Ölkənin meliorasiya və su təsərrüfatı sahəsində son illər böyük nailiyyətlər qazanılmışdır

 

5 iyun — meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramıdır

 

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial–iqtisadi inkişafında və ölkənin ərzaq probleminin həllində oynadığı rolunu nəzərə alaraq, eləcə də çoxminli melioratorların şərəfli və məhsul bolluğu yaratmaq istiqamətindəki müqəddəs əməyini qiymətləndirərək Azərbaycanda “Meliorasiya və irriqasiya haqqında” Qanunun 1996–cı ildə qəbul edildiyi 5 iyun gününün meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı—”Meliorator günü” kimi qeyd olunması barədə 24 may 2007–ci il tarixli Sərəncam imzalamışdır. Sərəncamın imzalanması möhtərəm Prezidentimizin meliorasiya və su təsərrüfatı sahəsinə göstərdiyi daimi diqqət və qayğının bariz nümunəsi kimi melioratorlar tərəfindən böyük sevinc və minnətdarlıqla qarşılanmış, onları öz çətin və şərəfli işlərinə daha da həvəsləndirmişdir.

Azərbaycan mürəkkəb relyef və təbii iqlim şəraitinə malik, qədim suvarma əkinçiliyi diyarıdır. Ölkənin kənd təsərrüfatına yararlı torpaqları isti iqlimi və az yağıntıları ilə səciyyələnən düzənlik–arid zonada yerləşdiyindən və yayın isti, qış aylarının az yağmurlu keçməsi torpaqda kifayət qədər nəmlik ehtiyatının yaranmasına imkan vermədiyindən, eləcə də qrunt sularının təbii axını zəif olmaqla torpaqları şorlaşmaya meyilli olduğundan burada əkinçiliyin yalnız süni suvarmalar fonunda aparılmasını və bu məqsədlə müvafiq meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsini tələb edir. Ölkənin suvarılan torpaq sahələri kənd təsərrüfatına yararlı sahələrin üçdən birini (1424,4 min hektar) təşkil etsə də, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 90–95 faizi bu torpaqlarda istehsal olunur. Pambıq, tütün, tərəvəz və s. kimi gəlirli bitkilər tamamilə suvarılan torpaqlarda becərilir.

Suvarılan torpaqlar yüksək texniki və mühəndisi səviyyədə inşa edilmiş meliorasiya və irriqasiya fondları ilə təchiz olunmuşdur. Bu torpaqların 609 min hektarında kompleks meliorasiya işləri aparılmış, 288 min hektar sahə açıq, 309 min hektar sahə örtülü, 13 min hektar sahə şaquli drenaj şəbəkələri ilə təchiz edilmişdir. Suvarılan sahələrdə 52,6 min kilometr suvarma kanalları, 31,9 min kilometr kollektor–drenaj şəbəkələri çəkilmiş, onların üzərində 125 min hidrotexniki qurğu, 1046 nasos stansiyası inşa edilmişdir.

Çaylarda axının qeyri–mütənasibliyinin qarşısını almaq və su ehtiyatlarından ölkə iqtisadiyyatında səmərəli istifadə etmək məqsədi ilə çaylar üzərində 180 su anbarı, 20 hidroqovşaq inşa edilmiş, yeraltı sulardan suvarma və məişət ehtiyaclarını ödəmək üçün 8566 subartezian quyusu qazılmışdır. Əkin sahələrini və yaşayış məntəqələrini çayların daşqın və sel sularından qorumaq məqsədilə 206 kilometr daş–beton və beton, 1676 km torpaq bəndlər tikilmiş, respublikada su axınını bölüşdürən və tənzimləyən geniş və çoxsahəli meliorasiya və su təsərrüfatı kompleksi, geniş və tutarlı meliorasiya potensialı yaradılmışdır.

Ölkəmizdə meliorasiya və su təsərrüfatı sahəsinə maraq 19–cu əsrin ikinci yarısından başlanılmasına baxmayaraq, meliorasiya və irriqasiyanın intensiv inkişafı, geniş meliorasiya potensialının yaradılması, sahə üzrə perspektiv proqramların qəbul edilməsi ulu öndərimiz Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərlik etdiyi 1969–1982–ci illərə təsadüf edir.

