədən yanacaq və motor yağlarına, buğda və çəltik səpininə, mineral gübrələrin güzəştli satışına, 1–ci və 2–ci reproduksiyalı toxum və ting satışına, orijinal, superelit və elit toxumların satışına görə subsidiya ödənilmişdir.

Bununla yanaşı, 2007–2012–ci illər ərzində Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən dövlət büdcəsindən ayrılmış 48,0 milyon manat və qayıdış hesabına yaranmış 18,1 milyon manat vəsait hesabına 58 rayonda aqrar sektorda fəaliyyət göstərən 1737 sahibkara heyvandarlığın, bağçılığın, taxılçılığın, üzümçülüyün, quşçuluğun, arıçılığın, emalın və s. sahələrin inkişafı üçün 66,1 milyon manat güzəştli kreditlər verilmişdir və nəticədə 6232 yeni iş yerləri açılmışdır.

Aqrar sahənin inkişafı ilə əlaqədar imzalanmış bir sıra fərman və sərəncamlara, xüsusi ilə “2008–2015–ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və “Azərbaycan Respublikası regionlarının sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nın (2009–2013–cü illər) müddəalarına uyğun kənd təsərrüfatı məhsulları istehsalçıları 2012–ci ildə məhsul istehsalının artırılması üçün mühüm tədbirlər həyata keçirmişlər. Belə ki, 2012–ci ilin məhsulu üçün 1647,1 min hektar sahədə (çoxillik əkmələrsiz) əkin aparılmışdır. Onun 1031,4 min hektarını və ya 62,6 faizini payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər, 172,9 min hektarını və ya 10,5 faizini kartof, tərəvəz və bostan bitkiləri, 48,5 min hektarını və ya 2,9 faizini texniki (pambıq, tütün, şəkər çuğunduru, dən üçün günəbaxan və s.) bitkilər, 392,7 min hektarını və ya 23,9 faizini yem bitkiləri təşkil etmişdir.

Eyni zamanda, 2012–ci ildə mövcud 133,5 min hektar meyvə bağlarının, 16,3 min hektar üzümlüklərin və 0,87 min hektar çay plantasiyalarının becərilməsi həyata keçirilmişdir. Meyvə bağlarının 108,8 min hektarı, üzümlüklərin 12,4 min hektarı, çay sahələrinin isə 0,54 min hektarı bar verən sahələrin payına düşür.

Hesabat ilində əsas bitkiçilik məhsullarının istehsalında artım əldə edilmiş, vahid sahənin məhsuldarlığı yüksəlmişdir.

2012–ci ildə 1030,7 min hektar taxıl bitkilərinin məhsulu yığılmış, hər hektardan 27,2 sentner olmaqla cəmi 2802,2 min ton dənli və dənli paxlalı bitkilər məhsulu istehsal edilmişdir. Eyni zamanda 11,0 min hektar dən üçün günəbaxan sahəsindən 20,0 min ton və ya hər hektardan 18,2 sentner, 29,2 min hektar pambıq sahəsindən 56,9 min ton və ya hər hektardan 19,5 sentner, 66,0 min hektar kartof sahəsindən 968,5 min ton və ya hər hektardan 146,7 sentner, 76,8 min hektar tərəvəz sahəsindən örtülü və təkrar əkinlərin məhsulu da daxil olmaqla 1216,2 min ton və ya hər hektardan 150,3 sentner, 30,0 min hektar ərzaq üçün bostan bitkiləri sahəsindən 428,0 min ton və ya hər hektardan 142,7 sentner, 1,53 min hektar tütün sahəsindən 4,3 min ton və ya hər hektardan 27,9 sentner məhsul yığılmışdır. Bundan əlavə, meyvə bağlarından 810,0 min ton meyvə, üzüm bağlarından 150,9 min ton üzüm, çay plantasiyalarından 567,9 ton yaşıl çay yarpağı istehsal olunmuşdur.

2011–ci illə müqayisədə 2012–ci ildə 343,8 min ton taxıl, o cümlədən 206,4 min ton buğda, 1,4 min ton tərəvəz məhsulları, 30,0 min ton kartof, 44,2 min ton meyvə məhsulları, 13,9 min ton üzüm, 691 ton tütün yarpağı və 33,8 ton yaşıl çay yarpağı artıq istehsal edilmişdir.

