Azərbaycanı qürbətdə yaşadan rəssam

 

Ağlı kəsəndən və gözünü dünyaya açandan dünyanı min bir rəngdə, min bir çalarda görmüşdü. Ona bəlli olan aləmlər min bir naxışda idi. Sonralar bu naxışların ən yaxşısını naxışlar içərisindən seçib götürəcək və bütün tablolarında Azərbaycan mənzərələrini, gözəlliklərini “Ay süvarisi” tək Qürbətə köçürəcəkdi. Vətən— deyən aşiq idi böyük rəssam Toğrul Nərimanbəyov!—”Aşiqi–sadiq idi” tablolarına, əsərlərinə. Dünyanın az qala yarısını gəzmişdi sufi dərvişlərtək. Hara gedirdisə, ora Azərbaycan torpağını, Azərbaycan əsrarəngizliyini aparırdı və təbliğ edirdi. Dünyanın böyük şəhərlərində, böyük adamların içərisində, sənətə, incəsənətə qiymət verən dahilərin içərisində ona yer göstərirdilər, sərgilərinə meydan verirdilər. Qədim İçərişəhərtək möhtəşəm, məğrur idi Toğrul Nərimanbəyov! Üzündəki qırışlar İçərişəhərin Qala divarlarına bənzəyirdi. Üz qırışlarından min illərin təbəssüm dolu saf, işıqları süzülüb gəlirdi. “Vətən” deyən ozan idi Toğrul Nərimanbəyov. Vətəndən uzaqlarda, böyük şəhərlərdə onun sənətinə, əsərlərinə Vətəndən daha çox qiymət verirdilər.

Toğrul Nərimanbəyov 83 il məğrur bir ömür yaşadı. Qeyriadi, insan ömründən fərqli! Onun ümumbəşəri əsərlərinə dünyanın böyük marağı var idi. Sənətşünaslar haqlı olaraq qeyd edirdilər ki, “Toğrulun çoxqatlı, çoxşaxəli yaradıcılığı öz başlanğıcını lap qədim miniatürlərdən və bir də əvvəli “biri vardı, biri yoxdu”, sonu “göydən üç alma düşdü, biri sənin, biri mənim” sözləri ilə bitən nağıllardan, sehrli əfsanələrdən götürülmüşdü. Elə buna görə də bu əsərlərin hamısı Azərbaycan xalqının milli xüsusiyyətlərini, adət–ənənələrini, məişət tərzini, psixologiyasını özündə qabarıq əks etdirir… Azərbaycanı, Şuşanı daha çox sevirdi və müsahibələrinin birində deyirdi ki, —”Şuşaya mən turist kimi yox, ev yiyəsi kimi gedib, ulularımızın uyuduğu müqəddəs torpaqları ziyarət edəcəm”. Amansız əcəl macal vermədi Toğrulun bu arzularının reallaşmağına. Biz inanırıq ki, – onun bu saat əziz ruhu Şuşanın, qədim İçərişəhərin başı üzərindədir. İçərişəhərin qədim Qala divarlarından indi Toğrulun əziz ruhu boylanır və insanları salamlayır. Uşaqlığının mənəvi dünyasında İçərişəhərdən dünyanın böyük şəhərlərinə boylanan və ölməz tabloları ilə milli–mənəvi körpü salan Toğrul Nərimanbəyovun ədəbi irsi bitməz, tükənməzdir. Ölməz bəşəri fikirləri ilə dünyanı silkələyən orijinal fikir bahadırları Andre Molro, Çingiz Aytmatov, Lütfizadə, Mistislav Rastropoviç, Qara Qarayev, İren Lüdviq, Fikrət Əmirov, Səttar Bəhlulzadə onun çoxşaxəli yaradıcılığını yüksək qiymətləndirmişlər.

Böyük sənətkarın dəfninin də söz–söhbətə səbəb olması da bir daha onu göstərdi ki, bizdə təəssüf ki, əyalət təfəkkürü ilə yaşayan və işləyən, dövlətdə mühüm vəzifələr tutan, lakin bu vəzifənin öhdəsindən lazımınca gələ bilməyən adamlar hələ də varöz diqtələrini cəmiyyətə sırımaqda davam edirlər. Bizim fikrimizcə, onun nəşinin Azərbaycana gətirilməsi və bu torpaqda dəfn olunması məqsədəuyğun olardı. Çünki heç kəs zəmanət verə bilməz ki, sabah düşmənlərimiz Toğrul Nərimanbəyovun nəşinin Bakıya gətirilməməsindən siyasi məqsədlər üçün istifadə etməyəcəklər. Şükür Allaha ki, dünyada nə qədər istəsən düşmənimiz var

Ölkənin Mədəniyyət və Turizm Nazirliyi şəxsi heyəti ilə belə məsələlərdə ayıq olmalı, düşmənlərimizin dahi sənətkarın şəxsiyyətinin və yaradıcılığının siyasi məqsədlər güdazına getməsinə yol verməməlidirlər. Hər hansı xırda məişət söhbətləri dahi sənətkarın dünyada gözdən salınmasına xidmət edə bilər…

Monumental Rəsm və tabloları ilə dünyanı özünə və xalqına sevdirən Toğrul Nərimanbəyovun ədəbi irsi həyat qədər əbədidir, ölməzdir, bəşəridir…

 

Vəli Səmədli

 

Respublika.- 2013.- 2 iyul.- S. 8.