CƏLİLABAD: İNKİŞAFIN UĞURLU NƏTİCƏLƏRİ

 

Cəlilabad rayonunda iqtisadi və sosial quruculuğu inkişaf etdirmək üçün məqsədyönlü layihələr yüksək səviyyədə həyata keçirilir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinin xalqımız tərəfindən yüksək fəallıqla qeyd olunduğu dönəmdə inkişafın uğurlu nəticələri daha aydın görünür, ulu öndərin siyasətinin davamlı surətdə həyata keçirilməsi özünü aydın büruzə verir.

Bu günlərdə rayonun 2013–cü ilin birinci rübünün sosial–iqtisadi inkişafının yekunlarına həsr edilmiş yığıncağında bu barədə ətraflı bəhs olundu. Rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov bu məsələ ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış etdi. Müzakirələrdə rayon icra hakimiyyətinin həmin sahədəki fəaliyyətinə obyektiv qiymət verildi, problemlər və onları aradan qaldırmaq yolları barəsində fikir mübadiləsi aparıldı.

Yığıncaqda qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013–cü ilin birinci rübünün sosial–iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında göstərildiyi kimi, 2013–cü ilin ilk rübü Azərbaycanın xarici siyasətində, iqtisadi, sosial və mədəni sahələrdə qazanılmış nailiyyətlər baxımından uğurlu olmuşdur. Dövlətimiz qarşıya qoyulan bir çox vəzifələrin həllinə nail olmuş, regional və qlobal əhəmiyyətli sənədlərə imza atmışdır. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında dediyi kimi, “Bizim iqtisadi göstəricilərimiz dünya miqyasında ən gözəl göstəricilərdir. Bizim iqtisadi inkişafımız dünyada ən sürətlidir”.

2013–cü ilin birinci rübü ölkənin bütün bölgələrində olduğu kimi, Cəlilabad rayonu üçün də uğurlu olmuşdur. Ölkənin son illərdəki inkişafında cəlilabadlıların da əməyi vardır. Regionların sosial–iqtisadi inkişafı Dövlət Proqramı rayonun uğurlu və dayanıqlı inkişafı, iqtisadiyyatın şaxələndirilməsi üçün əsas iqtisadi alətə çevrilmişdir. Proqramın icrası nəticəsində ötən il sənayenin inkişafı artan dinamika ilə davam etmiş, ümumi daxili məhsulun həcmi artmışdır.

İqtisadiyyatın əsasını təşkil edən aqrar bölməni inkişaf etdirmək məqsədilə xeyli tədbir görülmüşdür. Birinci rübdə kənd əməkçiləri tərəfindən 8931 hektarda yazlıq əkin aparılmışdır ki, bunun da 4962 hektarını kartof, 2566 hektarını noxud, 865 hektarını mərci, 208 hektarını vələmir, 155 hektarını günəbaxan, 135 hektarını tərəvəz, 40 hektarını bostan məhsulları təşkil edir. Ötən ilin payızında əkilən 65550 hektar taxıl sahəsinə aqrotexniki qaydada qulluq edilməsi, ziyanvericilərə qarşı vaxtında mübarizə aparılması və loqistik regional gübrə bazası tərəfindən kənd əməkçilərinə güzəştli şərtlərlə satılan mineral gübrələrin sahələrə səpilməsi cari ildə keçən ildəkindən daha çox məhsul götürüləcəyinə təminat verir.

Cəlilabadda üzümçülüyün inkişaf etdirilməsinə diqqət artırılmış, bağların ümumi sahəsi 1500 hektara çatdırılmışdır. İndi mövcud bağlarda becərmə, müalicə–profilaktika işləri görülür. Rayonda üzümlüklərin genişləndirilməsi, müvafiq emal müəssisələrinin yaradılması sahəsində məqsədyönlü iş aparılır. Cari ildə xaricdən gətirilmiş yüksək məhsuldar üzüm tingləri hesabına üzümlüklərin 5700 hektara çatdırılması nəzərdə tutulmuşdur.

Bundan əlavə, Elmi–Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun rayondakı dayaq məntəqəsinin fəaliyyəti genişləndirilir.

Heyvandarlığın inkişaf etdirilməsi istiqamətində Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsi sayəsində 3988 ton ət, 11273 ton süd, 2,8 milyon ədəd yumurta istehsal olunmuşdur ki, bu da 2012–ci ildəkindən müvafiq olaraq bütün növlər üzrə xeyli artıqdır.

Rayonda 10310 hektar suvarılan sahə mövcuddur ki, bu da kənd təsərrüfatı təyinatlı torpaqların 9,5 faizini, əkin torpaqlarının 13,6 faizini təşkil edir. Birinci rüb ərzində bəzi bitkilər bir neçə dəfə suvarılmaqla 12878 hektar əkin sahəsinə su verilmiş, bu məqsədlə irəlicədən 45 min kubmetr su tutumu olan kanallar lildən təmizlənmiş, yüksək məhsuldarlıq üçün təminat yaradılmışdır.

