Yandırılan Xocalı…

 

(əvvəli 26 fevral tarixli sayımızda)

 

A.İsbeliyev bunu da deyir ki, ermənilər ruslara məxsus hərbi texnikanı satın almışdılar. Bir avtomat “Kalaşnikova” 1500 dollar verilirdi…

…Fevral ayının 25–dən 26–sına keçən gecə Xocalı yandırıldı, işğal edildi. Qoşun isə sakitləşmək bilmirdi. Polkovnik V.Savelyev “Məxfi arayışında” qeyd edir.

Üçüncü batalyon Xocalı işğal olunan gecə müharibə zonasından çıxarıldı, amma oranı tərk etmədi. 366–cı alayın əsgərləri isə ərazidən çıxarılmadı. Ordu tərksilah olundu. Zabitlər satqınlıq etdiler. Silahlara gəlincə, işlənməmiş silahları ermənilər üçün ayırdılar. Qərara alındı ki, ermənilərdən bunun müqabilində pul və zinət şeyləri alınsın. “Böyük Ermənistan” adlı bədnam və rüsvayçı plan uğrunda vuruşanlara gəlincə, bu, hələlik açıq qalmış bir məsələdir.

1992–ci ilin mart ayının 19–da (müsəlman təqvimində bu gün Novruz günü, bahar bayramı idi) Xocalıda öldürülmüş azərbaycanlılar üçün kiçik bir qəbiristanlıq salındı. Orada əlli dörd nəfər öldürülmüş günahsız azərbaycanlı dəfn edildi. Ermənilərin Fransa diasporunda telekanal müəllifi Surik Şaqenyan bu mənzərəni elə həmin günün axşamı İranın, Türkiyənin, Moskvanın, Yerevanın, Vaşinqtonun, Londonun, Parisin, Bonnun telekanallarına çıxartdı. Ermənilərin öldürülmüş azərbaycanlıların meyitlərinə etdikləri “hörmət və ehtiramdan…” (?), təşkil olunmuş dəfn mərasimindən danışdı.

Bakıda isə əslində hələ heç kəs hadisələrin, Xocalıda baş vermiş faciənin səbəblərini araşdıra bilmirdilər. Yaradılmış deputat komissiyasından tutmuş, müxalifət partiyalarınadək hamı iflic vəziyyətində idi, hakimiyyət çat vermişdi. Təhlükəsizlik sisteminin böyük bir qrupu müxalifətlə, necə deyərlər, “əhd–peyman” bağlamışdılar. A.Mütəllibov hakimiyyəti cəmiyyətdə və dövlətdə siyasi gücünü artıq itirmişdi. O, öz ehtiraslarının, komandasındakı fitnə–fəsadın qurbanı olmuşdu.

Həmin ərəfədə rus kəşfiyyatçısı V.Savelyev Azərbaycan hakimiyyətini təsvir edib, yazırdı: “…Xocalı işğalından sonra A.Mütəllibov hakimiyyəti öz yaşamaq hüququnu itirdi… Nazirlər isə Baş nazirin ətrafında dövlət daxilində dövlət yaratmışdılar…”

Polkun çıxarılmasında hərbi sursatların ermənilərə verilməsində bilavasitə iştirak edənlərə baxın: General–polkovnik Qromov, General–leytenant Qrekov, General–leytenant Ohanyan, İ.Andronov deputat, Polkovnik Y.Zarviqarov (sonra general oldu), Polkovnik O.Kraule…

Dördüncü ordu 23–cü motoatıcı diviziya nümayəndələrinin Xocalı əməliyyatında iştirak etmələri üçün şərait yaratdı. 23–cü motoatıcı diviziyanın komandan müavini A.Babukov və K.Yermolayev isə erməni yaraqlılarına verilmiş hərbi texnikanın geri qaytarılmasını tələb edirdi. Onları kim idi eşidən?!

