TƏHSİLİN İNKİŞAFINA DİQQƏT

 

Respublikamızın iqtisadisiyasi qüdrətinin durmadan yüksəlməsi təhsil sisteminə də öz xeyrini gostərmişdir. “Azərbaycan Respublikası regionlarının 2009–2013– illərdə sosialiqtisadi inkişafı Dövlət Proqramı”ında qarşıya qoyulan vəzifə həllini bu sahədə də tapmışdır. Proqrama uyğun yeni məktəblər inşa edilmiş, məktəblərin texnikikadr təminatı yaxşılaşdırılmış, təhsil müəssisələrinin informasiyakommunikasiya üzrə madditexniki bazası təkmilləşdirilmiş, kompyuter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqlarla təminatı yaxşılaşdırılmışdır. Və üstəlik şagirdlər pulsuz dərsliklərlə təmin edilmişdir.

Tovuz rayonunda təhsil sistemi məhz bu etibarlı və gələcəyi təmin edə biləcək bünövrə üzərində qurulmuşdur. Rayon təhsil şöbəsinin nəzdində fəaliyyət göstərən pedaqoqlar yaradılmış imkandan maksimum istifadə edərək gələcəyin layiqli vətəndaşlarını yetişdirmək üçün əllərindən gələni əsirgəmirlər. Şöbəyə zəngin pedaqoji təcrübəyə malik olan, uzun muddət rayonun Puşkin adına nümunəvi məktəbində direktor işləmiş Validə Hüseynova rəhbərlik edir. Bilik və bacarığını ümumi işə sərf edən Validə xanım fikrimizə qüvvət olaraq düşüncələrini bizimlə bölüşdü:

—Bəli, milli təhsilimizin sürətli yeniləşməsinin, dinamik inkişafının şahidiyik. Ulu öndərimiz tərəfindən başlanmış təhsil islahatı Prezidentimiz cənab İlham Əliyevin yaradıcı münasibəti sayəsində daha da zənginləşmişdir. Xarakterik bir misal çəkim, son 10 ildə rayonumuzda 6572 şagird yerlik 18 yeni məktəb binası tikilmişdir. Bu məktəblərin 15–i müvafiq Dövlət Proqramına əsasən, 3–ü isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” devizi altında inşa olunmuşdur. Təkcə 2012–ci ildə rayonda 2616 şagird yeri olan 6 məktəb tikilib istifadəyə verilmişdir. Yeni məktəb binaları yüksək zövqlə, müasir memarlıq üslubunda inşa olunmuş, təzə inventar və avadanlıqlarla təmin edilmiş, informasiyakommunikasiya sistemi ilə təchizi başa çatdırılmışdır.

Bizim fikrimiz, düşüncəmiz ondan ibarətdir ki, dövlətimizin təhsil işçiləri qarşısında qoyduğu ümdə vəzifənin öhdəsindən layiqincə gələ bilək. Bu şərəfli vəzifə cəmiyyət üçün mənəvi cəhətdən zəngin vətəndaş yetişdirmək, gələcəyin qurucularını həyata hazırlamaqdan ibarətdir. Bu uğurda 86 ümumtəhsil məktəbində fəaliyyət göstərən müəllimlərimiz səylərini əsirgəmirlər. Onlar təlim–tərbiyə işlərinin səviyyəsini yüksəltmək əzmi ilə çalışırlar.

Gündəlik fəaliyyətimizin əsas istiqaməti gəncləri vətənpərvərlik ruhunda boyabaşa çatdırmağa yönəlmişdir. İftixarlaqürurla deyə bilərəm ki, pedaqoqlarımız bu keyfiyyət formasına nail olmuşlar. Yeniyetmələrimiz yaxşı bilirlər ki, özgə torpaqlarında gözü olan mənfur ermənilərlə müharibə aparırıq. İşğalda olan torpaqlarımız, qaçqın düşmüş soydaşlarımız vardır. 20 Yanvar şəhidlərinin xatirəsi anılanda, Xocalı soyqırımını yad edəndə, 31 Mart soyqırımından söz düşəndə şagirdlərimizin keçirdikləri mənəvi hissləri başa düşmək heç də çətin deyil. Elə bu münasibətlərə görə gənclərimizin meyli hərbçi paltarı geyinməyə düşmüşdür. Məktəblərimizdə gənclərin ali hərbi məktəblərə və hərbi liseylərə hazırlanması sahəsində məqsədyönlü aparılır. 2012–ci ildə 79 nəfər məzunumuz hərbi məktəblərə daxil olmuşdur. Onu da qeyd edim ki, bu dəyərli və əvəzsiz işdə rayon rəhbərliyi də öz köməyini əsirgəmir. Rəhbərliyin yaxından köməyi sayəsində tədris ili dövründə rayon ərazisində olan hərbi hissəsinin əsgərləri ilə görüşlər təşkil olunur, söhbətlər keçirilir.

