Polis günü qeyd olundu

 

Göyçay

 

Bayramlarını qeyd edən rayon polis işçiləri ümummilli lider Heydər Əliyevin əzəmətli abidəsi önünə gül–çiçək dəstələri düzdülər. Polis günü münasibətilə bayram tədbirini Göyçay Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki İslam Hümbətov açaraq 95 il əvvəl yaradılan Azərbaycan polisinin keçdiyi çətin və şərəfli yollardan, polis orqanlarının inkişafından və təkmilləşməsindən, bu sahədə ulu öndər Heydər Əliyevin əvəzsiz fəaliyyətindən ətraflı söz açdı. Bildirdi ki, Azərbaycan polisinin son illərdəki uğurlu fəaliyyəti müasir texnika və texniki vasitələrlə təmin edilməsi, maddi bazasının gücləndirilməsi ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu daxili siyasətinin nəticəsidir.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov yığıncaqda çıxış edərək RPŞ kollektivini peşə bayramı münasibətilə təbrik edib şərəfli xidmətdə polis işçilərinə müvəffəqiyyət arzuladı.

Tədbirin sonunda Göyçay RPŞ–nin rəisi, polis polkovniki İslam Hümbətov bildirdi ki, göstərilən dövlət qayğısına cavab olaraq kollektiv ictimai asayişin, vətəndaşların qanuni haqq və hüquqlarının keşiyində həmişə olduğu kimi bundan sonra da ləyaqətlə və sayıq dayanacaqdır.

 

Tərtər

 

Tərtər Rayon Polis Şöbəsinin kollektivi öz peşə bayramına ulu öndər Heydər Əliyevin abidəsini ziyarətlə başladı. Sonra Gənclər mərkəzində təntənəli yığıncaq keçirildi.

Yığıncağı açan Tərtər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rauf Məcidov çıxış edərək Azərbaycan polisinin yaranma tarixindən və müasir dövrdəki fəaliyyətindən danışdı.

R.Məcidov bildirdi ki, 95 il əvvəl yaradılan milli polis orqanları öz xalqına şərəflə xidmət edib, ölkəmiz dövlət müstəqilliyini bərpa edəndən sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə polis orqanlarında əsaslı dəyişikliklər və islahat aparıldı.

Hakimiyyətdə olduğu müddət ərzində polisin maddi–texniki bazasının möhkəmləndirilməsi, peşəkarlığın yüksəldilməsi, sosial rifahının yaxşılaşdırılması ulu öndərimizin həmişə diqqət mərkəzində olmuşdur. Bu diqqət və qayğının təzahürü kimi ümummilli liderimiz 29 iyun 2002–ci il tarixli “Azərbaycan Respublikası Daxili İşlər Orqanlarının maddi texniki və sosial bazasının möhkəmləndirilməsi fondunun yaradılması haqqında” fərman imzaladı.

Ümummilli liderimiz Heydər Əliyev siyasi irsinin ən layiqli davamçısı Azərbaycan Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin müəllifliyi ilə müasir tariximizin şanlı səhifələri yazılır.

Polkovnik R.Məcidov bildirdi ki, rayon polis şöbəsində fərqlənən işçilər Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən mükafatlara layiq görülüb.

Yığıncaqda xidmətdə fərqlənən polis işçilərinə qiymətli hədiyyələr təqdim edildi, şəhid polis ailələrinə və polis veteranlarına maddi yardımlar göstərildi.

 

Vəli İlyasov

 

Respublika.- 2013.- 3 iyul.- S. 6.