Rayonun təsərrüfatlarında yetişdirilmiş məhsulların saxlanılması üçün tədbirlər həyata keçirilmiş, taxıl anbarları, soyuducu kameralar tikilib istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən kənd təsərrüfatı istehsalçılarına yanacaq almaq və buğda əkmək üçün dövlət yardımlarının verilməsi, güzəştli şərtlərlə gübrələrin və buğda toxumlarının satılması aqrar bölmənin inkişaf etdirilməsində güclü stimul yaratmışdır.

Bununla yanaşı, kənd təsərrüfatında bir sıra yeniliklərə daha çox meydan verilməsi zəruridir. Heyvandarlıqda süni mayalandırma işlərindəki gerilik tezliklə aradan qaldırılmalıdır. Yeni artezian quyularının qazılması düzənlik ərazidə suvarma tədbirlərinin genişləndirilməsinə, nəticədə bu ərazidəki torpaqlardan daha səmərəli istifadə edilməsinə şərait yaradardı. Bu məsələ, xüsusilə yeni torpaqların dövriyyəyə qatılması olduqca vacibdir. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında dediyi kimi, “bizim tam imkanımız var ki, özümüzü ərzaq məhsulları ilə yüz faiz təmin edək. Bitkiçilik, heyvandarlıq sahələrində intensiv metodlara daha çox üstünlük verilməlidir. Bizim hələ ki, dövriyyədə olmayan böyük torpaq sahələrimiz vardır. Orada meliorativ tədbirlər, infrastruktur layihələri həyata keçirilməlidir ki, yeni torpaqları dövriyyəyə buraxaq. Bu, həm yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq, eyni zamanda ərzaq təhlükəsizliyini tam təmin edəcəkdir”.

Prezident İlham Əliyev ötən il Cəlilabadda olarkən demişdir: “Çox şadam ki, Cəlilabadın inkişafı sürətlidir. Rayon simasını dəyişir, müasirləşir, abadlaşır, gözəl binalar tikilir, köhnə binalar bərpa edilir. Bir sözlə, inkişaf, dinamika var və bu dinamika gələcək illərdə də saxlanılmalıdır. Cəlilabad daha da sürətlə inkişaf etməlidir və edəcəkdir”.

İlin birinci rübü ərzində rayonda tikinti–abadlıq işləri geniş vüsətlə davam etdirilmiş, Cəlilabad rayonunun şəhər və kəndləri bütünlüklə abadlaşan məskənlərə çevrilmişdir. Mart ayında Cəlilabad şəhər 2 saylı orta məktəb binasının tikintisi başa çatdırılmışdır. Hazırda Soltankənd və Sabirabad kənd məktəbləri üçün 180, Zəhmətabad kənd orta məktəbi üçün 80, Həziabad kənd orta məktəbi üçün 360 yerlik tədris binaları, 120 çarpayılıq mərkəzi xəstəxana, 120 yerlik uşaq bağçası, 2 min tonluq soyuducu kamera inşa olunur. Cari ildə Məmmədrzalı, İncilli, Cəfərli, Kövüzbulaq kəndlərində məktəblərin tikintisinə başlanacaq.

Regionların sosial–iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Cəlilabad şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə “Akkord” şirkəti tərəfindən təmizləyici qurğu tikilmişdir. Hazırda bu sahədə 4 istiqamətdə iş aparılır.

Mərkəzi istirahət parkı müasirliyi, füsunkarlığı və səliqə–sahmanına görə regionun ən müasir istirahət guşələrindən birinə çevrilmişdir. Yaz mövsümündə rayonun yaşayış məntəqələrində, Ələt–Astara şose yolunun rayon ərazisindən keçən hissəsində 15 min ədəddən artıq ağac əkilmişdir.

Kəndarası yolların yenidən qurulması istiqamətində çox böyük miqyasda iş aparılır. 24 min əhalisi olan 14 yaşayış məntəqəsini əhatə edən 17 kilometrlik Cəlilabad–Hamarqışlaq–Sadatlı yolunun tikintisi başa çatmaq üzrədir. 33 min nəfərlik əhalinin yaşadığı 21 kəndi birləşdirən 34 kilometrlik Qarazəncir–Qarakazımlı–Boyxanlı avtomobil yolunun inşası sürətlə davam etdirilir. Eyni zamanda 45 kəndi əhatə edən 72 kilometrlik Cəlilabad–Yardımlı yolunun xeyli hissəsi asfaltlaşdırılmış, hazırda işlər davam etdirilir.

Sahibkarlığın inkişaf etdirilməsi rayon icra hakimiyyətinin fəaliyyətində prioritet məsələ olmuşdur. İş adamlarına əlverişli şəraitin yaradılması nəticəsində ümumi məhsul buraxılışında qeyri–dövlət sektorunun xüsusi çəkisi artaraq 98 faizə çatmışdır. Son illərdə fəaliyyətə başlayan “Cəlilabad–şərab–2″ ASC–nin, “Kristal” MMC–nin, “Voodpeçker” və “Namiq–94″ mebel fabriklərinin, “Avanqard” MMC–nin istehsal etdikləri şərab, konserv, mebel və un məmulatlarına təkcə respublikada deyil, MDB məkanında da tələbat getdikcə artır.

