| Şairə sədaqət, dosta sədaqət

 

Ruzigar tək dəyişsə də hey zaman, –

Borcumuzdur, unutmayaq bircə an

Qəlbimizdə izi qalan kəsləri, –

Özü gedən, sözü qalan kəsləri!..

 

“Yarım əsrlik yol” adlı kitabı vərəqləyirdim və mənə elə gəlirdi ki, təkcə ədəbiyyatımızın təbliğində özünəməxsus yeri olan qocaman “Ədəbiyyat qəzeti”ni (Ədəbiyyat və incəsənət), həm də ömrünün əlli ilini bu qəzetə həsr eləmiş hörmətli şairimiz, füzulişünas alim Ayaz Vəfalının ömür kitabını vərəqləyirəm. Böyük yazıçımız Mirzə İbrahimov şairin yaradıcılığını təhlil edərkən: “Dərin çaylar sakit axar” demişdi. Doğrudan da, ədəbiyyata hay–küysüz gələn, dərin çaylar kimi öz məcrasında aramla axa–axa, öz şair ürəyinin kövrək nəğməsini oxuyan şair poeziyaya vəfalı olduğunu sübut elədi, sözə sadiq qaldı. Ayaz müəllimin ədəbi ensiklopediyanı xatırladan bu sanballı kitabında əlli ildə yazdığı və ilk dəfə qəzet səhifələrində dərc olunmuş məqalə və müsahibələrinin, həmçinin şeir, poema və tərcümələrinin bir qismi yer almışdır.

Kitabda unudulmaz şairimiz Şəkər Aslana həsr olunmuş “Şairə sədaqət, dosta sədaqət” məqaləsi isə məni elə kövrəltdi ki, ürəyimdə acı bir nisgil qövr elədi. Şəkər müəllimin nurlu siması dilsiz heykəl kimi gözümün önündə canlandı. Sadə, səliqə–sahmanlı geyimi, mülayim xasiyyəti, mədəni rəftarı ilə ilk andan həmsöhbətində özünə dərin rəğbət hissi oyadan bu şairin arxaya daranmış, tək–tük dən düşən qara, qıvrım saçları, mənalı iri ala gözləri vardı. O, danışanda sözünü kəsməyə adamın ürəyi gəlmirdi–ipək kimi yumşaq səsi vardı. Bu şirinlik onun şeirlərinə də hopmuşdu. Gözlərinin dərinliyindən boylanan nisgilin səbəbini onu tanımamışdan qabaq şeirlərindən duymuşdum–atası müharibədən qayıtmamışdı, dörd–beş yaşından atasızlığın acısını dadmışdı.

Qırx il bundan əvvəl onun mənə yazdığı məktubları xatırladım. Qəribədir, özgə vaxt nəyisə axtarsaydım, açmadığım qovluq qalmazdı. İlk əl atdığım qovluqdan Şəkər müəllimin 1964–cü ildə “Azərnəşr”in buraxdığı “Bahar yağışı” kitabını və məktublarından birini tapdım. Xatirələr çözələndi… Məktubdakı tanış sətirləri oxuyanda isə elə bildim ki, yenidən onun doğma, mehriban səsini eşidirəm.

“12. X. 72.

Əziz Etibar!

Gəldim, sənin məktubunu mənə verdilər. Səmimi sözlər üçün sağ ol! O şeirləri jurnalda görənə qədər sevirdim. İndi onların zəif sətirləri gözümü deşir. Peredelkinoda keçirdiyim bir ayda çox şey öyrəndim. Y. Kozlovski, E. Əsədov, A. Mejirovla söhbət zamanı öz zəifliyimi bir daha duydum. Ç. Aytmatovla bir stolda otururduq. Müsahibələr müddətində qarşımda geniş üfüqləri görürdüm. Mən həmişə Lənkərandan uzaqda onu daha aydın görürəm. Yenə də belə oldu. Moskvada Rusiya şeirləri yazmaq istəyirdim. Ancaq olmadı. Yenə Lənkəran araya girdi. Lənkəran balıqçıları haqqında “Qaya” adlı poema yazdım. Məlum olduğu kimi, bu, həmin mövzuda ikinci poemamdır. Çalışmışam ki, təkrara yol verməyim. Fikir vermisinizmi, sahildə bir nöqtəyə min dəfə dalğa vurur. Ancaq bu dalğaların heç biri təkrar olmayır…

Bəzi təzə şeirlər yazmışam. “Sovetski pisatel” nəşriyyatı üçün şeirlərimi hazırlayıram.

Təzə şeirlərindən bizə göndər, yaxın tələbə dostlarına salam söylə!

Böyük hörmətlə

Şəkər Aslanov”.

