Akademik Cəlal Əliyev zirvəsi

 

Vətən və torpaq sevgisinin işığında

 

Ömrünün 60 ildən çoxunu Azərbaycan elminə və onun inkişafına həsr etmiş, dünyanın tanınmış elm korifeyləri ilə bir sırada dayanan, əldə etdiyi nəzəri və tətbiqi elmi nəticələri dünya biologiya elmi xəzinəsinin qiymətli incilərindən olan alimlər nəslinə mənsub dünya şöhrətli Azərbaycan alimi, akademik Cəlal Əliyevin 85 yaşı tamam olur.

Sübut olunmuş faktdır ki, Azərbaycan bir çox bitkilərin ilkin mədəniləşdirmə mərkəzlərindəndir və burada əkinçilik mədəniyyətinin tarixi minillikləri əhatə edir. Bütün tarix ərzində bu bərəkətli torpaqlarda məskən salmış əməksevər xalq bu mədəniyyəti daim inkişaf etdirərək kənd təsərrüfatı məhsulları ilə özünü əsasən təmin etmiş, yadlara möhtac olmamışdır.

Lakin son yüzilliklər ərzində əhalinin sayının və ehtiyaclarının kəskin artımı, əkinəyararlı torpaq ehtiyatlarının əhəmiyyətli bir hissəsinin ən müxtəlif səbəblərdən, o cümlədən təbiətə antropogen təsirlərin, qlobal iqlim dəyişikliklərinin intensivləşməsi nəticəsində deqradasiyaya uğraması, bioloji ehtiyatların durmadan azalması ərzaq təhlükəsizliyinin təmin olunmasında elmin ciddi müdaxiləsi olmadan həll edilməsi mümkün olmayan problemlər yaratmışdır. Eyni zamanda bəşəriyyət tərəfindən dərk edilmişdir ki, bioloji müxtəlifliyin, xüsusən də bitkilər aləminin genetik zənginliyinin bütövlükdə, tam olaraq qorunması, tədqiq və mühafizə edilərək səmərəli, sabit istifadəsi bu problemlərin həllində, həyatın qorunmasında, əhalinin rifah halının yaxşılaşdırılmasında ən mühüm vasitə olmalıdır. Kənd təsərrüfatı sistemlərində və ərzaq istehsalında istifadə baxımından real və potensial əhəmiyyət daşıyan bioloji müxtəlifliyin, xüsusən də mədəni bitkilərin və onların yabanı əcdadlarının qorunub–saxlanması vacibdir. Yabanı əcdad bitkilər mədəni bitkilərdə olmayan bir sıra davamlılıq genlərinin daşıyıcısıdır, yeni bitki sort və formalarının yaradılması və ayrı–ayrı əlamətlərin yaxşılaşdırılması üçün qiymətli mənbədir. Bu ehtiyatların tükənməsi, növ və növdaxili müxtəlifliyin, populyasiyaların itməsi həmin mənbələrdən məhrum olmaq deməkdir.

Bütün bu faktlar kənd təsərrüfatı sistemlərinə və genetik ehtiyatlara istiqamətlənmiş strategiyaların və fəaliyyət proqramlarının hazırlanması və həyata keçirilməsi sahəsində intensiv elmi tədqiqatların aparılmasını zəruri edir.

Bütün dünyada olduğu kimi Azərbaycanda da biologiya və aqrar elmlərin inkişafının əsasında yuxarıda qeyd edilən problemlər əhəmiyyətli, istiqamətverici rol oynamış və bu elmlər son 100 il ərzində çətin və mürəkkəb inkişaf yolu keçmişdir. Bu illər ərzində tədqiqatlara yanaşma üsulları və baxışlar dəyişmiş, bir birini əvəz edən alim nəsilləri öz sələflərinin elmi irsini daha da inkişaf etdirmiş, bir sıra fundamental və tətbiqi nailiyyətlər əldə olunmuşdur.

Azərbaycanda biologiya və kənd təsərrüfatı elmlərinə aid olan bütün sahələrin istiqamətləndirilməsində, müvafiq tədqiqatlara müasir elm sahələrinin, o cümlədən, biotexnologiya və informasiya texnologiyalarının cəlb olunmasında və bu günə kimi əldə olunmuş nailiyyətlərdə ən görkəmli rol Azərbaycanda biologiya və aqrar elmlərinin dağ vüqarlı ağsaqqalı, 85 illik yubileyini bu günlərdə qeyd etdiyimiz dünya şöhrətli alim, elm fədaisi akademik Cəlal Əliyevə məxsusdur. Bu nəhəng elm patriarxının yaradıcılığı Azərbaycanda aqrar və biologiya elmlərinin inkişaf tarixinin zirvəsidir.

