ERMƏNİLƏRİN AZƏRBAYCAN XALQINA QARŞI ƏRAZİ İDDİALARI, SOYQIRIMLARI VƏ DEPORTASİYALAR

 

Dünyanın fövqəlgüc dövlətlərinin himayəsi altında olan “Şərq məsələsi” və onun əsas tərkib hissəsi kimi “erməni məsələsi”nin yaranmasından iki əsrdən artıq zaman keçsə də, siyasi–hərbi təzyiq vasitəsi olaraq beynəlxalq münasibətlər sistemində öz təsir gücünü saxlamaqda, həm Türkiyə, həm də Azərbaycana yeniyeni problemlər doğurmaqdadır.

Hazırda neoimperialist mövzuda yazılan qərəzli yazılar və söylənilən riyakar fikirlər tarixi həqiqətlərə, arxiv sənədlərinə deyil, müəyyən dairələrin maraqlarına və zərərli ideologiyaların təbliğatına əsaslanmışdır. Buna görə də “Şərq məsələsi”nin, o cümlədən də “erməni məsələsi”nin əsl mahiyyətini tarixi həqiqətlərə, arxiv sənədlərinə əsasən şərh etmək və beynəlxalq ictimaiyyətə çatdırmaq Azərbaycan tarixşünaslığının əsas vəzifələrindəndir.

Tarix elmləri doktoru Ataxan Paşayevin “Ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımları və deportasiyalar (XIX–XX əsrlər)” adlı tədqiqatı bu baxımdan çox əhəmiyyətlidir. Kitab 20 ildən artıqdır ki, beynəlxalq münasibətlər sisteminin gündəliyində olan, lakin ikili standartlar və qərəzli yanaşmalarla “tənzimləndirilməyə” çalışılan Qarabağ probleminin, 20 Yanvar faciəsinin, Xocalı soyqırımının, Azərbaycan ərazisinin 20 faizinin işğalının, bir milyondan artıq qaçqın–köçkün probleminin əsl səbəblərini, bu hadisələr zamanı törədilən vəhşilikləri, cinayətləri ortaya qoymaqla yanaşı, son Qarabağ hadisələrinə qədər də Azərbaycana və azərbaycanlılara qarşı törədilmiş soyqırım və deportasiyaların real mənzərəsini göstərmişdir.

Bu kitab “erməni məsələsi”lə bağlı Azərbaycan həqiqətlərini yaymaq, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edənlərə elmi ədəbiyyat və arxiv sənədlərindən istifadə etməklə tutarlı cavab vermək baxımından təqdirəlayiqdir.

Mövzunun aktuallığını nəzərə alaraq əsəri oxuculara təqdim edirik.

 

Allahşükür QURBANOV,

Respublika”.

 

(əvvəli 12, 13, 15, 16, 17, 19, 20, 21, 22, 23 və 24 fevral tarixli saylarımızda)

 

Xalqımızın ən böyük faciələrindən biri də bu idi ki, onun üçün bu cür taleyüklü məsələlərin həlli öz respublikamızda da ermənilərə tapşırılmışdı. Bütün köçürmə müddətində bu işə Azərbaycan SSR Nazirlər Sovetində şöbə müdirləri əvvəlcə N.A.Brutens (Qarabağ hadisələrinin təşkilatçılarından olan “məşhur” K.N.Brutensin atasıdır – A.P.), sonra isə R.İ.Sevumyan rəhbərlik edirdi. Necə deyərlər, qoyun qurda etibar edilmişdi.

Köçürülmənin təşkili üçün Azərbaycan SSR Nazirlər Sovetinin kolxoz təsərrüfatlarının köçürülməsi şöbəsi Azərbaycan SSR Nazirlər Soveti yanında Köçürmə İdarəsinə çevrilmiş, Ermənistan SSR–dən kolxozçular və digər azərbaycanlı əhalinin köçürüləcəyi dövr üçün İrəvan şəhərində Azərbaycan SSR Nazirlər Sovetinin Ermənistan SSR–də nümayəndəliyi yaradılmış, M.N.Məmmədov Azərbaycan SSR Nazirlər Sovetinin Ermənistan SSR–də müvəkkili təyin edilmişdi.

