Rəşadət ünvanı Stalinqrad: Stalinqrad uğrunda döyüşdə qələbənin 70 illiyinə

 

Bu il fevralın əvvəlində Volqoqrad şəhərində Stalinqrad vuruşmasında qazanılmış qələbənin 70 illiyi münasibəti ilə təntənəli tədbirlər keçirildi. Yubiley tədbirlərində ölkəmizi Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının politologiya kafedrasının müəllimi, Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasında gənclərin hərbi–vətənpərvərlik tərbiyəsi üzrə daimi komissiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, ehtiyatda olan polkovnik Cəlil Malik oğlu Xəlilov təmsil etmişdi.

Cəlil Xəlilov – Simferopol Ali Hərbi–Siyasi Məktəbin siyasi fakültəsinin və Düşənbə Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur. Sovet İttifaqı dövründə dövlət sərhədinin ən mürəkkəb sahəsində – Pamir dağlarında, dəniz səviyyəsindən 4 min metr yüksəklikdəki sərhəd dəstəsində xidmət edib. Soydaşımız Şərq sərhəd dairəsində ən yaxşı siyasi işçilərdən hesab edilirdi və onun iş təcrübəsi zastavalarda geniş yayılmışdı.

1987–ci ildə Azərbaycana qayıdan Cəlil Xəlilov respublikanın sərhəd qoşunları sistemində müxtəlif vəzifələrdə çalışıb. O, 2000–ci ildə şəxsi heyət ilə iş üzrə Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanının müavini təyin edilib. Xidməti vəzifəsi ilə əlaqədar Almaniyada, Əfqanıstanda, İranda, Çində işgüzar səfərlərdə olub. Dörd il bu vəzifədə çalışdıqdan sonra AR Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi təyin olunub. Ötən il istefaya çıxan Cəlil Xəlilov müəllimlik və tədqiqatçılıq fəaliyyəti ilə məşğul olur, kursantlar və əlavə təhsil alan rəhbər heyət üçün Milli təhlükəsizlik strategiyası kursunu tədris edir. “Milli düşüncə və milli təhlükəsizlik”, “Milli sərvət”, “Xalqa həsr olunmuş həyat” kitablarının müəllifidir.

Cəlil Xəlilovla müsahibəni oxucularımıza təqdim edirik:

 

– Cəlil müəllim, II Dünya müharibəsinin ibrət dərslərindən nəticə çıxarmaq həmin dəhşətli və amansız müharibə barədə həqiqətləri indiki və gələcək nəsillərə çatdırmaq olduqca vacibdir. Böyük Vətən müharibəsi tarixinin nəhəng döyüşlərinin cərgəsində – Moskvanın müdafiəsi, Qafqaz uğrunda döyüş, Kursk döyüşü, Dneprin keçilməsi kimi hadisələrin sırasında Stalinqrad uğrunda döyüş xüsusi yer tutur. Tədqiqatçıların təsdiq etdiyi kimi, əhatəsinə, gərginliyinə və sonuclarına görə bu vuruşmanın tarixdə bərabəri yoxdur. Sizin fikrinizcə, nə üçün Hitler və onun əlaltıları məhz Stalinqrada böyük diqqət yetirirdilər?

– Stalinqrad vuruşmasında qazanılan qələbə bütün dünyada geniş əks–səda doğurmuşdu. O zaman nəinki bütün Avropanın, elə bütün dünyanın nəzərləri Stalinqrada dikilmişdi. Burada, Volqa sahillərində, həmin dəhşətli və əzab dolu günlərdə, həftələrdə, aylarda təkcə dünyanın ilk çoxmillətli sosialist dövlətinin taleyi deyil, həm də faşist Almaniyasının işğal etdiyi və əsarət altına saldığı Avropa ölkələri xalqlarının taleyi həll olunurdu, Yer üzündə faşizmin yaşayacağı, yoxsa məhv olacağı kimi qlobal problem çözülürdü.

