Oğuz: inkişafın zirvəsinə doğru

 

Qocaman Qafqaz dağlarına söykənən Oğuz müstəqillik illərində həm təhsil, həm də sosial–iqtisadi gözəlliyini sovetlər birliyi dövründəkinə nisbətən qat–qat yaxşılaşdırmış, respublikamızın öndə gedən regionları sırasında inamla addımlamağa başlamışdır. Son iki ildə bu inkişaf sürətli, həm də daha əhəmiyyətli mərhələyə qədəm qoymuşdur. Regionların sosial iqtisadi inkişafına dair Dövlət proqramları bu rayonda da uğurla həyata keçirilir. Söhbət düşəndə oğuzlular da iftixarla vurğulayırlar ki, bu inkişafın, tərəqqinin qurucusu ulu öndər Heydər Əliyev olmuşdur, bu uğurlu strategiya bu gün onun layiqli davamçısı olkə Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Ötən ilin yekunlarına, cari ildə qarşıda duran vəzifələrə həsr olunan hasabat yığıncağına toplaşanlar öncə ulu öndərin abidəsi önünə gəlib ona hörmət və ehtiramlarını bildirdikdən sonra, rayon mədəniyyət mərkəzində tədbirin rəsmi hissəsinə başladılar. Rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanovun hesabatı dinlənildi, məruzə ətrafında çıxışlar oldu. Məruzə və çıxışlardan aydın oldu ki, “Azərbaycan Respublikası regionlarının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində ötən il xeyli işlər görülmüşdür.

 

Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2011–ci il tarixli sərəncamına əsasən rayon üçün ayrılmış iki milyon manat vəsait hasabına şəhərin Heydər Əliyev prospektinin 1,3 kilometrdən çox hissəsinin abadlaşması və işıqlandırılması işləri yerinə yetirilmişdir. Prezidentin 4 aprel 2012–ci il tarixli sərəncamına əsasən ayrılmış dörd milyon beş yüz min manat vəsait hesabına rayonun 6 yaşayış məntəqəsini birləşdirən ümumi uzunluğu 17,6 kilometr olan IV dərəcəli avtomobil yolu əsaslı şəkildə tikilərək istifadəyə verilmişdir. Ötən il Oğuz şəhərində Babək küçəsində təməli 2010–cu ildə qoyulmuş Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına Fondun Oğuz rayon şöbəsinin yeni inzibati binasının tikintisi davam etmişdir, obyekt yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Təməli 2011–ci ildə qoyulmuş Oğuz rayon Maliyyə İdarəsinin yeni inzibati binası tikilib istifadəyə verilmişdir. Oğuz şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə tikinti–quraşdırma işləri də başa çatmaq üzrədir. Rayonun Filfilli və Dəymədərə kəndlərində Oğuz Rayon İcra Hakimiyyətinin sifarişi ilə180 şagird yerlik yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. İcra hakimiyyətinin sifarişi ilə Ərmənət kəndində 180 və Qumlaq kəndində 369 şagird yerlik yeni məktəb binalarının, həmçinin Oğuz şəhərində 115 yerlik yeni uşaq bağçası binasının tikintisinə başlanmışdır. Sincan kəndində Təhsil Nazirliyinin sifarişi ilə 220 şagird yerlik yeni məktəb binası yaxın vaxtlarda istifadəyə veriləcək. Rayonun Xaçmaz, Kərimli, Böyük Söyüdlü, Bayan, Bucaq və Muxas kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması layihəsi üzrə yeni su xətləri çəkilmişdir.

Oğuz şəhərinin sel sularından qorunması və kiçik su keçidlərinin qoyulması layihəsi üzrə 2011–ci ildə başlanmış, tikinti işləri artıq başa çatmışdır. Şəhidlər Xiyabanında əsaslı və keyfiyyətli təmir aparılmışdır.

Rayonda aqrar sahənin inkişafı ön planda olmuşdur. Ötən il 40557 ton dənli və dənli–paxlalılar istehsal edilmişdir. Bunun da 38596 tonu payızlıq taxıldır. Bundan başqa, 2306 ton kartof, 2547 ton tərəvəz, 3288 ton meyvə, 98 ton bostan, 65 ton üzüm istehsal edilmişdir. 2013–cü ilin məhsulu üçün 16986 hektar sahədə payızlıq taxıl, o cümlədən 11037 hektar sahədə buğda, 5949 hektar sahədə arpa səpilmişdir. Heyvandarlığın inkişafında da xeyli dönüş yaranmışdır. Şəhərin işıqlandırılması və qazlaşdırılması istiqamətində xeyli işlər görülmüşdür. Bir çox kəndin qazlaşdırılması üçün maliyyə–smeta sənədləri hazırlanır. Padar kəndində qazlaşdırma işlərinə başlanmışdır. Oğuz şəhərini təbii qazla təmin edən əsas daşıyıcı d–273 millimetrlik qaz kəmərinin Əlican çayı üzərindən keçən 305 metr hissəsi təmir edilmişdir. Yaqubli, Yenikənd kəndlərində yeraltı qaz kəmərlərinin yenidən qurulması işlərinə başlanmışdır.