Ermənistan SSR–dən Kür–Araz ovalığına ilk köçkünlər, 1948–ci il iyunun əvvəllərində gəlir. Azərbaycan SSR Sovxozlar Nazirliyinin həmin il iyunun 19–da verdiyi məlumatda bildirilirdi ki, qəbul olunan ilk eşalonlarla 44 azərbaycanlı ailəsi gəlmiş, onlar Jdanov (bugünkü Beyləqan – A.P.) rayonundakı sovxozlarda yerləşdirilmişlər.

İyulun 29–da isə Respublika Nazirlər Sovetinin müvəkkili Abbasov Goranboy stansiyasından xəbər verirdi ki, “iyulun 28–də səhər saat doqquzda 59 vaqondan ibarət eşalon daxil oldu. 101 təsərrüfat, 382 nəfər öz ev əşyaları və ev heyvanları ilə varid oldu. Qəbul və boşaldılma işləri lazımi qaydada həyata keçirildi. Artıq axşam 9–a qədər 98 ailə maşınlara yüklənərək kolxozlara yola salındı. Gələnlərin ümumi əhval–ruhiyyəsi yaxşıdır”.

Respublika Dövlət Kino–foto Sənədləri Arxivində Ermənistandan azərbaycanlıların deportasiyası ilə bağlı çox nadir kino lenti qorunub saxlanılır. Həmin lentdə deportasiya olunanların Azərbaycanda “təntənəli surətdə qarşılanma” mərasimi əks olunmuşdur. Əllərində gül–çiçək dəstələri olan yerli sakinlər, əsasən rəhbər işçilər “intizarla” Ermənistandan deportasiya olunanları gətirən qatarı gözləyirlər. Lentdə hələ uzaqdan kinokameranın obyektivinə alınan qatar fit verə–verə perrona çatıb dayanır. Yük və mal–qara daşınan vaqonların kiçik pəncərələrindən, hündür və açıq qapılarından Ermənistandan deportasiya olunanlar bu “təntənəli” qarşılama mərasiminə tamaşa edirlər. Mitinq keçirilir. Kinokameranın obyektivi yenidən vaqonlara tuşlanır. Yük vaqonlarının qapılarından qadınlar, uşaqlar, qocalar, sonra isə inək, camış və qoyunlar çıxır. Maraqlıdır ki, bu gün Ermənistan adlanan doğma vətənlərindən də bu zavallı əhalini beləcə təmtəraqla zurna–balabanla yola salırdılar. Ermənilərin dilləndirdikləri qara zurnanın “təranələri altında” əsrlərlə yaşadıqları ata–baba yurdlarından “könüllülük prinsipləri əsasında” deportasiya olunanları hələ rəqsə də məcbur edilirdilər.

Artıq 1948–ci il noyabrın 1–nə qədər Ermənistan SSR–dən Azərbaycan SSR–ə 1.799 təsərrüfatda birləşən 7.747 nəfər adam köçürülmüş, həmin müddətdə Ermənistan SSR–dən Azərbaycana özbaşına 2.834 nəfərdən ibarət 429 ailə köçmüşdü. Beləliklə, 1948–ci il noyabrın 1–nə qədər Azərbaycana 2.228 təsərrüfatda birləşən 10.584 nəfər adam gəlmişdi.

SSRİ Nazirlər Sovetinin 1947–ci il 23 dekabr tarixli qərarı ilə 1949–cu ildə Ermənistan SSR–dən Azərbaycana 40 min nəfər azərbaycanlının köçürülməsi planlaşdırılırdı. 1948–ci il köçürməsinin nəticələri göstərdi ki, 40 min nəfər adamı yerləşdirmək o qədər də asan məsələ deyil. Ona görə də Respublika Nazirlər Sovetinin sədri yenidən SSRİ Nazirlər Sovetinə müraciət etməyə məcbur olur.

Öz məktubunda o, bütün bu çətinlikləri nəzərə alaraq, 1949–cu ildə Ermənistan SSR–dən 40 min deyil 12–15 min əhalinin köçürülməsinə razılıq verməyi xahiş edir. Həm də xahiş edirdi ki, Ermənistan SSR–in dağ rayonlarından köçürülən əhalinin Azərbaycanın iqlim şəraiti əlverişli olan dağ rayonlarına köçürülməsinə razılıq verilsin və Kür–Araz ovalığına köçürülənlər üçün müəyyən olunmuş güzəştlərin onlara da şamil edilməsinə icazə verilsin. Lakin SSRİ Nazirlər Sovetindən bu təklifə qəti rədd cavabı alınır.