Keçmiş ittifaqın bütün xalqları, o cümlədən Azərbaycan əhalisi bir fikirlə – Stalinqradın qələbəsi barədə fikirlə yaşayırdı. Bütün dünya bu amansız savaşın, iki ideologiyanın bu barışmaz qarşıdurmasının gedişini gərginliklə izləyirdi. Buna görə də Volqoqrad şəhər İctimai palatasının sədri M.Xaritonovun yubiley təntənəsi günlərində təəssüf hissilə söylədiyi fikirlərə haqq qazandırmaya bilmirsən: “Kimsə Mamayev kurqanının brend olaraq köhnəldiyini və müharibəni xatırlamağın gərək olmadığını sübuta yetirməyə cəhd göstərəndə ürəyin sızlayır. Keçmişini xatırlamayan insanın gələcəyi heç vaxt olmayacaq”.

Məlum olduğu kimi, Stalinqrad Sovet İttifaqının mərkəzi bölgələrini Qafqaz və Orta Asiya ilə bağlayan “nəhəng kommunikasiya qovşağı” idi. Volqanın strateji əhəmiyyəti isə təkcə Qafqazdan neftin daşınmasında əsas nəqliyyat arteriyası olmaqla məhdudlaşmırdı. Məhz buna görə də Stalinqradın ələ keçirilməsi almanlara mühüm su və quru nəqliyyat kommunikasiyalarını kəsməyə imkan verərdi ki, bu da sovet sənayesinə hiss olunacaq ağır zərər vura bilərdi. Bundan başqa, şəhər Stalinin, yəni Hitlerin ideoloji düşməninin adını daşıyırdı və şəhərin ələ keçirilməsindəki qələbə çox uğurlu təbliğat gedişi ola bilərdi.

1942–ci il iyulun 30–da fürerin qərargahında general Yodl öz məruzəsində inamla bildirmişdi ki, Qafqazın taleyi Stalinqrad ətrafında həll ediləcək. Düşmənin bütün bu planlarını pozmaq, Volqa üzərindəki şəhəri müdafiə etmək məqsədi ilə Ali Baş Komandanın qərargahında marşal S.Timoşenko başda olmaqla Stalinqrad cəbhəsi yaradıldı. Stalinqrad istiqamətində general F.Paulüsün komandanlığı altında Vermaxtın 6–cı ordusu döyüşürdü.

Əlbəttə, düşmənin sovet qoşunlarına nisbətən üstünlükləri çox idi: döyüşçülərin sayına görə 1,7 dəfə, texnikada – 1,3 dəfə, təyyarələrin sayında isə 2 dəfədən çox üstünlük almanların tərəfində idi.

Müdafiə əməliyyatı 1942–ci il iyulun 17–də, Don çayının döngəsində 62–ci sovet ordusu Paulüsün 6–cı ordusunun avanqardı ilə döyüşə girdiyi zaman başlamışdı. Lakin artıq 11 gündən sonra, iyulun 28–də Ali Baş Komandan İ.Stalin daha çox “Geriyə bir addım yox!” kimi tanınan 227 –li məşhur əmrini verdi.

İ.Stalin bu əmrində Qızıl Orduya müraciət edərək, nəyin bahasına olursa–olsun, düşmənin hücumunu dayandırmağı tələb edirdi, qorxaqlıq edənlərə qarşı isə ən sərt tədbirlər nəzərdə tutulmuşdu. Əmrdə məsələ qəti qoyulmuşdu: “Geri çəkilməyə son qoymaq vaxtıdır! Geriyə bir addım da yox!”

Qızıl Ordunun bütün siyasi işçilərindən bu əmri hər bir döyüşçüyə çatdırmaq tələb edilirdi. Bununla belə, avqustun 23–də Stalinqrad alman aviasiyasının amansız, vəhşicəsinə bombardmanına məruz qaldı. Düşmənin təyyarələri yalnız bir gün ərzində 2 min dəfə havaya qalxdı, nəticədə şəhərin əksər məhəllələri başdan–başa xarabazara çevrildi, 40 min nəfərdən artıq dinc sakin həlak oldu.