Bu məktub onun “Azərbaycan” jurnalında çıxan şeirləri barədə yazdığım məktuba cavab idi. Onda mən M.F.Axundzadə adına Rus dili və Ədəbiyyatı İnstitutunun ikinci kursunda oxuyurdum və Dərnəgüldəki yataqxanada qalırdım. Dörd nəfər idik: gəncəli Əsgər, şamaxılı Rüsxət, lənkəranlı Hacıbaba və mən. 1970–ci ilin sentyabrında eyni otağa düşdüyümüz və tanış olduğumuz ilk andan ucaboy, yaraşıqlı, həlimxasiyyət, həmyaşıdım Hacıbaba Əbilovla ünsiyyət bağladıq. Sən demə o, artıq məni tanıyırmış. “Ulduz” jurnalının 1969–cu il 10–cu nömrəsində şair Nəbi Xəzrinin təqdimatıyla şeirlərim çap olunmuşdu və o vaxtdan mərkəzi mətbuat səhifələrində ara–sıra imzam görünürdü. Qəzetlərdə isə Hacıbabanın xəbərlərinə rast gəlirdim.

Ədəbiyyatdan, poeziyadan söhbət düşəndə Hacı həmişə Şəkər müəllimi xatırlayırdı. Deyirdi ki, səni Lənkərana aparacağam, görərsən necə gözəl yerdir. Şəkər müəllimlə də tanış olarsan, özünə demişəm. Hacı məndən xəbərsiz artıq “Nəğmələr…insanlar” adlı şerimi “Leninçi”də çap etdirmişdi. O zaman Şəkər Aslan qəzetin redaktoru idi.

Mən dostum Hacıbabanın təklifi ilə Lənkərana, onun ata–baba ocağına qonaq getmişdim. Orada Şəkər Aslanla şəxsən tanış oldum. Biz bir gün Xəzərin sahilində gəzişəndə Hacıbaba mənə dedi: “Şəkər müəllim imkan tapan kimi yarım saat da olsa bura gəlir”.

…Günəş qüruba enməkdə idi. Qış günəşinin qıpqırmızı şüaları dənizin yaşılımtıl–maviyə çalan səthində oynaşır, qəribə bir mənzərə yaradırdı. Şəkər müəllimin əzbər bildiyim “Mənim şəhərim” şerini xatırladım:

 

Burdadır ən gözəli

Bağçanın da, bağın da,

Lənkəran bir gözəldir

Bəzənir Xəzər adlı

Güzgünün qabağında!..

 

Şəkər müəllim gəldi. Sahildə gəzə–gəzə xeyli söhbətləşdik: ədəbiyyatdan, ədəbi prosesdən, son vaxtlar çıxan kitablardan söz açdıq. O, elə sakit və təmkinlə danışırdı ki, sanki pıçıldayırdı. Kiçik, birmərtəbəli evlər dənizin beşaddımlığında elə bil çiyin–çiyinə verib cərgə ilə düzülmüşdü. Dalğalar dayanmadan sahilə çırpılır, ləpələnib geri qayıdırdı. Hələ bu, dənizin sakit vaxtı idi. Səsi pəncərələrə dəyib çiliklənirdi. Bir də: “Şəkər müəllim, – dedim, – bu evlərdə doğulub–böyüyənlər ömrü boyu bu səsi eşitməli olurlar. Qəribə deyilmi?” Gözəl duymusan, artıq bir şerin hazırdır, – dedi, – bax, yazarsan ha! Sahildə hündürboylu qoca bir kişi dayanıb diqqətlə dənizə baxırdı. Şəkər müəllim kişinin uzun illər gəmi kapitanı işlədiyini, sonra balıqçı olduğunu, bir sözlə, ömrünü dənizdə keçirdiyini danışdı. Ernest Heminqueyin “Qoca və dəniz” hekayəsi yadıma düşdü. Sanki yazıçı xəyalən bu qocanı və onun üzündəki dərin qırışları görüb təsvir etmişdi. Kişi Şəkər müəllimi görüb yaxına gəldi. Görüşdülər, bir–birinin əhvalını soruşdular. Düşündüm ki, şübhəsiz, onun balıqçıların həyatından bəhs edən “Qaya” poeması da belə isti münasibətin nəticəsidir (Sonralar “Dəniz laylası” və “Dənizli talelər” adlı iki uzun şeir yazdım. Birincisi ixtisarla “Ulduz” jurnalında, ikincisi isə “Leninçi”nin 18 mart 1972–ci il tarixli şənbə nömrəsində çap olundu. Başlığı Şəkər müəllim dəyişib “Qoca baxır dənizə” qoymuşdu).

