Bəşəriyyətə qarşı tarixi cinayət

 

İyirminci yüzilliyin ən ağır müsibətlərindən biri olan Xocalı faciəsi bəşər tarixində analoqu olmayan dəhşətli soyqırımdır. Erməni cəlladları tərəfindən törədilən Xocalı soyqırımı nəinki azərbaycanlılara, həm də bütün bəşər övladına qarşı ağla gətirilməsi mümkün olmayan ən qanlı cinayət aksiyası idi. Bu faciə erməni millətçilərinin qeyriinsaniliyini, vəhşiliyini bütün dünyaya bir daha sübut etdi. Onların üzünü bütün cılpaqlığı ilə göstərdi. Bu, bizim qan yaddaşımıza yazılan bir faciə, silinməz tariximizdir. Həmin dəhşətləri gözü ilə görmüş, o anları yaşamış Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov bu faciənin düşünülmüş və planlaşdırılmış qətliam olması haqqında ətraflı söhbət açdı:

 

—Xocalı faciəsi Azərbaycan xalqının qan yaddaşına həkk olan acı bir kədər, dərin bir üzüntüdür. Ulu öndərin 1993–cü ilin iyun ayının 15–də yenidən hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına hüquqi–siyasi qiymət verildi. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan edən ümummilli liderimiz Heydər Əliyev hadisələrə beynəlxalq müstəvidə əsl hüquqi–siyasi qiymət verilməsinin zəruriliyini vurğulamış, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasına xüsusi səy göstərmişdir.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev bu faciənin mahiyyəti barədə deyib: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri–insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.

Azərbaycan xalqının tarixində qürur duyulacaq hadisələr çoxdur. Xocalı həm də Vətən torpağı uğrunda onun övladlarının qəhrəmanlıq mübarizəsinin şanlı səhifəsidir.

Ermənistanın XX əsrin sonlarında apardığı qatı millətçilik siyasəti onların azərbaycanlılara qarşı sözün əsl mənasında düşmənçilik və nifrət ruhunda kökləndiklərini bir daha sübuta yetirdi. Məhz həmin dövrdə Azərbaycandakı hakimiyyət böhranından istifadə edən Ermənistanın quldur dəstələri sovet imperiyasının silahlı alayının dəstəyi ilə Dağlığ Qarabağona bitişik bir sıra bölgələrimizdə genişmiqyaslı hücum əməliyyatları apararaq torpaqlarımızın böyük bir hissəsini zəbt etdilər. Bir milyondan artıq soydaşımız qaçqın düşdü. Ölkə iqtisadiyyatına güclü ziyan dəydi. Bu zərərin miqdarı isə milyardlarla ölçülür.

Bu qeyri–bərabər müharibənin ən dəhşətlisi isə erməni silahlı dəstələrinin Xocalıda milli etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı 1992–ci il fevralın 26–da törətdikləri Xocalı soyqırımı idi.

Şəhərə hücum zamanı 7 min nəfərlik əhalidən burada yalnız 3 minə yaxın insan qalmışdı, çünki 4 aydan artıq çəkən blokada qaldığı müddətdə sakinlərin xeyli hissəsi çıxmağa müvafiq olmuşdu.

XX əsrin sonlarında erməni quldurlarının törətdikləri Xocalı soyqırımı öz ağırlığına görə Xatın, LidisaSonçmi kimi dəhşətli faciələrlə bir sırada dayanır. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakinqoca, uşaq, qadın əsir götürülərək ağlasığmaz işgəncələr, təhqir və həqarətlərə məruz qalmışdır. 155 nəfərin taleyi isə hələ də məlum deyildir.

Faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandırmış Heydər Əliyev eyni zamanda Azərbaycanın əsrlər boyu keçdiyi mübarizə, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirmişdir. Prezident Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997–ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26–da saat 17:00–da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi tətbiq olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu gün bir sıra Avropa ölkələri Xocalı soyqırımı ilə bağlı həqiqətlərlə tanış olur.

Dövlət başçısı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib məsələ kimi müəyyənləşdirmişdir. Bu istiqamətdə Heydər Əliyev Fondunun xidmətləri də xüsusi qeyd olunmalıdır. Məhz Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO və İSESKO–nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir sıra ölkələrin paytaxtlarında Xocalı soyqırmı ilə bağlı silsilə tədbirlər keçirilib.

Ötən il Xocalı soyqırımının 20–ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilən ümumxalq yürüşünü Azərbaycanın Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə hüquqisiyasi qiymət verilməsi istiqamətində çox mühüm tədbirlərdən hesab etmək olar. Bu aksiya bir daha göstərdi ki, Azərbaycan xalqı cinayətkarların cəzasız qalmasına laqeyd qalmaycaqdır.

Paytaxtın Azadlıq meydanından başlayan, 85 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşü Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyırdı.

Bizbu tədbirlərdən kənarda qalmırıq. Faciənin dəhşətlərini əks etdirən bukletlər toplayır, video–filmlər hazırlayır, onların dünya ictimaiyyətinə çatdırılmasına çalışırıq. Bu materiallar həmçinin ölkəmizin təhsil müəssisələrində də yayılır və onlardan tədris zamanı geniş istifadə olunur. Çünki yeni gələn nəsil bu həqiqətləri bilməli, onun təkrarlanmaması üçün ayıq–sayıq böyüməlidir.

Mən 2011–ci ildə nəşr olunmuş “Xocalı: daş yaddaşım, qan yaddaşım” adlı kitabı xüsusi qeyd etmək istəyirəm. Kitabda Dağlıq Qarabağ regionunun Xocalı rayonunun qısa tarixi, siyasi, coğrafi mövqeyi, iqtisadiyyatı, mədəni abidələri, o cümlədən arxeolojietnoqrafik məlumatları, həmçinin Ermənistanın və separatçıların 366–cı alayının iştirakı ilə Xocalı şəhərinin əhalisinə qarşı həyata keçirdiyi soyqırım siyasəti öz əksini tapmışdır.

Bu soyqırıma dünya birliyi siyasihüquqi qiymət verməli və cinayətdə əli olan hərbi cinayətkarların Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən ittiham olmasına nail olmalıyıq. Heç bir cinayət, xüsusilə də insanlığa qarşı törədilmiş cinayət cəzasız qalmamalıdır.

 

 

Nurəngiz ADİLQIZI

 

Respublika.- 2013.- 26 fevral.- S. 7.