Amansız Stalinqrad vuruşması 200 gün və gecə davam etdi. Bu dövrün yarısından çoxunu 1942–ci il iyulun 17–dən başlayaraq, Qızıl Ordu görünməmiş müdafiə döyüşləri apardı. Noyabrın 19–dan başlayaraq, Stalinqrad ətrafında sovet qoşunlarının tarixi əks–hücumu başladı. Bu əks–hücum Böyük Vətən müharibəsinin gedişində yeni mərhələnin başlanğıcından xəbər verirdi.

1942–ci ilin sonlarına yaxın almanların keçirdiyi “Qış fırtınası” və “İldırım zərbəsi” adlı iki əməliyyat məğlubiyyətlə nəticələndi. Sovet komandanlığının hazırladığı “Halqa” planı isə uğurla həyata keçirildi. 1943–cü il yanvarın 31–də, döyüş ərəfəsində Hitlerin feldmarşal rütbəsinə layiq bildiyi Paulüs müqavimət göstərməyin mənasızlığını tam anlayaraq, təslim olaraq əsir düşdü. Görünməmiş savaş 1943–cü il fevralın 2–də Sovet Ordusunun tam qələbəsi ilə başa çatdı. Stalinqrad ətrafındakı sarsıdıcı məğlubiyyət ilə əlaqədar Almaniyada üçgünlük matəm elan edilmişdi.

Vermaxtın Stalinqrad ətrafında güclü qruplaşmasına qarşı əks–hücum, mühasirə və darmadağın planını hazırlamış və rəşadətlə həyata keçirmiş sərkərdələrin arasında G.K.Jukov, A.M.Vasilyevski, K.K.Rokossovski, V.İ.Çuykov, F.İ.Tolbuxin, N.N.Voronov, M.İ.Şumilyov və başqaları da var idi. Stalinqrad uğrunda döyüşdə şücaət göstərənlərin sırasında azərbaycanlı sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general–mayoru Həzi Aslanovun da adını xüsusi vurğulamaq lazımdır. O, 1942–ci ilin yayında 55–ci əlahiddə tank alayının komandiri təyin edilmişdi. Həzi Aslanovun tankçıları yalnız Verxne–Kumsk qəsəbəsinin yaxınlığındakı amansız döyüşlərdə düşmənin 30 tankını, 26 topunu, 50 avtomobilini, 2 minədək əsgər və zabitini məhv etmişdilər. Buna görə də 22 dekabr 1942–ci il tarixli sərəncam ilə podpolkovnik Həzi Aslaonv Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. “Krasnaya zvezda” qəzeti iki gündən sonra onun haqqında yazmışdı: “Hərb tarixi hələ Həzi Aslanov və onun döyüş dostları kimi rəşadətlə vuruşan döyüşçülər görməyib. Düşmən tankları və piyadası nə qədər qüvvətli olsa da, onlar qüdrətli, iradəli komandir, Sovet İtifaqı Qəhrəmanı Həzi Aslanovun rəhbərlik etdiyi hissə ilə müqayisəyə gəlməzlər”.

– Stalinqrad dözdü, Stalinqrad qalib gəldi! Bu şad xəbəri Stalinə kim çatdırdı?

– Ali Baş Komandanlıq Qərargahının nümayəndəsi, artilleriya marşalı və Don cəbhəsi qoşunlarının komandanı, general–polkovnik Rokossovski Stalinə teleqram yolladı. “0079/OP –li döyüş məlumatı”nda bu sözlər yazılmışdı: “Don cəbhəsinin qoşunları Sizin əmrinizi yerinə yetirərək, 2.II.43–cü il tarixində saat 16:00–da mühasirəyə alınmış Stalinqradda düşmənin hərbi qruplaşmasının darmadağın edilməsi və məhv olunması ilə başa çatdırdı” 91 min nəfərdən artıq hərbçi əsir alınıb, onların 2500 nəfərindən çoxu zabit və 24 nəfəri general, bir nəfər isə general–feldmarşal idi. Düşmənin tamam məhv edilməsi ilə əlaqədar Stalinqrad şəhərində və Stalinqrad rayonunda döyüş əməliyyatları başa çatdırılmışdır. Qənimətlərin hesablanması davam etdirilir.