RF hərbi əks kəşfiyyatının rəisi işləmiş polkovnik V.Savelyev məsələləri şərh edərək qeyd edir: “…1992–ci ilin fevral ayının 23–də hərbi şəhərcik “Qrad” qurğularından atəşə tutulduqdan sonra polkovnik Y.Zarviqarov polkun daimi dislokasiya məntəqəsindən ehtiyat bölgəyə keçirilməsi haqqında qərar verib. Qərar isə erməni silahlı dəstələrinin heç bir müqaviməti olmadan həyata keçirilib. Dislokasiya yerinin dəyişdirilməsi heç də zərurətdən irəli gəlməyib. Bu zaman bir sıra bölmələrin döyüş texnikaları çıxarılmayıb. Həmin günlərdə Xankəndi şəhərinə gələn general–leytenant İ.Ohanyan təkid edib ki, artilleriya diviziyası, zenit artilleriya diviziyası, tank rotası, texnikası saxlanılsın. Nəticədə ermənilər heç bir maneə ilə rastlaşmadan 23 ədəd “PDM”, 3 ədəd ZSU–23–4, 8 ədəd D–30 və xeyli digər döyüş texnikası ələ keçirdilər…

Həmin gün ermənilərin özünümüdafiə dəstəsi adı ilə vuruşan, əslində “Asala” terror təşkilatının Xankəndidə yaradılmış özəyinin başçısı kimi tanınan İllarion Allaverdiyan 24 nəfər rus zabitinə və əsgərinə pul mükafatlarını elan etdi. Məsələn, rus zabiti Yevgeni Qolubevə üstündə “Asala” yazılmış 25 qramlıq qızıldan tökülmüş orden və beş min ABŞ dollarını təntənəli surətdə təqdim etdi. Və yaxud həmin gün sıravi Anastas S.İvanova 10 min dollar təqdim etməklə İrəvanda onu gözləyən “Hunday” markalı avtomobilin sənədlərini verdi. Nəticədə erməni silahlı dəstələrilə rus zabitləri arasında şəxsi bağlaşmalar — “Döyüş müqavilələri” də imzalanırdı.

Azərbaycanda isə əsgərlərimiz üçün, ordumuz üçün kəndlərdən, şəhərlərdən, ayrı–ayrı iş adamlarından göndərilən maddi yardımların qeydiyyatı aparılmırdı. Sənədlərə gəlincə, o, artıq yox idi, bir qismi yandırılmışdı, bir qismi də it–bata salınmışdı. Aldığımız məlumata görə təkcə Xocalı işğalı günlərində ordunun xəzinəsindən 793 min ABŞ dolları oğurlandı. Adamlardan yardım üçün yığılan 368 milyon manatın aqibəti bilinmədi. Cənubi Azərbaycandakı qardaşlarımızın göndərdikləri 46 milyon 436 min rial isə, necə deyərlər, qeybə çəkildi… Ermənilərlə rus zabitlərinin müqavilələri isə getdikcə şaxələnirdi…

Yadınıza salım ki, bütün bunlar, yəni ermənilərlə ruslar arasında olan bu hərbi bağlaşmaların bir qismi şifahi sərəncamlarla edilirdi. Bunun üçün hər sərəncamın, general sözünün öz qiyməti var idi. Məsələn, Xankəndi şəhərindəki 463–cü Əlahiddə Kimyəvi Mühafizə Batalyonu və 909–cu Əlahiddə Kəşfiyyat Batalyonunun döyüş planları ilə bağlı ermənilər tərəfdən vuruşması barədəki əmrin qiyməti 18 min dollar idi.

Polkovnik V.Savelyev bütün bunlara toxunaraq yazır: “.. .Birinci batalyon ehtiyat bölgəyə keçirilən zaman polkovnik İvan Moiseyev texnikanı və şəxsi heyəti dağlar arasındakı Çapar dərəsində saxlayıb, gözləmə mövqeyi tutub. Sonra onun batalyonu Çixani yaşayış məntəqəsinə daxil olub. Ermənilərin mühasirəsinə düşüb. Nəticədə batalyon könüllü surətdə öz döyüş texnikasını ermənilər üçün qoyub. İvan Moiseyevə və şəxsi heyətə pul təklif edilərək, birlikdə vuruşmağa çağırılıblar…”

Qeyd edim ki, Xocalının ətraf yaşayış məntəqələrini də dağıdan, külünü göyə sovuran elə İvan Moiseyevin batalyonu olub. Və bu batalyon da ermənilər arasında “İvanın vəhşi batalyonu” kimi tanınıb.

