Sumqayıt hadisələri 25 ildən sonra

 

1988–ci il fevralın 27–29–da baş vermiş Sumqayıt hadisələrindən artıq 25 il keçir. Zaman göstərdi ki, bu olaylar böyük bir siyasi oyunun başlanğıcı, necə deyərlər, “ilk akkordları” idi. Azərbaycana qarşı yönəldilmiş separatçılığa, terrorizmə, nəhayət işğalçılıq hərəkətlərinə haqq qazandırmaq üçün edilən təxribat idi.

Düşmən üzərində qələbə çalmaq üçün onun xüsusiyyətlərini öyrənmək, psixologiyasına bələd olmaq çox vacib amillərdən biridir. Əfsuslar ki, biz —azərbaycanlılardan fərqli olaraq uzun illər torpaqlarımızda yaşayıb çörəyimizi yeyən və böyük ustalıqla öz xain, murdar sifətini gizlədə bilən ermənilər bu həqiqəti daha tez və daha yaxşı başa düşmüşlər. Ürəyi yumşaqlığımızı bilib, unutqanlığımıza bələd olan ermənilər əsrlər boyu oba və yurdlarımızda məskən salmış, sonradan isə qanımızı töküb torpaqlarımızı işğal etmişlər. Lakin —ziyanın yarısından qayıtmaq da xeyirdir,—deyərlər. Bu gün düşməni və onun başımıza gətirdiyi bütün faciələri diqqətlə öyrənib, dəqiq araşdırmalıyıq ki, gələcəkdə hər bir fitnə və həmləyə hazır olaq və sonda zəfər yürüşü ilə itirdiklərimizi də qaytara bilək.

 

Bu baxımdan Sumqayıt hadisələrini sonrakı qanlı olayların başlanğıcı kimi yada salıb təhlil etmək çox vacibdir. Düzdür bu haqda çox deyilib, çox yazılıb, lakin bu, kifayət deyil. Çünki ermənilər Sumqayıt hadisələrini bayraq edib hər yerdə azərbaycanlılara qarşı istifadə etmiş və son iyirmi ildə törətdikləri vəhşiliklərə bəraət qazandıraraq dirsəyə qədər qana batmış əllərini məharətlə dünya ictimaiyyətindən gizlədə bilmişlər. Məhz buna görə o dövrü şahidlərin gözü ilə canlandıran, fakt və dəlilləri bütün xırdalığıyla, epizod–epizod tədqiq edən və hadisələrin əsl təşkilatçılarını üzə çıxaran materiallara hələ də ehtiyac böyükdür. Bu haqda nə qədər çox məqalə və kitab dərc olunarsa, film çəkilərsə dünya ictimaiyyəti bir o qədər düzgün məlumatlandırılar və Sumqayıt hadisələrinin kimlər tərəfindən törədildiyi də daha dəqiq müəyyənləşər. Faktlar isə birmənalı olaraq hadisələrin ermənilər və onların himayədarları tərəfindən törədildiyini üzə çıxardır.