1969–cu ildə ulu öndərimiz respublika rəhbərliyinə gəldikdən sonra kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında Mərkəzi Komitənin və İttifaq hökümətinin bir neçə tarixi qərarlarının qəbul olunmasına nail oldu. Bunlardan “Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi tədbirləri haqqında” (1970–ci il), “Azərbaycanda kənd təsərrüfatı istehsalının daha da intensivləşdirilməsi tədbirləri haqqında”(1975–ci il), 1 976–1980–cı illərdə torpaqların meliorasiyası və meliorasiya olunmuş torpaqların istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında (1976–cı il) qərarlarını göstərmək lazımdır. Bu qərarlarla kənd təsərrüfatı istehsalının yüksəldilməsi, onun intensivləşdirilməsi və ixtisaslaşdırılması əsasında respublika iqtisadiyyatının gələcək dinamik inkişaf proqramları qəbul olunmuşdur.

1970–ci ildə ulu öndərimizin şəxsi təşəbbüsü ilə keçmiş SSRİ Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin tabeliyində xüsusi tikinti təşkilatı— “Azərsutikinti” Baş idarəsi yaradıldı. Respublikanın meliorasiya və su təsərrüfatına İttifaq hökuməti tərəfindən sərmayə qoyuluşu qat–qat artırıldı. 1970–1980–cı illərdə bir sıra mühüm əhəmiyyətli meliorasiya və su təsərrüfatı obyektləri inşa edilib istismara verildi.

Həmin illərdə Sərsəng, Madagiz, Araz, Arpaçay, Sirab su anbarları və su elektrik stansiyaları, Mil–Muğan hidroqovşağı, Tərtərçay, Baş Mil–Muğan hidroqovşağı, Tərtərçay, Baş Mil, Yuxarı Mil, Yeni Xan qızı, Caqar–cibir magistral kanalları, Naxçıvan MR–də üçpilləli Qaraçuq və ikipilləli Arpaçay nasos stansiyaları, Naxçıvan suvarma sistemi, Abşeron suvarma sistemi, Zaqolovoçay su anbarı, Lənkərançay su anbarı kompleksi, Mərkəzi–Muğan və Cənub–Şərqi Şirvan qış otlaqlarının su təminatı sistemləri və s. kimi yüzlərlə obyekt tikilib istifadəyə verilmişdir ki, bu da respublikanın müxtəlif zonalarında sahələrdən yüksək məhsul götülməsinə imkan vermişdir.

Ümumiyyətlə, ulu öndərimizin respublikamıza rəhbərlik etdiyi 1969–1982–ci illərdə meliorasiya və su təsərrüfatı kompleksinə Sovet hakimiyyəti dövrünün əvvəlki 50 ili ərzində qoyulan vəsaitdən 2 dəfə artıq vəsait yönəldilmişdir. Həmin illərdə aparılmış geniş quruculuq işləri nəticəsində suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfədən çox artmış, kənd təsərrüfatı sahəsində böyük nailliyyətlər əldə olunmuşdur.

Lakin böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, o, keçmiş İttifaq rəhbərliyindən getdikdən sonra kənd təsərrüfatının, xüsusən də meliorasiya və su təsərrüfatının inkişafı, demək olar ki, tamamilə dayandı. Keçmiş respublika rəhbərliyinin səriştəsizliyi və bu sahəyə laqeyd münasibəti nəticəsində meliorasiya və su təsərrüfatı sahəsində aparılan tikinti işləri, demək olar ki, dayandı. Sistem və qurğuların saxlanması, istismarı və təmir–bərpasına ayrılan vəsaitin həcmi azaldıldığından, onların istismarı xeyli çətinləşdi və bir sıra problemlərin yaranmasına səbəb oldu.

1993–cü ildə ulu öndərimiz Heydər Əliyevin yenidən respublika rəhbərliyinə qayıdışı ilə meliorasiya və su təsərrüfatı sahəsi öz inkişafının yeni mərhələsinə qədəm qoydu, bu sahəyə diqqət və dövlət qayğısı bərpa olundu, mövcud meliorasiya potensialının dağıdılmasının qarşısı alındı, ondan daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi.

Ölkə iqtisadiyyatında yaranmış gərginliyə baxmayaraq, hər il meliorasiya və su təsərrüfatı sistemlərinin istismarına müəyyən miqdarda vəsait ayrılaraq, onların işlək vəziyyətdə saxlanılması üçün tələb olunan təmir–bərpa və təmizləmə işləri həyata keçirildi və bu vəsaitin həcmi ilbəil artırıldı.

