Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir

 

Dövləti qüdrətli edən, adını yüksəklərə qaldıran, nüfuzunu artıran amillərdən ən önəmlisi onun başında duran siyasi rəhbərdir. Məhz dövlət başçısının rəhbərlik bacarığı, idarəetmə təcrübəsi və şəxsi nüfuzu ölkənin beynəlxalq arenada dayanıqlı yer tutmasına və şöhrətlənməsinə mühüm təsir edir. Bu baxımdan Azərbaycan bəxti gətirən ölkələrdən sayıla bilər. Təbii ki, müstəqil Azərbaycanın son illərdə yaşadığı tarixi nəzərə alaraq bu qənaətə gəlmək mümkündür. Ötən əsrin 60–cı illərindən başlayaraq müəyyən fasilələrlə Azərbaycan dövlətinə rəhbərlik etmiş, qəlbi vətənpərvərlik hissilə döyünən, azərbaycanlı olmasıyla fəxr edən və doğma yurdunun istiqlalı yolunda canından belə keçməyə hazır olan Heydər Əliyev Azərbaycanın başı üzərində günəş kimi tükənməz nuru ilə xalqımızın yolunu işıqlandırdı.

Həqiqətən də, Azərbaycan tarixinin son yarım əsrlik dövrü fenomen şəxsiyyət, bütün türk dünyasının görkəmli ictimaisiyasi xadimi Heydər Əliyev şəxsiyyəti ilə bilavasitə bağlıdır. Artıq Azərbaycanla Heydər Əliyevin adı yanaşı səslənir, biri digərini tamamlayır. Çünki bu illər ərzində Azərbaycanın dövlətçilik tarixi taleyin bir çox sınaqlarına tuş gəlib. Azərbaycanın istiqlala doğru yolunda çoxlu maneələr, əngəllər yaranıb və bu sədləri aşaraq məqsədə doğru irəliləmək, son ünvana yetişmək zor bir işdir. Bu çətin işin öhdəsindən isə yalnız o adamlar gələ bilərlər ki, iradəcə möhkəm, qətiyyətli, bacarıqlı, mübariz olsunlar, zəngin dövlətçilik ənənələrinə, idarəçilik təcrübəsinə yiyələnsinlər, cəsarəti və təmkini ilə dövlət əleyhinə yönəlmiş qəsdlərin qarşısını ala bilsinlər, xalqa arxa dursunlar, vətəni təhlükələrdən qorusunlar. Tarix boyu belə şəxsiyyətlər gecgec olsa da, yetişib və Tanrıdan onlara bəxş olunmuş fitri istedadı və tükənməz enerjini vətəninə, xalqına, dövlətinə xidmətə sərf ediblər. Bu baxımdan Azərbaycan xalqının bəxti gətirib.

Bəlkə də bu qismət xalqımızın ürək açıqlığına görədir. Həmişə sülhməramlı olan, əmin–amanlıq, dinclik şəraitində yaşamağa üstünlük verən, irqindən, dinindən, məzhəbindən və dilindən asılı olmayaraq dünyanın bütün xalqları ilə dostluq münasibətləri bağlamağa, ünsiyyət qurmağa can atan, mədəni, sivil dəyərlərə böyük önəm verən və bunu fəaliyyətində tətbiq edən xalqımız məhz Tanrının belə nadir və qiymətli bəxşişinə layiq idi. Beləliklə, sözüylə, əməllərilə, həyata keçirdiyi nəhəng, genişmiqyaslı işlərilə, yaradıcılıq potensiyalıyla, güclü iradəsi və əzmilə sözün bütün mənalarında ən böyük Azərbaycanlı olan Heydər Əliyev Azərbaycan xalqının taleyinə xoş bir qismət payı kimi yazıldı.