Balaşum–Böyük Söyüdlü su kəmərinin tikintisi və Böyük Söyüdlü kəndində kənddaxili şəbəkələrin işlənməsi davam etdirilir. Xaçmaz kəndində 570 metr drenaj su qəbuledicisi, 2 ədəd 800 kubmetrlik su anbarı tikilmiş, 128,8 kilometr magistral və daxili şəbəkə su kəməri çəkilmişdir. Kərimli kəndində 2 ədəd 400 kubmetrlik su anbarı tikilmiş, 14,9 kilometr magistral su xətti, 67,5 kilometr kənddaxili şəbəkə çəkilmiş və abonentlərə su sayğaclarının quraşdırılması başa çatdırılmışdır. Baş Daşağıl, Bayan, Bucaq kəndində də bu istiqamətdə çox işlər görülmüşdür.

Balşum–Böyük Söyüdlü su kəmərinin yenidən qurulması imkan verəcək ki, Qarabulaq, Astarxanovka, Sincan, Yenikənd, Yaqublu, Top, Zərrab kəndləri içməli su ilə təmin edilsin. Padar, Yemişənli, Dəymədərə kəndlərinə içməli su xəttinin və kənddaxili şəbəkələrin qurulması üçün layihə–smeta sənədləri hazırlanır.

Muxas və Bucaq kəndlərinin və əkin sahələrinin sel və daşqınlardan qorunması üçün 1960–cı illərdə tikilmiş daş beton bəndlərində 181 kubmetr, Filfilli kəndinin və əkin sahələrinin seldən mühafizəsi üçün 2005–ci ildə tikilmiş daş–beton bəndi 1,5 metr hündürlükdə qaldırılaraq 25 metr əlavə olunaraq 520 kubmetr, Xalxal çay sistemində körpünün giriş və çıxış hissələrinin daşqından qorunması üçün 60 metr uzunluğunda 600 kubmetr daş–beton bəndləri təmir olunmuş və tikilmiş, 1–ci körpünün dayaq hissələrində bərkitmə işləri aparılmışdır. Mollalı kəndinin sel sularından mühafizəsi məqsədilə 1500 kubmetr şax–daş bəndi, 141 kubmetr qabion bəndi quraşdırılmışdır. Oğuz şəhəri ərazisindən keçən çay üzərində adamların və nəqliyyat vasitələrinin hərəkəti üçün 4 ədəd kiçik körpü tikilərək istifadəyə verilmişdir.

Oğuz çay sistemində Bayan kəndinin və əkin sahələrinin sel sularından mühafizə məqsədi ilə 50 poqonmetr uzunluğunda daş–beton bəndləri quraşdırılmış və çay sisteminin daha çox sel təhlükəsi olan hissəsində 29 min kubmetr çay məcrasının buldozer və ekskavatorlarla təmizləmə işləri aparılmışdır.

Regionların sosial–iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərə uyğun sahibkarlar üçün imkanlar yaradılması, investisiyaların cəlb olunması sahəsində müəyyən işlər görülmüşdür. Sahibkarlığa, özəl sektorun inkişafına, bu sahəyə qanunsuz müdaxilələrin qarşısının alınmasına xüsusi diqqət yetirilir. Sahibkarlığa göstərilən qayğı nəticəsində kənd təsərrüfatı məhsulları istehsalı və emalı, südlük və ətlik növ mal–qara yetişdirilməsi sahəsində səmərəli işlər aparılır, mal–qara və quşların sayı artırılır.

2012–ci ildə İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonumuzun sahibkarlarına 4 milyon manat məbləğində kredit verilmişdir. Bu, 2011–ci ildəkindən 3 milyon manat artıqdır. Bu cür kreditlərin verilməsi rayonda sahibkarlığın inkişafına güclü təkan verir.

2012–ci ilin payızında 2013–cü ilin məhsulu üçün səpilən 9825 ha buğda əkinlərinə görə 2116 istehsalçıya hesablanmış 392987 manat konpensasiya sənədləri təsdiq üçün Respublika komissiyasına göndərilmişdir. Məlumat üçün bildiririk ki, komissiya sənədləri təsdiqləyib və ödəniş üçün Maliyyə Nazirliyinə təqdim edib.

Hesabat yığıncağında əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində görülən işlərdən də geniş danışıldı. Qeyd olundu ki, 2012–ci ildə məşğulluq problemi ilə bağlı 787 nəfər məşğulluq mərkəzinə müraciət etmiş və onların 326 nəfəri işlə təmin olunmuşdur. Müraciət edənlərdən 20 nəfərə münasib iş olmadığı üçün “Məşğulluq haqqında” qanununa müvafiq olaraq işsizlik statusu verilmiş və 26 nəfərə müavinət təyin edilmişdir.