Aqrar sahədə aparılan islahatlarla paralel meliorasiya və su təsərrüfatında da islahatların aparılmasına başlanıldı. İlk əvvəl islahatların normativ–hüquqi bazası yaradıldı. Meliorasiya və irriqasiya sahəsində fəaliyyətin hüquqi əsaslarının müəyyənləşdirilməsi və su münasibətlərinin tənzimlənməsi məqsədi ilə 1996–cı ildə “Meliorasiya və İrriqasiya haqqında” Qanun, 1997–ci ildə isə “Azərbaycan Respublikasının Su Məcəlləsi”, 2003–cü ildə “Hidrotexniki qurğuların təhlükəsizliyi” haqqında qanun qəbul edildi.

Su ehtiyatlarından səmərəli və qənaətlə istifadə edilməsi məqsədi ilə 1997–ci ildən tədricən sudan pullu istifadəyə keçildi, su istehlakçılarının təşəbbüsü ilə yerlərdə Sudan İstifadəedənlər assosiasiyalarının yaradılmasına başlanıldı. Müəyyən təşkilati çətinliklərin olmasına baxmayaraq görülmüş tədbirlər nəticəsində respublika üzrə sudan istifadəedənlər birliklərinin yaradılması başa çatdırılmış, bütün suvarılan sahələri əhatə edən 547 SİB yaradılmışdır.

Kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələrinin ləğv olunması ilə əlaqədar, onların balansında olmuş təsərrüfatdaxili meliorasiya və irriqasiya sistemləri Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansına götürüldü və onların təmir–bərpasına və təmizlənməsinə başlanıldı. Bu sistemlərin cəmiyyətin yerli istismar idarələrinin balansına götürülməsi onları tam məhv olmaq təhlükəsindən xilas etdi. Ötən dövrdə respublika büdcəsindən ayrılmış vəsait hesabına onların bir hissəsində təmir–bərpa işləri aparılmışdır.

Ulu öndərimizin göstərişləri əsas tutularaq, xarici investisiyalar ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsinə yönəldildi. Sahəyə investisiya qoyuluşnun səmərəliliyini təmin etmək məqsədi ilə tikintisi yarımçıq qalmış 11 obyekt seçildi və onlardan iqtisadiyyatımız üçün son dərəcə vacib olan üç obyektin (Baş Mil–Muğan kollektorunun tikintisinin, Samur–Abşeron suvarma sisteminin yenidən qurulmasının və Naxçıvan MR–də Vayxır su anbarının tikintisinin) birinci növbədə maliyyələşdirilməsi qərara alındı.

Baş Mil–Muğan Kollektorunun tikintisinə 1985–ci ildə başlanmış və onun ümumi uzunluğundan 90 km–lik birinci buraxılış obyektinin tikintisi 1994–cü ildə istismara verilmişdir. Kollektorun 52,7 km–lik ikinci hissəsinin tikintisinə İslam İnkişaf Bankının krediti hesabına, kollektorun Araz çayı ilə kəsişməsində dükerin tikintisinə Dünya Bankınin krediti hesabına 1998–ci ildə başlanıldı və uyğun 2000–2002–ci illərdə başa çatdırıldı.

Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinə daxil olan Xanarx kanalının tikintisinə İslam İnkişaf Bankı, Samur çayı üzərində baş suötürücü qurğunun və Samur–Abşeron kanalının Vəlvələçay çayına qədər olan 50 km–lik hissəsinin tikintisinə isə Dünya Bankı tərəfindən kredit ayrılmış və 2001–ci ildə hər iki obyektdə tikinti işlərinə, 2002–ci ildə isə Naxçıvan Muxtar Respublikasının Vayxır su anbarının tikintisinin davam etdirilməsinə başlanmışdır.

Ulu öndərimizin şəxsi təşəbbüsü və yaxından köməkliyi ilə meliorasiya və su təsərrüfatı sahəsi üzrə irihəcmli işlərin reallaşması ilə bağlı çoxsaylı faktlar sadalamaq olar.

Ölkəmizdə meliorasiya və su təsərrüfatına diqqət və qayğı hazırda ulu öndərimizin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir. Onun sahəyə diqqəti və yaxından köməkliyi sayəsində təməli ulu öndərimiz tərəfindən qoyulmuş bir çox layihələr başa çatdırılmış, bir çox layihələr uğurla davam etdirilir və bir çox yeni layihələrin həyata keçirilməsinə başlanılmışdır.