1949–cu ildə Respublika Köçürmə İdarəsi Azərbaycan SSR Nazirlər Sovetinə göndərdiyi məktub və arayışlarda dəfələrlə bildirirdi ki, yaşayış evlərinin çatışmaması nəticəsində Səfərəliyev, Ağcabədi rayonlarına köçürülənlər dözülməz şəraitdə yaşayırlar. Bəzən bir neçə ailə kiçicik bir daxmada daldalanmağa məcbur olur, çox vaxt onlar mal–qara ilə bir tövlədə qalırlar. Məsələn, Ağcabədi rayonunda T.Quliyev adına kolxozunda üç ailə qapı–pəncərəsi olmayan, təmir edilməmiş, tavanı axan kiçicik bir daxmada yerləşmişdir.

Köçkün Orucəli Əkbərovun ailəsi Səfərəliyev rayonunun Caparidze adına kolxozunda Həyat Əmrahovanın evinə yerləşdirilir. Dekabrın əvvəllərində O.Əkbərovun əşyaları küçəyə atılmış, 5 nəfərdən ibarət ailə üzvü qış günündə açıq səma altında gecələməyə məcbur olmuşdur. Köçkün Həcər Əkbərovanın ailəsi də dəfələrlə küçəyə atılmışdır. 8 nəfər ailə üzvü olan Hüseyn Əliyevi İlyasovun evində bir kiçik otaqda yerləşdirmişlər. Ev sahibi, arvadı və uşaqları H.Əliyev gündüz evdə olmayan vaxt onun uşaqlarını həmin otağa salıb qapını bağlayır, söyüb təhqir edirdilər. Bu da köçürülənlər arasında haqlı narazılığa səbəb olurdu.

Yaranmış vəziyyətlə əlaqədar olaraq Respublika Nazirlər Sovetinin sədri T.Quliyev 1949–cu il sentyabrın 21–də yenidən SSRİ Nazirlər Soveti sədrinin müavini G.M.Malenkova müraciət etməli olur. O bildirirdi ki, 90 min adamı və 21 min təsərrüfatı yerləşdirmək üçün ən azı 20 min yaşayış evi tələb olunur. Bununla yanaşı, istehsalat binaları, məktəblər, xəstəxanalar, su təchizatı müəssisələri, hamamlar və başqa köməkçi binaların tikintisi də zəruridir. Bunun üçün ən azı 400 milyon manatlıq tikinti–quraşdırma işləri görülməlidir. Belə böyük həcmdəki işin öhdəsindən Azərbaycan Respublikası öz gücü ilə iki il müddətinə gələ bilməz. Bunları nəzərə alaraq Respublika Nazirlər Soveti 1949–cu ildə köçürmə planını 10 min nəfərə endirməyi, 1950–ci il üçün isə 15 min nəfər müəyyənləşdirməyi xahiş edir.

Ermənistan SSR Nazirlər Soveti sədrinin müavini A.Piruzyan həmin il dekabrın 2–də Azərbaycan SSR Nazirlər Soveti sədrinə məktubunda bildirirdi ki, 1949–cu il planına görə Ermənistan SSR–dən Azərbaycana 3.278 təsərrüfat, yaxud 15.276 nəfər köçürülməlidir. Faktiki olaraq isə bu günə qədər 10.595 nəfər adam, yaxud 2.368 təsərrüfat köçürülmüşdür. Plan üzrə köçürmək üçün 628 təsərrüfat, yaxud 3.201 nəfər adam qalır. Öz məktubunda o, T.Quliyevə şəxsən bu işə qarışaraq həmin əhalinin köçürülməsinə kömək etməyi xahiş edirdi.

1949–cu ilin dekabrında Respublika Nazirlər Sovetinin sədri T.Quliyev yaranmış vəziyyətlə bağlı yenidən SSRİ Nazirlər Soveti sədrinin müavini G.M.Malenkova müraciət edərək iki il ərzində köçürmə planının qeyri–kafi şəkildə yerinə yetirilməsinin başlıca səbəbinin Kür–Araz ovalığına köçürülənlər üçün lazımi yaşayış evlərinin və maddi–məişət şəraitinin yaradıla bilməməsində görür. O, bildirir ki, 1948–1949–cu illərdə Ermənistan SSR–dən köçürülənlər əsasən yerli kolxozçuları sıxışdıraraq onların evlərinə yerləşdirilmişlər.