Təhsil, səhiyyə, mədəniyyət, turizm və idman sahələrindən danışılarkən qeyd olundu ki, 2008–2012–ci illərdə dövlət vəsaiti hesabına Bucaq kəndində 260, Oğuz şəhərində, Xaçmaz və Böyük Söyüdlü kəndlərinin hər birində 360, Calud kəndində 220, Filfilli və Dəyəmdərə kəndlərinin hər birində 180 yerlik yeni tədris korpusları məktəblilərin istifadəsinə verilmişdir. Sincan kəndində artıq tikintisi başa çatmaq üzrə olan 220 şagird yerlik yeni məktəb binasının bu yaxınlarda istifadəyə verilməsi nəzərdə tutulmuşdur. 2013–cü ildə rayonun Qumlaq, Ərmənət, Qarabulaq, Yaqublu kəndlərində yeni məktəb binalarının, Oğuz şəhərinə yeni uşaq bağçası binasının istifadəyə verilməsi planlaşdırılmışdır.

Məktəblərin maddi–texniki bazasının mökəmləndirilməsi sahəsində görülən işlərin nəticəsidir ki, bu gün rayonda təhsil alan şagirdlərin 43 faizi yeni inşa edilmiş və ya əsaslı təmir olunmuş məktəblərdə təhsil alır. Ən müsbət cəhətlərdən biri də odur ki, yeni tikilmiş və əsaslı təmir olunmuş təhsil müəssisələri müasir avadanlıqla, informasiya və kommunikasiya texnologiyaları ilə təmin olunmuşlar. Bu gün rayonun ümumtəhsil məktəblərinin V–XI siniflərində oxuyan hər 18 şagirdə bir ədəd kompyuter düşür. 2012–ci ildə oğuzlu gənclərdən 168 nəfəri ali, 49 nəfəri orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışdır.

Oğuz turizm bölgəsidir. Turizmin inkişafı sahəsində Oğuz rayonunda da mühüm işlər görülür. 2012–ci ildə rayona 4323 nəfər dünyanın müxtəlif ölkələrindən və respublikamızdan turist gəlmişdir. Cari ildə yeni turizm istirahət obyektləri açılmış, gələn turistlərin istirahət və əyləncəsi üçün yeni parklar salınmışdır. Calut kəndində 60 yerlik “Korifey–Resort” turizm istirahət mərkəzinin tikintisinə başlanıb. Bu istiqamətdə rayon rəhbərliyinin təşəbbüskarlığı, təşkilatçılığı sayəsində əhəmiyyətli tədbirlər görülür.

Əhalinin sosial rifahının yaxşılaşdırılmasında tikinti–quruculuq işlərində bələdiyyələrin xüsusi çəkisi var. “Bir bələdiyyə azı bir layihə” təşəbbüsü çərçivəsində hesabat dövründə Oğuz şəhər Bələdiyyəsi tərəfindən “Şəhidlər Xiyabanı” müasir memarlıq üslubunu özündə əks etdirməklə yenidən qurulmuşdur. Oğuz şəhərinin cənub yaşayış massivində “Xeyir–şər” mərasimlərinin keçirilməsi üçün müasir tələblərə cavab verən bina tikilmiş, inventar və avadanlıqlarla təmin olunmuşdur. Padar, Bayan, Fifilli bələdiyyələri tərəfindən mərasimlərin keçirilməsi üçün səyyar çadırlar və avadanlıqlar alınmış, əhalinin istifadəsinə verilmişdir. Böyük Söyüdlü, Filfilli, Qumlaq, Baş Daşağıl bələdiyyələri tərəfindən kənddaxili yollarda təmir işləri aparılmışdır. Sincan kənd bələdiyyəsi tərəfindən kəndin yuxarı məhəlləsi adlanan ərazidə yeni subartezian quyusu qazılmış, 40 ailəyə və Sincan kənd uşaq bağçası–körpələr evinə su xətti çəkilmişdir. Bütün bələdiyyələr tərəfindən ərazidəki yol kənarından abadlıq işləri aparılmış, səliqə–sahman yaradılmışdır.

Hesabat yığıncağında rayon icra hakimiyyəti tərəfindən vətəndaşların qəbuluna, müraciətlərinə baxılmasına manasibətdən də ətraflı söhbət getdi. Rayonda ictimai–siyasi sabitliyin qorunması sahəsində həyata keçirilən tədbirlərdən də danışıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu günlərdə ümumrespublika müşavirəsindəki nitqindən irəli gələn vəzifələrdən də yığıncaqda geniş söhbət açıldı.

Hesabat yığıncağında Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı çıxış etdilər.

Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.

 

 

Rasim AMANOV

 

Respublika.- 2013.- 24 fevral.- S. 6.