Bütün dünyada çoxları üçün əlçatmaz olan bu zirvəyə gedən yol dəyişikliklərlə dialektikanın və qanunauyğun ardıcıllığın bariz nümunəsi hesab edilə bilər. Əgər son 40 ildə və xüsusilə də son 25 ildə ölkədə kənd təsərrüfatı elminin inkişafına bir salnamə kimi nəzər salsaq, yəni həm xronoloji ardıcıllıq, həm də keyfiyyət dəyişiklikləri prizmasından baxsaq, burada sistemin bütün incəliklərini nəzərə alan, bir neçə mərhələnin nəticəsini artıq qabaqcadan müəyyənləşdirən və bütünlükdə sistemi istiqamətləndirən bir amilin mövcud olduğunu görmək mümkündür. Həm də aydındır ki, bu cür istiqamətləndirmə soyuq məntiqli məmur idarəetməsinin nəticəsi ola bilməz, burada sıravi elmi işçinin və kəndlinin məişət qayğılarından tutmuş, qlobal inteqrasiya və inkişaf problemlərinə qədər yaranma–dəyişmə–inkişaf mexanizmini dərindən bilən, baş verənlərə təkcə praqmatizmlə deyil, eyni zamanda çılğıncasına və ürəkyanğısı ilə yanaşan təcrübəli alim zəkası işləmişdir.

İstər kənd təsərrüfatı sahəsində çalışanlar, istərsə də kənd təsərrüfatı tədqiqatları sistemində fəaliyyət göstərən insanlar, yaxın və uzaq xarici ölkə alimləri Azərbaycan aqrar elmində akademik Cəlal Əliyev gerçəkliyini tam qəbul etmişlər. Yuxarıda qeyd etdiyimiz kimi, akademik Cəlal Əliyevin Azərbaycanın biologiya və kənd təsərrüfatına verdiyi töhfəni bu günə qədər heç kəs verə bilməmişdir.

Bu böyük elm xadimi dahi uzaqgörənliklə hələ bir neçə on il əvvəl müvafiq elm sahələri qarşısında çox mühüm vəzifələr qoymuşdur: biomüxtəlifliyin ekosistem və molekulyar–genetik səviyyələrdə öyrənilməsi, bitki müxtəlifliyinin tam şəkildə inventarlaşdırılması, məqsədyönlü toplanaraq etibarlı mühafizə edilməsi, hərtərəfli qiymətləndirilməsi, genefond nümunələrindən gen mühəndisliyi və biotexnologiya metodları ilə seleksiya proqramlarında səmərəli istifadə edilməsinin elmi əsaslarının araşdırılması, nəticələrin geniş şəkildə yayılması və tətbiq edilməsi nümunə göstərilə bilər.

Bu gün biologiya və aqrar elmlərinin inkişafının yalnız dialektik ardıcıllıqla getməsi, onun həyatı və bazis problemlərin həllinə yönəlməsi, dünya elminin ayrılmaz və dəyərli bir parçasına çevrilməsi hörmətli alimin bu sahəyə verdiyi ən qiymətli və əvəzedilməz töhfələrdir.

Ötən əsrdə yüksək məhsuldarlığa və əkinçiliyin intensivləşdirilməsinə imkan verən tədbirlər kompleksi təbiətin mühafizəsi istiqamətində bəşəriyyət tərəfindən atılmış ən böyük real addımlardan biri olan “yaşıl inqilab”ların həyata keçirilməsi sayəsində mümkün olmuşdur. Burada genetikanın tətbiqi ilə elmi seleksiya sahəsində XX əsrin ikinci yarısında əldə edilmiş nailiyyətlərin, eləcə də alınmış nəticələrin geniş şəkildə tətbiqinin rolunu xüsusi qeyd etmək lazımdır. Akademik C.Əliyevin rəhbərliyi ilə əldə edilmiş nəticələr kənd təsərrüfatı elminin sıçrayışla irəliləməsini, biologiyada innovativ nailiyyətlərin və yeni kəşflərin, eləcə də güclü analiz metodlarının işlənib hazırlanması sayəsində mümkün olmuşdur. O yerdə ki belə yanaşma metodlarının tətbiqi geniş vüsət alır, orada yüksək nəticənin alınmasını da çox gözləmək lazım gəlmir. Akademik C.Əliyevin rəhbərliyi ilə müxtəlif sahələr üzrə hazırlanmış mütəxəssislərin eyni bir məsələni dərin elmi araşdırma və yüksək təşəbbüskarlıqla həll etməsi, qarşıya qoyulmuş vahid məqsədə ürəkdən xidmət etməsi aqrar elm sahəsində əsl inqilabi sıçrayışa səbəb olmuşdur.