Həqiqətən də, Sumqayıt hadisələrinə 25 ilin yüksəkliyindən nəzər yetirəndə təxribat törədib, qan axıdanların əslində ermənilərin özü, onların xaricdəki havadarları və keçmiş SSRİ rəhbərliyinin olduğu açıq görsənir. İndi artıq obyektiv düşünən hər insanda bu şübhə doğurmur. Hadisələri diqqətlə izlədikdə məhz erməni emissarlarının təcrübəsiz yeniyetmə və gənc azərbaycanlıların vətən heysiyyətınə toxunmaqla cinayətlərə təhrik etməsi və hətta özlərinin də bu cinayətlərdə iştirakı üzə çıxır. “Böyük Ermənistan” yaratmaq arzusu ilə alışıb–yanan erməni millətçiləri üçün hər cür mənfur üsul qəbul olunduğundan özlərindən qurbanlıqlar seçib, onları öldürtməkdən də çəkinməyiblər. Bu onlara dünya ictimaiyyətinə ermənilərin məzlum, azərbaycanlıların isə guya vəhşi olduqlarını göstərmək, eləcə də gələcəkdə həyata keçirəcəkləri bütün yaramaz hərəkətlərə haqq qazandırmaq üçün zaman–zaman lazım olub.Tarix göstərir ki, bu ermənilərin əsrlərlə bizlərə qarşı istifadə etdikləri bir üsuldur. Bu yerdə XX əsrin əvvəllərində yazıb–yaratmış görkəmli Azərbaycan publisisti Ömər Faiq Nemanzadənin böyük uzaqgörənliklə söylədiyi sözlər yada düşür. O, 1906–cı ildə “İrşad” qəzetinin səhifələrində çap etdirdiyi məqalələrinin birində yazır: “Ermənilər, necə olursa–olsun, özlərinin Ermənistan yaratmaq planlarını mütləq həyata keçirəcəklər və bu məqsədə nail olmaq üçün bizi İrəvandan, Qarabağdan və Qarsdan qovub çıxarmağa cəhd göstərəcəklər. Biz bilməliyik və unutmamalıyıq ki, ermənilər istənilən alçaqlığa hazırdırlar. Onlar təxribatlara əl ataraq müsəlmanları özlərinə qarşı qalxmağa təhrik edəcək, bilərəkdən böyük itkilərə yol verəcək, sonra da bütün Avropaya özlərini yazıq, məzlum, iztirablı bir xalq kimi göstərmək üçün ah–nalə çəkərək zarıyacaqlar. Onlar öz cinayətləri üçün tədricən plan hazırlayacaq və onu həyata keçirmək üçün yollar arıyacaqlar”. Görün müdrikcəsinə deyilən bu sözlərdə ermənilər necə dəqiq xarakterizə edilmişlər. Təəssüflər olsun, ötən əsrin əvvəllərində söylənilən bu sözlərdən biz nəticə çıxarmadıq ki, düşmən planlarının həyata keçməsinə mane olaq, erməni fitnə–fəsadının qarşısını ala bilək. 1905–1906, 1914–1915, 1918–1920, 1948–1953 və nəhayət, 1988–1993–cü illərdə ermənilərin planlı şəkildə həyata keçirdikləri təxribatlar sonradan azərbaycanlıların qırğını və torpaqlarımızın zəbti ilə başa çatıb.

Sumqayıt hadisələrini də eyni ssenari üzrə faşist xislətli, alçaq Eduard qriqoryanlar və onların ənənəvi havadarları törədib. Məqsəd isə Ermənistandakı etnik təmizləməni ört–basdır etmək və Dağlıq Qarabağı ələ keçirmək olub. Həmin hadisələri epizod–epizod nəzərdən keçirəndə bu qabarıq şəkildə üzə çıxır.

Ermənilər “böyük Ermənistan” xülyasına düşəndən Dağlıq Qarabağı da digər Azərbaycan torpaqları kimi özününküləşdirmək istəmişlər. Digər Azərbaycan torpaqları dedikdə isə İrəvan (indi Yerevan), Vedi (Ararat), Basarkeçər (Vardenis), Zəngibasar (Masis), Qəmərli (Artaşad), Mollagöyçə (Maralin), Dərələyəz (Yexeknadzor) və bütövlikdə müasir Ermənistanın ərazisi nəzərdə tutulur. Axı, həqiqətən də tarixi sənədlərə əsasən 200–250 il qabaq Qafqazda ümumiyyətlə erməni və ya özlərinin adlandırdığı kimi “haylar” yaşamayıb.

Bizim torpaqlara ermənilər ilk dəfə 1804–1813–ci il rus–İran və 1806–1812–ci il rus–türk müharibələri dövründə köçməyə başlamışlar. Birinci rus–türk müharibəsi illərində Osmanlı İmperyasının rəiyyəti olmasına baxmayaraq, ermənilər ruslara satılıb türk ordusunun mövqeyini, əsgər və silah sayını düşmənə ötürür, şəhər və kəndlərdə təxribat törədir, ara qarışdırmaqla məşğul olurdular. Müharibə başa çatdıqdan sonra isə ruslar onları ailələri ilə birlikdə Türkiyədən köçürdüb Azərbaycan torpaqlarında yerləşdirməyə başladılar. Aydındır ki, rusların əsas məqsədi erməniləri osmanlıların qisasından qorumaq olmamışdır. Onların niyyəti daha uzaqgörən olub, özləri ilə türklər arasında ermənilər hesabına bufer zona yaratmaq idi. Düzdü, ilk köçürülən ermənilərin sayı çox deyildi. Hər əyalətdən 10–15 ailə. Çünki həmin dövrdə Azərbaycanın hər yerində rus təcavüzkarlarına qarşı müqavimət hələ də davam edirdi. Qərbi Azərbaycan torpaqlarında da ruslarla güclü mübarizə gedirdi. Bunu əyani göstərmək üçün bir neçə tarixi fakta toxunsaq kifayət edər.

