Tarixi həqiqətləri üzə çıxarmaq borcumuzdur

 

Tarixin daş yaddaşında nə qədər qatı açılmamış sirlər, gizlinlər yatır. Azərbaycanın minilliklərdən boylanan əsl tarixini zamanzaman saxtalaşdıranlar, təhrif olunmuş şəkildə bizə təqdim edənlər, xalqımızı öz kökündən, öz soyundan ayrı salmaq istəyənlər düşünmədilər ki, hər gecənin bir gündüzü var, əsl həqiqətləri üzə çıxaran, xalqını, millətini sevən alimlərimiz, işıqlı zəka sahiblərimiz, aydınlarımız var. Yasamal rayonu, E.Məmmədov adına 21 saylı tam orta məktəbin direktoru, gənc, istedadlı alim Ceyhun Bayramlı məhz belə insanlardan biridir. Onun son illərdə apardığı unikal araşdırmalar böyük marağa səbəb olub. Əməkdaşımız gənc alimlə görüşüb gördüyü işlər barədə oxuculara məlumat verməsini xahiş etmişdir. Ceyhun Bayramlı demişdir:

 

—Məni daha çox Azərbaycanın tarixi keçmişi maraqlandırır. Tariximizin ayrı–ayrı dönəmləri ilə bağlı araşdırmaları çox sevirəm. Bu işin nəticəsi olaraq kitablar çap etdirmişəm. Bilirsiniz, hər bir vətənsevər insan milli–mənəvi dəyərlərimizi göz bəbəyi kimi qorumağa borcludur. Tarixin dərin qatlarına endikcə gücümüz, qüdrətimiz artır, vətənin sınırları daha aydın görünür.

2003– ildə “4 anonim mənbə” adlı kitab çap etdirmişəm. Bu mənbələr indiyə qədər dilimizə tərcümə olunmamış mənbələr idi. Azərbaycan tarixinin müxtəlif dövrləri ilə bağlı məlumatları özündə əks etdirən bu mənbələri araşdırmaq nə qədər zəngin məlumatlar əldə etməyə imkan yaratdı.

2005–ci ildə “Hanı dediyim bəy ərənlər” adlı publisistik düşüncələrim işıq üzü görüb. Kitabda Azərbaycanda bəyliyin, əsilzadəliyin tarixi ilə bağlı araşdırmalarım yer alıb.

2010–cu ildə çıxan “Dastan ədəbiyyatımızda ictimai təsirlər” kitabımda da məni narahat edən bir çox problemlərə toxunmuşam.

Kitabda Azərbaycan dastanlarına Sovet dövründə edilmiş artıq və əlavə dəyişikliklər, saxta, quraşdırma obrazlar, epizodlarla bağlı fikirlərim, duyğu və düşüncələrim yer alıb. Mən bu məsələlərə daha çox milli dövlətçilik mənafeyindən yanaşmışam. Çünki şifahi xalq ədəbiyyatı birbaşa xalqın tarixini, kəşməkəşli dövrlərini özündə əks elətdirən bir sahədi. Və o sahələrlə bağlı gərək heç bir əlavələr, süni dəyişikliklər, saxtakarlıqlar olmaya. Xalqın yaradıcılığı necədirsə, eləcə də ortaya qoyulmalıdır.

Kitabı hazırlayarkən mən çalışdım ki, müxtəlif mənbələrdən istifadə edim. Dastanların ilk nəşr variantlarına daha çox istinad etməyə çalışdım. Bir çox maraqlı şeylər ortaya çıxdı.

Daha sonra, 2006–cı ildən üzərində çalışdığım bir mövzunu genişləndirərək tamamladım. Bu araşdırmanı Babək hərəkatı, Xürrəmilər hərəkatı ilə bağlı tarixə yeni baxış bucağı da adlandırmaq olar. Əsər “Babək və xürrəmilik, yalanlar və gerçəklər” adlanır. Çox qəribə təsadüfdür, 2011–ci ilin sentyabr ayında Prezident İlham Əliyevin Babəkə heykəl qoyulması barədə fərmanı imzalaması kitabın çap olunması ilə eyni vaxta düşdü.

“Babək və xürrəmilik” müxtəlif ərəb və fars mənbələrinin məlumatları əsasında Babək hərəkatının yenidən təhlili idi.