Akademik C.Əliyevin adı 1970–ci illərdə reallaşdırılmış yaşıl inqilabların ataları hesab edilən professor Norman Borlauq, professor Svaminatan kimi nəhəng dünya çaplı alimlərlə bir sırada çəkilir. Cəlal müəllim Azərbaycanda vahid sahədən yüksək dən məhsuldarlığını təmin edən qısa boylu taxıl sortlarının yaradılmasının və tətbiqinin vacibliyini ilk dəfə olaraq sübut etmiş və intensiv tipli ideal buğda sortu modelini təklif etmişdir. Məhz bu istiqamətdə aparılan tədqiqatların sayəsində hörmətli akademikin rəhbərliyi ilə yüksək məhsuldar və keyfiyyətli, yatmaya davamlı sortların yaradılması mümkün olmuşdur ki, bu da həm Azərbaycanın taxıl məhsulları ilə təmin olunmasına, həm də elmimizin dünya şöhrəti qazanmasına rəvac vermişdir.

1970–ci illərdən başlayaraq akademik C.Əliyevin bilavasitə rəhbərliyi və yaxından köməyi sayəsində Azərbaycanda həyata keçirilən “yaşıl inqilab”ın dalğası qonşu ölkələri də əhatə etmişdir. Hətta Qaraqılçıq–2, “Mirbəşir–50″, “Vüqar”, “Şiraslan–23″, “Tərtər”, “Bərəkətli–95″, “Əlincə–84″, “Ruzi–84″ və başqa buğda sortları Özbəkistan, Türkmənistan, Gürcüstan və s. respublikalarda tətbiq edilmiş və hər hektardan 60–95 sentner məhsul götürülməsini təmin etmişdir. Bu sahədə akademikin CİMMYT və İCARDA ilə birgə apardığı tədqiqatlar xüsusi diqqətə layiqdir. Bir sıra hallarda bu və ya digər təşkilatların mütəxəssislərinin öz tədqiqatlarında məhz Cəlal müəllimin elmi araşdırmalarından, istiqamətverici məsləhət və tövsiyələrindən istifadə etdiklərini bildirmələri çox şey deməkdir və hər bir Azərbaycanlı üçün fəxr mənbəyidir. Azərbaycanda bu istiqamətdə geniş spektirdə tədqiqat işləri ET Əkinçilik İnstitutunda və AMEA Botanika İnstitutunda akademik C.Əliyevin rəhbərliyi və birbaşa iştirakı ilə uzun illərdir ki aparılır.

Cəlal müəllimin yaratdığı sortların kənd təsərrüfatı sistemlərində tətbiqi aqrobiomüxtəlifliyin diversifikasiyasına, əhali, fermerlər və kənd təsərrüfatı müəssisələri tərəfindən becərilən bitkilərin və onların sortlarının qorunması və müxtəlifliyinin artırılmasına ən böyük dəstəkdir. Onun BGE–nin milli və dünya genefondunun səmərəli istifadəsi sahəsində apardığı geniş miqyaslı fundomental tədqiqatları milli genefondun zənginləşdirilməsində, ərzaq təhlükəsizliyinin təmin edilməsi və xalqın rifah halının yüksəldilməsi ilə davamlı inkişafa nail olunmasında, eləcə də bioloji ehtiyatların etibarlı mühafizə edilməsində əvəzsiz tarixi rol oynayır.

Bəllidir ki, Sovetlər İttifaqının ümumi iqtisadiyatında aqrar elm nəhəng aqrar–sənaye kompleksinin bir tərkib hissəsi idi. Tədqiqat sistemi dövlət sifarişlərini yerinə yetirməklə iri təsərrüfatlara xidmət göstərirdi. Beynəlxalq təcrübədə istənilən elmi–tədqiqat sisteminin ideal şəkildə işləməsi üçün üç tələb qoyulur: strateji dəyərlilik, davamlılıq və keyfiyyət. İnzibati idarəetməyə əsaslanan təsərrüfatçılıq mexanizmi şəraitində elmi tədqiqatlara qoyulan tələblərdən ikisi – strateji dəyərlilik və davamlılıq demək olar ki, təmin olunmuşdu. Yəni aqrar elm aqrar–sənaye doktrinası üzərində bir üstqurum olaraq formalaşmışdı və ölkənin regional və sahə prioritetlərinin daha intensiv inkişafına yönəlmişdi. Doğrudur, elmin inkişaf istiqamətlərinin müəyyənləşməsi mexanizmi o zaman başqa cür idi, yəni aqrar–sənaye kompleksini inkişaf planı ortaya qoyulduqdan sonra, elmi strategiya və siyasət barədə müzakirələrə ehtiyac qalmırdı. Yəni artıq kolxozçudan kolxozun problemlərini soruşmaq yersiz olardı, çünki onun əvəzinə dövlət bu problemləri özünün inkişaf planında əks etdirirdi. Bu, bir tərəfdən işi asanlaşdırsa da, digər tərəfdən, tədqiqat sisteminin çevikliyini azaldır, onu sıx şəkildə istehsal–xidmət–marketinq mexanizmə bağlayırdı.