Azərbaycanda elə bir adam tapılmaz ki, dahi şəxsiyyət Heydər Əliyevin dövlətçiliyin qorunub saxlanılması və müdafiə olunması, xalqımızın xoş güzəranı və firavanlığı, vətənimizin müdafiə qüdrətinin artırılması və sərhədlərimizin mühafizəsi və s. sahələrdə göstərdiyi fövqəlbəşər xidmətlərdən xəbərsiz olsun.

Gənc nəsil ulu öndər haqqında məktəb dərsliklərindən, radioteleviziya verilişlərindən, qəzet və jurnal yazılarından, müəllimlərdən kifayət qədər bilgi ala bilirlər. Ən əsası odur ki, gələcək nəsil üçün örnək olan dahi şəxsiyyət Heydər Əliyev bütün dövrlərin ən böyük dahisi kimi onların həyat yollarını bundan sonra da düzgün istiqamətləndirəcəkdir. Ötən əsrin son on ilindəki olaylar hamımızın xatirindədir. Sovetlər birliyi sarsılmış, 70 il ərzində buxovlayaraq bir yumruq altında zor gücünə idarə etdiyi müttəfiq respublikalar bu nəhəng ağacdan ayrılaraq öz müqəddəratlarını təyin etmiş, müstəqil və demokratik fəaliyyət yolunu seçmişlər. Bu, həmin dövlətlərə zamanın ayırdığı bir fürsət idi. Bu fürsətdən kim necə yararlanacaqdı, bunu zaman göstərəcəkdir.

Beləliklə, keçmiş sovetlərin 70 illik totalitar rejiminə son qoyuldu və Azərbaycan 1991–ci il oktyabrın 18–də ikinci dəfə müstəqilliyinə qovuşdu, xalqımızın uzun illik mücadiləsi xoş notlarla sonuclandı. Doğrudur, müstəqilliyimizin tarixi 1918–ci ildən hesablansa da, onun bərpası və yenidən çiçəklənməsi mühüm işlərin görülməsini, vacib tədbirlərin həyata keçirilməsini, vahid birliyin olmasını tələb edirdi.

Öz müstəqilliyini yenicə elan etmiş Azərbaycan Respublikası çətin, ağır bir mərhələyə qədəm qoymuşdur. Məhz bu mərhələdə Azərbaycan bir dövlət kimi, xalqımızın isə bir millət kimi gələcək mövcudluğu məsələsi həll olunmalıydı. 1991–ci ildən 1993– ilin iyun ayına qədər müstəqilliyə yenicə qədəm qoymuş ölkədə hakimiyyətsizlik, hərc–mərclik mövcud idi. Ölkədə qanun pozuntusu və cinayət törədilməsi adi hal alır, iqtisadiyyat dağılır, milli sərvət talan edilir, elm, təhsil və mədəniyyət tamamilə diqqətdən kənarda qalırdı.

Azərbaycan dağılmağa və parçalanmağa doğru gedən bir yolun başlanğıcında idi. 1993– ilin iyununda başlayan Gəncə hadisələri ölkəmizi vətəndaş qarşıdurmasına sürükləyirdi. Azərbaycan ziyalıları, müxtəlif sənət adamları, dünya şöhrətli siyasətçi, xalqının və dövlətini sonsuz məhəbbətlə sevən vətənpərvər Heydər Əlirza oğlu Əliyevi köməyə çağırdı və hakimiyyət sükanını ona etibar etdi. Yaranmış xaos və özbaşınalıqdan başını itirmiş ozamankı iqtidar nümayəndələri də xalqın qətiyyətli tələbi qarşısında tab gətirməyərək Heydər Əliyevin Azərbaycan Respublikasına hakimiyyətə qayıdışını təkidlə xahiş etdilər. Həyatının bütün işgüzar dövrünü öz xalqının yolunda sərf etmiş qətiyyətli və uzaqgörən siyasi xadim Heydər Əliyev xalqın səsinə səs verdi, ona tərəf uzanmış əlindən tutdu və 1993– il iyunun 9–da Bakıya gəldi. Heydər Əliyevin həmin gün Bakıya dönüşü bir xilaskarın, bir fədainin gəlişi idi.

