Bəşəriyyət Xocalı soyqırımını tanımalıdır

 

Bu günlərdə ölkəmizin hər yerində Xocalı soyqırımının 21–ci ildönümü qeyd olunur. 1992–ci il fevralın 25–dən 26–na keçən o, dəhşətli gecə erməni quldurlarının keçmiş sovet ordusunun iştirakı ilə Dağlıq Qarabağın Xocalı şəhərində törətdikləri qanlı olaylar yada salınır, bu vəhşilikləri törədənləri lənət və nifrətlə, şəhidlərimiz kədər və məhəbbətlə yad edilir. Bu hadisələr iblis xislətli ermənilər tərəfindən elə qəddarlıqla həyata keçirilib ki, onları unutmaq qeyrimümkündür. Çingiz Mustafayevin çəkdiyi videokadrlardakı burnu, qulaqları kəsilmiş, gözləri oyulmuş qoca, qadın cəsədlərini, üzlərində qorxu donmuş məsum körpələrin çöhrəsini yaddan çıxarmaq olarmı? Xocalı soyqırımı özünə azərbaycanlıyam deyib, damarından saf türk qanı axan hər kəsin qəlbində qan verən, şüuruna əbədi bir qubardır.

Ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin Xocalı soyqırımı ilə bağlı dediyi bu sözləri bu qırğının əsl mahiyyətini çox aydın göstərir: “Xocalı faciəsi iki yüz ildən çox müddətdə davakar erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir”.

Həmin müdhiş gecə erməni silahlı birləşmələri o dövrdə Dağlıq Qarabağın Xankəndi şəhərində yerləşən 366–cı sovet alayının bilavasitə iştirakı ilə Xocalıya beş istiqamətdən hücum etdilər. Azğınlaşmış təcavüzkarlar çoxsaylı canlı qüvvənin və ağır texnikanın köməyi ilə Xocalı şəhərini yerlə–yeksan edib yandırdılar, əliyalın insanları xüsusi amansızlıqla qətlə yetirdilər. İnsan qiyafəsinə girmiş bu qaniçən barbarlar bir gecədə 613 nəfəri öldürmüş, 487 nəfəri isə şikəst etmişlər. O nalə dolu, iztirablı gecə 1275 nəfər əsir düşmüş, həmin insanlar olmazın işgəncələrə, təhqirlərə məruz qalmışlar.

Xocalı soyqırımı öz ağırlığına, amansızlığına və qəddarlığına görə bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən birdir. Ulu öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu soyqırıma obyektiv hüquqisiyasi qiymət verildiyini qeyd etdi.

Hazırda Xocalı soyqırımı bir sıra dövlətlərin parlamentlərində müzakirəyə çıxarılır, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Ermənistan təcavüzkar dövlət kimi tanınır, işğal edilmiş Azərbaycan ərazilərinin geri qaytarılması, ərazi bütövlüyünün bərpa olunması tələb olunur.

Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməmişdir.

Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız işğal olunmuş torpaqlarımızı geri qaytaracaq, o cümlədən Xocalı şəhəri azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, köçkünlər atababa yurdlarına qayıdacaqlar.

 

 

Akif Nəbiyev,

Poladəritmə İstehsalat

Tikinti Mexenizasiya

şirkətinin baş direktoru.

 

Respublika.- 2013.- 26 fevral.- S. 6.