Daxili istehsal hesabına adambaşına orta hesabla toxum, yem və təbii itki daxil edilmədən 146,7 kq ərzaq buğdası, 76,4 kq kartof, 167,9 kq tərəvəz və bostan, 82,7 kq meyvə və giləmeyvə məhsulları istehsal edilmişdir ki, bu da Nazirlər Kabinetinin 2005–ci il 23 iyun tarixli 118 nömrəli Qərarı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibində qeyd olunduğundan buğda üzrə 18,5 faiz az, kartof, tərəvəz–bostan və meyvə–giləmeyvələrin hər biri üzrə isə 1,7 dəfə çoxdur. Başqa sözlə, ərzaq buğdası istisna olmaqla əhalinin digər bitkiçilik məhsullarına olan illik istehlak tələbatının yerli istehsal hesabına ödənilməsi tam təmin edilmişdir. Əhalinin ərzaq buğdasına olan tələbatının tam ödənilməsində isə hələlik idxaldan asılılıq mövcud olsa da, Azərbaycanda taxıl həmişə xalqımızın milli sərvəti, taxılçılıq respublikanın aqrar–sənaye kompleksinin əsas ənənəvi iri sahələrindən biri sayılır.

2012–2020–ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planının icrası ilə əlaqədar regionlarda üzümçülüyün inkişaf etdirilməsində fermerlərə köməklik göstərmək məqsədilə Kənd Təsərrüfatı və İqtisadi İnkişaf Nazirliklərinin mütəxəssislərindən ibarət qruplar təşkil edilmiş və ənənəvi üzümçülük rayonlarında seminar–müşavirələr keçirilmişdir. Fermer və iş adamları ilə görüşlər zamanı yerlərdə mövcud üzüm bağlarının vəziyyəti araşdırılmış, yeni üzümlüklərin salınması imkanları təhlil edilmiş, sahənin əsas inkişaf istiqamətləri müəyyənləşdirilərək müxtəlif təklif layihələri hazırlanmış və müvafiq dövlət qurumlarına təqdim edilmişdir.

Hesabat ilində kənd təsərrüfatı bitkilərinin əkinində toxum və tinglərin əsasən yerli sortlarından istifadə edilmiş, mineral gübrələrdən və pestisidlərdən istifadəyə diqqət artırılmışdır.

Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində 3 Layihə Axtarış Kimyalaşdırma Stansiyası və 42 rayon Aqrokimya laboratoriyası fəaliyyət göstərir. Onlar 4534,9 min hektar kənd təsərrüfatına yararlı torpaq sahəsinə, o cümlədən 1684,3 min hektar əkin sahəsinə və 147 min hektara qədər çoxillik əkmələr sahəsinə aqrokimyəvi xidmət göstərirlər. 2012–ci ildə 6718 nəfər torpaq mülkiyyətçisinə məxsus əkin sahələrindən götürülmüş 10416 torpaq nümunəsində aqrokimyəvi analizlər aparılmaqla torpaqlarda qida maddələrinin miqdarı öyrənilmiş, onun əsasında proqnozlaşdırılan məhsuldarlığa görə gübrə norması hesablanmış və torpaq mülkiyyətçilərinə müvafiq tövsiyələr verilmişdir.

Ölkədə ərzaq təhlükəsizliyinin uğurlu həllində heyvandarlığın inkişafının müstəsna rolu vardır. Hazırda respublikada 2703,9 min baş mal–qara, o cümlədən1302,3 min baş inək və camış, 8651,2 min baş qoyun və keçi, 24 milyon baş quş vardır. Son 20 ildə mal–qara 56,2 faiz, inək və camışlar 76,4 faiz, qoyun və keçilər 76,5 faiz artmışdır.

Bu dövrdə ət istehsalı 95,3 faiz artaraq 275,1 min tona, süd istehsalı 2,0 dəfə artaraq 1719,6 min tona, yumurta istehsalı isə 51 faiz artaraq 226711 min ədədə çatmışdır. Əvvəlki illərdə olduğu kimi, 2012–ci ildə də heyvandarlıq məhsullarının istehsalı sahəsində vəziyyət stabil qalmaqda davam edir. Belə ki, 2011–ci ilə nisbətən 2012–ci ildə ət istehsalı 4,3 faiz, süd istehsalı 6 faiz artmışdır.