Çoxsaylı rus qoşunu 1804–cü ilin iyulunda general–leytenant P.D.Sisianovun rəhbərliyi ilə İrəvanı mühasirəyə almışdı. Onda İrəvan qalasında cəmi 7 min döyüşçü vardı. Onlar rus generalının hədəsinə, vədlərinə əhəmiyyət vermədən şəhəri qorudular. Düşmənin aramsız hücumlarını qəhrəmancasına dəf etdilər. Əldən düşmüş, azuqə ehtiyatı və ümidi tükənmiş rus qoşunu sentyabr ayının əvvəllərində geri çəkilməyə məcbur oldu.

Dörd il sonra, 1808–ci il oktyabrın 3–də general–feldmarşal İ.V.Qudoviç səkkiz minlik qoşunla İrəvan qalasının 6 kilometrliyində düşərgə saldı. Bir neçə qəti hücumdan sonra rus qoşunu itkilər verib biabırcasına geri çəkilməli oldu. Altı günlük uğursuz döyüşdə mindən artıq rus əsgəri öldürüldü. Qudoviç ağır xəstələndi və 1808–ci il noyabrın 30–da rus qoşunu mühasirəyə son qoyaraq geri çəkildi. Sonradan ruslar yeni–yeni hücumlar təşkil etsələr də İrəvanı ələ keçirə bilmədilər və beləliklə, 1808–ci ilin payızına—1809–cu ilin əvvəllərinə təsadüf edən hərbi kampaniya məğlubiyyətlə başa çatdı. Qeyd etmək lazımdır ki, bu dövrdə Azərbaycanın şimal–şərqi torpaqları artıq rus istilası altında idi.

Nəhayət, 1827–ci ilin yazında yenidən başlanan hərbi əməliyyatlarda rus komandanlığı ilk növbədə İrəvan xanlığını işğal etməyi qarşısına məqsəd qoymuşdu. General Begendorfun rəhbərliyi altında olan rus ordusu aprelin 25–də İrəvan qalasını mühasirəyə aldı. Onun qoşununun tərkibində 3200 piyada, 1200 süvari və 16 top vardı. Belə güclü orduya baxmayaraq, İrəvan xanı Həsən xanın qoşunları qanlı döyüşlərdə Begendorfun qüvvələrini tam əldən saldı. Çar I Nikolayın göstərişi ilə Paşkeviçin komandanlıq etdiyi korpus (4800 piyada, 7100 nizami süvari, 3 min qeyri–nizami süvari və 26 top) İrəvanı mühasirədə saxlayan qoşunun köməyinə göndərildi. Sentyabrın 24–də bu böyük ordu ilə general Paşkeviç İrəvana qəti hücuma keçdi. Şəhərə dayanmadan yüngül və ağır toplardan mərmilər yağdırılırdı. Ancaq İrəvan təslim olmurdu. Əli silah tutan kim var idisə, uşaq–qoca, qız–gəlin hamı şəhərin müdafiəsində iştirak edirdi. Artıq altı gün aramsız hücumlar davam etsə də qalanı ələ keçirmək heç cür mümkün olmurdu. Nəticəsiz hücumlar, böyük itkilər rus komandanlığını hədsiz əsəbiləşdirirdi. İşlərin belə getdiyini görən ruslar Türkiyədəki kimi burada da erməni xəyanətkarlığından istifadə etmək qərarına gəldilər. O zaman İrəvanda Türkiyədən köçmə bir neçə erməni ailəsi yaşayırdı ki, elə onlar da sentyabrın 30–dan oktyabrın 1–nə keçən gecə qalanın şimal darvazalarını açaraq rusları şəhərə buraxdılar. Bununla da ruslar çoxdan ələ keçirmək istədikləri şəhəri nəhayət işğal edə bildilər. Burada rus tarixçisi V.Veliçkonun öz məşhur “Qafqaz” əsərində yazdığı sözlər yada düşməyə bilməz. O, erməniləri düzgün xarakterizə edərək demişdi: “Ermənilərin zəhlətökən fırıldaqçılığı, iyrənc eybəcərliyi, biabırçı alçaqlığı var, “satqın” sözünü işlətmədən erməni tarixini və erməni təbiətini xarakterizə etmək olmaz”.

