ERMƏNİLƏRİN AZƏRBAYCAN XALQINA QARŞI ƏRAZİ İDDİALARI, SOYQIRIMLARI VƏ DEPORTASİYALAR

 

Dünyanın fövqəlgüc dövlətlərinin himayəsi altında olan “Şərq məsələsi” və onun əsas tərkib hissəsi kimi “erməni məsələsi”nin yaranmasından iki əsrdən artıq zaman keçsə də, siyasi–hərbi təzyiq vasitəsi olaraq beynəlxalq münasibətlər sistemində öz təsir gücünü saxlamaqda, həm Türkiyə, həm də Azərbaycana yeniyeni problemlər doğurmaqdadır.

Hazırda neoimperialist mövzuda yazılan qərəzli yazılar və söylənilən riyakar fikirlər tarixi həqiqətlərə, arxiv sənədlərinə deyil, müəyyən dairələrin maraqlarına və zərərli ideologiyaların təbliğatına əsaslanmışdır. Buna görə də “Şərq məsələsi”nin, o cümlədən də “erməni məsələsi”nin əsl mahiyyətini tarixi həqiqətlərə, arxiv sənədlərinə əsasən şərh etmək və beynəlxalq ictimaiyyətə çatdırmaq Azərbaycan tarixşünaslığının əsas vəzifələrindəndir.

Tarix elmləri doktoru Ataxan Paşayevin “Ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımları və deportasiyalar (XIX–XX əsrlər)” adlı tədqiqatı bu baxımdan çox əhəmiyyətlidir. Kitab 20 ildən artıqdır ki, beynəlxalq münasibətlər sisteminin gündəliyində olan, lakin ikili standartlar və qərəzli yanaşmalarla “tənzimləndirilməyə” çalışılan Qarabağ probleminin, 20 Yanvar faciəsinin, Xocalı soyqırımının, Azərbaycan ərazisinin 20 faizinin işğalının, bir milyondan artıq qaçqın–köçkün probleminin əsl səbəblərini, bu hadisələr zamanı törədilən vəhşilikləri, cinayətləri ortaya qoymaqla yanaşı, son Qarabağ hadisələrinə qədər də Azərbaycana və azərbaycanlılara qarşı törədilmiş soyqırım və deportasiyaların real mənzərəsini göstərmişdir.

Bu kitab “erməni məsələsi”lə bağlı Azərbaycan həqiqətlərini yaymaq, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edənlərə elmi ədəbiyyat və arxiv sənədlərindən istifadə etməklə tutarlı cavab vermək baxımından təqdirəlayiqdir.

Mövzunun aktuallığını nəzərə alaraq əsəri oxuculara təqdim edirik.

 

Allahşükür QURBANOV,

Respublika”.

 

(əvvəli 12, 13, 15, 16, 17, 19 və 20 fevral tarixli saylarımızda)

 

Andranik Naxçıvanda qüvvələrini möhkəmlətdikdən sonra həmin il iyulun 14–də Bakı Xalq Komissarları Sovetinin rəhbəri S.Şaumyana göndərdiyi teleqramında öz dəstələri ilə məskunlaşdığı Naxçıvan qəzasını Sovet Rusiyasının ayrılmaz hissəsi elan edir və ondan xahiş edir ki, onun bu məramı barədə Mərkəzi Rusiya hökumətində kimə lazımdırsa məlumat versin [bax: 507a].

İyulun 20–də S.Şaumyan özünün Andranikə cavab teleqramında yazırdı: “Xalq rəhbəri Andranikə! Sizin teleqramı aldım. Tam mətnini Moskvaya–Mərkəzi hökumətə xəbər verdim. Öz tərəfimdən Sizin şəxsinizdə həqiqi xalq qəhrəmanını salamlayıram”. Həqiqətən də, həmin il iyulun 24–də Andranikin teleqramı “İzvestiya” qəzetinin 155–ci sayında dərc olunmuşdur.

