Yüksək ixtisaslı kadrlar hazırlanır

 

Ölkəmiz müstəqillik əldə etdikdən sonra sistemli əsaslandırılmış bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar olaraq bütün sahələrdə olduğu kimi, bu inkişafdan bəhrələnən Mingəçevir Peşə Məktəbinin pedaqoji kollektivi də öz işini günün tələbi səviyyəsində qurmağa səy göstərir. Məktəbimizin fəaliyyətinin əsasını bazar iqtisadiyyatının tələblərinə uyğun keyfiyyətli peşə kadrlarının hazırlanması təşkil edir. Müasir peşə kadrlarının hazırlanması istehsalatın tələblərinə uyğun olaraq ön plana çəkildi. Bu məqsədə nail olmaq üçün peşələrə müvafiq maddi–texniki baza yaradıldı, ixtisaslara uyğun kadrlar seçilib yerləşdirildi. Məktəbin kitabxanası dövlətimizin dəstəyi ilə peşələrə uyğun dərsliklə təchiz edildi.

Sürətlə inkişaf edən ölkəmizin iqtisadiyyatında fəal iştirak etmək biz təhsil işçilərinin mühüm vəzifələrindəndir. 90–cı illərin sonunda peşə təhsili məhv olmaq üzrə idi. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra onun sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”nda peşə təhsilin inkişafına xüsusi yer verilmişdir.

Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 3 iyul 2007–ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında texniki–peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı” (2007–2012–ci illər) qəbul edildikdən sonra peşə təhsilinə diqqət və qayğı kökündən dəyişdi. Peşə təhsilinə dövlət qayğısı artırıldı, bu təhsilin ictimai statusu yüksəldi, peşə təhsilinə gənclərin marağı artdı.

Mingəçevir Şəhər Peşə Məktəbi Mingəçevir şəhərinin və regionumuzun tələbatına uyğun ixtisaslı fəhlə kadrlara tələbatını ödəməyə çalışır. Müasir dövrdə peşə məktəblərinə daha bilikli, bacarıqlı gənclər qəbul olunurlar.

Hazırda məktəbimizdə avtomobillərin təmiri üzrə çilingər, elektrik qaz qaynaqçısı, ərzaq malları satıcısı, dülgər, tornaçı, kimyəvi analiz laborantı, kompyuter operatoru və sair peşələr üzrə ixtisaslı peşə kadrları hazırlanır.

Bu peşələr üzrə tələbatı ödəyə biləcək peşə kadrların hazırlanması üçün məktəbdə zəngin fənn kabinetləri, müasir avadanlıqla təchiz olunmuş tədris emalatxanası fəaliyyət göstərir.

2012–2013–cü dərs ili ərzində öncə məktəbin tədris emalatxanasının dam örtüyü təmir edilmiş, elektrik xətləri, işıqlandırma sistemi, pəncərə şüşələri yenisi ilə əvəz edilmişdir. Tədrisin fasiləsiz aparılması məqsədilə fənn kabinetlərində və tədris emalatxanasında günün tələbi səviyyəsində şərait yaradılmış, stol, stul və digər avadanlıqla təchiz edilmişdir.

Fiziki və mənəvi cəhətdən köhnəlmiş tədris avadanlığı təmir edilərək işlək vəziyyətə salınmışdır.

Peşələrə uyğun əl alətləri, avadanlıq və materiallar alınaraq tədris prosesində istifadəyə verilmişdir. Şagirdlər, istehsalat təlimi ustaları, peşələrə uyğun iş paltarları ilə təmin edilmişdir. Təhsil Nazirliyindən peşələrə uyğun alınmış əyani vəsaitlər tədris prosesində istifadə olunmuşdur.

Baza müəssisələrimiz olan Mingəçevir Kür EAİ MMC, Azərbaycan İstilik Elektrik Stansiyası MMC ilə əlaqə möhkəmlənmiş, şagirdlərin istehsalat təcrübəsi keçmələri üçün şərait yaradılmışdır.

Məktəbimizin İKT avadanlıqları ilə təchizatı xeyli yüksəldilmişdir. Bu gün ixtisaslı kadrların hazırlanması prosesi müasir informasiya–kommunikasiya texnologiyaları olmadan mümkün deyil. Bu baxımdan Mingəçevir “Kür” elektron avadanlıqları zavodu ilə sıx əlaqə yaradılmış, məktəbdə iki kompyuter kabineti təşkil edilmişdir.

Dərzi peşəsinin şagirdlərə daha mükəmməl öyrədilməsi məqsədilə altı ədəd “Yamata” markalı, dörd ədəd “Jupi” markalı tikiş maşını, dörd ədəd elektrik ütüsü alınmışdır.

İstər mühəndis–pedaqoji işlərin, istərsə də şagirdlərin peşə hazırlığı səviyyəsini yoxlamaq məqsədilə qabaqcıl təcrübəli müəllim və istehsalat təlimi ustası tərəfindən test tapşırığı hazırlanmış və gələcəkdə imtahanların keçirilməsində bu mütərəqqi üsuldan istifadə edilməsi nəzərdə tutulmuşdur.