Bu qələbə təkcə sovet sərkərdələrinin hərb məharətinin sayəsində deyil, həm də hər qarşı torpaq, hər sənaye obyekti, hər ev, hər döngə uğrunda ölüm–dirim savaşına çıxan Qızıl Ordu döyüşçülərinin və Stalinqrad sakinlərinin şəksiz cəsarəti, mənəvi gücü və fədakarlığı sayəsində əldə edilmişdi.

Almaniyanın “Berliner Borsen Saytunq” qəzeti hələ 1942–ci il noyabrın 14–də yazırdı: “Stalinqrad ətrafında baş verən dünya əhəmiyyətli mübarizə genişmiqyaslı, qətiyyətli döyüşdə özünü göstərir. Orada savaşan hər kəs bu vuruşmanın dəhşətini ətraflı bilirlər, lakin onun əhəmiyyətini tam dərk etməyə və onun sonunu görməyə qabil deyillər”.

– Stalinqrad üzərində qələbə Böyük Vətən müharibəsinin və bütün İkinci Dünya müharibəsinin gedişində köklü dəyişikliyin başlanğıcını qoyan nəhəng hərbi–tarixi hadisə oldu. Düşmənin SSRİ ərazisindən kütləvi qovulması başladı. Hitlerin dünyanı fəth etmək, mütləq hökmran olmaq planları əbədiyyətə gömüldü. Volqa–Don sahillərində qələbə antihitler koalisiyasının birləşməsinə, SSRİ–nin beynəlxalq nüfuzunun artmasına kömək etdi. Stalinqrad zəfəri Avropanın işğal edilmiş ölkələrində antifaşist müqavimət hərəkatının və bütün dünyada alman faşizminə qarşı milli–azadlıq hərəkatının genişlənməsinə böyük təkan verdi.

– Alman tarixçisi Hans Umbrayt öz araşdırmasında yazırdı: “Stalinqrad ətrafında fəlakətdən sonra Almaniyanın SSRİ–yə qarşı müharibədə hərbi məğlubiyyəti bütün dünyaya aşkar göründü”. Bu müharibədə dönüş mərhələsi deyilmi?

– Bu vuruşmanın müharibənin bütün gedişində nə qədər əhəmiyyətli olduğu antihitler koalisiyası ölkələri rəhbərlərinin, XX əsrin görkəmli dövlət və siyasi xadimlərinin deyimlərində də öz əksini tapıb. Fransa Müqavimət hərəkatının rəhbərlərindən biri, əfsanəvi general Şarl de Qoll demişdi: “Mən Stalinqrad döyüşünə dəyər verir və onun verdiyi dərsi qeyd etmək istəyirəm. Mən döyüşən fransız xalqı adından qəhrəman Stalinqrada – düşmən üzərində qələbələrimizin rəmzinə atəşin salam göndərirəm”.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı VI Georq Stalinqrad müdafiəçiləri barədə belə demişdi: “Stalinqradın inadlı müqaviməti hadisələrin gedişini dəyişdi, sivilizasiya və azadlıq düşmənləri arasında qarışıqlıq toxumu səpən dağrıdıcı zərbələrin müjdəçisi oldu. Mənim və Britaniya imperiyası xalqlarının hiss etdiyi dərin ehtiram duyğusunu çatdırmaq üçün Stalinqrad şəhərinə təqdim etmək şərəfinə nail olacağım fəxri qılıncın hazırlanması barədə əmr verdim. Mən ümid edirəm ki, qarşıdakı xoşbəxt günlərdə bu bəxşiş döyüşçü şəhərin öz düşməninin güclü və inadkar hücumlarına qarşı mübarizədə bərkimiş əyilməz şücaətini xatırladacaq və bu qılınc təkcə Britaniya imperiyası xalqlarının deyil, həm də bütün sivilizasiyalı dünyanın heyranlıq rəmzi olacaq”.

