Xocalı soyqırımı anıldı

 

Fevralın 25–də Şuşa Humanitar Kollecində Xocalı soyqırımının 21–ci ildönümünün anım gecəsi keçirilmişdir. Gecəni kollecin tərbiyə işləri üzrə direktor müavini, tədbirin təşkilatçısı və quruluşcu rejissoru Könül Hüseynova açaraq tədbir iştirakçılarına şəhidləri birdəqiqəlik sükutla yad etməyi təklif etdi. Sonra Könül müəllim tədbiri açaraq dedi ki, Azərbaycan xalqı öz tarixində şanlı qəhrəmanlıq yolu keçmişdir. Lakin bu xalqın həyatında faciəli hadisələr də olmuşdur ki, bu hadisələri də daim mənfur erməni faşistləri törətmişlər. 1992–ci il fevral ayının 26–da erməni daşnaklarının insanlıq adına sığışmayan soyqırım aktı bunun aydın təzahürüdür.

Sonra Könül xanım faktlara istinad edərək erməni gədələrinin amansız sifətlərini açaraq zaldakı dinləyiciləri təkrarən həmin günlərə qaytardı. O, sonra sözü kollecin direktoru Rəsul İsmayılova verdi. O günlərin şahidi olmuş Rəsul müəllim tələbələri tutarlı faktlarla soyqırım günlərinə qaytardı. Rəsul müəllim çıxışında xatırlatdı ki, soyqırım ermənilərlə yanaşı, rusların “Qızıl ordu” adlandırdığı faşist xislətli 366–cı motoatıcı alayın iştirakı ilə həyata keçirilmişdir. R.İsmayılov çıxışında qeyd etdi ki, həmin gecə soyqırım aktı həyata keçirilərkən 613 nəfər qətlə yetirildi ki, onlardan da 63–ü uşaq, 106–sı qadın, 70–i yaşlı nəslin nümayəndəsi olmaqla 8 ailə tamamilə məhv edildi.

Bu soyqırımda 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Rəsul müəllim qeyd etdi ki, 2500 nəfər Xocalı sakini Ağdama qaçmaq istəyərkən yolda gülləbarana məruz qalmış və bunun da nəticəsində ölənlərlə yanaşı, yaralanan 487 nəfərdən 76–sı uşaq idi.

1275 nəfər xocalılı əsir düşmüş, 150 nəfər isə itkin düşmüşdür. Ümumiyyətlə, əhalinin və dövlətin əmlakına 1 aprel 1992–ci il tarixinə olan qiymətlərlə 5 milyard rubl dəyərində ziyan vurulmuşdur.

Çox maraqlısı odur ki, Azərbaycanda və qardaş Türkiyədə bu qanlı hadisə “Xocalı qətliamı”, “Xocalı soyqırımı” kimi qiymətləndirilsə də, ermənilər tərəfindən həyasızcasına “Xocalı döyüşü”, “Xocalı hadisəsi” kimi terminlərlə ifadə olunur.

Sonra Şuşa Rayon İcra Hakimiyyətinin məsul işçisi Mehdi Mehdiyev çıxış edərək qeyd etdi ki, Xocalının fəryadı, alovu Şuşaya gəlib çatırdı. Ermənilərin Şuşa–Xocalı, Ağdam–Xocalı yollarını bağlaması nəticəsində xocalılılara istənilən kömək olunmasa da onlar axıra kimi qəhrəmanlıq nümunəsi göstərdilər.

Mehdi müəllim ermənilərin vəhşiliyini onların öz etirafları ilə sübuta yetirən misallara da istinad edərək, əli türk qanına batmış erməni ideoloqu olan faşist Zori Balayanın “Ruhumuzun dirçəlişi”, Livanda məskunlaşmış daşnak yazıçı David Verdiyanın “Xaç uğrunda” kitablarından misallar gətirərək ermənilərin öz əli ilə özlərinin vəhşiliyindən söz açdı.

Tədbirin sonunda Xocalı soyqırımndan bəhs edən sənədli filmlər, o cümlədən, Milli Qəhrəman, telejurnalist Çingiz Mustafayevin qaynar xətdən çəkdiyi lentlər nümayiş etdirildi.

Kollecin tələbələrindən Adilə Həsənova, Vüsalə Səfərova, Günay Qəniyeva, Günay Muradəliyeva, Dursun Əhmədov və Aydın Tahirzadənin çıxışları dinləyicilər tərəfindən həyəcanla qarşılandı.

 

 

Zabit CAVADOV

 

Respublika.- 2013.- 27 fevral.- S. 5.