İrəvan qalası süqut edəndən cəmi üç ay sonra, yəni 1828–ci il fevralın 10–da Rusiya və İran arasında bədnam Türkmənçay müqaviləsi imzalandı. Və bununla da İrəvan və bütün Qərbi Azərbaycan torpaqları Rusiyanın müstəmləkəsinə çevrildi. Elə həmin zamandan da bu torpaqlarda yaşayan azərbaycanlıların bəlalı, qanlı–qadalı günləri başlandı. Müqavilə imzalanandan dərhal sonra rus imperiyası İrəvan xanlığını ləğv edib bu ərazilərdə erməniləşdirmə siyasətini daha intensiv həyata keçirməyə başladı. Əzəli Azərbaycan torpaqlarındaerməni vilayəti” adlı qondarma bölgə yaradıldı ki, buraya da kütləvi şəkildə ermənilər köçürülməyə başlandı. 1828–1829–cu illərdə təkcə Şərqi Anadoludan, Ərzurumdan, Ərdəhandan, Qarsdan, Bəyaziddən 14044 erməni ailəsi bizim dədə–baba torpaqlarımıza köçürüldü. N.Şavrov Rusiyanın bu müstəmləkəçilik siyasətindən belə yazır: “Biz müstəmləkəçilik fəaliyyətimizə Zaqafqaziyada rusların deyil, bizə yaxın olan xalqların yerləşdirilməsindən başladıq… 1826–1828–ci illər müharibəsinin qurtarmasından sonrakı iki il ərzində, 1830–cu ilədək Zaqafqaziyaya 40 min İran və 84 min Türkiyə ermənisi köçürmüş və onların İrəvan quberniyasının ən yaxşı dövlət torpaqlarında yerləşdirmişdik ki, orada erməni əhalisi cüzi idi”.

Çox keçmədi ki, ermənilər yerli əhalini öz dədə–baba yurdlarından çıxarmağa başladılar. Bunun üçün ermənilərə təxminən 160 ilə yaxın bir vaxt tələb olundu. Qərbi Azərbaycan torpaqlarından axırıncı aborigen azərbaycanlı 1988–ci ildə çıxarılaraq qovuldu.

Aydındır ki, Rusiya imperiyası Türkmənçay müqaviləsindən sonra təkcə Qərbi Azərbaycan torpaqlarında deyil, işğal olunmuş bütün ərazilərimizdə köçürmə siyasətini həyata keçirirdi. Bununla mütləqiyyət yerli əhali ilə gəlmələr arasında say balansına nail olmaq və türk–müsəlmanlarını daim nəzarətdə saxlamaq məqsədi güdürdü. Sözsüz ki, ermənilər digər millətlərə nisbətən, daha artıq sayda köçürülürdü. Ancaq bu siyasətin hesabına belə o vaxt ermənilərin sayı heç vaxt azərbaycanlıların ümumi sayının on faizinə də çatmadı. Hətta, ermənilərin ən çox yerləşdirildiyi Qarabağın dağlıq bölgələrində də onların sayı yerli əhalinin sayının iyirmi faizini adlayıb keçə bilmədi. Bu ermənilərin dənizdən–dənizə “Böyük Ermənistan” yaratmaq planlarını çox pozurdu. Bundan qıcıqlanan ermənilər zaman–zaman torpaqlarımıza soxularaq şəhər və kəndlərimizi dağıtmış, minlərlə yurddaşımızı qətlə yetirmişlər. Ən qanlı olaylar ötən əsrin əvvəllərində, yəni 1905–1907 və 1918–1920–ci illərdə baş vermişdi. Sonuncu hadisələr daha kütləvi və amansız qırğınlarla yadda qalmışdır. Belə ki, 1918–ci il martın 30–31–i və aprel ayının ilk günlərində Bakıda 12 mindən artıq azərbaycanlı—qoca, uşaq, qadın öldürüldü. Analoji hadisələr Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan və Şamaxıda təkrarlandı. Ümumilikdə bu hadisələrdə 30 minə yaxın yurddaşımız qətlə yetirildi. Daim havadarlarına güvənən ermənilər apardıqları bu qanlı siyasətlə XX əsrin ilk iyirmi illiyində ələ keçirdikləri Azərbaycan torpaqlarında möhkəmləndilər və rəsmən öz dövlətlərini də yaratdılar.

