Gəmiçilik regionun nəqliyyat sektorunda mühüm yer tutur

 

Müsahibimiz Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirovdur

 

—Aydın müəllim, böyük bayram ərəfəsindəsiniz. Dənizçilər Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin yaranmasının 155 illiyini təntənə ilə qeyd etməyə hazırlaşır. Təbii ki, bu barədə sizin fikirləriniz oxucular üçün daha maraqlı olardı. —Bəli, bu çox möhtəşəm bayramdır. Respublika iqtisadiyyatının inkişafında xüsusi xidmətləri və çəkisi olan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 155 yaşı tamam olur. Dənizçilərimiz 155 illik bu yolu yelkənli dəniz nəqliyyat vahidlərindən tutmuş teploxodlara kimi ən müxtəlif gəmilərdə uğurla qət etmişlər. Əvvəllər Xəzər dənizçiləri əsasən daxili sularda yük daşıyıblar. Ötən əsrin altmışıncı illərindən başlayaraq bizim gəmilər Dünya okeanına səfərlərə çıxdı. Başlanğıc uğurlu oldu. Gəmiçilərimiz Avropa, Asiya, Afrika ölkələrinin ən mürəkkəb terminallarına yan alıb, yeni–yeni xətlərin mənimsənilməsində yüksək peşəkarlıq nümayiş etdiriblər. Əlimizdə olan materiallara əsasən deyə bilərik ki, böyük hünər sahibi olan Azərbaycan dənizçiləri bütün dövrlərdə bizə başucalığı gətirən tarix yaradıblar. Ulu öndərimiz Heydər Əliyev gəmiçilərimizin məhz bu keyfiyyətlərini nəzərə alaraq 1982–ci il iyulun 20–də Gəmiçiliyin tarix muzeyinin fəxri qonaqlar kitabında yazmışdı: “Xəzər dəniz gəmiçiliyi böyük və qəhrəmanlıqlarla zəngin tarixə malikdir. Bu yaxınlarda yaradılmış muzey bunların hamısını layiqincə əks etdirir. Şübhə yoxdur ki, o inkişaf edəcək və genişlənəcəkdir, zəhmətkeşlərin ideya–siyasi tərbiyəsi, Azərbaycanın dəniz donanmasının nailiyyətlərinin geniş yayılması üçün yaxşı vasitəyə çevriləcəkdir”.

—Donanmanın yaranmasında, inkişafında və formalaşmasında müstəsna xidmətləri olan insanlar, dənizçi sülalələri hər zaman gəmiçilikdə qədirbilənliklə yad edilir. Bununla belə istərdim ki, bu söhbətimizdə daha çox gəmiçiliyin müstəqillik illərindəki fəaliyyətinə diqqət yetirək. Obrazlı desək, məhz bu dövrdə gəmiçilik sizin rəhbərliyiniz altında yaşamaq uğrunda mübarizədə qalib gəldi.

—Tarixə nəzər salsaq görərik ki, gəmiçiliyimizin keçdiyi yol asan olmayıb. Ömrünü dənizə həsr edən bir çox nəsillər donanmanın, limanların, gəmi təmiri zavodlarının, dəniz tədris müəssisələrinin yaradılması və inkişafı üçün qüvvələrini əsirgəməmişlər. Bax bunlara görə həmişə sələflərimizi hörmətlə yad etmək bizim borcumuzdur… Sualınıza gəlincə, 1991–ci ilin oktyabr ayında xalqımız ikinci dəfə müstəqillik qazandı. Hər kəsə gün kimi aydındır ki, azadlıq əvəzsiz nemətdir. İnsanlar müstəmləkə buxovunu sındırmaq və müstəqil yaşamaq üçün illər boyu mübarizə aparmış, qurbanlar vermişlər. Ona görə də xalqımız bu azadlığı ulu Tanrının ən müqəddəs payı kimi qəbul etdi… Təəssüflər olsun ki, müstəqilliyimizin ilk illərində yolumuz heç də hamar olmadı. İnsanlar azadlığın şirinliyini dadmamış daha təhlükəli problemlərlə üzləşməli oldular. Bizim azadlığımızı istəməyənlər müxtəlif istiqamətlərdə Azərbaycana qarşı təxribat hazırlayır, terror aktları həyata keçirirdilər. Ermənilərin hücumları daha da şiddətlənmişdi. Ölkədə hökm sürən siyasi böhrandan istifadə edən talançılar respublika iqtisadiyyatını iflic etmişdilər. İqtisadiyyatımızın digər sahələrində olduğu kimi, o illər dəniz nəqliyyatı üçün də çox ağır keçdi. Donanmanın təmirində çox ciddi çətinliklər var idi. Qara dəniz və Aralıq dənizi limanları arasında yük daşıyan gəmilərimiz bir qayda olaraq Ukraynanın və Rusiyanın gəmi təmiri müəssisələrində yararlı hala salınırdı. Bu ölkələrdə inflyasiya həddini aşdığından bir gəminin sazlanma müddətində təmir xərcləri 4–5 dəfə (bəzən də çox) artırdı. Öz zavodlarımızda da vəziyyət yaxşı deyildi. Üstəlik, gəmiçiliyin mülkiyyətini talamaq üçün bəzi qüvvələr tərəfindən hazırlanan gizli planın konturlarının görünməsi donanmanın dağılmağa doğru getməsindən xəbər verirdi. Hadisələrin bu cür cərəyan etməsi çörəyi gəmiçilikdən çıxan insanların rahatlığını əlindən almışdı…

