Suraxanı rayonunda 2012–ci ilə yekun vurulmuşdur

 

27 fevral 2013–cü il tarixdə rayon icra hakimiyyətinin akt zalında “Suraxanı rayonunda 2012–ci ilin sosial–iqtisadi inkişafının yekunları və 2013–cü ildə qarşıda duran vəzifələr haqqında” hesabat yığıncağı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət etmiş, önünə tər güllər qoymuşlar. Sonra Heydər Əliyev parkında ağaclar əkmişlər. Bununla da rayonda ağacəkmə kompaniyasına start verilmişdir.

Daha sonra tədbir iştirakçıları RİH–in Rəsm qalareyasında ötən ilin iqtisadi göstəricilərini əks etdirən stendlərlə tanış olmuşlar. Foto sərgidə 2003–2012–ci illərdə rayonda aparılmış abadlıq–quruculuq işləri nümayiş etdirilmişdir.

 

Tədbirdə hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov məlumat vermişdir ki, 2012–ci il ərzində Suraxanı rayonunda da dövlət proqramlarının icrası uğurla davam etdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 4 may 2011–ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2011–2013–cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial–iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Suraxanı rayonu üzrə həyata keçiriləcək işləri əks etdirən 102 bənddən ibarət tədbir nəzərdə tutulmuş, onlardan 32–i tam icra olunmuş, 48–i hazırda icradadır, 22–nin icrasına başlanılmamışdır.

Ötən illərdə olduğu kimi 2012–ci ildə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir neçə dəfə rayonumuzu şərəfləndirərək, Dövlət Proqramları çərçivəsində görülən işlərlə tanış olmuşdur.

Belə ki, fevralın 8–də Bülbülə qəsəbəsindəki 313 saylı uşaq bağçasında, mayın 11–də Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində yeni salınmış sayca 5–ci parkın açılışında, avqustun 2–də Yeni Suraxanı qəsəbəsindəki 85 saylı orta məktəbdə və Bülbülə qəsəbəsindəki 268 saylı uşaq bağçasında, sentyabrın 14–də isə Bülbülə qəsəbəsində yeni inşa olunmuş 327 nömrəli tam orta məktəbin açılış mərasimlərində iştirak etmişdir.

2012–ci il ərzində “Azərsu” ASC tərəfindən 18980 p.m. su, 3844 p.m. kanalizasiya xətləri çəkilmiş, “Dədə Qorqud” adlandırılan yaşayış sahəsinin yaxınlığında 2 ədəd 10,0 min kub.m. həcmli su anbarlarının tikintisi başa çatdırılmış, Heydər Əliyev prospektinin sol tərəfindəki yaşayış sahəsini içməli su ilə təmin etmək üçün Ramana yaşayış sahəsində 10 000 kubmetrlik su anbarı tikilir.

Respublikamızda ilk dəfə olaraq pilot layihə çərçivəsində Yeni Günəşli “Q” yaşayış sahəsində 28 ədəd doqquzmərtəbəli binanın su təchizatı səbəkəsi yenidən qurulmuş, bunun nəticəsində 4571 sakin (1183 abonent), Hövsan qəsəbəsində isə 32,0 min sakin (11035 abonent) 24 saat fasiləsiz içməli su ilə təmin olunmuşdur.

Suraxanı rayonu Sukanalı Departamenti tərəfindən daxil olmuş müraciətlərə əsasən 1188 ünvanda su kəmərlərində baş vermiş qəzalar aradan qaldırılmış, sıradan çıxmış müxtəlif ölçülü 2050 p.m. su xətləri dəyişdirilmiş, 560 p.m. yeni su xətti çəkilmiş və 2890 ədəd “Smart–kart” tipli elektron sayğaclar quraşdırılmışdır.