1918–ci ilin yayında Naxçıvandakı azərbaycanlı əhalini ermənilərdən mühafizə etmək və Naxçıvanın ermənilər tərəfindən tutulmasına yol verməmək məqsədilə Kazım Qarabəkir paşanın komandanlığı altında Naxçıvan bölgəsinə türk qoşunları gəlir. Həmin il iyulun sonu, avqustun əvvəllərində Andranikin quldur dəstələri Əbrəqunus yaxınlığında və Naxçıvan stansiyası ətrafındakı döyüşlərdə türk qoşunlarına məğlub olaraq Ordubad bölgəsinin Bist və Nəsirvaz kəndlərindən keçərək Zəngəzura getmişlər.

Ermənilərin tarixən sahiblənmək arzusunda olduqları Azərbaycan ərazisindən biri də Naxçıvan və Şərur–Dərələyəz bölgəsi idi. Əksəriyyəti azərbaycanlılardan ibarət olan bu qəzaları 1918–ci ilin mayında Güney Qafqazda yaranmış Ermənistan Respublikası ilk gündən Dağlıq Qarabağla yanaşı Azərbaycanın bu əzəli və əbədi torpaqlarını da öz əllərinə keçirməyə çalışmışdır. Ermənilər öz niyyətlərini həyata keçirməkdə onlara havadarlıq edən ingilislərə daha çox bel bağlayırdılar. General Tomson ermənilərə bu əraziləri ələ keçirmək üçün siyasətlə hərəkət etməyi tövsiyə edirdi. Beləki o, 1919–cu il martın 28–də İrəvanda Ermənistan hökumətinin üzvləri ilə görüşərkən erməni qaçqınları danışıqsız öz kəndlərinə buraxmaq üçün Şərur və Naxçıvanın müsəlman əhalisinə qarşı məcburi tədbirlər görülməsindən, Naxçıvanla iqtisadi əlaqələrin gücləndirilməsi və onlarla birbaşa gediş–gəlişin təşkilinin zəruriliyindən bəhs olunurdu.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Naxçıvan və Şərur bölgəsində öz suveren hüquqlarının bərpa edilməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi təşəbbüsü ingilislər tərəfindən müdafiə olunmur və müxtəlif bəhanələrlə maneçilik törədilirdi. F.Xoyskinin bu barədəki məktubuna Britaniya qoşunları komandanlığı Baş qərargahının 1919–cu il 12 aprel tarixli cavabında bildirilirdi ki, adı çəkilən bölgələr Britaniya qubernatorunun idarəsindədir. Qaçqınların öz yerlərinə qayıtması işi Britaniya komandanlığının rəhbərliyi altında olacaq və milliyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq həyata keçiriləcəkdir. Qaçqınlar tamamilə yerləşdirildikdən sonra Naxçıvan və s. rayonların idarəçiliyi dr X.Sultanovun Qarabağ generalqubernatoru vəzifəsini icra etdiyi eyni şərtlər əsasında Ermənistan hökumətinin nümayəndəliyinə veriləcəkdir.

1919–cu il aprelin 15–dən başlayaraq Naxçıvan bölgəsinin müsəlman əhalisi arasında bu mahalın müvəqqəti olaraq Ermənistan Respublikasının idarəçiliyinə veriləcəyi barədə xəbərlər yayılmağa başlayır. Azərbaycan Cümhuriyyətinin İrəvandakı diplomatik nümayəndəsi M.Təkinski 1919–cu il aprelin 20–də Bakıya göndərdiyi teleqramda ingilislərin Qars, Şərur və Naxçıvanın erməni idarəçiliyinə verilməsi barəsindəki şaiyələrin doğru çıxacağı halda bir neçə milyon müsəlmanın yarım milyonluq ermənilərə tabe etdirilməsinə qarşı bütün islam aləmi, habelə Sülh konfransı qarşısında etirazlar etməyi təklif edir.

AXC Xarici İşlər Nazirliyi həmin il aprelin 30–da Güney Qafqazdakı Britaniya qoşunlarının komandanlığına göndərdiyi məktubda Naxçıvan, Şərur–Dərələyəz, Sürməli və s. bölgələrin Ermənistan hökumətinə verilməsi barədə məlumatlar bildirir. Məktubda həmin bölgələrin əhalisinin tamamilə azərbaycanlılardan ibarət olması və onların Azərbaycanla bütöv bir vahid təşkil etdiyi göstərilir.