—Nəyi nəzərdə tutursunuz?

—İmperiya süquta uğradıqdan sonra nəqliyyat donanmasına malik olan respublikalarda gəmiçilik təşkilatları müxtəlif yollarla müflisləşdirilir, gəmilər, necə deyərlər, hərraca qoyulur və dəyər–dəyməzinə satılırdı. Bu proses o qədər sürətlə həyata keçirilirdi ki, 100–150 ilə formalaşan donanmalar qısa zaman kəsiyində satılır, gəmiçiliklərin ancaq adı qalırdı. Qara dəniz gəmiçiliyi kimi böyük bir quruma malik Ukraynada 250–yə qədər şəxsi gəmiçilik şirkəti yaradılmışdı. Bu təhlükəli proses bizim gəmiçiliyə də gəlib çatmışdı. İki tankerimiz, dənizçilərin qazandığı pulla tikilən sahil obyektləri satılmışdı. Bir neçə gəmi təhvil–təslim mərhələsində idi. Nə yaxşı ki, ümummilli lider Heydər Əliyev xalqın çağırışına səs verdi, 1993–cü ilin yayında yenidən hakimiyyətə qayıtdı…

—Gəmiçiliyin ən ağır vaxtında 1994–cü ilin avqust ayında siz ulu öndər Heydər Əliyevin xeyir–duası ilə gəmiçiliyin rəisi təyin edildiniz. Qarşıda duran çətinliklərin öhdəsindən necə gəldiniz?

—Problemlər çox idi. Həddindən çox, heç birinin də həllini sabaha saxlamaq olmazdı. Əvvəlcə xarici bazarlarda təmir işlərini qaydasına saldıq. Qardaş Türkiyənin Tuzla şəhərindəki gəmi təmirçiləri ilə əməkdaşlığımız Qara dəniz və Aralıq dənizi limanları arasında səfərlərə çıxan gəmilərimizin ucuz və keyfiyyətli təmirinə şərait yaratdı. Gəmilərin üzmə müddətinin uzadılması, zavodlarda dayanan gəmilərin hissələrini bir–birinə köçürməklə təmir etmək kimi xoşagəlməz hallara son qoyuldu. Ən əsası isə odur ki, ulu öndərin dəstəyi və kollektivin ümumi səyi ilə biz gəmiçiliyimizi qoruyub saxlaya bildik. Əlbəttə, bu gün bu barədə danışmaq asandır. Bütün bunların necə böyük əziyyətlər hesabına başa gəldiyini ancaq o gərgin anları yaşayan bilər…

—Problemlərin, necə deyərlər, başdan aşdığı bir vaxtda—1994–cü ilin sonunda Şimal qonşumuz çeçen müharibəsini əsas götürərək Azərbaycanı Rusiya ilə birləşdirən dəmiryol xəttinin fəaliyyətini dayandırdı.