Lakin artıq həmin dövrdə Azərbaycanda elə bir məktəb formalaşmışdı ki, o, ən yüksək standartlara cavab verməklə bərabər, beynəlxalq tədqiqatlarla ən müasir texnologiyalar səviyyəsində rəqabət aparırdı və dünya alimlərinin diqqətini Azərbaycana cəlb edirdi. Bu, akademik Cəlal Əliyevin seleksiyaçılar və genetiklər məktəbi idi. Yəni artıq 70–ci illərin sonu, 80–ci illərin əvvəlində əksər müttəfiq respublikaların elmi axtarışları Sovet ideologiyası çərçivəsindən kənara çıxa bilmirdisə və getdikcə siyasiləşməkdə idisə, hörmətli akademikin tədqiqatlarında Azərbaycan elmi özünün sərhədsizilik və rəqabətə davamlılıq statusunu sübut edirdi, onun qlobal tədqiqat sistemində nüfuzu güclənirdi və əvəzində bu məktəb dünya elmi naliyyətlərindən ən optimal şəkildə istifadə edirdi. Hələ həmin dövrdən başlayaraq Azərbaycanda qlobal ərzaq təhlükəsizliyi problemləri araşdırılmağa başlanmış və onun həllinin gen səviyyəsində, biotexnoloji səviyyədə aparılan tədqiqatlarda, günəş enerjisindən, fotosintez prosesindən səmərəli istifadə yollarının axtarılmasında olduğu sübut olunmuşdu.

Lakin 80–ci illərin sonu, 90–cı illərin əvvəllərində Qarabağ müharibəsinin və keçid dövrünün yaratdığı problemlər, Sovetlər birliyinin dağılması nəticəsində elmi əlaqələrin zəifləməsi, akademik Cəlal Əliyevə və yetirmələrinə olan yersiz təzyiqlər biomüxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi ilə bağlı tədqiqatlara da öz mənfi təsirini göstərməyə bilməzdi. İllər ərzində yaradılmış maddi–texniki bazanın dağıdılması, əvəzində heç bir yeni avadanlığın alınmaması, material ehtiyatlarından səmərəsiz istifadə həmin dövrdə tədqiqat sistemində tənəzzülün yaranmasına gətirib çıxardı. Ölkənin ağır günündə, xalqın tələbi ilə ulu öndər Heydər Əliyev ikinci dəfə respublika rəhbərliyinə gəldikdən sonra Azərbaycanın dirçəlməsi dövrü başlandı.

Həmin dövrdə bir çox qlobal işlər görüldü, lakin onların ən əhəmiyyətlisi o idi ki, ilk növbədə, insan amili irəli çəkildi, insana sərbəst düşünmək və yaradıcılıqla məşğul olmaq üçün şərait yarandı.

1990–cı illərin ikinci yarısında elmə qoyulan tələblər dəyişilməkdə idi. Tam gücü ilə vüsət almış torpaq islahatları bazar münasibətlərinə keçidi dönməz bir prosesə çevirdi. Elmin obyekti dəyişdi, eyni zamanda problemin aşkar edilməsi və onun həllinə yeni təfəkkürlə yanaşılması tələb olundu. Problem nədə idi? Əsas problem ondan ibarət idi ki, tədqiqat sistemi tədricən öz sifarişçisini sərt mərkəzləşmiş aqrar–sənaye kompleksini itirdi. Dövlət isə elmin maliyyəşməsini olduğu kimi saxlayırdı, lakin o getdikcə sifarişdən daha çox dotasiyaları xatırladırdı. Tədqiqat sisteminin islahatı labüd və təxirəsalınmaz zərurətə çevrilmişdi. Bu istiqamətdə müxtəlif fikirlər səslənirdi bəziləri elmi–tədqiqat institutlarının bağlanmasını, digərləri kəskin ixtisar aparılmasını, başqa biriləri elmi tədqiqatların özəl əsaslara keçirilməsini təklif edirlər. Fikirlər çox müxtəlif olmaqla haçalanır, sistem isə getdikcə depressiyaya uğrayırdı. Başqa sözlə, ağsaqqal məsləhətinə və bir strateji seçim edilməsinə ehtiyac var idi.

1995–ci ildə Kənd Təsərrüfatı Nazirliyində akademik C.Əliyevin rəhbərliyi ilə Bitki Genetik Ehtiyatları Komissiyası yaradıldı. Onun şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi ilə ölkənin bitki genetik ehtiyatları ətraflı təhlil olunaraq I Ölkə Məruzəsi hazırlandı, BMT–nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) təqdim edilərək, beynəlxalq ekspertlər tərəfindən təhlillərin dərinliyi və irəli sürülən müddəaların istifadəsi baxımından çox yüksək qiymətləndirildi.