Möhtərəm Prezidentimizin 2007–ci il noyabr ayının 8–də Taxtakörpü su anbarının, 2009–cu ilin may ayının 25–də Şəmkirçay su anbarının SES–lə birlikdə təməlqoyma, 2010–cu ilin aprel ayının 29–da Cəlilabad rayonunda tikintisi başa çatdırılmış Göytəpə su anbarının və 15 avqust 2011–ci il tarixində Vəlvələçay–Taxtakörpü kanalının birinci mərhələsinin açılış mərasimlərində iştirak etməsi, Taxtakörpü Su Anbarında tikintinin gedişi ilə tanış olaraq tikinti işlərinin yüksək keyfiyyətlə başa çatdırılması üçün verdiyi tapşırıq, 2011–ci il noyabr ayının 16–da Qax rayonunda Hamamçay çayı üzərində tikilmiş körpünün açılış mərasimində iştirak etməsi və İlisu kəndinin sel və daşqın sularından mühafizəsi üzrə aparılan sahilbərkitmə işləri ilə tanış olması və tövsiyələrini verməsi, 2012–ci ilin mart ayının 13–də Masallı rayonunda su təchizatı, kanalizasiya sistemləri və çirkab sutəmizləyici qurğularının tikintisinin təməlqoyma mərasimində iştirak etməsi, 29 aprel 2008–ci il tarixdə Prezident Sarayında onun sədrliyi ilə ölkəmizdə su təchizatı, meliorasiya, irriqasiya və kanalizasiya sistemlərinin inkişafı ilə bağlı layihələrə dair xüsusi iclas keçirməsi bu qayğı və diqqətin parlaq təzahürüdür.

Onun fərman və sərəncamları ilə təsdiq edilmiş regionların sosial–iqtisadi inkişafı üzrə Dövlət Proqramlarında və Tədbirlər Planında nəzərdə tutulmuş meliorasiya və su təsərrüfatı obyektlərində xarici investisiyalar, Dövlət Neft Fondu və dövlət büdcəsində əsaslı vəsait qoyuluşu hesabına 2010–cu ildə 2003–cü ilə nisbətən 31 dəfə çox tikinti, yenidənqurma və bərpa işləri aparılmışdır.

Dövlətimizin başçısının sahəyə diqqətinin nəticəsi olaraq 2004–2011–ci illərdə meliorasiya tədbirlərinə ayrılan vəsaitin həcmi 6,3 dəfə, bütün maliyyə mənbələri hesabına sahəyə əsaslı kapital qoyuluşu 37 dəfəyə yaxın artmışdır.

Bunun nəticəsində mövcud meliorasiya obyektlərinin istismarı yaxşılaşmış, sistem üzrə işçilərin əmək haqqı 7,4 dəfə artmış, sahənin maddi–texniki bazası gücləndirilmiş, 1200–dən artıq maşın–mexanizm alınmışdır.

Əkin sahələrindən duzlu yeraltı qrunt sularının Xəzər dənizinə axıdılması üçün Baş Mil–Muğan Kollektorunun sonuncu 3–cü 31 kilometrlik hissəsinin və 71,2 km təsərrüfatlararası kollektorların qurğularla birlikdə tikintisi və 67,2 km uzunluğunda Xanarx kanalının tikintisi 2006–cı ildə, Samur–Abşeron suvarma sistemində kanalın qurğularla birlikdə ilk 50 kilometrlik hissəsinin və 185,7 kilometrlik uzunluğunda təsərrüfatlararası kanalların yenidən qurulması 2007–ci ildə, Vayxır su anbarının, Yuxarı Mil kanalının 4,26 km–lik hissəsinin, Ağcabədi rayonu ərazisində yerləşən Laçın qış otlaqlarında məskunlaşmış məcburi köçkünlərin su təchizatının yaxşılaşdırılması üçün Qarqar çayında suqəbuledici qurğunun və kanalın, Göyçay çayında suqəbuledici qurğunun, respublika çaylarında 56 km uzunluğunda beton–daş beton bəndlərin və onlarla belə obyektin tikintisi müxtəlif illərdə başa çatdırılmışdır.

Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinə daxil olan, təməli möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən qoyulan Taxtakörpü su anbarının, Vəlvələçay–Taxtakörpü, Taxtakörpü–Ceyranbatan kanallarının, uzun illər vəsait çatışmazlığı üzündən tikintisi yarımçıq qalmış Tovuzçay su anbarının, Şəmkir maşın kanalının birinci növbəsinin, Qazax, Ağstafa, Şəki, Salyan, Ucar, Neftçala, Kürdəmir, Saatlı, Hacıqabul və digər rayonlarda çox sayda meliorasiya obyektlərinin tikintisinə başlanılmış və istismara verilmişdir.

Cəlilabad rayonunda Göytəpə su anbarının, Şəki rayonunun Cəyirli, Şəkikənd və Aran, Qax rayonunda Güllük, Qazax rayonunda Xanlıqlar, Kəmərli, Aslanbəyli, Qaymaqlı və İkinci Şıxlı kəndlərinin, Füzuli rayonunda məskunlaşmış məcburi köçkün ailələrinə ayrılmış 1100 ha əkin sahələrinin, Ağdam rayonunda Ergi massivinin və Yevlax rayonunda 1000 ha torpaq sahəsinin su təminatının yaxşılaşdırılması üçün suvarma şəbəkələrinin tikintisi başa çatdırılmışdır.

Dünya Bankının krediti hesabına “2–ci irriqasiya” layihəsi çərçivəsində Sabirabad, Saatlı, İmişli, Beyləqan, Ağcabədi, Zərdab, Goranboy, Xaçmaz, Quba, Naxçıvan MR–in Babək və Şərur rayonları ərazisində 52 min hektar sahədə suvarma–drenaj şəbəkələrinin bərpası və Bəhramtəpə hidroqovşağının yenidənqurulması üzrə işlər 2010–cu ildə başa çatdırılmış, “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək” layihəsinin icrasına başlanılmışdır. Layihə çərçivəsində respublikanın 15 rayonunda (Ağcabədi, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Goranboy, Zərdab, Quba, Xaçmaz, Qusar, Zaqatala, Qax, Balakən, Qəbələ, İsmayıllı) 85 min hektar sahədə təsərrüfatdaxili suvarma–drenaj şəbəkələrinin təmir–bərpası nəzərdə tutulmuşdur.

Asiya İnkişaf Bankının krediti hesabına “Selə qarşı tədbirlər” layihəsi çərçivəsində 2006–2008–ci illərdə 12 rayonun ərazisində 34079 poqonmetr uzunluğunda sahilbərkitmə işləri görülmüşdür. Layihənin həyata keçirilməsi nəticəsində 80 min torpaq sahəsinin, 215 min nəfər əhalinin məskunlaşdığı 5 şəhərin və 43 kəndin sel və daşqın təhlükəsindən müdafiəsi təmin olunmuşdur.

Möhtərəm Prezidentimizin göstərişinə əsasən Dövlət Neft Fondunun vəsaiti hesabına 2006–cı ildən ümumi su tutumu 268 milyon kubmetr olan Taxtakörpü su anbarının (SES–lə birlikdə), uzunluğu 111 km və sərfi saniyədə 40 kubmetr olan Taxtakörpü–Ceyranbatan kanalının tikintisi işləri müvəffəqiyyətlə davam etdirilir. Tikintinin cari ildə başa çatdırılması gözlənilir.

Tikintisinə 2009–cu ildən başlanılmış Şəmkirçay çayı üzərində dəryaçanın tikintisi işləri uğurla davam etdirilir. Tikinti işləri başa çatdıqdan sonra Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarının 50 min torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq, 21 min yeni suvarılan torpaqlar istifadəyə veriləcəkdir.

Dünya Bankının krediti ilə “Milli Su təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə”si çərçivəsində 2011–ci ildən respublikanın 8 rayonunda (Şabran, Siyəzən, Ağsu, İsmayıllı, Masallı, Cəlilabad, Yardımlı və Lerik) içməli su və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işlərinə başlanılmışdır.

“2011–2013–cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial–iqtisadi inkişafına dair Dövlət proqrammı”na daxil olan tədbirlərin icrası ilə bağlı layihə sənədləri hazırlanaraq Abşeron magistral kanalının yenidənqurulması, Xəzər rayonu üzrə Zirə, Sabunçu rayonu üzrə Bilgəh, Suraxanı rayonu üzrə Hövsan və Abşeron rayonu üzrə Goradil kəndlərində əkin—həyətyanı sahələrin su təminatının yaxşılaşdırılması tədbirləri üzrə nasos stansiyalarının, suqəbuledici hovuzların və təzyiqli boru kəmərlərinin tikintisi və təmir–bərpası işlərinə başlanılmışdır.