… Gün batdı. Elə bil sahilə qəriblik çökdü. Şəkər müəllim hər ikimizin qoluna girib: “Məhəmmədhüseyn müəllim indi gəlmiş olar. Ağsaqqalı gözlətməyək”, – dedi. Getdik. Keçən sözdü, deyəsən, restoran idi. Bizi görən kimi, hörmətlə kiçik bir otağa apardılar. Stolun arxasında dolu bədənli, artıq saçları çallaşmış gülərüzlü bir kişi əyləşmişdi. Bu, “Dağlar oğlu” və “Qulplu qızıllar” kimi romanların müəllifi Məhəmmədhüseyn Əliyev idi. Ayağa qalxıb elə səmimi görüşdü ki, sanki şəxsən mənimlə yüz ildir tanış imiş. Yanında oturtdu. Görünür, Şəkər müəllim “qonaq” barədə ona qabaqcadan nəsə deyibmiş. Yerbəyer olduq. Söhbət yenə də ədəbiyyatdan, ədəbi mühitdən gedirdi. İndi ağsaqqal danışır, biz dinləyirdik. Hərdən Şəkər müəllim özünəməxsus təmkinlə müdaxilə edirdi.

Gecə yarıdan keçmiş ayrıldıq. O gecə Lənkərandan aldığım ilk təəssüratın təsiri altında “Qış səhəri” adlı lirik bir reportaj yazdım və bu yazı hələ mən orada olanda–cümə axşamı, qəzetin 3 fevral 1972–ci il tarixli nömrəsində çap olundu. Şənbə günü Şəkər müəllimlə vidalaşdıq. Lənkəranda keçirdiyim altı gün ömrümə yazıldı və yaddaşımda şirin bir xatirə kimi qaldı.

 

***

 

Şəkər Aslanla ikinci dəfə noyabrın axırlarında Bakıda görüşdüm. Gələcəyi günü, saatı və yeri bilirdim – Hacıya yazdığı məktublarının birində bildirmişdi. Həmin gün Hacı yox idi, təcili Lənkərana getmişdi. Mən Şəkər Aslanla görüşə tək getməli oldum. O, vaxtında gəlmişdi. Yazıçılar Birliyinə doğru getdik. Şəkər Aslan dedi: “Gedək, dostum Səyavuş Məmmədzadə ilə bir balaca işim var. Səni də tanış eləyim, yaxşı insandır”. Səyavuş müəllim, bir otaqda tək oturmuşdu. İçəri girdik. Hiss etdim ki, S.Məmmədzadə ilə Ş.Aslanın çox isti dostluq münasibətləri var”.

Necə oldusa Şəkər müəllim söhbət əsnasında Peredelkinonu xatırladı. Ç.Aytmatovu yada saldı:

– “İnanın, onunla söhbətdən adam doymaq bilmirdi. Çox böyük şəxsiyyətdir. Kökə bağlı, xalqını sevən, onunla qürur duyan, əsl qırğız oğludur. Dəryadır, dərya. Mənə xüsusilə o ləzzət verirdi ki Aytmatov danışanda rus yazıçılarının ağzı açıla qalırdı. Ona çox diqqət yetirir, hətta sözünü kəsməyə belə cürət etmirdilər…”.

Mən burada istedadlı şair Əliağa Kürçaylı ilə də tanış oldum.

Sağollaşıb çıxdıq. Binanın qabağında Şəkər müəllim dedi ki, indi mənimlə gedirsən, bir tikə çörək kəsirik, sonra mən bir qohumuma dəyməliyəm. Mən onunla razılaşmadım, üzrxahlıq edib ayrıldım. Şəkər Aslan ayrılanda gülərüzlə dedi: “Qələmdən bərk yapış ha, sənə inanıram. Əlaqə saxla. Lənkəranı da yaddan çıxarma!”.

Mənsə əlaqə saxlaya bilmədim. İnstitutu bitirib rayona getdim, Bakıya qayıtdım. Kommunist”, “Xalq qəzeti”, “AzərTAc”, “Respublikaqəzetində işlədim. Uzun müddətdir ki, dostlarımla görüşməyə imkan tapmadım. İtirdiyim o dostlarımla bir anlıq görüşə indi bir ömrümü girov qoyardım.

İndi haqq dünyasında olan üç dostumla—üç gözəl insanla bağlı kövrək xatirələrimi oyadanYarım əsrlik yolkitabının müəllifinə minnətdaram. Əks halda bu xatirələr ürəyimin dərin qatlarında daşlaşıb mənimlə bu dünyadan köçəcəkdi bundan kimsənin xəbəri olmayacaqdı

 

 

Etibar ETİBARLI,

şair.

 

Respublika.- 2013.- 28 fevral.- S. 15.