—Bir tərəfdən iqtisadi əlaqələrin qırılması, digər tərəfdən ciddi iqtisadi blokada gəmiçiliyin də təsərrüfat və maliyyə fəaliyyətinə mənfi təsir göstərirdi. Bu, həm də Bakıdan İrana və Orta Asiya respublikalarına daşınan tranzit yüklərin hərəkətini məhdudlaşdırırdı. Lakin çox gözləmək lazım gəlmədi. Burada yenə də ulu öndər Heydər Əliyevin uzaqgörənliyi yolumuzda yaşıl işıq yandırdı. Heydər Əliyev zamanı qabaqlayan dahi şəxsiyyət idi. Məhz onun şəxsi təşəbbüsü ilə Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizi işə salındı. Həmin dəhliz Orta Asiyanı və Qazaxıstanı, Azərbaycan və Gürcüstan vasitəsilə Qərbi Avropa ölkələri ilə birləşdirdi. Həm Özbəkistan pambığı, həm də Qazaxıstan və Türkmənistan nefti həmin dəhliz vasitəsilə beynəlxalq bazarlara çıxarıldı. Nəqliyyat dəhlizi qısa vaxtda öz fəaliyyəti ilə dünya ölkələrinin diqqətini cəlb etdi. Dəhlizin işləkliyini təmin etmək və hər iki istiqamətdə daha çox yük cəlb etməkdən ötrü yenə də ulu öndərin təşəbbüsü ilə 1998–ci ilin sentyabr ayında Bakıda 32 dövlətin, 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə böyük konfrans keçirildi. Bu, tarixi İpək yolunun bərpası istiqamətində çox mühüm addım idi…

—Bir dəfə Siz qeyd etmişdiniz ki, “Dağıstan” gəmi–bərəsi və Azərbaycan Dövlət Dəniz Akademiyası mənim üçün çox dəyərlidir…

—Həmin ağır illərdə gəmiçiliyin mülkiyyəti hesabına varlanmaq istəyən qüvvələrin hazırladığı ssenariyə uyğun olaraq “Dağıstan” gəmi–bərəsi yararsız hala salınaraq istismardan çıxarılmışdı. O, çox ucuz qiymətə satılmışdı.

Lakin biz bu sövdələşmənin baş tutmasına imkan vermədik. “Dağıstan” gəmi–bərəsini yararlı hala salaraq yenidən mavi suların qoynuna qaytardıq. İndi bu gəmi Avrasiya nəqliyyat dəhlizində səfərlərə çıxıb, dövlətimizin maraqlarına xidmət edir.

Mən dəfələrlə demişəm, yenə də deyirəm…Lap gənclik illərimdən arzu edirdim ki, Azərbaycanda da ali təhsilli dənizçi kadrlar hazırlayan təhsil ocağı olsun, gənclərimiz ana dilində oxuyub dənizçi peşəsinin incəliklərini öyrənə bilsinlər. Çünki o vaxtlar azərbaycanlı balalarının özgə qapılarında təhsil alarkən necə çətinliklərlə üzləşdiklərinin şahidi olmuşdum. Gəmiçiliyə rəis təyin olunandan sonra bu arzumu reallaşdırmaq üçün təşəbbüs qaldırdım. Təəssüflər olsun ki, bu təşəbbüs müəyyən dairələrdə laqeyd qarşılandı. Nə yaxşı ki, ümummilli liderimiz Heydər Əliyev yeni profilli təhsil müəssisəsinin açılmasına dəstək verdi. 1996–cı ildə Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı. O vaxtdan ölkəmizdə dənizçi kadrlarına olan ehtiyacı nəzərə alaraq, akademiya ən müxtəlif ixtisaslar üzrə mütəxəssislər hazırlayır. Onun verdiyi diplom dünyanın 170–dən çox ölkəsində tanınır.

—Donanmanın təzələnməsində xeyli müddət fasilə yarandı.