Sovet İttifaqı dövründə tarixçilərin qarşısına xüsusi konsepsiya qoyulmuşdu. O konsepsiyaya görə, Azərbaycanın tarixi qəhrəmanları üzərində eksperimentlər aparılmalıydı. O eksperimentlərin biri də Babəklə bağlı olub. Babəklə bağlı araşdırmalardan bəlli oldu ki, bu xalq qəhrəmanı haqqında son illərin konsepsiyası əslində həmin tarixi dövrü müasir insanın gözündə əyri güzgüdə göstərmək məqsədi daşımışdır, yəni hər şey dövrün insanlarının qəlbində Babək haqqında çaşqınlıq doğuran yanlış məlumatlar, təəssüratlar yaratmağa hesablanmışdı.

Bütün bu saxtalaşdırmalar Babəkin guya utopik kommunist olduğunu ifadə eləməli idi. Onun atəşpərəst, ateist, dinə, Allaha inanmayan bir adam olduğunu bildirməliydi. Həm xalqın milli soykökündən uzaq bir adam olduğunu bildirməliydi.

Babəkin özünü, ailəsini, onun ətrafında cəm olmuş xürrəmiləri təhrif edən məlumatlar çox olub.

Amma hər şeyin bir geci–tezi var. Həqiqətin üstünə bir gün doğması var.

Babəklə bağlı araşdırmalarda çalışdım ki, obyektivliyə arxalanım. varsa, ortaya çıxardaq. Aydın oldu ki, heç sovetlərin söylədiyi kimi Babək utopik kommunist, ateist, öz soykökündən uzaq birisi olmayıb. Tam əksinə, Babək xürrəmilər imanlı insanlar olub. Allaha, onun müqəddəs kitabına iman gətirmiş insanlar olub.

Təxminən 50–yə yaxın mənbədən müxtəlif tərcümə variantlarından əldə etdiyim məlumatlar kitabda öz əksini tapdı. Həddən artıq maraqlı məlumatlar ortaya çıxdı. Məlum oldu ki, Babək əslində əsasını qoyduğu müstəqil bir dövlətin—Xürrəmilər dövlətinin 22 il keşiyində dayanıb. Halbuki, tarix elmində müsəlman türklərinin qurduğu ilk dövlət olaraq Sacoğulları, yəni Sacilər dövləti qəbul olunur. Özü Babəkdən 50 il sonra. Amma əslində Babəkin 22 il ərzində Azərbaycanda idarəetmə mexanizminə malik bir qüvvə kimi formalaşması Xürrəmilər hərəkatının, milli azadlıq hərəkatının məntiqi nəticəsi olaraq bir Xürrəmilər dövlətinin ortaya çıxması, araya–ərsəyə gəlməsi demək idi. Babəkin həm konkret paytaxt şəhəri olub, həm ordusu olub. Həm bayrağı olub, həm konkret hərbi şura adlı idarəetmə orqanı olub. Hətta mənbələr Babəkin 20–yə yaxın cəlladının olduğunu göstərir ki, bu da konkret məhkəmə cəza mexanizminin olması deməkdir. Təbii ki, bir qala sahibinin 20 cəlladının olması absurd bir düşüncədir. Demək bütün Azərbaycan ərazisində mövcud məhkəmə sistemi fəaliyyətdə imiş.

Bütün bunlar bizə əsas verir ki, Babəkə bu günə qədər yanaşıldığı tərzdə, yəni üsyan başçısı kimi yox, hökmdar kimi yanaşmaq lazımdır. Bizim bədbəxtliyimiz onda olub ki, öz qəhrəmanlarımıza yad, yabancı mənbələrin gözü ilə qiymət verməyə çalışmışıq.

Babəkin öz oğluna bir məktubu var. Bəzz qalası süqut etdikdən sonra o, Araz vadisindəki bir meşəlikdə gizlənir. Oğlundan gələn məktuba cavab yazır deyir ki, harda mənim barəmdə kimin deməsindən asılı olmayaraq mən hökmdar olmuşam hökmdar olaraq da qalacağam. Biz istəsək , istəməsək , ərəb mənbələri onu üsyançı kimi görsə , istənilən halda bizim qəhrəmanımız Babək özünü müstəqil dövlətin hökmdarı kimi görüb. Biz onu özünün gördüyü ampluada görməliyik. Yəni azərbaycanlılara Sovet dövründə Babək milli, müstəqil bir dövlətin hökmdarı kimi təqdim edilə bilməzdi. Sovetlər onu adi, başıpozuq bir kütlənin üsyan başçısı kimi təqdim etməli idi. Bunlar ən çox ərəb mənbələrinə, Abbasi Xilafətinin saray tarixçilərinə istinad ediblər.