1990–cı illərin ortaları həm dünyada, həm də Azərbaycanda bitki genetik ehtiyatları sahəsində yeni bir dövrün əsasının qoyulması ilə əlamətdar olmuşdur. Burada, ilk növbədə, 1996–cı ildə Leypsiq şəhərində FAO–nun dəstəyi ilə keçirilən Beynəlxalq konfransda akademik C.Əliyevin şəxsən fəal iştirakı ilə Ərzaq və Kənd Təsərrüfatı Bitkilərinin Mühafizəsi və Səmərəli İstifadəsinə dair Qlobal Fəaliyyət Planının (QFP) qəbul edilməsi qeyd edilməlidir. Cəlal müəllim FAO–nun konfransına mədəni bitkilərin və onların yabanı əcdadlarının tədqiqat istiqamətləri ilə bağlı uzaqgörən ideyalar və hazır proqramlarla getmişdi. Onun təklifləri konfrans iştirakçıları tərəfindən qəbul edilərək QFP–nin ayrı–ayrı bəndlərinin hazırlanmasında istifadə olunurdu. Şəksiz ki, onun bu qədər böyük elmi nüfuza və təsiredici qüvvəyə malik olması fəxarət hissi doğururdu.

QFP–nin tarixi əhəmiyyətini nəzərə alaraq demək olar ki, Azərbaycanda bu planın yerinə yetirilməsi üzrə bütün fəaliyyətlərin başında C.Əliyev kimi praqmatik bir liderin durması inkişaf yolunun aydınlığının rəhni idi. Onun Bitki Genetik Ehtiyatlarına dair Milli Proqramın hazırlanmasında və ölkədə BGE üzrə strateji xəttin müəyyənləşdirilməsində göstərdiyi siyasi iradə və elmi uzaqgörənlik sonrakı on il ərzində öz bəhrəsini vermişdir. Bütün bu fəaliyyətlər, eləcə də elmi seleksiya sahəsində aparılan işlər beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilmiş və Azərbaycan FAO–ya tam hüquqlu üzv qəbul olunmuşdur.

1998–ci ildə Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasında tədqiqat sisteminin ətraflı təhlili verildi və əsas inkişaf kursunun seçilməsi üçün elmin idarə sistemində çalışan mütəxəssislər akademik C.Əliyevə müraciət etdilər. O zaman C.Əliyev tərəfindən 3 əsas istiqamət göstərildi: birincisi, tədqiqat sisteminin bütün mövcüd resurslarınn səfərbər edilərək maksimum səmərəli istifadəsi, ikincisi, tədqiqat sisteminin idarə edilməsinin tədricən təkmilləşdirilməsi və bazar münasibətlərinə uyğun yenidən təşkili, üçüncüsü, beynəlxalq inteqrasiyanın dərinləşdirilməsi.

“Alim zəhmətinin bəhrəsi olan yeni texnalogiyalar bütün cəmiyyətin məhsuludur. Onlar təkcə elmi inkişaf etdirmir, eyni zamanda bütün insanların həyatına nüfüz edərək, onların həyat şəraitinin yaxşılaşmasına xidmət edir. Bu baxımdan, ölkədə aparılan islahatların siyasi və iqtisadi cəhətdən dəstəklənməsinə elmin və alimin rolu əvəzedilməzdir…”. Bunlar isə 1999–cu ildə Bakıda keçirilmiş Milli aqrar elmin islahatına həsr edilmiş Beynəlxalq Seminarda hörmətli akademik C.Əliyev tərəfindən uzaqgörənliklə söylənilmiş fikirlərdir. 14 il öncə irəli sürülməsinə baxmayaraq, bu müddəalar bu gün də aqrar sahədə elmi–texniki siyasətin özül prinsipləri olaraq qalmaqdadır. O zaman onlar kiməsə bir qədər ümumi və sadə görünə bilərdi, lakin bu gün görülmüş işlər prizmasından geriyə nəzər saldıqda, həmin bazis müddəalardan bütövlükdə elmdə islahat prosesinin başlanğıc götürdüyünü, sonradan nə qədər yeni ideyanın mənbəyinə çevrildiyini görmək mümkündür.

90–cı illərin axırlarından başlayaraq Azərbaycan iqtisadiyyatında yaranan davamlı inkişaf prosesinin bəhrələrinin bir hissəsini aqrar elmin inkişafına yönəltmək lazim idi. Belə bir şəraitdə hörmətli akademik C.Əliyevin şəxsi nüfuzu, təşəbbüsü, böyük fədakarlığı və zəhməti sayəsində aqrar elmə ciddi investisiya qoyuluşunu və kənd təsərrüfatı tədqiqat sisteminin modernləşdirilməsi layihəsi tərkibində həyata keçirilməyə başlamışdır. Bu, Cəlal müəllimin milli aqrar elm qarşısında elə bir böyük xidməti idi ki, onun bəhrələrindən tədqiqat sistemi, nəinki həmin çətin dövrdə faydalanmış, hətta uzun illər ərzində belə faydalanacaqdır. Çünki adi islahatlardan fərqli olaraq, yeni texnologiyalara yatırılmış investisiya tədqiqatların keyfiyyətini və keyfiyyətcə yeni nəticələrin yaradılmasının da özülünü qoyur. Aqrar elmin modernləşdirilməsi prosesində maddi–texniki bazanın, xüsusilə də kompyuter–infomasiya texnologiyaları ilə təchizatın gücləndirilməsinin ilkin hədəf olaraq seçilməsi də Cəlal müəllim tərəfindən irəli sürülmüş islahatlar konsepsiyasının uzaqgörən və hərtərəfli olduğuna əyani sübutdur.