Müstəqilliyə nail olandan sonra respublikamızda təhsili müasir standartlar səviyyəsinə qaldırmaq üçün hər cür imkan və şərait yaradılmışdır. Yeni tədris metodikası və üsulları, kompyuterdən istifadə forması məktəb həyatına vəsiqə almışdır. Deməli, qalan bunlardan səmərəli istifadə etməkdən ibarətdir. Şagirdlərə bilik və bacarıq vermək üçün bu şəraitdən məqsədyönlü şəkildə bəhrələnmək lazımdır. Belə də fəaliyyət göstəririk. Fərqlənən şagirdlərlə təhsil şöbəsi tərəfindən vaxtaşırı məşğələlər aparılır. İstedadlı şagirdləri üzə çıxarmaq məqsədilə sınaq imtahanları, yarışmalar, müsabiqələr, fənn olimpiadaları keçirilir.

Məktəblərimizdə daha ciddi və həvəslə fikir verilən sahələrdən biri də yeniyetmələrin idmana olan maraqlarını artırmaqdır. Şahmata həvəsli şagirdlər rayon Şahmat məktəbində, güləş, boks, futbol, voleybol və digər idman növü ilə maraqlananlar rayon Uşaq Gənclər İdman Məktəbində məşgul olurlar. Onların bir çoxu fənlər üzrə yaxşı oxuduqları kimi idman yarışlarında da fərqlənirlər. Məsələn, Şahmat məktəbinin yeniyetmələri bu ilin əvvəlində Kürdəmir rayonunda oğlanlar və qızlar arasında Azərbaycan birinciliyinin seçmə turnirində iştirak edib finala vəsiqə qazanmışlar. Aprel ayında isə Qazax rayonunda keçirilən məktəblilərin spartakiadasında da oğlan və qızlardan ibarət komandalarımız finala çıxmışlar. Respublika üzrə futbolçularımız isə birinci yeri tutmuşlar.

Hər il olduğu kimi bu ilrespublika musabiqəsində iştirak etməyə dəvət almışıq. “Ən yaxşı ümumtəhsil məktəbi”, “Ən yaxşı müəllim” müsabiqəsində Qədirli, Aşağı Quşçu, Azaflı kənd tam orta məktəbləri, Puşkin adına tam orta məktəbin kimya müəllimi, “Tərəqqi” medallı Pakizə Hacıyeva, M.Ələkbərov adına şəhər tam orta məktəbin riyaziyyat müəllimi “Əməkdar müəllim” Fazil Məhərrəmov, Çobansıxnaq kənd tam orta məktəbinin kimya müəllimi Əməkdar müəllim Talıb Mahmudov və Əyyublu kənd tam orta məktəbin coğrafiya müəllimi Elman Mehdiyev iştirak edirlər. Artıq bu müsabiqələrin son mərhələsidir. Yaxın günlərdə nəticəsi elan ediləcəkdir. Ümid edirəm ki, həm məktəblərimizin, həm də müəllimlərimizin adları qaliblər sırasında olacaqdır.

Elmin son nailiyyətləri, mütərəqqi metodlar, qabaqcılların təcrübəsi məktəblərmizdə yaradıcılıqla tədbiq olunur, dərindən mənimsənilir. Məsələn, artıq şagirdlərimizin, demək olar ki, böyük əksəriyyəti kompyuterlə işləməyi bacarır, biliklərini artırırlar.

Cari tədris ilini uğurla, yüksək göstəricilərlə yekunlaşdırmağa çalışmışıq. İlin yekun nəticələri onu göstərir ki, ötən illərdən fərqli olaraq bilikli şagirdlərmizin sayı xeyli artmışdır. “Son zəng” zamanı da bu, rayonun bütün məktəblərində vurğulanmışdır. Ümid edirik ki, ali məktəblərə qəbul olunanların da sayı çox olacaqdır. Yeri gəlmişkən, onu da xüsusi qeyd edim ki, son zənglərimiz bütün məktəblərimizdə şən əhvali–ruhiyyə ilə keçmişdir. Yadda qala biləcək xoş ovqat yaşanmışdır.

 

Söhbəti qələmə aldı:

 

Qəhrəman QURBANOV,

 

Respublika.-2013.-2 iyun.-S.7.