Hövsan–Binə–Dədə Qorqud–Bahar yaşayış sahələrinin ətrafındakı 300 hektar ərazidə suvarma sisteminin qurulması və ərazinin yaşıllaşdırılması, Hövsan qəsəbəsində əkin və həyətyanı sahələrin su təminatının yaxşılaşdırılması məqsədi ilə 215,7 km uzunluğunda boru xəttinin yenidən qurulması və digər işlərin görülməsinə başlanılmış, hazırda 10,0 min p.m boru xətti çəkilmişdir.

İstilik Sistemləri İstismar Sahələri tərəfindən rayon ərazisində müxtəlif diametrli borularla 4000 p.m. istilik xətləri çəkilmiş, qazanxanalarda cari və əsaslı təmir işləri aparılmış, yeni istilik kameraları quraşdırılmış, tüstü yolları və çirktutanlar təmizlənmiş, nəzarət ölçü cihazları və avtomatika avadanlıqları, qoruyucu klapanlar yeniləri ilə əvəz edilmiş və tam saz vəziyyətə gətirilmişdir.

Təhsil, səhiyyə və mədəniyyət sahəsində 1 yeni məktəb tikilmiş, 6 məktəb əsaslı təmir edilmiş, 2 məktəb üçün 720 şagirdlik 36 sinif otağı tikilmiş, 3 məktəb üçün 1600 şagirdlik 80 sinif otağının tikintisi davam etdirilmişdir. 2013–cü ildə 12 məktəb əsaslı təmir ediləcək, 9 məktəb üçün 3820 şagirdlik 191 sinif otağı tikiləcəkdir.

Yeni Günəşli yaşayış sahəsində yeni parkın tikintisi davam etdirilmiş, Hövsan qəsəbəsində mövcud parkın yenidən qurulması işləri aparılır.

“Atəşgah məbədi” Dövlət tarix–memarlıq qoruğunun ətrafının abadlaşdırılması, Heydər Əliyev prospektini “Atəşgah” məbədi ilə birləşdirən S.Bəhlulzadə və V.Balandin küçələrində yerləşən qeyri–yaşayış obyektlərinin fasadlarının təmir olunaraq rənglənməsi işləri davam etdirilmişdir.

Rayon icra hakimiyyəti tərəfindən Hövsan qəsəbəsində 19 ədəd çoxmərtəbəli yaşayış binasının 30,0 min kv.m. ölçüdə dam örtüyü yenidən quraşdırılmışdır.

Rayonun ekoloji durumunun sağlamlaşdırılması işləri davam etdirilmiş, neftlə çirklənmiş torpaqlarda aparılmış rekultivasiya işləri nəticəsində 24 hektardan çox sahə təmizlənmiş, ümumi sahəsi 17,5 hektar olan 72 neft gölməçəsi qurudulmuş, 107 quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənmiş, həmin ərazilərdə 1260 ağac əkilmişdir.

2012–ci ildə idmanla bağlı 67 tədbir keçirmiş, bu tədbirlərdə ümumilikdə 13,4 min idmançı iştirak etmişdir.

2011/2012–ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” və “Ən yaxşı müəllim” müsabiqələrində rayonun 146 və 278 saylı tam orta məktəbləri, 290 saylı məktəbin müəlliməsi Sayılova Fatimə İsrafil qızı qaliblər sırasında olmuş və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə mükafatlandırılmış, 114 saylı məktəbin direktoru Novruzova Ceyran Kamal qızına Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adı verilmişdir.

Ötən il ərzində rayonun xarici əlaqələri genişləndirilmişdir. Belə ki, Latviya Respublikasının ətraf mühitin mühafizəsi və regional inkişaf nazirinin dəvəti ilə Suraxanı rayonunun Qaraçuxur Bələdiyyəsinin nümayəndə heyəti avqust ayında Latviya Respublikasında işgüzar səfərdə olmuş, səfər çərçivəsində Qaraçuxur və Yekabpils şəhərinin bələdiyyələri arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin genişləndirilməsi haqqında protokol imzalanmışdır, Yekabpils şəhərinin təhsil işçilərindən ibarət nümayəndə heyəti isə oktyabr ayında Bakıda səfərdə olmuş, rayonda görülmüş abadlıq–quruculuq işlər ilə və təhsil sahəsində qazanılmış nailiyyətlərlə tanış olmuşlar.

Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq vətəndaşların problemlərinin həlli, onlara göstərilən diqqətin artırılması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi işi daim diqqət mərkəzindədir.

2012–ci il ərzində Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 3948 ailəyə ünvanlı sosial yardım təyin edilmiş, imtiyazlı ailələrə 5,2 milyon manat ünvanlı sosial yardım və 4,7 milyon manat sosial müavinət ödənilmiş, 89 əlil vətəndaş istirahət mərkəzlərinə göndərilmişdir.

Kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında il ərzində rayon əhalisinə 1375 ton kənd təsərrüfatı məhsulları satılmışdır.

RİH başçısının qəbuluna hər gün yazılış aparılmış, bunun üçün RİH binasında xüsusi otaq ayrılmışdır. 2012–ci il ərzində hər həftənin bazar ertəsi günü saat 16:00–dan etibarən tərəfimdən 669 nəfər vətəndaş qəbul edilmiş, bayram günlərinə düşən qəbullar növbəti günə keçirilmişdir.

Rayon icra hakimiyyətində müntəzəm yeniləşən www.surakhani–ih.gov.az internet saytı, mail@surakhani–ih.gov.az elektron poçt ünvanı, “Qaynar xətt” telefonu kimi mütərəqqi əlaqə və informasiya vasitələrindən, yerlərdə quraşdırılmış “Şikayət və təkliflər” səyyar poçt qutularıdan geniş istifadə edilir. 2012–ci ildə RİH–in elektron poçt ünvanına daxil olmuş əsasən sual və təklif xarakterli 86 ədəd elektron məktub cavablandırılmışdır.

Həmçinin rayon icra hakimiyyəti başçısı aparatında və qəsəbə nümayəndəliklərində informasiya–telekommunikasiya şəbəkəsindən istifadə səviyyəsinin artırılması və operativ idarəetmə mərkəzinin yaradılması istiqamətində müvafiq işlər aparılır.

Görülmüş və görüləcək işlər, mövcud problemlər və onların həlli yolları barədə sakinlərə ətraflı məlumat verilməsi üçün kütləvi informasiya vasitələrindən, televiziya kanallarından, ərazidə quraşdırılmış məlumat lövhələrindən və müasir informasiya köşklərindən geniş istifadə edilir, bu günə kimi 400 minə yaxın internet istifadəçisinin tanış olduğu RİH–in internet saytında xəbər və məlumatlar operativ yerləşdirilir.

RİH başçısı çıxışının sonunda rayon sakinləri və əmək kollektivləri adından Suraxanı rayonuna daim diqqət və qayğı göstərdiyinə görə, böyük qətiyyətlə ölkəmizi irəliyə aparan Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdi və əmin etdi ki, həmişə olduğu kimi cənab Prezudentin ətrafında sıx birləşərək, Azərbaycanın tərəqqisi və iqtisadi qüdrətinin möhkəmləndirilməsi naminə üzərimizə düşən vəzifələrimizi layiqincə yerinə yetirəcəyik.

Tədbirdə iştirak etmək arzusunda olan, amma müxtəlif səbəbdən gələ bilməyən rayon sakinləri “Skype” vasitəsi ilə Suraxanı Rayon İcra Hakimiyyətinin “Suraxanı–RİH” səhifəsinə daxil olmaqla tədbirə canlı qatıldılar və onları narahat edən məsələlərə aydınlıq gətirildi.

RİH başçısı İlqar Abbasov tədbirin sonunda bir qrup rayon fəalını diplom və hədiyyələrlə təltif etdi.

Məruzə ətrafında Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatı Sevinc Fətəliyeva və digərləri çıxış etdilər.

 

 

Rauf İlyasoğlu

 

Respublika.- 2013.- 28 fevral.- S. 8.