2011–ci ildə respublikada adambaşına 33 kq ət, 248 kq süd, 131 ədəd yumurta istehlak olunmuşdur. 2012–ci ildə kənd təsərrüfatının ümumi məhsulunda heyvandarlığın payı 49,3 faizə çatmışdır. Kənd təsərrüfatının tarixində heyvandarlıq sahəsində birinci dəfədir ki, belə yüksək göstəricilərə nail olunmuşdur.

Azərbaycanda bəzi unikal heyvanlar da yetişdirilir. Burada yetişdirilən camışlar, yerli zebular, qala qoyunları və keçilər yüksək keyfiyyətli məhsul vermələri ilə fərqlənirlər.

Ölkəmizdə 269,6 min baş camış vardır. Xarici mühitin zərərli təsirlərinə və xəstəliklərə dözümlülüyü, yemə və saxlanılmağa az tələbkar olması ilə fərqlənən camışların südündə 8–12 faiz yağ olur. Camış südündə yağın miqdarı inək südünə nisbətən 2,2 dəfə artıqdır. Əgər 1 kiloqram yağ 22 kiloqram inək südündən əmələ gəlirsə, bunun üçün 10 kq camış südü tələb olur. Camışın qatığı və qaymağı ilə yanaşı onun əti də bir çox xəstəliklərə qarşı dərman kimi istifadə olunur.

Heyvandarlıq məhsullarının istehsalı kənd təsərrüfatının prioritet sahələrindən biridir.Bu sahəyə diqqət və qayğı ildən–ilə artır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev respublika əhalisinin heyvandarlıq məhsullarına olan tələbatının daxili istehsal hesabına ödənilməsi vəzifəsini qarşıya qoymuşdur. Bunun üçün heyvandarlıq yeni texnologiyalar əsasında inkişaf etdirilməli, bu sahəyə dünya ölkələrində mövcud olan innovasiyalar tətbiq olunmalıdır.

Heyvandarlığın inkişafında respublikamızın böyük potensial imkanları aşkara çıxarılmışdır. Azərbaycanın təbii–iqlim şəraitində mal–qaranın yüksək məhsuldarlığının mümkün olmaması fikri tamamilə təkzib edilmişdir.

Mal–qaranın cins tərkibini yaxşılaşdırmaq üçün səmərəli tədbirlər həyata keçirilmiş, naxırların və sürülərin tamamilə təzələnməsinin əsası qoyulmuşdur.

Son illər Azərbaycanda heyvandarlıq sahəsində ümumən sanballı, nəzərə çarpan kəmiyyət və keyfiyyət dəyişiklikləri əmələ gəlmişdir. Lakin Kənd Təsərrüfatı Nazirliyi nailiyyətləri layiqincə qiymətləndirməklə bərabər, yaxşı başa düşür ki, ölkədə heyvandarlığın vəziyyəti respublika rəhbərliyinin yüksək tələblərinə cavab vermir, əhalinin tələbat və ehtiyaclarından geri qalır.

Azərbaycan aztorpaqlı bir ölkə olduğundan və adambaşına 0,19 hektar əkinə yararlı torpaq sahəsi düşdüyündən heyvandarlığın ekstensiv metodla inkişaf etməsi ciddi narahatlıq doğururdu. Azərbaycanda hər il heyvanların baş sayının artırılmasına ehtiyac yoxdur. Çünki mal–qaranın yemlə təmin olunmasında ciddi çətinliklər vardır. Respublikada optimal miqdarda heyvan saxlanılması tələb olunur. Alimlər və mütəxəssislər belə hesab edirlər ki, respublikada orta hesabla 1600 min baş mal–qara, o cümlədən 800 min baş inək və camışın saxlanılması məqsədəmüvafiqdir. Lakin inək və camışların hər birindən ildə orta hesabla 2500–3000 kq süd sağılmalı, hər bir baş heyvan kökəldilərək, diri çəkisi 350–360 kq–a çatdırıldıqdan sonra kəsimə göndərilməlidir.

Heyvandarlığı daha da inkişaf etdirmək üçün ilk növbədə hüquqi baza yaradılmışdır. “Damazlıq heyvandarlıq haqqında” Azərbaycan Respublikasının Qanunu hazırlandıqdan və qüvvəyə mindikdən sonra, heyvandarlıqda damazlıq–seleksiya işləri xeyli yaxşılaşmışdır. Regionların sosial–iqtisadi inkişafı üzrə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq mal–qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.