Hər zaman əllərinə fürsət düşdükcə tarixi məqamlardan ustalıqla istifadə edən ermənilər bu planlarını sovetlər durumunda da bacarıqla həyata keçirə bilmişlər. Sadəcə üsullar bir qədər dəyişildi. Yalan və iftiralar işə düşdü. Sovetlər rejimində üstümüzə açıq silahlı basqınlar edə bilməsələr də kommunizmin tezis və şüarlarından, eləcə də yuxarı dairələrə, yəni MK–ya yaxın olan ermənilərdən mahircəsinə istifadə edib torpaqlarımızı yenə də ələ keçirməyi gecə–gündüz düşünmüş, dəridən–qabıqdan çıxmışlar.

Dağlıq Qarabağı Ermənistana birləşdirmək daşnakların çoxdankı arzusu idi. Amma hər dəfə bunu reallaşdırmaq istəyəndə ermənilərin cəhdləri müxtəlif səbəblərdən boşa çıxırdı. Bolşevizm Cənubi Qafqazda bərqərar olan gündən—1920–ci ildən başlayaraq ermənilər dəfələrlə bu məsələni gündəmə gətirmiş, ancaq heç nəyə müyəssər olmamışlar. O dövrdə onların ən böyük nailiyyəti isə 1923–cü il iyulun 7–də Dağlıq Qarabağa Azərbaycanın tərkibində Muxtar Vilayət statusunun verilməsi oldu. İşin bu cür məcrada gedişi ilə heç cür razılaşmasalar da ermənilər sonrakı 65 ildə susmaq məcburiyyətində qaldılar. Onlara mane olan bir çox amillər var idi. Ancaq sözsüz ki, əsas amil kommunist ideologiyasına söykənən dəmir rejim idi.

Bu qədər böyük vaxtın keçməsinə və çoxsaylı hadisələrin baş verməsinə baxmayaraq ermənilər daim türk və azərilərə olan nifrəti daxillərində bəslədikləri kimi, bu məsələnin də üzə çıxması üçün fürsət gözləyirdilər. Ermənilər üçün belə fürsət məhz 1985–ci ildə M.Qorbaçovun hakimiyyətə gəlişi və onun “yenidənqurma”sı ilə ələ düşdü. Ermənilər dərhal öz ənənəvi iftira, təbliğat maşınlarını işə saldılar.

Ancaq ermənilər 1985–1986–cı illərdə hələ də Dağlıq Qarabağla bağlı iddialarını açıq–açığına üzə çıxarda bilmirdilər. Çünki Azərbaycanın böyük oğlu Heydər Əliyev o dövrdə ən yüksək postlardan birini, Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tuturdu. Və ermənilərə onun Garabağ məsələsi ilə bağlı sərt mövqeyi hələ 1965 və 1973–cü illərdən yaxşı bəlli idi. Həmin illərdə daşnakların Dağlıq Qarabağ məsələsinin növbəti dəfə qaldırmaq cəhdləri Heydər Əliyevin dəmir iradəsi ilə darmadağın olmuşdu. Ona görə şaxnazaryanlar, kaputikyanlar, balayanlar, ağabekyanlar ciddi–cəhdlə onun hakimiyyətdən getməsinə çalışırdılar və buna Heydər Əliyev şəxsiyyətindən hər zaman qorxan ermənipərəst Qorbaçov vasitəsi ilə 1987–ci il oktyabrın 25–də nail ola bildilər. İstər Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr, istərsə də Sumqayıt hadisələri Heydər Əliyevin vəzifədən uzaqlaşdırılmasından az sonra baş verdi. Hər zaman Azərbaycanın mövqeyini cəsarətlə müdafiə edən, erməni ekstremistlərinin qarşısını məharətlə alan Heydər Əliyevin vəzifədən getməsi əzəli düşmənlərimizin və onların havadarlarının əl–qolunu açdı. Respublikanın o zamankı səriştəsiz rəhbərliyi isə hadisələrə nəzarət etmək, xalqın təhlükəsizliyinin qeydinə qalmaq əvəzinə Moskvanın tapşırıqlarını yerinə yetirərək tarixi şəxsiyyət olan Heydər Əliyevin əleyhinə qondarma materiallar toplamaqla, Kremlə qucaq–qucaq məlumatlar çatdırmaqla məşğul idilər.