Məhz həmin gündən Azərbaycan xalqının və dövlətinin həyatında dönüş, müstəqilliyin qorunması və möhkəmləndirilməsi uğrunda şərəfli mübarizə dövrü başlandı, həmin gün xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

Milli qurtuluşumuzun banisi Heydər Əliyev dövlətçilik strategiyasının həyata keçirilməsində iqtisadiya siyasi məzmun kəsb etməsindən asılı olmayaraq irəliyə doğru atılan addımın qanunçuluq pirinsiplərinə söykənmişdi.

Dövlət quruculuğunun ilk illərində – 1994– ilin sentyabr və 1995–ci ilin mart aylarında Azərbaycanda dövlət çevrilişinə cəhdlərin qarşısı da məhz ümummilli liderin Azərbaycan xalqı ilə birliyi, ölkədə qanunçuluğunhüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sayəsində mümkün oldu. Ölkə daxilində insan və vətəndaş hüquq–azadlıqlarına, xalqın və dövlətin mənafeyinə xidmət edən, əsl vətəndaş cəmiyyəti, hüquqi–dünyəvi dövlət qurmağa yönələn ardıcıl siyasi xətt yeridilməyə başlandı. Azərbaycan Respublikası özünün ilk milli Konstitusiyasını 1995–ci il noyabr ayının 12–də referendum yolu ilə qəbul etdi.

Heydər Əliyev siyasətinin humanistliyi bir daha onda özünü göstərir ki, o, ölüm cəzasını ləğv etdi. Ulu öndər tərəfindən qəbul edilmiş bu prinsipial qərar gələcəkdə Azərbaycanın Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilata üzv qəbul olunması üçün münbit şərait yaratmışdır.

Ümummilli liderimizin hüquqi dövlət quruculuğu sahəsində ən önəmli addımlarından birionun qanunun aliliyinin keşiyində dayanan hüquq–mühafizə orqanlarının işinin təkmilləşdirilməsi sahəsində qəbul etdiyi qərarlar, verdiyi göstərişlər və tövsiyələrdir. Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında prokurorluq orqanlarında aparılan mühüm islahatların əhəmiyyəti bu baxımdan xüsusi qeyd olunmalıdır. Müstəqil Azərbaycanımızın prokurorluq orqanlarının son illər ərzində qanunun aliliyinininsan hüquq və azadlıqlarının müdafiəsinə xidmət etməklə dövlətçilik maraqlarından çıxış edən demokratik qurum kimi formalaşmasında, onun fəaliyyətinin təminatı üçün qanunvericilikmaddi sosial bazasının yaradılmasında ulu öndərin xidmətləri əvəzolunmazdır.

Ümummilli lider Heydər Əliyevin siyasi kursu bu gün onun ideyalarına daim sadiq qalan möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndərimizin “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” – deyərək dəyərləndirdiyi Prezidentimiz cənab İlham Əliyev bu gün, həqiqətən də, xalqın etimadını doğrultmaqla həmin ümidləri gerçəkləşdirir. Biz də hər birimiz ulu öndərə məhəbbətimizin əyani təzahürü olaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşməli, onun qarşıya qoyduğu bütün mühüm vəzifələrin yerinə yetirilməsində daha fəal iştirak etməliyik.

Heydər Əliyev Azərbaycan xalqının siyasitarixi parlaq bir irsini yaratdı. Bu irsi öyrənərək ondan doğma Azərbaycanımızın rifahı naminə istifadə etmək isə hər bir vətəndaşın, öz vətənini və torpağını sevən hər bir insanın mənəvi borcudur.

 

Məmməd Qasımov,

 

Azərbaycan Meliorasiya və

Su Təsərrüfatı ASC–nin Əyriçay

Su Anbarının İstismarı İdarəsinin rəisi.

 

Respublika.-2013.-2 iyun.-S.4.