Məktəbdə təlim–tərbiyə prosesini inkişaf etdirmək, təkmilləşdirmək, mühəndis–pedaqoji kollektivin ustalığını, yaradıcı təşəbbüskarlığını artırmaq, qabaqcıl iş təcrübəsini öyrənib yaymaq məqsədilə direktor müavininin sədrliyi ilə metodiki şura yaradılmışdır. Metodiki şuraya qabaqcıl təcrübəsi olan müəllim və istehsalat təlimi ustaları daxil edilmişdir.

Nəzəri və istehsalat təliminin planlaşdırılması, peşə hazırlığının səviyyəsinin yüksəldilməsi, mühəndis pedaqoji işçilərin pedaqoji, peşə hazırlığını artırmaq, elmi–metodiki tövsiyələri, qabaqcıl pedaqoji və istehsalat təcrübəsinin mütərəqqi texnologiyalarının nailiyyətlərini təsdiq etmək məqsədilə metodiki fənn komissiyası və birləşmələri yaradılmışdır. Vaxtaşırı metodiki şura və metodiki birləşmə iclasları keçirilmiş, tədris planı və proqramlarının, imtahan biletlərinin, test tapşırıqlarının hazırlanmasında metodiki göstərişlər verilmişdir.

Məktəbin fəaliyyəti Təhsil Nazirliyinin akkreditasiya komissiyası tərəfindən yoxlanılmış və məktəbdə peşə kadrları hazırlanması üçün standarta uyğun tələb olunan peşə hazırlığının səviyyəsi müsbət qiymətləndirilmişdir. 2012–ci ildə akkreditasiya haqqında “Sertifikat” məktəbin pedaqoji kollektivinə təqdim edilmişdir.

Məktəbdə oxuyan şagirdlərin mənəvi, əxlaqi tərbiyəsi, onların asudə vaxtlarının təşkili məqsədilə tədbirlər planı hazırlanmış və həmin plana müvafiq olaraq məktəbdaxili və məktəbdənkənar tərbiyə işləri həyata keçirilmişdir.

Gənclərin fiziki hazırlığını inkişaf etdirmək məqsədilə məktəbdə “Nur” futbol, “Kür” voleybol komandası yaradılmış, şəhərin ümumtəhsil məktəbləri ilə idmanın bu növləri ilə yoldaşlıq görüşləri keçirilmişdir.

Şagirdlərin sağlamlığının qorunması, zərərli vərdişlərdən yayınmaları məqsədilə şəhər polis şöbəsinin, şəhər tələbə poliklinikasının, şəhər qeydiyyat şöbəsinin Qızıl Aypara cəmiyyətinin əməkdaşları ilə görüşlər keçirilmişdir ki, bu da şagirdlərin tərbiyəsində mühüm rol oynamışdır.

DİN–in xətti ilə “İnsan alveri və onun törətdiyi fəsadlar” mövzusunda seminar keçirilmişdir. DİN–in insan alverinə qarşı mübarizə idarəsinin əməkdaşları M.Abbasova və A.Əliyev seminarda iştirak etmişlər.

2012–ci ilin noyabr ayında Mingəçevir şəhərinin 64 illik yubileyi yüksək səviyyədə qeyd edilmiş, Mingəçevir şəhərinin qədim abidələrinə, Kür çayı sahilinə, avarçəkmə idman bazasına gəzintilər təşkil edilmişdir.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Heydər Əliyevin abidəsi ziyarət olunmuş, Heydər Əliyev muzeyinə baxış keçirilmişdir.

“Heydər Əliyev səmaya günəş kimi doğmuşdur” adlı elmi–nəzəri konfrans keçirilmiş, konfransda məktəbin rəhbər işçi və müəllimləri ulu öndər Heydər Əliyevin həyatından bəhs edən məruzələrlə çıxış etmişlər.

Eyni zamanda şagirdlərlə Şəhidlər xiyabanına, Qələbə meydanına, Azərbaycanlıların soyqırımı abidəsinə ziyarət təşkil edilmişdir. Görülmüş bu tədbirlər şagirdlərin vətənpərvərlik tərbiyəsinə, tarixi keçmişimizə hörmət ruhunda tərbiyə olunmasına müsbət təsir göstərmişdir.

28 May – Respublika Günü münasibətilə Mingəçevir Peşə Məktəbinin şagirdləri arasında ifa yaradıcılıq müsabiqəsi keçirilmiş, Ağdaş şəhərində respublika ümumtəhsil ilk peşə ixtisas təhsili şagirdləri arasında zona müsabiqəsində iştirak etmişik.

Mingəçevir Peşə Məktəbinin mühəndis–pedaqoji kollektivi üzərinə düşən şərəfli vəzifəni, keyfiyyətli peşə kadrları hazırlığı işini layiqincə yerinə yetirmək üçün bundan sonra da əzmlə çalışmağı qarşısına vəzifə qoymuşdur.

 

Ələddin DƏMİROV,

 

Mingəçevir Şəhər Peşə

Məktəbinin direktoru

 

Respublika.- 2013.-  5 iyul.-S. 6.