Təsadüfi deyil ki, Heydər Əliyevin vəzifədən kənarlaşdırılmasından cəmi bir neçə həftə sonra Qorbaçovun iqtisadi məsələlər üzrə köməkçisi, akademik A.Ağanbekyan 1987–ci il noyabrın 17–də Parisdə, erməni Fransa İnstitutunun və erməni veteranları assosiasiyasının təşkil etdiyi qəbulda çıxış edərək belə sözlər demişdi: “Mən istərdim ki, Qarabağ Ermənistanın olsun, o Azərbaycana nisbətən Ermənistana daha çox bağlıdır. Mən bu istiqamətdə bir təklif irəli sürmüşəm. Ümidvaram ki, yenidənqurma, demokratiya şəraitində həmin problem öz həllini tapacaqdır”. Bu sözlər Dağlıq Qarabağ hadisələrinin başlanması üçün bir start rolunu oynadı. Erməni tərəfdən düşünülmüş siyasi gedişlər edilir, əvvəlcədən hazırlanmış aksiyalar bir–birini tamamlayır, addım–addım məqsədə yaxınlaşdırırdı. Belə ki, Ermənistandan Dağlıq Qarabağa emissarlar daxil olmağa, yerli əhali arasında Moskvanın onları tam dəstəkləməyi haqqında təbliğat aparmağa başladılar. Az bir zamanda bu öz effektini göstərdi və hadisələr ildırım sürəti ilə inkişaf etdi. Xankəndi və Yerevanda mitinqlər başlandı. Mitinq iştirakçıları Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistana birləşdirilməsini tələb edirdilər. Rəsmi Bakı isə qəflət yuxusunda idi. Bütün bunlar Azərbaycanda əks reaksiya doğurdu və Bakıda, eləcə də ölkəmizin digər böyük şəhərlərində gənclərin və tələbələrin kor–koranə nümayişləri başlandı. Moskva susur, özünü neytral müşahidəçi kimi göstərirdi. Bu zaman, Əsgəranda iki azərbaycanlı ermənilər tərəfindən qətlə yetirildi. Bir müddət sonra isə Dağlıq Qarabağda və Ermənistanda azərbaycanlıların öz dədə–baba yurdlarından kütləvi şəkildə qovulması prosesi başlandı. Rəsmi Bakı çaşqın vəziyyətdə idi. İlk qaçqınlar Bakıya, Sumqayıta gəlir, başlarına gətirilən fəlakətlərdən, zorakılıqlardan danışır, cavab aksiyaların keçirilməsi tələbi ilə nümayiş və yürüşlər keçirirdilər. Və nəhayət, 1988–ci il fevralın 20–də vilayətin xalq deputatlarının növbədən kənar sessiyası çağırılır və burada DQMV–nin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi haqqında qərar qəbul edilir.

1988–ci ilin fevralında DQMV ətrafında baş verənləri izlədikcə aydın olur ki, bu olayların müəllifləri hər cəhdlə gərginliyi artırmağa çalışıblar. O zaman yetmiş il sovetlərin “xalqlar dostluğu”, “beynəlmiləlçilik” ideologiyası üzərində tərbiyə almış azərbaycanlılar üçün belə hərəkətləri anlamaq çətin idi. Ancaq sonradan iyrənc məqsədlər tam aydın oldu. Onlar durmadan vəziyyəti ona görə qızışdırırdılar ki, azərbaycanlıları qanlı aksiyalara sövq edib bütün dünyaya qəddar, zalım obrazında təqdim edə bilsinlər. Fevralın sonunda bu planı həyata keçirmək üçün artıq hər şey hazır idi. Gərginlik yüksək həddə çatdırılmış, məkan da seçilmişdir – SUMQAYIT.