1950–ci il yanvarın 10–da Azərbaycan SSR Nazirlər Soveti və Azərbaycan K(b)P Mərkəzi Komitəsi “Ermənistan SSR–dən Azərbaycan SSR–in Kür–Araz ovalığı rayonlarına köçürülmüş kolxozçuların və digər azərbaycanlı əhalinin təsərrüfat cəhətcə yerləşdirilməsi ilə əlaqədar təxirəsalınmaz tədbirlər haqqında” qərar qəbul edir. Həmin qərarda göstərilirdi ki, 1948–1949–cu illərdə Ermənistan SSR–dən Azərbaycan SSR–in Kür–Araz ovalığına 4.674 təsərrüfat (20.000 nəfər) köçürülmüşdür. Köçürülənlərdən 1.410 ailə yerli sovetlərə və kolxozlara məxsus evlərdə, 3.264 ailə isə yerli kolxozçuları sıxışdırmaq hesabına yerləşdirilmişdir. Qərarda köçürülənlər üçün lazım olan tikinti işlərinin yarıtmaz vəziyyəti qeyd olunur və göstərilir ki, köçürülənlər üçün iki ildə cəmi 80 təzə ev tikilmişdi. Həmin qərarda köçürülənlər üçün evlərin və ictimai–məişət müəssisələrinin genişləndirilməsi tədbirlərindən də ətraflı bəhs olunurdu.

1950–ci il martın 14–də Azərbaycan SSR Nazirlər Soveti Ermənistan SSR–dən yaz köçürmə planını və həmin il avqustun 25–də isə payız köçürmə planını təsdiq edən qərar qəbul edir. Birinci qərarla yazda 1.672 təsərrüfatın (6.510 nəfərin), payızda isə 1.747 təsərrüfatın (7.851 nəfərin) köçürülməsi planlaşdırılırdı.

1950–ci il martın 27–də Azərbaycan SSR Nazirlər Sovetinin sədri T.Quliyev və Azərbaycan K(b)P MK–nın katibi H.Seyidov birlikdə respublikanın bütün rayon partiya komitələrinin katiblərinə və icraiyyə komitələrinin sədrlərinə məktub göndərirlər. Məktubda deyilirdi: “1948–1949–cu illərin təcrübəsi göstərir ki, bir sıra rayonlarda Ermənistan SSR–dən özbaşına köçən kolxozçuların qəbulu və rayon ərazisində yerləşdirilməsi işi həyata keçirilir. Bu köçkünlər hökumət tərəfindən müəyyən edilmiş köçürülmə qaydalarını pozurlar, kənd yerlərində yerləşərək ictimai faydalı əməklə məşğul olmur, alverlə məşğul olur, adamları çaşdırmaqla məşğul olurlar. Onların işçi qüvvəsinə ehtiyac olan rayonlara planlı şəkildə köçürülməsi işini pozurlar”. Elə həmin sənədlər arasında Köçürmə İdarəsinin rəisi tərəfindən təqdim edilmiş Ermənistan SSR–dən Azərbaycan SSR–in ayrı–ayrı rayonlarına özbaşına köçmüş təsərrüfatlar barəsində də məlumatlarda var. Beləki Qazağa 86 ailə (425 nəfər), Ağstafaya 97 ailə (605 nəfər), Tovuza 71 ailə (263 nəfər), Şamxora 201 ailə (1.163 nəfər), Gədəbəyə 72 ailə (427 nəfər), Kirovabada 51 ailə (245 nəfər), Xanlara 7 ailə (39 nəfər), Dəstəfura 47 ailə (225 nəfər), Qasım–İsmayılova 23 ailə (163 nəfər), Yevlaxa 52 ailə (256 nəfər), Mir–Bəşirə 6 ailə (32 nəfər), Bərdəyə 6 ailə (18 nəfər), Göyçaya 17 ailə (81 nəfər), Balakənə 31 ailə (125 nəfər), Jdanova 10 ailə (32 nəfər), Kəlbəcərə 4 ailə (23 nəfər), Noraşenə 55 ailə (212 nəfər). Ümumiyyətlə Ermənistan SSR–dən Azərbaycana özbaşına köçən təsərrüfatların sayı 856, orada olan adamların sayı isə 4.396 nəfər olmuşdu.

 

(davamı növbəti saylarımızda)

 

 

Respublika.- 2013.- 26 fevral.- S. 10.