Birinci rübdə 4396 hüquqi və fiziki şəxsə 9 milyon 451 min manat məbləğində kredit verilmişdir. Əsas hissəsi kənd təsərrüfatı və kommersiya fəaliyyətinə yönəldilən kreditlər yeni istehsal sahələrinin yaradılmasına və məhsul bolluğuna müsbət təsir göstərmişdir. Məhz bu hesaba birinci rübdə 224 yeni iş yerləri yaradılmışdır ki, bunların da 53–ü daimidir.

Ölkə başçısı cənab İlham Əliyev demişdir: “Hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara kömək göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onları incitməməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Onlara yalnız kömək göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər”. Yığıncaq iştirakçıları göstərdilər ki, ölkə başçısının bu tələbi bundan sonra da sahibkarlara münasibətdə əsas prinsip kimi rəhbər tutulmalı, iş adamlarına hərtərəfli yardım göstərilməli və onların yeni istehsal sahələri yaratmalarına dəstək verilməlidir.

Rayonda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi birinci dərəcəli vəzifə hesab edilir. Rayon iqtisadiyyatının inkişafı işçilərin orta aylıq əməkhaqqının yüksəlməsinə səbəb olmuşdur. Rayon icra hakimiyyəti aztəminatlı ailələrin maddi vəziyyətinin yaxşılaşdırılması, təqaüdçülərə, əmək və müharibə veteranlarına, ahıllara sosial yardımların göstərilməsi sahələrində öz təşkilatçılıq səylərini uğurla səfərbər edə bilmişdir.

Ötən rüb ərzində pensiyaçılara 47,5 milyon manat vəsait ödənilmişdir ki, bu da 2012–ci ildə olduğundan 16,8 milyon manat çoxdur. Əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən 3587 ailəyə 1 milyon manatdan çox ünvanlı sosial yardımlar ödənilmişdir ki, bu da hər bir ailəyə 282 manat dövlət yardımı deməkdir. Əlillərə, ahıllara, tənha insanlara xeyli müavinət verilmişdir.

Rayon əhalisini elektrik enerjisi və təbii qazla təmin etmək üçün məqsədyönlü tədbirlər həyata keçirilmiş, elektrik şəbəkəsinin daxili imkanları hesabına Abdullu kəndində yeni 0,4 kilovoltluq şəbəkə qurulmuş, 210 dayaq, 11 transformator əsaslı təmir edilmişdir. 1 kilometr elektrik xətti yeniləri ilə əvəz olunmuşdur. Allar kəndində SMART tipli sayğaclar quraşdırılmışdır.

Hazırda Cəlilabad–Uzuntəpə yeraltı qaz kəmərinin polietilen borularla əvəz olunması işi gedir, yeni qazpaylayıcı stansiya istismara verilmişdir, abonentlərə 1200 poqonmetr qaz xətləri çəkilmişdir. Prezident İlham Əliyevin rayona səfəri zamanı verdiyi tapşırığa əsasən Göytəpə şəhərində qaz xətlərinin dəyişdirilməsi, bir çox kəndlərin qazlaşdırılması işləri davam etdirilir.

Təhsilin inkişaf etdirilməsi və yeni məktəb binalarının tikilməsi prioritet vəzifəyə çevrilmişdir. Respublika fənn olimpiadalarında 9 nəfər məktəbli qalib elan olunmuşdur. Ötən il ali məktəblərə 245 nəfər, orta ixtisas məktəblərinə 215 nəfər məzun qəbul olunmuşdur. Bu rəqəm təhsilin keyfiyyətinin və məzmununun yüksəldildiyinə dəlalət edir.

Əhaliyə səhiyyə xidmətinin səviyyəsi xeyli yüksəlmişdir. Profilaktiki tədbirlərin vaxtında görülməsi sayəsində ana və uşaqların mühafizəsi, vərəmə qarşı mübarizə tədbirləri gücləndirilmiş, infeksion xəstəliklər ləğv olunmuşdur. Kadrlara ehtiyac məsələsini həll etmək üçün rayonda tibb kollecinin açılması məqsədəuyğun hesab olunmuşdur.

Cəlilabad respublikamızın həm ərazicə, həm də iqtisadi və sosial potensialına görə ən iri rayonlarından biridir. Rayonun yaxşı perspektivləri vardır, Azərbaycanın uğurlu gələcəyinin təmin olunmasında hər bir cəlilabadlı öz töhfəsini artırmalı, səy və bacarığını əsirgəməməlidir.

 

Sabir MUSTAFAYEV

 

Respublika.- 2013.- 5 iyun.- S. 10.