Araşdırmalarımıza görə, 366–cı Alaydakı hərbi texnika və silahların 85 faizi ermənilərin əlinə keçib. Üstəlik, Fransadan göndərilən 142 ədəd avtomat, 7 min 600 ədəd güllə, 460 ədəd bronjilet, 11 ton konservləşdirilmiş yemək, min iki yüz cüt ayaqqabı (altı ölçüdə), 146 ədəd tapança… ermənilərin istifadəsinə verildi. Amerikada istehsal olunmuş 149 ədəd ratsiya da ermənilərə paylanıldı.

Diplomat çıxışının bir yerində isə xatırladır ki, ermənilərlə rusların dostluğunun sınmayan sütunları var. Diplomat Ter–Qriqoryan deyir: “…Hələ 300 il bundan qabaq ermənilər I Pyotrdan xahiş edirlər ki, yadelli işğalçılara qarşı vuruşanda onlardan da istifadə etsinlər… Əgər Moskvada (təkcə şəhərin özündə) 1959–cu ildə 18,4 min nəfər erməni var idisə, indi bu rəqəm 47 min nəfərdir… RF–in xaricdəki diplomatik korpuslarında çalışanların sayı 142 nəfərdir. Onların 59 nəfəri jurnalist kimi fəaliyyət göstərir…

Sıravi əsgər Qriqori Voroşilovun məlumatına görə, Xocalı ilə bağlı ermənilərin ruslarla əlaqələrinə dair sənədlərin bir qismi 1992–ci il mart ayının 1–də Zaqafqaziya hərbi Dairəsinin aviasiya komandanı general–mayor S.Lukaşovun əmrilə yandırıldı. Polkovnik V.Savelyev xatırladır: “…Ermənilər ruslara məxsus “02–19–MM” nömrəli “KAMAZ”la ərazidəki azərbaycanlı meyitləri yığıb Xocalıda tonqal qurdular… İnsanın insana olan nifrəti burada həddini aşmışdı. Kim yaratmışdı bunu, dərk edə bilmirdim…

1992–ci il fevral ayının 24–də saat 21.15 dəqiqədə general rütbəsi almış Y.Zarviqarov zabitlər önündə belə bir çıxış edir ki, regiondakı müharibə torpaq müharibəsi yox, islamın xristianlığa qarşı müharibəsidir. O, çıxışında göstərirdi: “…Dünyanın islam ölkələrinin nümayəndələri, hərbi müşavirlər Bakıya (?)” yığışıblar ki, bizim xaçı necə sındırıb, əzsinlər… Xristianlığa qarşı bir yürüş var. Bu yürüşdə ya dinimizi, şərəfimizi qorumalıyıq, ya da şərəfsizliyi qəbul edib tabe olmalıyıq”.

V.Savelyevin — vicdanlı rus kəşfiyyatçısının “Məxfi arayışı” səriştəli, haqsızlıqlarla barışmayan bir zabitin ən böyük etirafıdır.

Xocalı faciəsi beynəlxalq cinayət olaraq Ermənistanın Azərbaycan xalqına qarşı, işğal edilmiş Dağlıq Qarabağ ərazisində yaşayan müsəlman ailələrinə qarşı məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsi olaraq qalır. Azərbaycan Parlamentinin və Heydər Əliyev Fondunun Ekspert Komissiyasılarının hazırladığı Qətnamənin mətni isə ciddi hüquqi–siyasi sənəd kimi diqqəti cəlb edib. Tarixi baxımdan həmişə canlı və yeni olan bu siyasi–hüquqi sənədi yenidən vərəqləmək, məsələlərin beynəlxalq hüquq normaları çərçivəsindən təhlilinə nəzər salmaq maraqlıdır. Çünki bu tarixi sənəd həm hüquqi, həm də siyasi baxımdan XXI əsrin və eləcə də üzümüzə gələn yeni yüz illiklərin ən qüdrətli və yaddaqalan siyasi manifestidir.