1988–ci il fevralın 27–29–da “ssenaristlər” Sumqayıt hadisələrini törətməyə nail oldular. Həmin günlər şəhərdə baş vermiş iğtişaşlar nəticəsində müxtəlif millətlərdən olan 32 adam, o cümlədən 26 erməni həlak olmuş, 400 nəfərdən çox adam bədən xəsarəti almış, 200–dən çox mənzil talan edilmiş, 50–dən artıq mədəni–məişət obyekti dağıdılmış, 40–dan çox avtomobil əzilmiş və bir qismi yandırılmışdır. Bütövlükdə şəhərə o vaxtkı qiymətlərlə 7 milyon rubl məbləğində maddi ziyan vurulmuşdur.

1949–cu ildə yaradılmış Sumqayıtın bu gün 300 minə yaxın sakini var. Ancaq heç nəyə baxmayaraq mənimçün Sumqayıt dünyada ən möhtəşəm, gözəl və əziz şəhərdir. Ömrümün böyük hissəsi Sumqayıtda keçdiyindən məni bu şəhərlə çox şey bağlayır. Sumqayıtda iş fəaliyyətimə başlamışam və bu günə qədər də burada çalışıram. Burada ailə qurmuşam, dostlarımın da əksəriyyəti bu şəhərdədir. Bu şəhəri çox sevdiyimdən onun sevincinə hər zaman sevinmiş, dərdinə isə şərik çıxıb sidq–ürəkdən qəmlənmişəm. 1988–ci ilin fevral hadisələrini də ermənilərin və onların ənənəvi havadarlarının Sumqayıtın başına gətirdiyi böyük bir bəla kimi qəbul edib heç vaxt unutmamışam. Əksinə, daim bu olayları öyrənib təhlil etmişəm. Təhlillər isə bu hadisələrin bilavasitə Qorbaçov və onun ermənipərəst ətrafının rəhbərliyi ilə SSRİ–nin xüsusi xidmət orqanları və erməni separatçıları tərəfindən hazırlanaraq reallaşdığını aydın göstərir.

Gəlin hadisələrin müəyyən ssenari ətrafında, planlı şəkildə həyata keçirildiyini sübut edən bir sıra məqamlara diqqət yetirək. Əvvəlcə onu qeyd edim ki, hələ hadisələrdən 5–6 gün qabaq şəhərdə heç kimin tanımadığı qrup peyda olmuşdu. Dəstələrə bölündükləri üçün onlara eyni vaxtda şəhərin müxtəlif hissələrində rast gəlmək olurdu. Müşahidələr göstərirdi ki, onların başlıca məqsədlərindən biri də həmin günlər şəhərdə şayiələr yaymaqla çaxnaşma salmaq idi. Maraqlıdır ki, hadisələr səngiyib qurtarandan sonra bu adamların heç biri şəhərdə gözə dəymədi. Çox təəssüflər olsun ki, hadisələri araşdıran hüquq–mühafizə orqanları həmin faktların üstündən sükutla keçdilər.

Bildiyiniz kimi, o vaxtlar videokameraların az olması ilə əlaqədar videoçəkiliş elə də yayılmamışdı. Lakin “ssenaristlər” bu hadisələrə elə güclü hazırlaşmışdılar ki, qanlı aksiyalar törədən qrupların hər birində videooperator var idi. Və onlar olaylar baş verəcək konkret yerlərdə çəkilişə hazır olurdular. Təsadüfi deyil ki, şəhərdə baş verən olaylardan dərhal sonra çəkilən materiallar müxtəlif ölkələrin telekanalları ilə yayımlandı.

Eyni zamanda bəzi faktlar şəhərdə yaşayan ermənilərin böyük əksəriyyətinin bu hadisələrdən çox–çox əvvəldən xəbəri olduğunu təsdiqləyir. Məsələn, fevral ayından qabaq erməni millətindən olan vətəndaşların şəhər dükanlarından böyük məbləğdə malı kreditlə alması, əmanət banklarından pulların çıxarılması və köçüb getməsi faktları versiyanın doğruluğunu aydın şəkildə göstərir.