Son illərə qədər heyvandarlıq ekstensiv yolla, yəni mal–qaranın baş sayının artırılması hesabına inkişaf edirdi. Hazırda heyvandarlığın intensiv inkişaf etdirilməsi üçün tədbirlər görülür. Kənd Təsərrüfatı Nazirliyi ət istehsalının artırılması üçün aşağıdakı tədbirləri həyata keçirir. İlk növbədə iri mal–qara kökəltmə komplekslərinin yaradılmasına başlanılmışdır.

Bu il Bərdə rayonunun Mehdili kəndində 2000 başlıq mal–qara kökəltə təsərrüfatı istifadəyə veriləcəkdir. Burada ildə 400 ton ətin istehsal olunması proqnozlaşdırılır.

Ağcabədi rayonunun Qaravəlli kəndində Elxan Qəhrəmanovun 900 başlıq, Bərdə rayonunun Lənbəran kəndində Elgiz və Elbrus Abbasovların 1000 başlıq mal–qara kökəltmə təsərrüfatları fəaliyyət göstərir.

Son 2 ildə Almaniya və Avstriyadan ətlik istiqamətli aberdin–anqus cinsindən olan 25 baş heyvan gətirilib, Salyan, Göygöl, Ağdam, Oğuz, Xızı və digər rayonlara verilmişdir. Bu heyvanlar yerli heyvanlarla mələzləşdirilir və ət istehsalının artımına ciddi təsir göstərirlər.

Bu yaxınlarda Fransadan 500 doza yüksək ətlik istiqamətli şarole cinsindən olan törədici heyvanların toxumu gətiriləcək və Gədəbəy rayonunda ətlik maldarlığı inkişaf etdirmək məqsədilə yerli heyvanlarda süni mayalama aparılacaqdır.

Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına respublikada hər biri 1000 başlıq olmaq şərtilə 120 kökəltmə meydançasının (təsərrüfatın) yaradılması barədə 18 noyabr 2011–ci il tarixli 01/15–08–79 nömrəli məktubla Azərbaycan Respublikası Nazirlər Kabinetinə təklif verilmişdir.

Cavan heyvanların kəsilməsinin qarşısını almaq məqsədilə kütləvi izahat işləri genişləndirilir. Çünki, hər il yüz minlərlə dana və quzu müvafiq olaraq 180–200 kq və 15–20 kq diri çəkidə kəsilir. Cavan heyvanların kəsilməsi hesabına ölkədə 40 min tona yaxın ət itirilir.

Azərbaycanda quşçuluq ildən–ilə inkişaf etdirilir. Son iki ildə 20–dən çox quşçuluq müəssisəsinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kredit verilmişdir. Bu təsərrüfatlarda damazlıq yumurta istehsalına başlanılmışdır. Xarici ölkələrdən damazlıq yumurta idxalının qarşısının alınması üçün tədbirlər görülür.

Ayrı–ayrı rayonlarda quşçuluğun inkişafına böyük diqqət yetirilir. Siyəzən rayonunda 543 ev təsərrüfatı öz həyətyanı sahəsində 12–20 min baş broyler olan quş damları tikib, quşçuluqla ciddi məşğul olurlar. Təkcə bu rayonda 3000 min baş broyler yetişdirilir. Bu, Ərzaq Təhlükəsizliyinə dair Dövlət Proqramının yerinə yetirilməsinə siyəzənlilərin verdikləri sanballı töhfədir.

Son vaxtlar quş ətinin 2 manat 40 qəpiyə qədər düşməsi o deməkdir ki, respublikada kifayət qədər quş əti istehsal olunur. Əgər quşçuluğa marağı daha da artırsaq, quş əti istehsalını 2020–ci ildə 100–120 min tona çatdırmaq mümkündür. Bu vəzifəni yerinə yetirmək üçün birinci növbədə xarici ölkələrdən idxal olunan quşçuluq məhsullarının qarşısı alınmalıdır.

2015–ci ildə kəsilmiş çəkidə ət istehsalının 340 min tona çatdırılması üçün tədbirlər görülür.

Respublikada süd istehsalının intensiv artırılması qarşıda duran əsas vəzifələrdən biridir.

Süd istehsalını artırmaq üçün respublikaya xarici ölkələrdən damazlıq düyələr gətirilir. Damazlıq heyvandarlığı inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə hər il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan “Aqrolizinq” ASC–yə 5–10 milyon manat vəsait ayrılır. Bu vəsait hesabına indiyədək respublikaya 6290 baş damazlıq düyə alınıb gətirilmiş, bu düyələr güzəştlə heyvandarlıq məhsulları istehsalçılarına lizinqə verilmişdir. Görülən tədbirlər və Kənd Təsərrüfatı Nazirliyinin hazırladığı tövsiyələrin yerinə yetirilməsi nəticəsində həmin heyvanlar artıb 10020 başa çatmışdır.