Milli kənd təsərrüfatı tədqiqatlaında islahatlar və onun yeni iqtisadi münasibətlərə uyğunlaşdırılması konsepsiyasının ideoloqu, əsas ilhamvericisi olan akademik C.Əliyev tərəfindən əsasən 1999–cu ildən başlanan islahatlar həmin dövrdə Aqrar Elm Mərkəzinin və onun regional strukturlarının yaradılması ilə nəticələndi. Bu, kənd təsərrüfatı tədqiqat sisteminin operativ idarə edilməsinə, bölgələrdə yerləşən təcrübə təsərrüfatlarının sərbəstliyinin və manevr imkanlarının artırılmasına, istehsalın bazarın tələblərinə uyğun olaraq diversifikasiyasına, yalnız bir deyil, bölgədə tələbatın mövcud olduğu bir neçə istiqamətdə sınaqların və nümayişlərin təşkil edilməsinə, ən başlıcası elit toxum istehsalının artırılmasına və ölkənin taxıl toxumuna olan tələbatının ödənilməsinə, həmçinin elmi müəssisələrlə fermerlər arasında əlaqələrin qurulmasına öz müsbət təsirini göstərdi.

Artıq heç kəsə sirr deyil ki, 2000–2005–ci illərdə Cəlal müəllimin rəhbərliyi ilə həyata keçirilmiş müsabiqəli Qrantlar Proqramı öz fəaliyyəti dövründə milli kənd təsərrüfatı tədqiqatları sisteminin ayrılmaz tərkib hissəsinə çevrilmiş, bu sahədə çalışan alim və mütəxəssislərin fəaliyyətinə dərindən nüfuz etmişdir. Bəziləri görə bilməsələr də, məhz bu proqramın yerinə yetirildiyi dövrdə aqrar elmdə əsl islahat getmiş, alimlər reallığa, elm kəndliyə heç zaman bu qədər yaxın olmamışdır. Həyata keçirilmiş həmin proqram çərçivəsində çox zaman təcrübə toplanılmışdır. Bu təcrübə özündə milli aqrar tədqiqatlar sahəsində indiyədək tətbiq edilməmiş bir çox yenilikləri ehtiva etmişdir. Layihələrin yerinə yetirilməsi və əldə edilən nəticələr göstərmişdir ki, bu model Azərbaycan şəraitində özünü doğrultmuş, aqrar bölmənin inkişaf istiqamətlərinə uyğunlaşa bilmiş və tədqiqatçılar və fermerlər tərəfindən qəbul edilmişdir.

Cəlal müəllimin istiqamətverici məsləhətləri əsasında 2007–2011–ci illər ərzində həyata keçirilmiş Elmi–Tədqiqat Əkinçilik İnstitutunun Modernləşdirilməsi Proqramı çərçivəsində kənd təsərrüfatında məhsuldarlığın və məhsulun keyfiyyətinin yaxşılaşdırılması üçün fermerlərin tətbiqi texnologiyalara və yeni sortların toxumlarına çıxış imkanlarını gücləndirmək mümkün olmuşdur.

2007–ci ildən bəri institutda yaradılan doqquz yeni sort (5 yumşaq buğda, 1 bərk bugda, 1 arpa, qarğıdalı və 1 mərcimək sortu) Seleksiya Nailiyyətlərin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasında rəsmi qeydidiyyatdan keçərək rayonlaşdırılmışdır. Fermerlər tərəfindən yetişdirilən və istehsalatda geniş sahələrdə əkilən sortlardan bəziləri (Bezostaya 1 və digər gətirilmə sortlar) 2010–cu ildə sarı pas xəstəliyinə güclü sirayətləndiyindən bu sortları sarı pas xəstəliyinə davamlı olan yeni sortlarla sürətlə əvəz etmək get–gedə daha vacib hesab edilmişdir. Bunlara akademik Cəlal Əliyevin rəhbərliyi ilə yaradilmiş və qeydiyyatdan keçmiş Qobustan, Tale–38, Əzəmətli 95, Ruzi 84, Aran, Qirmızı gül, Zirvə–85 sortları daxildir. Qeyd edilən sortlar Bölgə Təcrübə stansiyalarında və bir çox fermer təsərrüfatlarında hər hektardan orta hesabla 5,0 tondan artıq məhsul verir.