—Yeni gəmilərin alınması maliyyə məsələləri ilə bağlıdır. Doxsanıncı illərdə biz qırılmış siyasi– iqtisadi əlaqələri bərpa etmək, müstəqilliyimizi möhkəmləndirmək, bir sözlə ayağa durmaq, yaşamaq uğrunda mübarizə aparırdıq. O illərdə nə gəmiçiliyin, nə də respublikamızın yeni gəmilər almaq üçün maliyyə imkanları var idi. XXI əsrin əvvəllərindən başlayaraq iqtisadiyyatımızdakı canlanma donanmanın təzələnməsi üçün imkan yaratdı. 2002–ci ildən bəri Gəmiçilik dövlətimizin dəstəyi ilə bir quru yük gəmisi, iki 8 min tonluq, yeddi 13 min tonluq və bir 12 min tonluq tanker aldı. 2008–2012–ci illərdə altı gəmi–bərə istismara daxil oldu. Ən müasir texnologiyalar əsasında tikilən bu gəmi–bərələrin hamısı Xorvatiyanın Pula şəhərindəki “Ulyanik” tərsanəsində inşa edilmişdir. Təbii ki, donanmanın təzələnməsi həmişə gündəmdə olan məsələlərdəndir. Ulu öndər Heydər Əliyevin siyasi və iqtisadi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev də Gəmiçiliyin inkişafını həmişə diqqət mərkəzində saxlayır, donanmanın təzələnməsi üçün dənizçilərə köməklik göstərir.

—Donanmanın fəaliyyətində gəmi təmiri müəssisələrinin xidməti çox böyükdür. Bu müəssisələrin yeni ünvanlara köçürülməsi problemlər yaratmır ki?

—120 il əvvəl bu zavodlar şəhərətrafı ərazilərdə tikilmişdi. Zaman–zaman şəhərimiz böyüdükdən sonra həmin sənaye müəssisələri artıq şəhərin tən ortasında fəaliyyət göstərirdi. Təbii ki, bu müəssisələr gündən–günə gözəlləşən, abadlaşan şəhərimizin ruhuna uyğunlaşmırdı. Ona görə də köhnə texnologiyalar əsasında tikilmiş, fiziki və mənəvi cəhətdən köhnəlmiş belə müəssisələrin şəhərətrafı ərazilərə köçürülməsi zamanın tələbidir. Dövlət Proqramına uyğun olaraq, əvvəlcə bizim Paris Kommunası adına gəmi təmiri zavodu söküldü. Biz Zığ şosesi yaxınlığında yeni “Gəmiqayırma və gəmi təmiri” İstehsalat Birliyini tikdik. Bu il martın 4–də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iştirakı ilə həmin müəssisənin açılışı oldu. Yeni müəssisə bütün göstəricilərinə görə əvvəlkindən qat–qat yüksəkdə durur. Təmir işlərində müvəqqəti çətinliklərimiz olsa da, indi biz məmnunluqla deyə bilərik ki, dünya standartlarına cavab verən təmir müəssisəmiz var. Bu ildən isə Zaqfederasiya adına baş istehsalat vahidi sökülür. İnanıram ki, biz onun da əvəzinə daha müasir gəmi təmiri zavodu tikəcəyik.

—Bu gün dünyanın gəmiçilik ailəsində Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin yerini necə dəyərləndirirsiniz?

—155 ildir ki, səfərdəyik. Dünyanın elə ölkəsi yoxdur ki, Xəzər sahillərindən yola düşən Azərbaycan dənizçiləri onun limanlarına yan almasın. Ancaq uzun illər bizim gəmiləri əcnəbi limanlarda Sovet gəmisi kimi qarşılayıblar və yaxud “ruslar gəldi” deyiblər. Yalnız müstəqillik qazanandan sonra adımız, ünvanımız düzgün ifadəsini tapdı. 1995–ci ilin may ayında ulu öndər Heydər Əliyevin imzası ilə Azərbaycan Beynəlxalq Dəniz Təşkilatına üzv oldu. İndi gəmilərimizin limandan–limana aparan dənizçilərimiz Dövlətimizin təmsilçiləridir. Dünyanın hər yerində Azərbaycanımızla gəmiçiliyimizin adı qoşa çəkilir. Dünyada nüfuzu gündən–günə artır.

155 illik yubiley olduqca böyük tarixdir. Mən bu münasibətlə bütün dənizçilərimizi ürəkdən təbrik edirəm. Qarşıdan gələn illərdə onların hər birinə uğurlar arzulayıram!

—Aydın müəllim, maraqlı müsahibə üçün təşəkkür edirəm. Sizin də qarşıdan gələn bayramınız mübarək!

—Sağ olun!

 

Vaqif SƏTTARLI

 

Respublika.- 2013.-  5 iyul.-S. 6.