ABŞ prezidenti Franklin Ruzvelt: “Birləşmiş Amerika Ştatları xalqı adından bu fəxri fərmanı Stalinqrad şəhərinə təqdim edərək, onun şücaətli müdafiəçilərinə,1942–ci il sentyabrın 13–dən 1943–cü il yanvarın 31–dək davam etmiş mühasirə zamanı nümayiş etdirdikləri, əbədi olaraq bütün azad insanların ruhuna ilham verəcək igidlik, ruh yüksəkliyinə və fədakarlığa öz heyranlığımızı bildiririk. Onların şərəfli qələbəsi düşmənin yürüş dalğasının qarşısını kəsdi və təcavüzkar qüvvələrə qarşı bizim müttəfiq qüvvələrimizin savaşında dönüş nöqtəsi oldu”.

– Stalinqrad ətrafında sovet qoşunlarının alman–faşistləri darmadağın etməsinin böyük dünya miqyaslı tarixi əhəmiyyətini və Qələbənin 70 illiyini nəzərə alaraq, həmin döyüşdə keçmiş İttifaqın bütün xalqlarının nümayəndələrinin iştirak etməsi ilə əlaqədar MDB və Avropa ölkələrində elmi–praktik konfranslar, mitinqlər, görüşlər və digər tədbirlərin keçirilməsi qərara alınmışdı. 2012–ci ilin noyabrında Bakıda Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Stalinqrad döyüşünə həsr olunmuş elmi–praktik konfrans keçirildi. Həmin konfrans barədə məlumat almaq istərdik.

– Konfrans iştirakçıları Qəhrəman şəhər Volqoqradın sakinlərinə müraciət ünvanladı. Həmin müraciətdə deyilir: “Volqa üzərində qələbə qardaş xalqların möhkəm dostluğu, onların qarşısıalınmaz gücü və sıx həmrəyliyi sayəsində əldə edilmişdi. Biz böyük fəxrlə qeyd edirik ki, Stalinqrad uğrunda qəhrəmanlıq döyüşündə Azərbaycanın minlərlə oğlu–qızı fəal iştirak edib. Stalinqrad müdafiəçilərinin arasında iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları Xıdır Mustafayev, Bəkir Mustafayev və bir çox başqa qəhrəmanların adı xüsusi fəxrlə çəkilir. Amansız döyüşlərdən və şəhərin azad edilməsindən sonra isə onun bərpasına ilk yetişənlərin arasında Azərbaycan vətəndaşları da var idi və onlar bu işdə də öz fəal iştirak etməkləri ilə seçildilər”. Mən bu müraciətin çap olunduğu vərəqələri özümlə Volqoqrada apardım və yubiley tədbirlərinin iştirakçılarına payladım.

Hazırda Azərbaycan Stalinqrad vuruşmasının iştirakçılarından cəmi 16 nəfər sağ qalıb. Onlar bu gün də Stalinqrad müdafiəsinin həmin faciə və həyəcan dolu günlərini göz yaşları ilə xatırlayır, həm də fəxr edirlər ki, əfsanəvi şəhərin qorunmasında onların da payı var.

– Məncə, bu yerdə Azərbaycanın 1941–1954–cü illər müharibəsində qələbənin qazanılmasına verdiyi töhfəni xatırlamağa dəyər. Müharibənin qələbə ilə başa çatmasında ölkəmizin xidmətlərini necə qiymətləndirirsiniz?

– Bizim bu müharibədə itirdiyimiz canlı qüvvə barədə söz açmadan marşal Q.K.Jukovun “əgər Bakı nefti olmasaydı, “motorlar savaşı” SSRİ–nin qələbəsi ilə başa çata bilməzdi” fikrini bir daha xatırlamağımız lazımdır. Çünki orduda istifadə edilən yanacağın 80 faizindən çoxu bizim nadir tərkibi ilə seçilən yüksək keyfiyyətli Bakı neftindən alınırdı. Bundan başqa, Bakının hərbi rejimə keçmiş bir çox zavodlarında 60 növdən artıq silah və döyüş sursatı, o cümlədən “Katyuşa” üçün mərmilər istehsal edilirdi. Hələ akademik Yusif Məmmədəliyevin icad etdiyi və düşməni dəhşətə salan yandırıcı qatışıqlı məşhur “kokteyl!” Naməlum səbəblər üzündən və adı bilinməyən kimsə nədənsə onu “Molotov kokteyli” adlandırmışdı.

