O taylı, bu taylı “Xudafərin”

 

Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunda İran İslam Respublikasında əski əlifbada dərc olunan “Xudafərin” jurnalının 100– sayı və bu dərginin çap olunmasının 10 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

Dilçi alimlərin, millət vəkillərinin, AMEA–nın Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan bölməsinin əməkdaşlarının, KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbiri AYB–nin birinci katibi, xalq şairi Fikrət Qoca açmış və Cənubi Azərbaycanda yaşayan ədəbiyyatşünas alim Hüseyn Şərqi Dərəcəyin (Soy Türk) böyük zəhmət bahasına ərsəyə gətirdiyi bu dərginin əhəmiyyətindən danışmışdır.

AYB–nin Cənubi Azərbaycan bölməsinin rəhbəri Sayman Aruz bildirmişdir ki, “Xudafərin” jurnalı Tehranda çap olunsa da, Şimallı, Cənublu Azərbaycanı tərənnüm edir. O taylı, bu taylı yazıb–yaradan şair və yazıçılarımızın əsərləri dərgidə geniş işıqlandırılmış və indibu uğurla davam etdirilir.

Dilçi alim Nizami Xudiyev demişdir: “2003– ildə Azərbaycan televiziyasında çalışarkən Hüseyn bəy BDU–nun doktorantı idi. Teztez fikir mübadiləsi yürüdürdük. 1986–1987–ci illərdə Cənubi Azərbaycanla bağlı “Ədəbi dilimizin lüğət tərkibi” məqaləm dərc olunmuşdu. Sonralar Hüseyn Şərqi bir neçə kitabımı ərəb əlifbasına və fars dilinə tərcümə edərək İranda çap etdirmişdir.

Ədəbi dilimizin canlanmasında “Xudafərin” jurnalının rolu böyükdür. Bu çətin yolda Hüseyn bəyə uğurlar arzulayıram”.

Sonra yazıçı, şərqşünas alim Qəzənfər Paşayev vurğulamışdır ki, 10 ildir ki İranda fəaliyyət göstərən “Xudafərin” jurnalını çıxartmaq böyük cəsarət tələb edir. Vaxtilə böyük şairimiz Xəlil Rza Ulutürk Azərbaycan dilində rus sözləri işlədəni cərimələyərdi. Cənubi Azərbaycanda dilimizi saxlamaq, inkişaf etdirmək böyük şərtdir. Hüseyn Şərqi bu dərgi vasitəsilə həm dilimizin qorunmasına xidmət edir, həm də Cənubi Azərbaycanda professorlar Cəmil Həsənlinin, Nizami Xudiyevin, Teymur Əhmədovun, eləcə də bir çox alimlərlə yanaşı, mənim də kitabımı ərəb və fars dillərinə tərcümə edərək böyük tirajla təmənnasız çap etdirir. Bu, əsl ziyalılıq, əsl vətənpərvərlikdir. Hüseyn Şərqi eyni zamanda aşıq sənətini də təbliğ edən ziyalılarımızdandır.

Professor Cəmil Həsənli qeyd etmişdir ki, vaxtilə “Əkinçi”, “Füyuzat” jurnalları dilimizi necə yad ünsürlərdən qoruyurdusa, “Xudafərin” jurnalı da bu missiyanı şərəflə yerinə yetirir. Türk millətinin patriarxı Həsən bəy Zərdabi vaxtilə demişdir ki, millətin inkişafı öz dilində olacaqdır. Millət vəkili Fazil Qəzənfəroğlu türk birliyinin möhtəşəmliyindən söhbət açmış, “Xudafərin” jurnalının 10 ildir ki çap olunmasını böyük uğur kimi alqışlamışdır.

Yazıçı Mövlud Süleymanlı Hüseyn Şərqini 20 ildir ki, tanıdığını bildirərək demişdir: “İnsanı da bir millət kimi yaddaş saxlayır. Bu jurnal yaddaşı olan jurnaldır. Güneylə bağlı bütün uğurları alqışlayıram”.

Professor Vaqif Arzumanlı xüsusilə vurğulamışdır ki, görkəmli yazıçımız, dilimizin qorunmasında özünü oda–közə vurmuş Mirzə İbrahimovun xidmətləri sayəsində AMEA–da Cənubi Azərbaycan şöbəsini yaratmış və bu indiuğurla davam etdirilir. O tayda yaşayan yazıçı və şairlərimizin əsərlərindən ibarət çoxlu kitablar, almanaxlar dərc olunmuşindibu sahədə alimlərimiz tədqiqat işləri aparırlar.

Necə ola bilər ki, ABŞ konqresinin üzvü Cənubi Azərbaycanda dil məsələsini qaldırır, biz isə bu işə soyuq münasibət bəsləyirik? Orada ermənilərin məktəbi olduğu halda, Azərbaycan dilində məktəblərin açılması olduqca vacibdir. Hüseyn Şərqi mənim də iki kitabımı böyük tirajla İranda çap etdirib.

Bu dərgidə Füzuli, Nizami, C.Cabbarlı, S.Vurğun və başqaları haqda, eləcə də Nizami Cəfərov, Elçin Əfəndiyev, Anar və digər qələm sahiblərindən ibarət geniş məlumatlar dərc olunmuşdur. Odur ki, Arazı günahkar bilmək düzgün deyil, bizi bölən imperiyadır.

Cənubi Azərbaycanla bağlı yüzlərlə məqalələr müəllifi olan alim professor Sabir Nəbioğlu qeyd etmişdir ki, Güneyin daha çox təbliğata ehtiyacı var. “Xudafərin” Quzeydə Güneyi birləşdirən dərgidir—deyən yazıçı–alim Esmira Fuad bildirmişdir ki, Hüseyn Şərqinin bu əməyi böyük fədakarlıq və qəhrəmanlıqdır.

Tədbirdə professor Məhəmməd Teymurlu, jurnalist Xalidə Xalıq bu dərginin əski əlifba ilə yanaşı, latın qrafikası ilə də çap olunmasının vacibliyindən danışmışlar.

Sonda “Xudafərin” jurnalının təsisçisi və baş redaktoru Hüseyn Şərqi Soy Türk tədbir iştirakçılarına təşəkkürünü bildirərək demişdir:

“Azərbaycan dilinin varlığı və sütunu siz ziyalılarsınız. İlk dəfə məni Azərbaycanda dəstəkləyən və bu tədbirdə səbirlə, axıra qədər iştirak edən dilçialim dostum Nizami Xudiyevlə qürur duyuram. Dinimizin varlığını, dilimizin tanınmasını üzə çıxarmalıyıq. Dilimiz hansı gücə malikdir? Çox sağ olsun ki, dövlətimiz bu jurnalın çap olunmasına icazə verib. Bizim məqsədimiz ədəbiyyat sahəsində uğurlarımızı təbliğ etməkdir. Bu jurnal siyasi yox, ədəbi–bədii dərgidir. Heç bir köməyə ehtiyac olmadan, islami dəyərlərdən bəhrələnərək bu dərginin nəşrini mütəmadi davam etdirəcəyəm. Xudafərin o taylı, bu taylı azərbaycanlılar üçün bir körpüdür”.

Sonda tədbir iştirakçılarına “Xudafərin” jurnalının növbəti sayları təqdim olunmuşdur.

 

 

Rauf İLYASOĞLU

 

Respublika.- 2013.- 22 fevral.- S. 7.