Ölkədə iri taxılçılıq təsərrüfatlarının yaradılması ilə əlaqədar Səhmdar Cəmiyyət tərəfindən 230 min hektardan artıq ərazidə az məhsuldar qış otlaq və dövlət torpaq fondunda olan sahələr və onlarda aparılacaq kompleks meliorativ tədbirlər müəyyənləşdirilmişdir. Hazırda Ağcabədi rayonu ərazisində 3300 ha və Beyləqan rayonunda 1500 ha pilot taxılçılıq təsərrüfatlarının yaradılması məqsədi ilə Yuxarı Mil kanalının 10,7 km–lik hissəsinin tikintisinə başlanılmışdır. Kür–Araz və digər dağ çayları boyunca 600 km–dən çox torpaq bəndlər möhkəmləndirilmiş, hündürləndirilmiş və enləndirilmişdir.

Bütövlükdə son 9 ildə 1272 km uzunluğunda suvarma kanallarının və 874 km uzunluğunda kollektor–drenaj şəbəkələrinin tikintisi, təmir–bərpası və yenidənqurulması işləri həyata keçirilmiş, 147 min hektar sahədə suvarılan torpaqların meliorativ vəziyyəti, 121 min hektar ərazidə yeni suvarılan sahələr də daxil olmaqla suvarılan torpaqların su təminatı yaxşılaşdırılmış, 682 ədəd subartezian quyusu qazılıb istifadəyə verilmişdir.

2012–ci ildə mühüm dövlət əhəmiyyətli su təsərrüfatı obyektlərində, Yuxarı Xanbulançay su anbarlarının qülləli suburaxıcı qurğusunda, Ağstafaçay sağ və sol sahil magistral kanallarda, Mil–Muğan və Samurçay hidroqovşaqlarının aşağı byefində, Türyançay hidroqovşağında, Yuxarı Qarabağ kanalının İncəçay çayı ilə kəsişməsindəki sutullayıcı qurğusunda, Yuxarı Şirvan kanalının Türyançay və Girdimançay dükerlərində, Şəmkir Maşın kanalının I və II pillə nasos stansiyalarında, Göygöl rayonunda Gəncəçay baş suqəbuledici qurğusunda, 51 ədəd tərpənməz və 33 ədəd üzən nasos stansiyasıda, 59 ədəd subartezian quyusunda, Zərdab, Kürdəmir, Ağsu, Şamaxı və Xızı rayonlarının ərazisindəki nov kanallarda, ayrı–ayrı rayonların qış otlaq sahələrində 21,1 kilometr uzunluğunda müxtəlif ölçülü boru kəmərlərdə, dağ çaylarında 1100 poqonmetr daş–beton mühafizə bəndlərdə, Ağdam, Quba, Şabran, Xaçmaz, Qazax, Tərtər və Göyçay rayonlarında 10 km–ə yaxın suvarma kanallarında və bir sıra digər obyektlərdə əsaslı təmir, bərpa və yenidənqurma işləri həyata keçirilmişdir.

Kür çayı boyunca 110,87 kilometr (Neftçala rayonu ərazisində 89,32 kilometr, Zərdab rayonu ərazisində 15,1 kilometr, Ağcabədi rayonu ərazisində 3,69 kilometr, Bərdə rayonu ərazisində 2,36 kilometr, Şirvan şəhəri ərazisində 0,4 kilometr), Araz çayı boyunca 43,8 kilometr, Saatlı rayonu ərazisində 23,7 kilometr) və Girdiman çayı boyunca Kürdəmir rayonu ərazisində 28,4 kilometr, cəmi 183,07 kilometr uzunluğunda mövcud torpaq–mühafizə bəndlərində hündürləndirmə işləri görülmüşdür. Sabirabad, Salyan, Neftçala rayonları və Şirvan şəhəri ərazisində 730 poqonmetr uzunluğunda daş–betonla sahilbərkitmə işləri aparılmışdır.

Səhmdar Cəmiyyəti üzrə 2012–ci ildə bütün maliyyə mənbələrindən, o cümlədən büdcə vəsaiti, xarici investisiyalar, Dövlət Neft Fondundan ayrılmış vəsaitlər hesabına14 ədəd yeni və 74 keçid obyektində layihələndirmə və əsaslı tikinti–quraşdırma işləri aparılmışdır.