2008–2015–ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatina dair Dövlət Proqramı”nın əsas hədəf göstəricilərində ölkə üzrə dənli bitkilərin əkin sahələrini 900 min hektara, məhsuldarlığı hektardan 3,2 tona, ümumi istehsalı 2,8 milyon tona çatdırmaq nəzərdə tutulur. Bu məqsədlə yeni məhsuldar sortların yaradılması, sınaqdan kecirilməsi və rayonlaşdılırması, həmçinin yeni istehsal texnologiyalarının tətbiqinə xüsusi önəm verilmişdir. Bu kontektsdə elmi–tədqiqat Əkinçilik İnstitutunda akademik C.Əliyevin rəhbərliyi altında aparilan elmi–tədqiqat işləri xüsusi əhəmiyyətə malikdir. Hazırda respublikada buğda əkinlərinin 80–85 faizini, arpa əkinlərinin 100 faizini, qarğıdalının 90 faizini ərzaq paxlalarının 85 faizini alademik Cəlal Əliyevin rəhbərliyi altinda yaradilmiş sortlar təşkil edir. Onlardan 24 yumşaq buğda, 9 bərk bugda, 8 arpa, 6 qarğıdalı, 5 noxud, 2 mərcimək sortları Seleksiya Nailiyyətlərin Sınagı və Mühafizəsi üzrə Dövlət Komissiyasında təsdiqlənmiş və Dövlət reyestrinə daxil edilmişdir.

Akademik Cəlal Əliyevin rəhbərliyi altında xarici ölkələrin alimləri, FAO–nun və İCARDA–nın dəstəyi ilə ölkədə ilk dəfə olaraq bir ildə 2 dəfə məhsul alınması texnologiyası tətbiq edilmiş, minlərlə fermer bu texnologiyalar barədə məlumatlandırılmışdır. Qeyd edilən texnologiya bu günlərdə Tərtər Bölgə Təcrübə Stansiyasında keçirilən ümumrespublika müşavirəsində bütün maraqlı tərəflərə, o cümlədən fermerlərə, iri taxıl istehsalçılarına, Qeyri–Hökümət Təşkilatlarının nümayəndələrinə və digərlərinə nümayiş etdirilmişdi. Nümayiş iştirakçıları Taxılçılıq sahəsində müasir texnologiyalarin tətbiqi mövzusunda həyata keçirilən işlərlə, xüsusilə arpa biçinindən sonra heç bir becərmə aparmadan (sıfır becərmə) qarğıdalı səpinini, səpinlə bərabər torpağa gübrə verilməsi prosesini izləmişlər.

Yarım əsrdən çox bir müddət ərzində akademik C.Əliyev bitkilərin genetik müxtəlifliyinin keşiyindədir. Onun rəhbərliyi və birbaşa iştirakı ilə biomüxtəliflik və bitki genetik ehtiyatları sahəsində aparılmış tədqiqat işlərinin, dərc etdirdiyi elmi, elmi–kütləvi və təbliğat xarakterli əsərlərin, elmi dairələr, fermerlər, qərar qəbulu üçün məsuliyyət daşıyan şəxslər və əhali qarşısında, kütləvi informasiya vasitələrində etdiyi mütəmadi çıxışlar sayəsində ictimaiyyətin ekoloji şüurunda biomüxtəlifliyin qorunub–saxlanılması problemləri ön plana çıxmış, bütün Yer kürəsinin, o cümlədən də Azərbaycanın gələcəyinin biomüxtəlifliyin vəziyyətindən asılılığının dərk edilməsi reallığa çevrilmişdir. Bütün bu istiqamətlərdə akademik C.Əliyevin rəhbərliyi ilə göstərilən fəaliyyətlər durmadan davam etdirilir və getdikcə daha da gücləndirilir.

Əlamətdar haldır ki, 2011–ci ildə Cəlal müəllimin neçə illərdən bəri uğrunda çalışdığı və istiqamətverici tövsiyələrini nəzərə almaqla hazırlanmış “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmişdir. 2012–ci ildə həmin qanunun icrası ilə bağlı Azərbaycan Respublikasının Prezidenti və Nazirlər Kabineti tərəfindən çoxsaylı sərəncamlar, qərarlar verildi. AMEA Genetik Ehtiyatlar İnstitutu Milli Əlaqələndirici İnstitut elan edildi, institutun genbankına Milli Genbank və qorunan dövlət obyekti statusları verildi. Hazırda Cəlal Əliyevin rəhbərliyi ilə Mədəni bitkilərin genetik ehtiyatları sahəsində Dövlət Proqramının (Milli Proqram) hazırlanması işi davam etdirilir.