Fikrimcə, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə Azərbaycan xalqına qarşı həyata keçirilmiş ən dəhşətli cinayətlərdən biri 1992–ci il fevralın 25–dən 26–na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində ermənilərin törətdiyi tarixdə insanlığa qarşı görünməmiş vəhşilikdir. Bir gecənin içində yüzlərlə günahsız insan xüsusi qəddarlıqla məhv edilib. Xocalı şəhərinin işğalının faciəli nəticələri bunlardır: 613 nəfər, o cümlədən 106 qadın və 63 uşaq qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 adam əsir götürülüb, 150 nəfər itkin düşüb, şəhərin özü isə yerlə–yeksan edilib. Bu faciənin nəticəsində onlarla uşaq, qadın və qoca güllələnib. Ermənistanın Silahlı Qüvvələri və muzdlular bütöv ailələri məhv edib, insanları amansızcasına qətlə yetirmişlər: adamların dərisi soyulub, qulaqları kəsilib və başlarının dərisi soyulub çıxarılmışdır.

Xocalı soyqırımının beynəlxalq cinayət kimi səciyyəsi.

Soyqırımın hüquqi məzmunu BMT Baş Məclisinin 9 dekabr 1948–ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya ilə müəyyən olunmuşdur və hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən aşağıdakı hərəkətlərdən ibarətdir: bu cür qrup üzvlərinin öldürülməsi, belə qrup üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi, hər hansı qrup üçün qəsdən onun tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraitin yaradılması, bu cür qrupda doğumun qarşısını almağa yönəldilmiş tədbirlərin görülməsi, uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi.

Soyqırımı cinayəti üçün xüsusi niyyətin olması zəruri ünsür sayılır. Bu, soyqırımı cinayətini obyektiv cəhətinə görə oxşar beynəlxalq cinayətlərdən fərqləndirir. Soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri öz xarakterinə görə şüurlu, bilərəkdən və iradə ilə diktə olunan əməllərdir. Həmin əməllər heç bir halda təsadüfən və ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda həmin əməlləri törətmək niyyəti və onların mümkün nəticələrinin ümumən dərk edilməsi əməlin soyqırımı kimi tövsifi üçün kifayət deyildir. Burada cinayətkarın fikrinin xüsusi istiqamətini və ya əməlin neqativ nəticələri ilə bağlı əvvəlcədən mövcud olan konkret niyyəti ortaya çıxarmaq tələb olunur.

Qabaqcadan xüsusi olaraq düzəldilmiş pusqulardan qaçıb canını qurtarmaq istəyən azərbaycanlı mülki əhalinin avtomat, pulemyot və başqa silahlardan gülləbaran edilməsi məhz soyqırımı niyyətini sübut edir. Həmin cinayətin azərbaycanlı milli qrupuna qarşı yönəlməsi də danılmaz faktdır.

Soyqırımı cinayətini təhlil edərkən onun üç əsas ünsürünün mövcud olması aydınlaşır:

—tanınan milli, etnik, irqi və ya dini qrupun olması;

—bu cür qrupu tamamilə və ya qismən məhv etmək niyyətinin olması;

—tanınan qrupla bağlı soyqırımı hərəkətlərindən hər hansı birinin törədilməsi.

Deməli, soyqırımı aktı hökmən milli, etnik, irqi və ya dini qrupa qarşı yönəlməlidir. Başqa qrupa, məsələn, siyasi və ya sosial qrupa qarşı yönələn bu cür hərəkətlər soyqırımı kimi qiymətləndirilə bilməz.

“Soyqırımı” anlayışı qadağan olunmuş əməlin ümumi nəticələrinə dair konkret niyyətin olmasını tələb edir. Soyqırımı cinayətinin tövsifedici əlaməti kimi niyyət özündə bir neçə cəhəti birləşdirir:

— niyyət, təsadüfi, bu və ya digər konkret qrupa məxsus olan bir, yaxud bir neçə şəxsin deyil, qrupun məhv edilməsindən ibarət olmalıdır. Fərdin şəxsiyyət yox, məhz müəyyən qrupa mənsubluğu soyqırımı qurbanlarını təyin etmək üçün həlledici meyardır;