Azərbaycan xalqı qızıl, zinət əşyalarını Müdafiə Fonduna təhvil verir, istiqrazlarını, şəxsi vəsaitlərini həvəslə bu fondun hesabına köçürürdülər. Çox qan itirmiş yaralı döyüşçülər üçün nəzərdə tutulan ərzaq, meyvə qurusu, təzə tərəvəz, şəfalı Azərbaycan şərabı yüklənmiş eşelonlar, şəxsi və kollektiv bağlamalar – bütün bunlar Azərbaycanın Qələbə uğrunda verdiyi töhfələrdir, həm də kifayət qədər böyük payıdır!

Biz çox sülhsevər, xeyirxah, yaradıcı əməyi hər cür çəkişmə və nifaqlardan üstün tutan xalqıq. 1941–ci ildə isə müharibə bizim həyatımızı alt–üst etdi. İnsanlar çək–çevir etmədən Vətənin müdafiəsinə qalxdılar, yüzlərlə oğlan və qız könüllü olaraq orduya yazıldı. Stalinqrad cəbhəsinə yollanan sovet qoşunlarının tərkibində bizim həmvətənlərimiz də var idi. Bombardmanlar, partlayışlar, iliyə işləyən şaxta, hər gün insanın tablaşa bilməyəcəyi gərginlik, yaralıların qışqırıqları və iniltiləri, itkilər – heç nə onları qorxuda, öz mövqelərindən geri çəkə bilmədi. Qafqazlı azadlıqsevərliyi, mənəvi möhkəmlik və rəşadət Stalinqrad savaşının amansız günləri və ayları boyunca onların sağ qalaraq qalib gəlməyinə kömək etdi! Volqa uğrunda döyüşlərdə igidliklə həlak olan azərbaycanlılar az olmayıb. Stalinqrad uğrunda həlak olan bütün müdafiəçilərin işıqlı xatirəsi qarşısında baş əyirik! Sağ qalan və bizim ümumi tariximizin o dramatik səhifəsi barədə həqiqəti çatdıranlara da öz ehtiramımızı bildiririk!

Stalinqrad uğrunda döyüşdə, ümumiyyətlə, bütün müharibə boyunca xalqlar dostluğunun mənəvi dəyər kimi üstünlüyü özünü göstərdi, o zaman milli və dini etiqad ayrılığına baxmayaraq, insanlar amansız düşmənə qarşı qanlı savaşda qalib gəlmək üçün, ümumbəşəri sərvəti qorumaq üçün, öz gələcəyini müdafiə etmək naminə birləşdilər: Biz birlikdə qalib gəldik!

– Zəhmət olmasa, yubiley təntənələri barədə təəssüratlarınızı bizimlə bölüşərdiniz.

– Bu əfsanəvi şəhərdəki bayram tədbirlərinə, bir çoxları kimi mən xeyli əvvəl gəlmişdim. Bizi Volqoqrad vilayəti qubernatoru Sergey Bojenovun göstərişi ilə “Volqoqrad” mehmanxanasında yerləşdirdilər. Mən “Hitlerin nəyin bahasına olursa–olsun, tutmaq istədiyi” şəhəri, “Stalinin necə olursa–olsun təslim etməmək əmri verdiyi” şəhəri gəzməyə çıxdım. Volqa sahilində salınmış, çoxdan öz yaralarını sağaltmış bu şəhər öz gözəlliyi, qeyri–adi aurası ilə məni heyran etdi, sanki burada onun müdafiəçilərinin ruhu hakim idi. Küçələrdə gənclərin çox olması, onların çöhrələrində təbəssümü görmək, təbii ki, bizim qəlbimizə yaxın veteranlarla qarşılaşmaq çox xoş idi.