Lizinq yolu ilə verilən damazlıq düyələr xüsusi qulluq tələb edir. İdxal olunan damazlıq düyələrə nümunəvi xidmətin göstərilməsi, ölkənin heyvandarlıq mədəniyyətinə ciddi surətdə müsbət təsir göstərir. 2013–cü ildə də bu iş yenə də davam etdiriləcək və respublikaya 4 min baş damazlıq düyə gətirilməsi proqnozlaşdırılır.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, respublikada olan mal–qaranın 80–85 faizi 10 başadək heyvan saxlayan sahibkarların xırda təsərrüfatlarında cəmləşmişdir. Belə kiçik təsərrüfatlarda yeni texnoloji prosesləri həyata keçirmək ağır əl əməyi tələb edən işləri mexanikləşdirmək, istehsalı intensiv qaydada aparmaq qeyri–mümkündür. Odur ki, süd istehsalını intensiv artırmaq üçün respublikada iri südçülük komplekslərinin yaradılmasına başlanılmışdır.

2011–ci ildən etibarən Ağdam rayonunun Əfətli kəndindəki “Qara inək” kəndli (fermer) təsərrüfatında 450 başlıq, Ağcabədi rayonunun Ağabəyli kəndində 3 min başlıq, Kürdəmir rayonunun Atakişili kəndində 500 başlıq, Salyan rayonunun Kürqaraqaşlı kəndində 500 başlıq südçülük kompleksləri fəaliyyət göstərməyə başlamışdır. Bu komplekslər “Aqrolizinq” ASC vasitəsi ilə damazlıq düyələrlə komplektləşdirilir.

Bu il Ağdaş rayonunun Ərəbocağı kəndində 800 başlıq, Salyan rayonunun Qaraçala qəsəbəsində 2400 başlıq, Qəbələ rayonunda “Aqrokompleks” MMC–də 1000 başlıq, həmin rayonun Vəndam kəndində 500 başlıq südçülük kompleksləri istifadəyə veriləcəkdir. Bu komplekslərin hamısı “Aqrolizinq” ASC vasitəsi ilə gətiriləcək damazlıq düyələrin hesabına komplektləşdiriləcəkdir.

Damazlıq düyələrin saxlanıldığı südçülük kompleksləri yüksək istehsal göstəricilərinə nail olurlar. “Şəki Aqro İndastris” MMC–də təqdirəlayiq iş təcrübəsi vardır. Burada 1126 baş mal–qara, o cümlədən 540 baş inək yetişdirilir. Keçən il hər inəkdən orta hesabla 5263 kq süd sağılmışdır. Burada inəklərin hamısı süni yolla mayalandırılır. Hər 100 baş inəkdən 98 bala alınır. Süd sağımı sexi fəaliyyət göstərir. Eyni vaxtda 32 inək sağılır. Keçən ilin iyun ayında bu təsərrüfatda dövlət və özəl damazlıq təsərrüfatları başçılarının və damazlıq düyə alan sahibkarların respublika seminar–müşavirəsi keçirilmişdir.

Ölkəmizə idxal olunan cins düyələr damazlıq seleksiya işlərinin aparılmasında böyük rol oynayır. Lakin hər il ölkəyə gətirilən az sayda— 700–3020 baş düyə vasitəsi ilə respublikanın bütün kateqoriya təsərrüfatlarında mövcud olan 2600 min baş mal–qaranın cins tərkibini qısa müddətdə yaxşılaşdırmaq mümkün olmayacaqdır. Ona görə də heyvanların cins tərkibinin yaxşılaşdırılmasında mühüm rol oynayan süni mayalamaya üstünlük verilir. Bu sahədə respublikada iş başlanmışdır.

Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycan Respublikasında Süni Mayalama Mərkəzi yaradılmışdır. Burada Avstriyadan, Almaniyadan və Rusiyadan alınıb gətirilmiş 21 baş törədici buğadan və kəldən yüksək keyfiyyətli toxum istehsal olunur.