Bölgənin Ermənistanın müvəqqəti idarəçiliyinə verilməsi yolunda atılan ən mühüm addımlardan biri ingilis generalı Devinin mayın 2–də Naxçıvana gəlməsi olmuşdu. Devi Naxçıvan Müsəlman Milli Şurasının üzvləri və nüfuzlu adamlarla görüşündə Naxçıvan və Şərur qəzalarının Ermənistan Respublikasında yerləşdiyinə görə onun hökumətinin tabeçiliyinə keçməli olduqlarını bildirir. Devinin özbaşına və zorakı hərəkət–lərinə qarşı etirazlarsülh konfransının qərarınadək ermənilərin bölgəyə rəhbərliyinə qəti rədd cavabı verilir.

Bütün bunlara baxmayaraq, 1919–cu il mayın 3–də Naxçıvan bölgəsinin Ermənistan Respublikasının müvəqqəti idarəçiliyinə verilməsi barədə ingilis generalı Devi və İrəvan hərbi dəstəsinin rəisi Dro tərəfindən birgə əmr imzalanır.

Şahtaxtıda olan ingilis generalqubernatorunun dəvəti ilə Naxçıvan Müsəlman Milli Şurasının sədri və iki üzvü 1919–cu il may ayının 14–də Naxçıvan stansiyasında general Devionunla birlikdə gəlmiş Ermənistan Respublikası hökumətinin baş naziri Q.Xatisovla görüşürlər. Buradakı danışıqlardan və Devinin təklif etdiyi şərtlərin yerinə yetirilməsi üçün müəyyən vədlər verdikdən sonra baş nazir mayın 15–də Şuranın üzvləri və əhali ilə görüşmək istədiyini bildirir.

Həmin gün o, əvvəlcə iclas zalında Şuranın üzvləri ilə, sonra isə açıq havada təxminən 4000 nəfərlik əhali ilə görüşür. O, burada əhalinin erməni hökumətinə etiraz edildiyi və Naxçıvanın Ermənistana tabe edilməsinin arzuolunmazlığı fikrinin şahidi oldu. Q.Xatisov bunun ingilislərin iradəsi olduğunu bildirirdi.

Q.Xatisova cavabda ağsaqqallar bildirdilər ki, Naxçıvan və Şərur müsəlmanlarına münasibətdə özbaşınalığa yol verildiyi barədə bütün dünyaya car çəkəcəklər, uşaqlarına, ata–babalarına qarşı edilmiş bu ədalətsizliklə barışmamaq, onun haqqında hər zaman danışmağı vəsiyyət edəcəklərini bildirərək Q.Xatisova axıra qədər qulaq asmayaraq nümayişkaranə surətdə dağıldılar. Vəziyyəti belə görən Q.Xatisov mülki qubernator Q.Verşamyanı Naxçıvanda qoyaraq elə həmin gün İrəvana qayıdır.

M.Təkinski 1919–cu il mayın 29–da Cümhuriyyətin Xarici İşlər Naziri M.Y.Cəfərova İrəvandan göndərdiyi şifrəli teleqramında bildirirdi ki, Şərur–Naxçıvan bölgəsi yalnız ingilislərin tələbi ilə ermənilərə tabe olmuşdur. Əhali, ümumiyyətlə, erməniləri boykot edir, onların rəhbərlik etdiyi inzibati idarəçiliklərdəki yerləri tutmaqdan imtina edirlər.

Naxçıvanda general Devi və Ermənistan hökumətinin sədri Q.Xatisovun verdiyi vədlərin heç birinə əməl olunmadı. Tezliklə bölgənin müxtəlif yerlərində ermənilərin törətdikləri qanunsuzluqlar və özbaşınalıqlar baş verdi. Heç bir əsas olmadan müsəlmanların evlərində axtarışlar aparılır, “köçüb getmiş ermənilərindi” deyə müsəlmanların külli miqdarda əmlakı müsadirə olunurdu. Bir sıra nüfuzlu şəxslər panislamistpantürkist adı ilə həbs olundu. Naxçıvan Müsəlman Milli Şurasının hesablamalarına görə, bəzən gün ərzində yalnız Naxçıvan şəhərində 10–15 axtarış və həbs hadisələri baş verirdi.