Yanvarın 31–də mənə Beynəlxalq konfrans çərçivəsində “Stalinqrad döyüşü: mənbələr və tarixşünaslıq mövzusunda” bölmə iclasında iştirak etmək təklif olundu. İclas M.Qorki adına Volqoqrad elmi kitabxanasında B.N.Yeltsin adına Prezident Kitabxanası ilə birlikdə on–layn rejimdə keçirildi. Mən müharibə veteranları – alay döyüşçüləri Bakı seksiyasının sədr müavini, istefada olan I dərəcəli kapitan A.Qritçenkonun müharibə barədə yazdığı kitabları Volqoqrad kitabxanasına hədiyyə etdim. Hədiyyə edilən kitabların arasında “Stalinqradın tarixi hünəri” adlı broşür də var idi.

Mənə də “Stalinqrad qələbəsi – 70!” adlı xüsusi qəzet buraxılışını bağışladılar. Həmin buraxılışda artilleriyaçı V.Kovalyuxun insanı riqqətə gətirən xatirəsini oxudum: “Noyabrın 18–də 64–cü ordunun komandanı Şumilyov özü yanımıza gəldi. O, hər taqıma baş çəkərək bu sözləri deyirdi: “Balalarım! Mən sizə komandir kimi əmr verə bilmirəm! Mən sizdən çox xahiş edirəm, Stalinqradı müdafiə edək! Əgər biz indi geri çəkilsək, düşməni Volqaya buraxmış olacağıq, o bu yerləri tutacaq, 62–ci Ordu mühasirəyə düşəcək və düşmən birbaş Qafqaza soxulacaq! Mən sizdən öz balam kimi xahiş edirəm! Mən sizinlə birlikdə olacağam! Əgər mən həlak olsam, qoy məni sizinlə birlikdə bu torpaqda dəfn etsinlər!”. Hamı Ura! deyə bağırırdı Ertəsi gün əks–hücum başladı”.

Stalinqrad qələbəsinin yubiley tədbirləri fevralın 1–də Yeni Eksperimental Teatrın binasında başladı. Burada “Stalinqrad döyüşü xalqların taleyində” adlı elmi–praktik konfrans keçirildi. Bu tədbirdə Rusiyanın 25 regionundan və dünyanın 15 ölkəsindən alimlər və qonaqlar iştirak edirdi. Konfransda Volqoqrad vilayətində uşaq və gənclərin vətənpərvərlik tərbiyəsi sisteminin innovasiyalı inkişaf strategiyası və Stalinqrad döyüşünün qəhrəmanlıq ənənələri əsasında yeni qaliblər nəslinin tərbiyə konsepsiyası səsləndirildi və müzakirə edildi.

– Volqoqrad gənclərini, Azərbaycan oğlan və qızları kimi sağ qalmış Böyük Vətən müharibəsi iştirakçılarının xatirələri ilə videosüjet arxivinin yaradılması layihəsinə cəlb etmək cəhdi baş tutubmu?

– Bəli. Həm də bu, çox vacibdir, çünki müharibə iştirakçılarından sağ qalanların sayı təəssüf ki, azalmaqdadır. Onların xatirələrini tarix üçün toplayıb saxlamaq gərəkdir.

Konfrans başa çatandan sonra, Stalinqrad döyüşü veteranlarının şərəfinə ziyafət verildi. Ziyafətdə MDB ölkələrindən və Avropadan 70 nəfər veteran iştirak edirdi.

Qonaqları Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenov salamladı. Respublikamızın adından mən çıxış etdim və veteranları Stalinqrad döyüşünün 70 illiyi münasibətilə təbrik etdim, onlara Qafqaz uzunömürlülüyü arzuladım. Sonra qubernatora A.Qritçenkonun 5 kitabını təqdim etdim. Tədbir iştirakçıları üçün təşkil olunmuş konsertdə Volqoqradda yaşayan Azərbaycan diasporunun gənc təmsilçiləri – azərbaycanlı balaları mahnı və rəqslər ifa etdilər.