2004–cü ildə cənab İlham Əliyevin sərəncamı ilə yaranmış “Aqrolizinq” ASC kəndin müasir texnika ilə təminatında və nəticə etibarı ilə Ərzaq Təhlükəsizliyinin təminatında olduqca mühüm rol oynayır. 2005–2012–ci illərdə bu ASC–nin xətti ilə ölkəyə 14450 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası, o cümlədən 1035 kombayn, 4262 traktor, 184 ekskavator, 8969 digər kənd təsərrüfatı texnikaları gətirilmişdir. Göstərilən dövrdə 39 ədəd yeni soyuducu kamera quraşdırılmış, soyuducu ambarların tutumu 54,8 min tona, istixanaların sahəsi 27,2 hektara çatdırılmışdır. Göstərilən dövrdə ölkəyə 315 min tondan artıq müxtəlif mineral gübrələr gətirilmiş və fermerlərə güzəştli qiymətlərlə satılmışdır. “Aqrolizinq” ASC xətti ilə 2005–2012–ci illərdə 6290 baş cins damazlıq heyvanlar gətirilmişdir ki, bu da ölkədə mal–qaranın cins tərkibinin yaxşılaşdırılmasında mühüm rol oynayır.

ASC–nin xətti ilə ölkəyə yeni kənd təsərrüfatı texnikaları, mineral gübrələr, cins damazlıq heyvanlar gətirilməsi prosesi uğurla davam etdirilir. 11 fevral 2013–cü il tarixdə isə cənab İlham Əliyev “Azərbaycan Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” daha bir sərəncam imzalayaraq Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” ASC–yə 10 (on) milyon manat vəsait ayrılmışdır. Bu isə şübhəsiz ki, ərzaq təhlükəsizliyinin ölkədə uğurla təmin edilməsinə yeni bir təminat verəcəkdir.

Kənd Təsərrüfatı Nazirliyi yeni texnologiyalara üstünlük verir. Akademik Arif Paşayevin prezidenti olduğu Zeytun Elm İstehsalat şirkəti ilə birlikdə “ekoloji” kənd təsərrüfatı məhsullarının qeyri–kimyəvi emalı və saxlanılması” layihəsi üzərində işləyirik. Uğurlu nəticələr var. Hazırda Oğuzda yerləşən Beytulla fermer təsərrüfatında tətbiq olunur.

Son 10 ildə aqrar sahədə məhsul istehsalında ciddi nailiyyətlər əldə edilmiş, kənd təsərrüfatının ümumi daxili məhsulu 2012–ci ildə 2003–cü ilə nisbətən 1,4 dəfə artmış, 2011–ci ilə nisbətən isə bu artım 5,8 faiz təşkil etmişdir.

Ümumilikdə isə 2003–2012–ci illərdə 30,4 milyard manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir. Eyni zamanda, kənd təsərrüfatı prioritet sahə kimi daim diqqət mərkəzində olmuş, sahənin inkişafı üçün bütünlükdə nazirlik sisteminə ayrılan vəsait 2003–cü il üçün nəzərdə tutulmuş 8,5 manatdan dəfələrlə artaraq 2012–ci ildə 253,3 milyon manata çatmışdır.

Ümumilikdə isə Kənd Təsərrüfatı Nazirliyi sisteminə ayrılan vəsait 2003–2012–ci illərdə 1,4 milyard manat olmuş, həmin vəsaitin 1,3 milyard manatı bilavasitə məhsul istehsalının artmasına yönəldilmişdir.

Bununla yanaşı beynəlxalq maliyyə institutlarının iştirakı ilə ölkənin kənd təsərrüfatında 10 layihə tətbiq edilmişdir. Bu layihələr çərçivəsində 2003–2012–ci illərdə 181,0 milyon ABŞ dolları istifadə edilmişdir ki, bunun da 65,0 milyon dolları Azərbaycan dövlətinin iştirak payı olmuşdur.

Kənd təsərrüfatında əldə edilmiş bu nailiyyətlər dövlət başçısı cənab İlham Əliyevin aqrar sahəyə olan ardıcıl diqqət və qayğısı sayəsində baş verir. Dövlət başçısı bu il yanvarın 15–də Nazirlər Kabinetinin 2012–ci ilin sosial–iqtisadi inkişafının yekunlarına və 2013–cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da kənd təsərrüfatına olan diqqət və qayğısını bəyan etmişdir. Dövlət başçısı demişdir: “Ərzaq təhlükəsizliyi məsələləri də daim diqqət mərkəzindədir. Mən çox şadam ki, biz qarşıya qoyulmuş hədəfə yaxınlaşırıq. Keçən dəfə sahibkarlarla görüşdə qeyd etmişdim ki, indi biz özümüzü əsas ərzaq malları ilə təmin edirik. Amma əlbəttə, istərdim ki, biz özümüzü 100 faiz təmin etmək səviyyəsinə çataq”.

