Uşaqlar qayğı ilə əhatə olunur

 

Tarix boyu ulularımız uşaqlara bir ocağın, nəslin, millətin gələcəyi kimi baxmışlar. Uşaqsız ev qaranlıq zindan kimidir, ömür isə mənasızdır. Xalqımız uşaqlara həmişə böyük sevgi və məhəbbətlə yanaşır. Qətiyyətlə deyə bilərik ki, uşaqlara mərhəmət və qayğı ölkəmizdə daha böyükdür. Uşaqlar xalqın gələcəyi, hər evin sevinci, ümid çırağıdır. Onların sağlamlığı, firavan yaşaması və təhsilli böyümələri üçün dövlətimiz hər cür şərait yaradır. Bu gün uşaqlar dövlətin himayəsi altındadır. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə uşaqlara qayğı və diqqətlə yanaşmışdır. Ulu öndərin teztez uşaqların əhatəsində görünməsinə alışmışdıq. O, uşaqların iştirakı ilə keçirilən müxtəlif tədbirlərdə iştirak edər, söylədikləri şeirləri, mahnıları dinləyər, ifa etdikləri maraqlı səhnəcikləri izləyər, öz dəyərli tövsiyələrini verərdi. Dünyanın ən böyük siyasətçisi bu cür şənliklərdə uşaqlarla şəkil çəkdirməyi unutmazdı. Biz belə tədbirlərdə ulu öndəri həmişə çox şən, mehriban, sevincli görərdik. Heydər Əliyev uşaqlarımızın xoşbəxt gələcəyinə inanır, onlarla qürurlanardı. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması da ulu öndərin məhz uşaqlara olan sonsuz qayğısından, böyük diqqətindən irəli gəlir. Ulu öndərin davamçısı dövlət başçımız İlham Əliyev də uşaqların inkişafı, bilik və vərdişlərə yiyələnmələri üçün hər cür imkan yaradır. Onlar üçün gözəl, rahat uşaq bağçaları, məktəblər, idman, şahmat, musiqi məktəbləri tikilir, ən müasir avadanlıqlarla təmin olunur.

Uşaqların maarifləndirilməsi, onların intellektual inkişafı, vətənpərvərlik, milli–mənəvi dəyərlərin qorunması ruhunda tərbiyə edilməsi istiqamətində mühüm işlərin görülməsi daim dövlətimizin diqqət mərkəzindədir, bu, dövlətin prioritet məsələlərindən biridir.

Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva da uşaqların ən yaxın dostu, himayədarıdır. Mehriban xanımı da teztez paytaxtımızın müxtəlif yerlərində, şəhərlərimizdə, kənd və qəsəbələrimizdə, erməni silahlı birləşmələri tərəfindən öz doğma atababa yurdlarından didərgin salınmış məcburi köçkün və qaçqın uşaqlar arasında görürük. Mehriban xanım uşaqların bütün problemləri ilə maraqlanır, onları düşündürən, narahat edən məsələləri həll edir. Fondun dəstəyi ilə teztez uşaqlar və gənclər arasında musiqi festivallarının keçirilməsi, onların istedadlarının üzə çıxarılması istiqamətində mühüm addımlar atılır.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da uşaqların hüquq və azadlıqlarının qorunması barədə qanunvericiliklər qəbul edilmiş, dövlətimiz beynəlxalq konvensiyalara qoşulmuşdur. Ölkəmizdə 1998–ci ildə qəbul olunmuşUşaq hüquqları haqqında” qanunda dövlət orqanlarının öz fəaliyyətlərində uşaqların mənafelərini üstün tutması, onların hüquqlarının təmin olunmasına şəraitin yaradılması öz əksini tapmışdır. Azərbaycanda uşaqların sosial–mənəvi mühitdə böyüyüb yetkinləşməsi, zəruri qayğı ilə əhatə olunması və hüquqlarının təmin olunması sahəsində əməli işlər görülür.

Dövlətimizin uşaqlara göstərdiyi diqqət və qayğını bağçamızda təlim–tərbiyə alan uşaqlar hər an hiss edirlər. Bağçamız ötən illərdə əsaslı təmir olunmuş, dam örtüyü, su, istilik sistemi yeniləşdirilmiş, ən müasir avadanlıqlarla təmin olunmuşdur. Uşaqların istirahəti üçün hər cür şərait yaradılmışdır. Müəllim və tərbiyəçilərimiz çəkdikləri zəhmətin bəhrəsini uşaqların qazandıqları bilikdə, təlim–tərbiyədə görür. Uşaq ailənin deyil, ictimaiyyətin yetirməsidir. Tərbiyəçilərimiz uşağı öz övladı, bağçanı öz evi bilirlər, sənətlərinə sevgiləri hüdudsuzdur. Bunu onların məşğələlərə dərin məsuliyyətlə yanaşması hissindən görmək olar. Onlar uşaqlara müxtəlif bilik və vərdişləri pedaqoji ustalıqla öyrətməyə çalışırlar. Uşaqlarımız rayonda keçirilən tədbirlərdə iştirak edir, maraqlı çıxışları ilə tamaşaçılara xoş ovqat bəxş etməyə çalışırlar.

Bu gün uşaqların təlim–tərbiyəsi ilə məşğul olan hər bir müəllim, tərbiyəçi ulu öndərin bu tövsiyəsini unutmamalıdır. Heydər Əliyev demişdir: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”.

Uşaqlarımız 1 iyun–Uşaqları Müdafiə Gününü əmin–amanlıq şəraitdə qeyd edirlər. Bu əmin–amanlığı, sabitliyi, ölkəmizin dinamik inkişafını təmin edən möhtərəm Prezidentimizin uşaqlara göstərdiyi diqqət və qayğını hər birimiz əməli işimizlə doğrultmalıyıq.

 

Aybəniz Sadıxova,

 

Xırdalan şəhər 23 nömrəli körpələr

evi–uşaq bağçasının müdiri.

 

Respublika.-2013.-1 iyun.-S.11.