Bəs niyə bu hadisələri həyata keçirmək üçün məkan məhz Sumqayıt şəhəri seçildi? Bunun bir sıra səbəbləri var. Hər şeydən əvvəl, Sumqayıt çoxmillətli şəhər idi. Burada kimya və metallurgiya sənayesinin inkişafı ilə bağlı keçmiş SSRİ–nin müxtəlif şəhərlərindən onlarla millətin nümayəndəsi məskunlaşmışdı. Bir də Sumqayıt gənclik şəhəridir. Burada ölkəmizin müxtəlif regionlarından gəlmiş minlərlə gənc yaşayır. Gənclərin şüuruna milli zəmində təsir etmək daha asan olduğu üçün təşkilatçılar bu amili də nəzərə almışdılar. Burada baş verənlər ölkənin digər bölgə və şəhərlərində də tezliklə yayıla bilərdi. Təşkilatçılar bu amillərdən istifadə edib hadisələrin əhatə dairəsini genişləndirmək istəyirdilər. Xoşbəxtlikdən bu istəklərinə tam şəkildə nail ola bilmədilər.

Sumqayıtda baş verən hadisələrdən danışarkən hüquq–mühafizə orqanlarının, xüsusilə də prokurorluğun birtərəfli münasibətini qeyd etməmək olmaz. İşlərin bütövlükdə Moskvanın sərəncamına verilməsi, respublika prokurorluğunun prinsipsiz mövqe tutaraq yaxasını kənara çəkməsi nəticəsində min nəfərdən çox sumqayıtlı təhqir dolu istintaq və işgəncələrə məruz qaldı. Qanlı olayların əsas təşkilatçısı olan “Paşa” ləqəbli Eduard Qriqoryan cəmi 12 il həbs cəzası aldığı halda bu işlərdə əli olmayan Əhməd Əhmədov ən ağır cəzaya —güllələnməyə məhkum edildi.

Olayları diqqətlə öyrəndikdə bu hadisələrin həyata keçirilməsində ən azı iki maraqlı tərəfin mövcudluğu tam bəlli olur. Onlardan birincisi M.Qorbaçovun rəhbərliyi ilə dünya sosialist sistemi və eləcə də SSRİ–ni dağıtmaq siyasətini həyata keçirən qüvvələr idi. İkinci maraqlı tərəf isə, sözsüz ki, Dağlıq Qarabağı Azərbaycandan qopararaq Ermənistana birləşdirmək istəyən erməni millətçiləri olmuşdur. Bu hadisələrdən Qarabağ müharibəsi başlandı, 20 faizə qədər torpaqlarımız erməni işğalçıları tərəfindən zəbt edildi, XX əsrin ən böyük qətliamlarından biri olan Xocalı faciəsi və minlərlə azərbaycanlının ölümü ilə nəticələnən neçə–neçə digər qanlı olaylar baş verdi.

Ermənilər işğalçılıq siyasətlərini hazırkı dövrdə də usanıb çəkinmədən davam etdirir. Düzdür indi onlar öz fitnə dolu planlarını həyata keçirməkdə çox çətinlik çəkir. Çünki dünya artıq ermənilərin yalanlarına uymur. Kimin kim olduğunu yavaş–yavaş anlamağa başlayır. Bu gün Azərbaycan da dəyişib. Müasir Azərbaycan dinamik inkişafda olan, sürətlə qabaqcıl ölkələr sırasına inteqrasiya edən bir dövlətdir. Heydər Əliyev dühası ilə yaranan bu dövlət hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə idarə olunaraq görünməyən bir templə tərəqqi edir. İndi Azərbaycan hər sahədə ermənilərin iftira və böhtanlarına kəsərli cavab verib, onların arzularını ürəyində qoya bilir. Əminəm ki, Azərbaycan yaxın zamanlarda erməni tapdağı altında qalan torpaqlarını geri qaytarıb öz ərazi bütövlüyünü təmin edəcək. Buna bizim həm mənəvi, həm də hüquqi haqqımız var. Axı bu torpaqlar tarix boyu bizim dədə–babalarımızın yurd–obası olub.

 

 

Əbülfəz Babayev,

Sumqayıt şəhər bələdiyyəsinin

sədri, professor.

 

Respublika.- 2013.- 28 fevral.- S. 9.