Ermənilərin qısa müddətli “idarəçiliyi” dövründə təkcə Naxçıvan şəhərində 330 axtarış aparılmış, 500–600 nəfər həbs olunmuş, 100–150 nəfərə isə işgəncələr verilmişdi.

Naxçıvan və Şərur bölgələrində möhkəmlənmək üçün ermənilərin həyata keçirdiyi repressiya siyasəti bu bölgələrin əhalisini həyəcana gətirir, onlar Azərbaycan Cümhuriyyəti hökumətinə müraciət edərək kömək göstərməyi, bu barədə müttəfiqlər komandanlığına məlumat verməyi xahiş edirdilər.

İngilislərin regiondan gedəcəyi barədə 1919–cu ilin mayında yayılan xəbərlər yay aylarında daha da reallaşdı. “Azerbaydjan” qəzeti ingilislərin avqustun 15–dək Qafqazda qalacaqları barədə etibarlı mənbələrdən əldə etdiyi məlumatı oxucularına xəbər verirdi. Onların Azərbaycanı, o cümlədən də Naxçıvan bölgəsini tərk edəcəkləri xəbəri azərbaycanlı əhalini narahat edirdi. Ermənilər isə yaranmış əlverişli məqamdan mümkün qədər yararlanmağa çalışırdılar. Lakin yerli əhali bölgədə daşnakların ağalığına birdəfəlik son qoymaq üçün bir sıra mühüm hazırlıq tədbirləri görür. Bütün bu hazırlıq işləri bölgədəki erməni ağalığının son günlərində, yəni iyulun 19–25–də ciddi toqquşmalara səbəb olur, sonda isə erməni hərbi hissələrinin bölgədən qovulması ilə nəticələnir. İrəvan–Culfa dəmir yolu xətti boyunca yeni döyüşlər baş verir. Şahtaxtı stansiyasında erməni qarnizonunun silahlı dəstəsi məhv edilir. Noraşen stansiyasındakı döyüşlər daha gərgin və amansız olmuşdu. Naxçıvanlılar 42 pulemyot, 4 topzirehli qatar, xeyli mərmi, güllə ələ keçirirlər. Xanlıqlar kəndi döyüşsüz təslim olur. Burada 5 zabit, 195 əsgər əsir alınır və 600 tüfəng qənimət kimi götürülür.

Naxçıvan və Şərur bölgələrindən geri atıldıqdan sonra Qəmərlidəki qüvvələrini yenidən qruplaşdıran ermənilər Vedi üzərinə hücuma keçir. Lakin burada da 4000 nəfər canlı qüvvə, çoxlu silahsursat itirərək Şirazlı yolayrıcında müdafiə mövqeləri tuturlar.

Arxivlərimizdə mühafizə olunan sənədlərdən də göründüyü kimi, Naxçıvan bölgəsində, onunla həmsərhəd ərazilərdə ermənilərin idarəçiliyinə qarşı ölümdirim mübarizəsinə qalxmış əhali böyük ruh yüksəkliyi və ümidlə yaşayırdı. Bu bölgələrin əhalisi əgər Azərbaycan əlini uzadarsa, ona birləşmək istədiyini, əks halda isə Türkiyədən bölgəni öz himayəsinə götürməyi xahiş edəcəyini, heç vaxt ermənilərin tabeçiliyinə keçməyəcəyini, bu mahalı ermənilərin hakimiyyəti altına sala biləcək bir qüvvənin olmadığını, bu halda vuruşaraq ölməyi üstün tutacaqlarını qətiyyətlə bildirirdilər.

 

(davamı növbəti saylarımızda)

 

 

Respublika.- 2013.- 21 fevral.- S. 5.