Dünya Bankının krediti hesabına “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə”si çərçivəsində 406,15 km içməli su və 323,4 km uzunluğunda kanalizasiya xətləri çəkilmişdir.

“Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi”si çərçivəsində şimal regionu Quba rayonu Alekseyevka SİB–də suvarma kanallarının qazılması, lildən təmizlənməsi, mövcud suvarma kanallarının betonla üzlənməsi, onların üzərində hidrotexniki qurğuların bərpası və yeni qurğuların tikinti işləri tamamlanmışdır. Mil–Muğan regionunda İmişli rayonu R–2 və Saatlı rayonu Fətəlikənd SİB–lərində suvarma–drenaj sistemlərinin qazılması, lildən təmizlənməsi, onların üzərində hidrotexniki qurğuların bərpası və yeni qurğuların tikintisi davam etdirilmişdir.

Samur–Abşeron suvarma sistemlərinin yenidən qurulması layihəsi üzrə 2012–ci ildə Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına Taxtakörpü su anbarının SES–lə birkidə tikintisi, Taxtakörpü–Ceyranbatan kanalının tikintisi və Vəlvələçay–Taxtakörpü kanalının tikintisi obyektləri üzrə tikinti işləri davam etdirilmişdir.

Respublika büdcəsindən əsaslı tikintiyə ayrılmış vəsait hesabına ölkə ərazisində iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması ilə əlaqədar Nazirlər Kabinetinin 11 aprel 2012–ci il tarixli sərəncamının icrası olaraq “Yuxarı Mil kanalının tikintisi” layihəsi çərçivəsində kanalın 6,7 kilometrlik hissəsinin hidrotexniki qurğularla birlikdə tikintisi layihəyə uyğun 30 avqust 2012–ci il tarixində başa çatdırılmışdır. Onun zonasında səhmdar cəmiyyətə həvalə edilmiş 774 və 831 hektar sahələrdə kompleks meliorativ tədbirlər həyata keçirilmişdir. Kanal və onun zonasında yerləşən Beyləqan rayonunun 1500 ha və Ağcabədi rayonunun 3300 ha sahəsində özəl taxılçılıq təsərrüfatlarını suvarma suyu ilə təmin etməyə tam hazırdır. Hacıqabul rayonunun Muğan, Padar və Qarasu kəndlərində torpaq sahələrinin suvarılmasını təmin etmək məqsədi ilə Padar magistral kanalının hidrotexniki qurğularla birlikdə 3 km–lik hissəsinin tikintisi üzrə işlər yerinə yetirilmiş və Araz çayının yeni qolunun tikintiusi ilə yeni suvarılan torpaqların istifadəyə verilməsi obyekti üzrə Araz çayının Yeni qolunun 5 km–lik hissəsində, Baş sugötürücü qurğuda və Cənub Muğan kanalın qolla kəsişməsində dükerdə və 2 ədəd akvedukda tamamlanma işləri aparılmışdır.

Hacıqabul rayonunda Pirsaat, Astara rayonunda Ləvain, Şamaxı rayonunda Zoqalavaçay, Tovuz rayonunda Tovuzçay su anbarında əsaslı təmir işləri aparılmış, Şəmkir çayı üzərində dəryaçanın tikintisi üzrə işlər davam etdirilmişdir. Bənddə gil və daş–qaya tökmə işləri, elektrik stansiyasında və paylayıcı hovuzda beton işləri yerinə yetirilmişdir. Su anbarının tikintisi kompleksinə daxil olan nəqledici magistral kanalın 1945 poqonmetr, qidalandırıcı kanalın 6721 poqonmetr, Təhliyyə kanalının 4357 poqonmetr, sol və sağ sahil Şəmkirçay magistral kanalların 13535 poqonmetr hissəsinin qurğularla birlikdə tikintisi tamamlanmışdır. Su anbarından kanallara suyu ötürmək üçün tunelin 6902 poqonmetr hissəsi qazılaraq başa çatdırılmış və onun 2500 poqonmetr hissəsi betonlaşmışdır. Hazırda həmin kanalların və tunelin qalan hissələrində işlər davam etdirilir.

 

(davamı növbəti saylarımızda)

 

Əhməd ƏHMƏDZADƏ,

 

Azərbaycan Meliorasiya və

Su Təsərrüfatı ASC–nin sədri

 

Respublika.- 2013.- 5 iyun.- S.9.