Hazırda bir neçə çox ciddi araşdırmalar üzərində gedir. Yaxın illərdə onları kitab kimi çap etdirmək fikrindəyəm. Bu mövzulardan biri həm elmi araşdırıcıların, həm əhalinin böyük marağına səbəb ola biləcək. “Quran ayələrində Azərbaycanmövzusudur. Bayrağımızda türklük, müasirlik, islam təfəkkürü, düşüncəsi var. Amma islamın Azərbaycanla dərəcədə əlaqəli olmağı bu günə qədər elmi səviyyələrdə araşdırılmayıb. Çünki İslamın əsas kitabı Qurandı, buna daha çox ərəb düşüncəsi ilə yanaşılıb. İslama daha çox ərəb dini olaraq baxış sərgilənib. Burda, təbii ki, dini camiənin müəyyən nöqsanlı baxış bucağı da var. Ancaq biz bir dünyəvi insanlar olaraq, bir elmi araşdırmaçı olaraq çalışmalıyıq ki, bu məsələdə Azərbaycanla bağlı həqiqətləri ortaya qoyaq.

İlk araşdırmalar artıq göstərir ki, Quranın 100–dən çox ayəsi Azərbaycanla, Azərbaycan tarixinin müxtəlif dövrləri ilə bağlıdır. Azərbaycan, həqiqətən, islamda göründüyündən qat–qat mühüm yer tutmalıdır, necə ki, tutur. Sadəcə bu yüksək məqamı, yeri olduğu kimi tədqiq edib ortaya qoymaq lazımdır. Bu baxımdan düşündüm ki, belə bir araşdırmaya ehtiyac var. Özü sırf elmi əsaslarla, elmi təməllərlə, hər hansı dini təmayüllərə meyillənmədən.

Quran ayələrində Azərbaycanı tədqiq eləmək, mənim fikrimcə, milli dövlətçiliyimizin , islami dini dünyagörüşümüzün xeyrinədir, dini maariflənmə baxımından da Azərbaycan əhalisinə böyük töhfələr verə bilər.

Daha bir neçə tarixi araşdırmalarla da məşğulam. Onları da kitab halında çap etdirməyi düşünürəm. Bunlardan biriQızılbaşlığın milli ideoloji tərəfi Azərbaycan milli dövlətçilik tarixində yeri roluadlanır. Bu, Şah İsmayıl Xətai ilə bağlı olan bir mövzudur.

Yeri gəlmişkən, mən Babəklə bağlı kitabımda onu da aydınlaşdırdım ki, Babək hərəkatı əslində Qızılbaşlığın 6 əsr əvvəlki rüşeymləridir. Yəni XVI əsrdə Qızılbaşların qoyduğu ideoloji tezislər tamamilə Babəkin xürrəmilərin qoyduğu tezislərin davamıdır, bunlar bir–birini tamamlayır. Mənbə məlumatlarından bunları üzə çıxarmaq mümkündür mən kitabımda onu göstərməyə çalışmışam.

İndi növbəti dalğa olaraq milli dövlətçilik tariximizdəki ideoloji tərəfə diqqət yetirərkən xürrəmilikdən sonrakı dalğa olaraq Qızılbaşlığı da tədqiq etmək fikrindəyəm.

Mənim fikrimcə, bu cərəyanların Azərbaycan milli dövlətçilik tarixində ideoloji sahədə böyük rolu əhəmiyyəti var. əhalimizin həm dini, həm dünyəvi dünyagörüşünün formalaşmasında bu cərəyanların ideoloji prinsiplərinin böyük rolu olub.

Azərbaycanla, Azərbaycan tarixi ilə bağlı əsl həqiqətləri ortaya qoymaq bu sahə ilə məşğul olan hər bir alimin vicdani borcu, vətəndaşlıq borcu olmalıdır. Bu, həm minilliklərin o tayından boy verən tariximizə, əcdadlarımıza, onların narahat olan ruhuna sayqımızdır.

 

 

Söhbəti yazdı: Zülfüqar ŞAHSEVƏNLİ

 

Respublika.- 2013.- 22 fevral.- S. 7.