Bu il fevralın 12–də Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda da dövlət başçısı aqrar sahədə qarşıda duran vəzifələrə ciddi önəm vermişdir. Dövlət başçısı kənd təsərrüfatında olan inkişafı qeyd etməklə yanaşı bu sahədə mövcud nöqsanları və qarşıda duran vəzifələri təhlil etmişdir. Dövlət başçısı demişdir ki, hər bir dövlət fermerləri dəstəkləyir, onlara subsidiyalar verir. Biz də bunları edirik. Bu subsidiyalar və kreditlər çoxşaxəlidir. İndiyə qədər 1,2 milyard manat güzəştli şərtlərlə kredit verilmişdir ki, onun da 83 faizi bölgələrin aqrar sektoruna yönəldilmişdir. Texnikaların alınması, aqrolizinqlərin yaradılması, maldarlığın inkişafı, dövlət xətti ilə damazlıq mal–qara gətirilməsi və s. bizim təşəbbüsümüzdür. Dünən növbəti sərəncam da imzalanmışdır. Fermerlərə metodik qaydada tövsiyələr verilir ki, nə qədər vəsaitə hansı işlər görmək olar. “Amma əfsuslar olsun ki, biz bəzi hallarda bu sahədə şəffaflığa nail ola bilmirik. Subsidiyalar ya ünvana çatmır, ya kimsə onları mənimsəyir, özünə götürür”.

Konfransda cənab Prezidentin aqrar sahənin qarşısında qoyduğu vəzifələr və onun tənqidi iradları Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ciddi təhlil olunaraq qarşıdakı illər üçün bir proqram sənədi kimi qəbul edilmişdir. Kənd Təsərrüfatı Nazirliyi subsidiyaların verilməsində və fermerlərə çatdırılmasında şəffaflığa nail olmaq üçün tədbirlər planı hazırlamaqdadır. Mütəxəssislərin və fermerlərin təklifləri öyrənilir. Rayon (şəhər) icra hakimiyyətləri başçılarına ünvanlanmış məktubda göstərilir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsində nöqsanlar olduğunu qeyd etmişdir. Subsidiyaların verilməsində bəzən şəffaflığın təmin edilmədiyi, verilən yardımların ünvanlara çatmadığı, onların mənimsənildiyi, bəzi hallarda istehsal sahələri həcminin artırıldığı və icrası vacib olan digər məsələlər barədə dövlət başçısı öz irad və tapşırıqlarını bildirmişdir.

Nazirliyin məktubunda yardım və subsidiyaların ödənilməsi barədə qərarın rayon komissiyalarının təqdim etdiyi sənədlər əsasında verildiyini nəzərə alaraq təqdim edilən ilkin sənədlərin hazırlanması və subsidiyaların hesablanması zamanı nöqsanlara yol verilməməsi, istehsalçılara dövlət dəstəyinin göstərilməsində şəffaflığın təmin edilməsi üçün yerli orqanlardan ciddi tədbirlər görülməsi xahiş olunur.

Nazirlik aidiyyəti mərkəzi icra orqanlarından—Maliyyə, İqtisadi İnkişaf, Vergilər nazirliklərindən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən və digər qurumlardan xahiş edir ki, onlar rayonlarda (şəhərlərdə) mövcud olan yerli qurumlarına bu barədə müvafiq göstəriş verərək onların məsuliyyətlərini artırsınlar.

Kənd Təsərrüfatı Nazirliyi əmin edir ki, cənab Prezidentin çıxışlarından irəli gələn vəzifələri, irad və nöqsanları öz fəaliyyətində rəhbər tutacaq, yerli icra hakimiyyətləri, aidi dövlət qurumları ilə birlikdə bu məsələləri diqqət mərkəzində saxlayacaq və problemlərin həll edilməsi, aradan qaldırılması üçün səylə çalışacaqdır.

 

 

ASLAN ASLANOV,

Kənd Təsərrüfatı nazirinin

müavini.

 

Respublika.- 2013.- 20 fevral.- S. 4.