— niyyət, özü–özlüyündə, başqasından fərqlənən bir qrupun məhv edilməsindən ibarət olmalıdır. Soyqırımı bütöv insan qrupunun mövcudluğu hüququnu tanımaqdan imtinadır. Adamöldürmə (deposid) isə ayrı–ayrı insan varlıqlarının yaşamaq hüququnu tanımaqdan imtina kimi səciyyələnir. Deməli, aetus reus (qadağan olunmuş əməl) bir adamla məhdudlaşa bilər, lakin mens rea (niyyət) qrupun mövcudluğu əleyhinə yönəlməlidir;

— niyyət, qrupun “tamamilə və ya qismən” məhv edilməsindən ibarət olmalıdır;

— niyyət məhz milli, etnik, irqi və ya dini qruplardan birinin məhv edilməsindən ibarət olmalıdır.

Soyqırımı cinayətinə görə məsuliyyətin ortaya çıxması üçün müəyyən qrupun tamamilə və ya qismən məhv edilməsindən ibarət son nəticənin əldə olunması tələb kimi qoyulmur. Bunun üçün həmin cinayətin obyektiv cəhətini təşkil edən əməllərdən hər hansı birinin müəyyən qrupun tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi kifayətdir.

Soyqırımı cinayətinin obyektiv cəhətinə aid olan məhvetmə anlayışı qrupun ən müxtəlif vasitələrlə cismən məhv olunmasını bildirir.

“Barselona Traction Case” işi üzrə qərarında BMT–nin Beynəlxalq Məhkəməsi soyqırımı aktlarının qadağan olunması ilə bağlı öhdəlikləri erga omnes öhdəliklər adlandırmışdır. Beynəlxalq Məhkəmə soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın əsasında duran prinsipləri beynəlxalq adət hüququnun bir hissəsi, bütün dövlətlər üçün məcburi xarakter daşıyan normalar kimi tanımışdır.

Xocalı soyqırımının beynəlxalq cinayət kimi tanınması üçün əsas verən hüquqi sənədlər.

1. BMT Baş Məclisinin 9 dekabr 1948–ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiya.

2. Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (Nizamnamədə birbaşa soyqırımı cinayəti göstərilməsə də, həmin cinayəti təşkil edən əməllər insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri kimi nəzərdə tutulmuşdur).

3. Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi (mad. 4).

4. Ruanda Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi.

5. Beynəlxalq Cinayət Məhkəməsinin Statusu (mad. 6).

6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (mad. 103).

7. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998–ci il tarixli fərmanı.

Xocalı soyqırımının beynəlxalq hüquqi nəticələri.

Beynəlxalq hüquq soyqırımı cinayəti ilə əlaqədar aşağıdakıları müəyyənləşdirmişdir:

Soyqırımı cinayəti törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Soyqırımı cinayətinin təkcə icraçıları deyil, soyqırımı törətməyə sui–qəsd, soyqırımına birbaşa və açıq təhrikçilik, soyqırımında iştirak etmək də cinayət məsuliyyəti doğurur. Soyqırımı cinayəti törətmiş şəxslərə universal yurisdiksiya prinsipi tətbiq olunmalıdır. Soyqırımı cinayətini törətməkdə əmrin icrasına istinad, şəxsi cinayət məsuliyyətindən azad etmir. Soyqırımı cinayətinin törədilməsinin qarşısının alınması üçün tədbir görməməyə görə rəhbər şəxs məsuliyyət daşıyır. Soyqırımı cinayətlərinə cinayət məsuliyyətinə cəlbetmə müddətləri tətbiq edilmir. Soyqırımı cinayətinə görə qanunun retroaktiv tətbiqinə yol verilir. Soyqırımı cinayətini törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb edilməsi üçün tələb edən dövlətə verilməlidir.

Beləliklə, ermənilər tərəfindən Xocalı əhalisi olan etnik azərbaycanlılara qarşı törədilmiş bütün əməllər beynəlxalq hüquq sənədlərinə uyğun olaraq soyqırımı kimi qiymətləndirilir və beynəlxalq hüquq prinsiplərinə görə bəşəriyyətə qarşı cinayət sayılır.

 

 

Rövşən NOVRUZOĞLU,

siyasi elmlər üzrə fəlsəfə doktoru,

professor, politoloq.

 

Respublika.- 2013.- 27 fevral.- S. 6.