Fevralın 2–də, yəni Stalinqrad döyüşü başa çatan gün, səhər saat 10–da Qəhrəmanlar Xiyabanında təntənəli şəraitdə “Stalinqrad müdafiəçiləri” abidəsinin qarşısındakı Əbədi məşəlin önünə əklil və çiçəklər qoyuldu. Həlak olmuş döyüşçülər meydanında hərbi bölmələrin, kazak drujinalarının, kadet sinifləri və əfsanəvi 1 –li postun qaravulçularının iştirak etdiyi mitinq və parad keçirildi. Sonra Mamayev kurqanı memorialında “Stalinqrad döyüşünün qəhrəmanlarına” abidə–ansamblının Döyüş şöhrəti zalında Əbədi məşəlin qarşısına əklil və çiçək dəstələri qoyuldu. Buradaca, döyüşçü xatirə məzarlığında “Əsgərlərin adını qaytarmalı” xatirə lövhəsinin açılışı oldu. İki dəfə Sovet İttifaqı qəhrəmanı, general Həzi Aslanovun rəmzi xatirə lövhəsinin qarşısına da əklil qoyuldu. Stalinqrad uğrunda döyüşün iştirakçılarının göz yaşlarını, onların həyəcanını görmək insanı həyəcanlandırırdı. Çünki məhz onlar bütün dünyaya car çəkdilər ki, Stalinqrad, Sovet İttifaqı yenilməyəcək!

Elə həmin gün saat 16–da, yəni Stalinqrad döyüşünün başa çatdığı dəqiqələrdə, İdman Sarayında 5 minədək qonaq toplaşdı. Burada təntənəli yığıncaq keçirildi, yığıncaqdan sonra, bayram konserti başlayanadək ekranda Stalinqrad döyüşü barədə filmlərdən fraqmentlər nümayiş etdirildi, salonda müharibə illərinin melodiyaları səsləndirildi. Bayram konsertinə təşrif buyuran Rusiya Federasiyasının Prezidenti Vladimir Putin müharibə veteranlarını səmimi qəlbdən təbrik etdi, yubiley təntənələrində iştirak edən qonaqları salamladı. Xatirə tədbirləri axşam saat 6–da, qəhrəman şəhərin üzərində, Mamayev kurqanında artilleriya aətşlərinin açılması və bayram atəşşəfanlığı ilə başa çatdı.

Ertəsi gün Azərbaycan diasporunun nümayəndələri ilə görüşdüm. Bizim iqtisadiyyat və mədəqniyyətimiz, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi illərində ölkədə baş verən müsbət dəyişikliklər barədə, onun Azərbaycan ilə Rusiya arasında dostluğun möhkəmləndirilməsinə yönəlmiş müdrik xarici siyasəti barədə məruzə etdim.

Soydaşımız, bizim diasporun ləyaqətli təmsilçisi Rəna Qasımova ilə görüşüm çox məhsuldar oldu. O, Sankt–Peterburq universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra ailəsi ilə Volqoqradda yaşayır. Rəna xanım pedaqoji institutda, müəllimlərin ixtisasartırma kurslarında dərs deyir, Stalinqrad döyüşü haqqında namizədlik dissertasiyası yazır.

Həmin gün Volqoqradda baş tutan bütün tədbirlər, görüşlər öz dolğunluğu və səmimiliyi ilə yaddaşıma həkk olundu. Bir daha əmin oldum ki, Tarixə qayğıkeş münasibət, uşaq və yeniyetmələrin belə nümunələr əsasında hərbi–vətənpərvərlik tərbiyəsi, ən başlıcası, – xalqlar dostluğu kimi əbədi, keçilməz, insana qüvvət və dözüm bəxş edən bu hiss bizim hamımıza nə qədər gərəkdir!

– Söhbətə görə çox sağ olun!

 

 

Müsahibəni apardı: Ruqiyyə ƏLİYEVA.

 

Respublika.- 2013.- 28 fevral.- S. 10.