Cəlal müəllimin ən önəm verdiyi məsələlərdən biri də kadrların hazırlanması olmuşdur. Onun şəxsi təşəbbüsü və bilavasitə köməkliyi ilə 70–ci illərdən başlayaraq müxtəlif ixtisaslar: biologiya, kimya, fizika, riyaziyyat, aqrokimya üzrə ali məktəb məzunlarından ibarət elmi kollektivin hazırlanmasına başlanmış və elmlərin belə inteqrasiyası sayəsində respublikmızda ilk dəfə olaraq, biologiyanın və kənd təsərrüfatının mühüm nəzəri və praktiki məsələlərinin həll edilməsi üçün riyazi metodların və kompyuter texnologiyalarının geniş surətdə tətbiq edilməsi mümkün olmuşdur. Bu fəaliyyət dairəsində Moskva, Sankt–Peterburq, Novosibirsk, Kiyev və başqa səhərlərin aparıcı elmi–tədqiqat institutları və nüfuzlu alimləri ilə elmi əlaqələrin yaradılması və genişləndirilməsi xüsusi əhəmiyyət kəsb etmiş və respublikada həmin elmi istiqamətlərin inkişafına təkan vermişdir.

Bu sahədə Cəlal Əliyevin ən böyük xidmətlərindən biri də onun şəxsi təşəbbüsü ilə respublikada fizika–kimyəvi biologiya, o cümlədən biologiya, biofizika, molekulyar biologiya və gen biotexnologiyası sahəsində elmi tədqiqatların inkişafı ilə bağlı ən yeni avadanlıqlarla təchiz olunmuş laboratoriyalar yaratmasından ibarətdir. Qeyd edilməlidir ki, akademik Cəlal Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan yüzlərlə kadrların bir çoxu hazırda dünyanın ən nüfuzlu universitetlərində və laboratoriyalarında çalışmaqla ölkəmizi ləyaqətlə təmsil edir, ölkəmizə başucalığı gətirirlər.

Akademik Cəlal Əliyevin elmi və ictimai xidmətləri qədirbilən Azərbaycan xalqı və dövləti tərəfindən də yüksək qiymətləndirilmişdir. Elmin inkişafında böyük xidmətlərinə görə o, Azərbaycanın əməkdar elm xadimi adını almış, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni (1972, 1986), Azərbaycan Respublikasının ali mükafatı – “İstiqlal” ordeni (2003), Gürcüstan Respublikasının Şərəf ordeni (2003), Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu (2008) və Azərbaycan Respublikasının Şərəf ordeni (2013) ilə ilə təltif olunmuşdur.

Görkəmli ictimai xadim dörd çağırış (1995, 2000, 2005, 2010) Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.

C.Əliyev Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının (1995), Ukrayna Aqrar Elmləri Akademiyasının, Belarus Respublikası Aqrar Elmləri Akademiyasının (1996) xarıcı üzvü; Bitkilərin molekulyar biologiyası Beynəlxalq Cəmiyyətin (1994); Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin (1995), Yaponiya Bitki Fizioloqları Cəmiyyətinin (1997), Hüceyrə stressi üzrə Beynəlxalq Cəmiyyətin (1998) üzvüdür. C.Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü, Genetik Ehtiyatlar üzrə Milli Proqramın rəhbəri (1996); YUNESKO yanında bioetika, elm və texnologiyanın etikası üzrə Milli Komitənin nümayəndəsidir (1999); Yeni Bitki Sortlarının Qorunması üzrə Beynəlxalq Cəmiyyətin səlahiyyətli nümayəndəsi (2004); Azərbaycan Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyyətinin sədri (1999); Biologiya Elminin Yeni sahələrinin İnkişafı Fondunun (BEYSİF) prezidentidir (1994).

Ciddi prinsipiallıq, elmin gələcək inkişaf perspektivlərini görmə qabiliyyəti, gənc elmi kadrların yetişdirilməsinə diqqət C.Əliyevin elmi yaradıcılığını xarakterizə edən xüsusiyyətlərdəndir.

Akademik Cəlal Əliyev aqrar və biologiya elmləri sahəsində elə başlanğıclara imza atmışdır ki, onların davamlılığının əbədi olacağı şəksizdir. İnanırıq ki, biologiya və aqrar elmləri sahəsində gənclik eşqi ilə qurub yaratmaqda olan akademik Cəlal Əlirza oğlu Əliyev əldə etdiyi yeni–yeni uğurlarla hələ uzun illər Azərbaycan xalqına xidmət göstərəcək, Azərbaycan elmini inkişaf etdirərək daha da şöhrətləndirəcək, ərzaq təhlükəsizliyinin təmin olunmasına real töhfələr verməkdə davam edəcək.

 

Əsəd Musayev,

 

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm

Mərkəzinin Baş direktoru,

Kənd Təsərrüfatı üzrə fəlsəfə doktoru.

 

Zeynal Əkpərov,

 

AMEA Genetik Ehtiyatlar

İnstitutunun direktoru,

Kənd Təsərrüfatı Elmləri doktoru

 

Respublika.- 2013.- 30 iyun.- S. 2.